"Sən gedəndən anam..." - Nuran Yaqub

"Sən gedəndən anam..." - Nuran Yaqub
18 avqust 2025
# 14:50

Kulis.az Nuran Yaqubun “Nə qəribədir, İlahi” yazısını təqdim edir.

(Babama)

Uzun illər hər daşına, hər divarına əziyyət çəkdiyin, yorğunluğuna baxmayaraq ayaqda saxladığın evin indi səssizdir. Sənin üçün... illərlə nəfəs verdiyin bu məkan indi bir neçə adamın yığışdığı, bir boşqab yeməklə səni yad etdiyi bir yerə çevrilib.

Bəziləri üçün yoxluğun, sadəcə mərasim süfrəsindəki pay qədər yer tutur artıq.

Bir vaxtlar hər səhər erkən qalxıb su verdiyin ağaclar susuz qalıb. Onlar da səni gözləyir, sən gəlməyəndən qurumağa başlayıblar. Yay gələndə həyətin ortasına çəkdiyin, üzümlərin altından uzanan yellənçək artıq yoxdur. Nə o yelləncək var, nə də ona doğru qaçan uşaqların həvəsi. Sən gedəndən uşaqlar da böyüyüblər.

Nə qəribədir, İlahi!

Bir zamanlar səsinin dolub-daşdığı otaqda indi bir şəkilsən. Varlığından xatirə qalan çərçivəyə salınmış bir şəkil. Qızının nə vaxt ürəyində arzusu, istəyi olsa, gözünü zillədiyi şəkil olmusan. Hər içəri girəndə birinci salamladığı şəkil. Hər səhər, hər axşam... Sən onu görəsən, onu duyasan deyə.

Qışda isti sobanın yanında ayaq aşırdıb oxuduğun kitabların tozlanıb. Kitabların da sırası dəyişib. Qoqol Cekin, Tolstoy Aqatanın yanındadır. Sən bir sıraya bax! İndi bu qarışıqlıq, bu diqqətsizlik içində belə səni axtarırıq.

"Kitabın da ləyaqəti var" deyərdin. İndi isə kitablar sənin yoxluğuna sığınıb.
Çaydanın dəmindən tutmuş, divardakı köhnə saatın tıqqıltısına qədər hər şey sənə yazılır evin içində.

Nə qəribədir, İlahi!

Gözəl bir avqust səhəri dünyaya göz açasan. Günəşin üzünə güldüyü, təbiətin yamyaşıl, həyatın özü kimi isti, ümidli bir vaxtında. Necə deyərlər, quyruğun donduğu vaxtda.

İsti avqustun övladı olub bir qış gecəsində, soyuğun sazaq kəsdiyi, küləyin pəncərələri titrətdiyi bir vaxtda hələ yaşamaq üçün səbəblər varkən gözlərini yumasan. Gözəl bir yay səhərində doğulub, uzun bir qış axşamına bürünüb gedəsən.

Sən gedəndən anam yaman incikdir. Rəqəmlərdə çaşan qadın elə əzbər deyir olmadığın günləri.

Hər ayın beşi, on dördü, iyirmi biri – sənin getdiyin günlər onun dilində əzbərə çevrilib. Bir nəfərin yoxluğu adamı belə incik, küsəyən edə bilərmi?

Hər xırda sözdə kövrələndə, hər adi məqamda məni incidəndə elə bağrım yarılır. Görəsən, bir adamın yoxluğu onu belə dəyişdirə bilər? Başa düşmürəm, İlahi... Axı mənim atam yanımdadır.

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər