“Şah ölüm” romanının imza günü keçirilib

“Şah ölüm” romanının imza günü keçirilib
6 may 2022
# 11:20

Tanınmış yazıçı-şair Zəka Vilayətoğlunun “Şah ölüm” romanının imza günü keçirilib. Kulis.az Əziz Əlibəylinin imza günü haqqında yazısını təqdim edir.

Bu günlərdə, tanınmış yazıçı, Prezident təqaüdçüsü Zəka Vilayətoğlunun “Şah ölüm” adlı kitabının təqdimatı və imza günü keçirildi. İmza günündə, oxucularla yanaşı, bir sıra dövlət adamları, həkimlər iştirak etdilər. Oxucu marağına və qələbəliyinə səbəb olan “Şah ölüm” XIX-cu əsrin sonlarından XX-ci əsrin 30-uncu illərinə qədərki tarixi dövrdən bəhs edən və bədii-tarixi janrda yazılmış bir əsər kimi diqqəti cəlb edir. Artıq, -yüksək oxucu tələbatı nəzərə alınaraq,- 22 il ərzində 3-cü dəfə yenidən təkrar nəşr olunan “Şah ölüm” romanı, Gədəbəydə doğulmuş, sonradan Qori Seminariyasında təhsil almış çar çinovniki, əsilzadə Məcid ağa Şəkibəyovun keçdiyi həyat yolundan, xeyirxah əməllərindən, 1918-1920-ci illərdə azğın erməni daşnaqlarına, 1929-1930-cu illərdə isə Şura Hökumətinə, bolşevizmə qarşı amansız mübarizəsindən bəhs edir...

1930-cu il Gədəbəydə antisovet mübarizəsinin son ili kimi yadda qalır. Mustafa ağanın həbsi, Yaqublu dərəsinə doğru axıb gedən rus silahlı qüvvələrinin son dayanacaq yeri dağların qurtaracağı idi. 1929-cu ilin qışından başlayan döyüşlərə bu yollarla sıravi addımlarla, nizamlı şəkildə gedən bir çoxlarının az sonra meyitləri qayıdırdı.

Dağlarda böyük və son döyüş başlamışdı. Sadəcə, o dövrün sənədlərini oxuduqca nələrin baş verdiyini əsl mənada anlamaq mümkün olur.

Moskva mətbuatı susmur, ermənilər bir yandan qisas hesabı aparır, Bağırov isə əyləşdiyi Bakıdan köhnə tanışı Məcid ağa ilə vidalaşmağın yollarını arayırdı.

Sovet hakimiyyəti qurulduqdan sonra, keçmiş çar pristavı, naçalnik-uezd Məcid ağanın fiziki məhv edilməsi qərara alınır. Bundan əvvəl ona könüllü şəkildə təslim olmaq təklifi edilsə də, o, bu təklifi qəbul etmir. Türkiyə və İrana keçmək imkanlarına rəğmən, dağlara qalxıb, son döyüşə hazırlaşır…

Bağırov tab gətirmir, Moskva mətbuatı “Leytenant Kelli və Məcid ağa – 1930″ sərlövhəsi ilə yayımlanır.

SƏNƏD

Əslində hər şey aydındır. Qafqazda əksinqilabçılara qarşı əməliyyat xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb. Azərbaycanın Gədəbəy şəhərinin Çay Abbası (indiki adı Avasalı – müəl.) yaşayış məntəqəsində milliyyətcə türk olan onlarla dinc əhali öldürülüb, səhra komandirləri Musa və Məcid qaçıblar, araşdırma başlanıb. Bölük komandiri, baş icraçı Arbuzov əməliyyatdan 3 gün sonra qəribə şəkildə həlak olur. Hadisələr 1930-cu ildə baş verir. Rusiyanın mərkəzi mətbuat orqanlarında dərc olunan sənədlər sübut edir ki, hərbi-inqilab qüvvələri bu işdəki yarıtmazlıqlar üçün Mircəfər Bağırovun da daxil olduğu “siyasi üçlüyün” (Bağırov, Axundov, Sumbatov) məsuliyyət daşıdığı barədə yuxarı orqanlara məruzə edirmiş.

Məcid ağanın yaraladığı erməni marşalı

1930-cu ilin kampaniyasında Məcid ağa və onun qaçaq dəstəsinin ləğvi üçün ayrılan qoşuna rəhbərlik edənlərdən biri də məşhur erməni marşalı Amazasp Babacanyan olur. Uzun illər sonra Babacanyanın çap etdirdiyi xatirələrində bu döyüşlər haqqında təkzibedilməz faktlar yer alır.

DOSYE: Babacanyan Amazasp Xaçaturoviç 1906-cı ildə Şamxor qəzasının Çardaxlı (Başqa adla Çənlibel – müəl.) kəndində doğulub. 8 yaşına qədər çobanlıq edib. SSRİ qurulduqdan sonra İrəvan və Tiflisdə hərbi təhsil alıb. 1924-cü ildə komsomola daxil olub. 1928-ci ildə Tiflisdə hərbi məktəbi bitirib. 1929-cu ildə 7-ci Qafqaz süvari alayında vzvod (tağım) komandiri vəzifəsinə təyin edilib.

Və elə həmən il Gədəbəyə-Məcid ağaya qarşı vuruşan qoşuna siyasi tərbiyəçi kimi təhkim edilib.

Burda da ayağından ağır yaralanıb. Sonralar II dünya müharibəsində iştirak edərək erməni məkri və hiyləsi ilə daha da yüksək rütbələrə layiq görülüb, Kommunist partiyasının üzvü, Sovet İttifaqı Qəhrəmanı və Marşal rütbəsinə qədər yüksəlib. Azərbaycanlılara qarşı xüsusi nifrəti ilə seçilib.

1977-ci ildə vəfat edib.

Marşal Babacanyanın xatirələrində yer alan qaçaqlara qarşı mübarizə ilə bağlı hissəni təqdim edirik:

1930-cu il. Komandir xidmətinə başladığım top batalyon bölüyü Məcid Yaqublunun qolçomaq quldur dəstəsinin ləğvi üçün Gədəbəyə göndərildi. Bu quldur dəstəsi kolxoza daxil olan kəndlilərə hücum edir, sovet müəssisələrində işçiləri, partiya fəallarını öldürürdü.

Bölük yeni və təcrübəli komandirlərdən təşkil olunub, ona görə ki, bu tapşırıq çox çətin idi. Quldurlar Qara dərəsi (Qara qaya – müəl.) və Keçi dərəsində (bu adlar indiki Gədəbəy ərazisində yaylaq adlarıdır – müəl.) gizlənirdilər.

Qışda qar yağanda bu dərələrə getmək qeyri-mümkün idi. Qar örtüyünün hündürlüyü bir neçə metrə çatırdı və üstəlik, qar uçqunları təhlükəsi də olur. Dərənin hər iki tərəfindəki qayalar bir neçə metrlik uçuruma malikdir və qaya daşları dərənin dibindən başlayıb düz dağ silsiləsinə kimi uzanır. Dərəyə 2 qaya arasından olan giriş çox ensizdir, haradasa 30-40 metr məsafəsi var. Quldurlarsa yuxarıda, bizim görə bilməyəcəyimiz yerdədir. Biz isə sanki onların ovcundayıq.

Bütün gün ərzində cəmisi bir neçə addım ata bilmişik. Lakin çox insan itirdik. Hətta bir gündən sonra bölüyün yeni komandiri A.Arbuzov həlak oldu. Quldurlar bizi güclü pulemyot atəşinə tuturdular. Arbuzov isə sanki ölümdən qorxmamış kimi rotadan – rotaya keçirdi. Güllələr onun yanından ötür, o isə heç əhəmiyyət də vermirdi. Bir insanda bu qədər şücaət hardan ola bilərdi? Döyüşçülər ona baxıb vəcdlə gəlib deyirdilər: “Deyəsən, Arbuzov sehrlənib”.

Mən onu təqlid etməyə çalışsam da bu heç cür alınmırdı.

Mən də onun kimi rotadan-rotaya keçərkən kiminsə “Uzan!” komandasını eşitdim.

Baxanda gördüm ki, bu, bölüyün komandiri N.P.Nedviqindir.

– Bu nə dəlilikdir?! Niyə başını düşmənin gülləsi altına qoyursan! Ağıllı komandir elə hərəkət edir ki, düşməni məhv etməklə özü sağ-salamat qalır. Sən döyüşü təşkil etməyə çalış, yoxsa ki, toyuq kimi gülləbaran altında gəzmə!

Tezliklə bizim bölmədə əsl vəlvələ yaşanmağa başladı.

Deyəsən, düşmən snayperlərlə atəş açırdı. Hər hansı bir döyüşçümüz gözünü yuman kimi, azca əsnəyən kimi artıq məhv edilirdi. Biz bölüyün komandir köməkçisi olan N. Belousla çox da böyük olmayan qayanın arxasında gizləndik. Güllələr bizdən yan keçirdi. Adam hətta burnunu da çölə çıxartmağa qorxurdu.

Birdən Arbuzovun gurultulu səsini eşitdik.

– Geriyə çəkildiniz? Düşməndən qorxdunuz? Guya siz qırmızı ordu komandirlərisiniz! Boş hay-küyünüz var, heç bir komandir deyilsiniz.

Əlimdə tutduğum binoklu alıb düşmən snayperlərinin hardan güllə atdığını güdməyə başladı. Bu arada, güllələr onun ətrafından vıyıldayıb keçirdi.

Belousa pıçıltı ilə dedim:

– Tez Yeremçuku çağıraq, onu yola gətirsin, yoxsa komandirimizi öldürəcəklər.

Yeremçuk sürünərək gəldi. Arbuzovu çağırmağa başladı:

– Komandir!

Arbuzov ya eşitmir ya da özünü elə göstərirdi ki, eşitmir.

– Komandir! – Yeremçuk bərkdən çığırdı.

– Komissar, yaxşı olardı sən özün gənclərə yaxşı nümunə verəydin…

– Yoldaş Arbuzov! – Yeremçuk hirslə sözünü kəsir.

– Əl çək! – deyərək, Arbuzov daha da yuxarı qalxır.

Elə bu an… gözlərimin önündə Arbuzov səssiz bir şəkildə yerə enməyə başladı. O qədər asta formada enirdi ki, elə bil kimsə onu əllərinə alıb idarə edir. Bu zaman Yeremçuk ona tərəf yaxınlaşdı, onu qucaqladı. Lakin Arbuzov gücsüz şəkildə onun qolları arasında uzanıqlı halda qaldı.

– Öldü, – Yeremçuk dedi və Arbuzovun cansız cəsədini torpağa qoydu.

– Bölük komandirliyini öhdənə götür. Lakin bundan nümunə götürmə.

Komandirliyi öz boynuma götürməli oldum.

Mən dəqiq başa düşürdüm ki, birbaşa irəli getmək dəlilikdir. Bundan əlavə, biz artıq 3 sutka idi ki, isti yemək yemirdik və küləkli, buzlu havada döyüşürdük. Mənim dağdan düşərək aşağıda insan məskunlaşmış əraziyə düşüb dincəlmək təklifimə Yeremçuk da razı oldu.

Əsgərlər dincələrkən mən Yeremçukla bu məsələni necə həll etməyi fikirləşirdik, lakin heç bir həll tapmırdıq. Səhər bölüyə yeni komandir gəldi və rotaya Qara dərənin qərbindən keçib hücum eləmək, yəni quldur dəstəsinin arxasından keçmək əmri verdi.

Bu tapşırığı yerinə yetirmək üçün rotaya bələdçi lazım idi. Bu çox xüsusi adam idi, gərək onun haqqında ətraflı danışam.

Quldur dəstəsinin ləğvi əməliyyatının rəhbərlik qərargahından mənə bildirdilər ki, bizim bələdçimiz olan şəxs quldur dəstəsinin başçısı olan Məcidin yaxın qohumudur. O, əvvəllər bu dəstənin tərkibində olub lakin sonradan mübahisələri düşüb.

O da sovet orqanlarına gələrək bildirib ki, bu gündən etibarən Məcid onun düşmənidir və Məcidin yaxalanması üçün öz köməyini təklif etdi.

– Necə zəmanət verə bilərsiniz ki, o şəxs bizi də satmayacaq? – Mən döşündə çekist nişanəsi olan komandirdən soruşdum.

O, dedi:

– Heç kəs zəmanət verə bilməz, əlbəttə. Vəziyyəti nəzərə alıb, hərəkət edin. Sizin rotaya xüsusi tapşırıqlar bunlardır: arxadan hücum edərkən görsəniz ki, Məcidi tutmaq imkanınız var, o zaman tutun.

Bu şəxsi etibarlılığına gəldikdə… – Çekist mənə tərəf baxdı – Özünüz bu yerlərdə qan intiqamının necə güclü olduğunu bilirsiniz.

– Lakin, – etiraz etdim – hazırkı vəziyyətdə qan intiqamından çox daha təhlükəli olanı qan qohumluğudur.

– Bəli, bu da ola bilər. Lakin Məcidin harda gizləndiyini bilən digər bələdçimiz yoxdur.

Bu söhbətdən sonra mən yerimə qayıtdım. Yeremçuk rotada qaldı, mənim bölüyüm isə getmişdi, hər şeyi həll etmək mənim boynumda qalmışdı.

Tezliklə bələdçini yanıma gətirdilər. O, rus dilində çox yaxşı danışırdı, birbaşa dedi ki, bizi Məcidin gizləndiyi yerə aparacaq və bununla da ona olan şübhələrim daha da artdı.

Təəssüf ki, bələdçimizin kim olduğunu döyüşçülər də bilirdi. Və onların dedi-qodulardan xəbərləri olmaması üçün mən ona azərbaycanca cavab verirdim.

– Azərbaycan dilini hardan belə yaxşı bilirsiniz? – o, soruşdu.

– Mən sizin yerlinizəm, Çardaxlıdanam.

– Doğurdan? – O, sevindi və böyük məmnuniyyətlə azərbaycanca danışmağa başladı.

Mən onu buraxdım və dərhal bölük komandirinin köməkçisi Belousu çağırdım və əmr verdim ki, bələdçini gözdən qoymasınlar. Belous məni bir kəlmədən başa düşdü.

Tamamilə qaranlıq düşəndə biz uzun, on metrik zəncir kimi düzülüb hərəkət edirdik: öndə bələdçi, onun ardınca Belous, tapançanın tətiyindən barmağını çəkməyən mən, sonra isə bölüyün digər döyüşçüləri.

Çovğunlu qarda gedirdik. Tezliklə keçilməz, möhkəm bir qar örtüyünə düşdük. Onda bələdçi dayandı. Belous o dəqiqə ehtiyatla onun yanında dayandı.

– Qoy komandirlə danışım – bələdçi ona dedi və mənim ona yaxınlaşmağımı gözlədi. –İnsanlara deyin, – küləyə üstün gələrək qulağıma qışqırdı – Qayanın qılıcından əyilməsinlər. Ətraflarda qar 8 metrdir. Ən yaxşısı qayanın altında balaca düşərgə salsınlar. Sonra başqa bir yerdə bunu salmaq olmayacaq.

Düşərgə saldıq.

– Siqareti burada çəkin – o dedi. – Yuxarıda mümkün olmayacaq, görəcəklər.

Siqaret çəkdik.

O, azərbaycanca sakitcə dedi:

– Mən belə görürəm siz mənə inanmırsınız. Məni başa düşmürsüz. Ancaq yerliyik, inanmalısınız. Ola bilsin Məcidin yanına hava işıqlananda çatdıq, bu səfər o, sonadək gedəcək, mənim isə itiriləsi heç nəyim yoxdur…

– Necə yəni heç nə? – mən soruşdum.

Biz uzun müddət susduq. Sonra o qəflətən ayağa qalxdı.

– Getmək vaxtıdır, bir azdan hava işıqlanacaq. Qoy hamı ölü kimi səssiz və sakit getsin.

Biz getdik. O, bizi daha da yuxarı aparırdı. Döyüşçülərdən biri bir metr kənara çəkilən kimi dərhal qara yıxıldı və xoşbəxtlikdən onu çıxarda bildik.

Nəhayət, biz dağın təpəsinə çıxa bildik. Özümüzə gəlmək üçün dayandıq.

– Bax bu – bələdçi dilləndi – onun mövqeyidir və səhərlər sizə burdan atəş açır. İndi isə öz adamları ilə aşağıda, dərədə, mağarada gizlənir, ora istidir və orada gecəni də keçirtmək olar.

Mənim komandan olmadan atəş açmamaq əmrini verdim. Azca hava işıqlandı və qara nöqtələrin dağın yamacı ilə qalxdığını gördük. Biz nəfəsimizi dərmədən yerə uzanmışdıq. Artıq binoklla Məcidin adamlarının sifətini də görə bilirdik. İrəlidə əlində silahla kürən saqqalı kişi gedirdi.

Mən atəş açmaq əmrini verdim. Belous ilk atəşlə kürən saqqallını yerə sərdi. Sonra isə aşağıya düşüb dərəyə yan alan quldur dəstə üzvlərini izləməyə başladıq.

Lakin onların taleyi artıq həll olmuşdu. Biz onların ərzaqları, qocaları, qadınları, uşaqları və digər ailə üzvlərini gizlətdiyi mağaranı ələ keçirtdik.

Ailə üzvlərini dərhal 2 döyüşçü ilə aşağı endirdik. Özümüz isə Məcid də başda olmaqla sağ qalmış quldur dəstəsinin digər üzvlərinin izinə düşdük.

İrəlidə bələdçi gedirdi, Belous isə artıq ondan asılıb qalmamışdı. Müstəqil hərəkət edirdi.

Artıq qaş qaralırdı, hücumu dayandırmaq lazım gəldi. Səhər bizi rabitə zabiti tapdı. İstiqaməti dəyişib Keçi dərəsinə getmək əmrini verdi. İş ondadır ki, Məcidə əsir düşmüş adamlar onun Keçi dərəsinə getməsi üçün çətin keçilən Qara dərədən gedəcəyini dedilər.

– Orada harada gizləndiyini bilirəm – bələdçi dedi – Mən sizi apararam.

Qurşağa qədər olan qarın içi ilə dağ yolu bizi gözləyirdi. Yuxusuz və yorğun idik, güclə yeriyirdik. Dağ silsiləsini keçəndə buranın niyə Keçi dərəsi adlandırılmasının əbəs yerə olmadığını gördük. Yalnız keçilər buradan yıxılıb boynunu sındırmadan irəliləyə bilər.

Bax, bu da axtardığımız mağara. Lakin artıq gecədir. Mağarada isə sakitlikdir.

Gözətçiləri düzürəm. Gecə çox həyəcanlı gözləntilər içərisində keçir.

Səhər isə mağaraya qışqırıb təslim olmalarını və çıxmaların təklif edirik. Cavabında isə səssizlikdir. Onda mağaranın girişinə atəş açmaq əmri verirəm. Bir neçə cavab atəşləri açılır. Aha, deməli onlar buradadırlar.

Hə nə olsun ki, buradadırlar, bəs onları oradan necə çıxardaq? Mağaradan yaxınlaşmağa cəhd edənlərə qarşı dəqiq atəş açılırdı.

Bütün günümüz belə keçdi. Axşama kömək üçün Rostovtsevanın başçılığı altında Xalq daxili işlər komissarlığının döyüş bölüyü gəldi.

– Nə onların nazını çəkirsən? – Rostovtsev dedi. – Gəl elə mağaranın içinə atəş açaq, qumbara ataq. Sənin ki ayrı çıxış yolun yoxdur.

Mən susdum sonra isə azərbaycanca dedim:

– Bələdçi, onlara de ki… Özün başa düşürsən… Yoxsa ki qumbara…

O, əlində saxladığı taxta parçasını sındırdı.

– Və nə olsun? Qoy oradaca da ölsünlər.

– Lakin o orada tək deyil…

Bələdçi ayağa durdu, mağaranın içinə qışqıraraq dedi:

– Ey insanlar! İt oğlunu orada atın və çölə çıxın, yoxsa hamınız öləcəksiniz. Bunu sizə mən deyirəm…

O saat atəş açıldı. Bələdçi ondan necə qorundu heç özüm də bilmirəm.

Etməyə heç bir şey yox idi. Əmr verdim, mağaraya qumbara uçdu. Gurultu səsi gəldi, mağara əks-səda verdi.

Bir neçə dəqiqədən sonra mağaradan dörd nəfər çıxıb silahlarını yerə atdılar. Bunlardan hiylə də gözləmək olardı. Mən soruşdum:

– Bəs qalanları hanı?

– Biz yalnız beş nəfər qalmışdıq. Beşinci Məciddir. O, oradadır. Ölüb – quldurlardan biri cavab verdi.

Bu vaxt bələdçi yaxına qaçıb yaxasından yapışdı:

– Bu düzdür?

– Düzdür, o özünü güllə ilə vurub.

Bələdçi qulduru özündən kənara itələyib qara endi və başını əlləri ilə tutdu.

Mağarada həqiqətən də Məcidin meyiti qalmışdı.

Quldur dəstəsinə son qoyuldu.

Mənə isə bədənimə girmiş güllə qaldı. Görünür, Yeremçukun məsləhətinə qulaq asmadım, həmin döyüşdə yaralanmışdım.

Sovet dövləti üçün yaralanmışdım. Qadınları isə casusluqda ittiham eləyib həbsə yolladılar.

Bu son döyüş Babacanyanın yazdığı qədər də asan bitməmişdi. Görünür, erməni xisləti və öz xidmətini qabartmaq eqosu həqiqətə kölgə salmaqda az rol oynamamışdı.

Qara Qayada postu satqınların xidməti ilə ələ keçirən düşmən Məcid ağanı, bir də başqa bir satqının xidməti ilə Zodan dərəsində yerləşən “Çağala” yaylağında aşkar edirlər. İndiki adı “Məcid vurulan” adlanan qaya elə bir coğrafi nöqtədə yerləşir ki, oraya birbaşa çıxmaq mümkün deyil. Həmin vaxtlar qayaya çıxış yalnız onun qabağında bitən palıd ağacı vasitəsilə mümkün idi.

Məcid ağa isə buraya oğlu Cəmşid ağa və bacısıoğlu Qara Musa ilə gəlib məskən salıb.

Uzunmüddətli mühasirədən sonra, sağ çıxmayacaqlarına əmin olan Məcid ağa qəti qərara gəlir.

Oğlunu və bacısıoğlunu qayadan çıxarıb onların təslim olacağı təqdirdə sağ qalacaqlarına ümid edərək yola salır.

Amma düşmən bu fürsəti boşa vermir və Cəmşid ağa və Qara Musa tribunalın qərarı ilə güllələnməyə məhkum edilir.

Məşhur antisovet qaçağı Məcid ağa Şəkibəyov isə tək qaldığı qayada tüfənginin üstünə “Məcidi Məcid vurdu” yazaraq son gülləsini də ürəyinə vuraraq son nəfəsini də azad insan kimi verir.

Novruz bayramına az qalırdı. 8 mart 1930-cu il idi…

Meyit nümayiş üçün qoyulan yerdən oğurlanır və bir daha yerini müəyyən etmək mümkün olmur.

Məcid ağanın evi top atəşi ilə dağıdılır. Ailəsi sürgün edilir. Böyük oğlu, kürəkənləri güllələnir. Kiçik oğlu Ənvər internata atılır.

Digər oğulları İsay və İbrahim isə çox körpə olduqları üçün hesabları gələcəyə saxlanılır.

# 1457 dəfə oxunub

Oxşar xəbərlər

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
# # #