Romeonun qonşuluğundakı gözəl...

Romeonun qonşuluğundakı gözəl...
13 yanvar 2024
# 16:00

Bu gün məşhur sovet və rus aktrisa Ariadna Şengelayanın doğum günüdür.

Kulis.az Səbinə Əlibalaqızının "Romeonun qonşuluğundakı gözəl" yazısını təqdim edir.

O, hələ orta məktəbdə oxuyan zaman səhnədə parlamağı arzulayıb. İncəliyi aristokrat davranışı ilə seçilib. Sonralar bu keyfiyyətlər onun taleyində mühüm rol oynayıb.

Gürcüstanın və Rusiyanın Xalq artisti Ariadna Şengelaya 1937-ci il yanvarın 13-də Daşkənddə dünyaya göz açıb. Atası Vsevolod Şprink iqtisadçı və tərcüməçi olub. Repressiya dövründə Orta Asiyada sürgün həyatı yaşayıb. Buna rəğmən Ariadnanın həyat yolu və sənət karyerası kifayət qədər rəvan olub. O, orta məktəbi bitirəndən sonra sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verir və tələbə adını qazanır.

İnstitutda oxuyarkən rejissorluq fakültəsinin tələbəsi Eldar Şengelaya ilə tanış olur və bu tanışlıq onların ailə qurmasına gətirib çıxarır. O, həyat yoldaşının soyadını (Şengelaya) götürür. Bu nikahdan onların Natalya və Yekaterina adlı iki qızları dünyaya gəlir. 1960-cı ildə Ariadna institutu bitirərək Tbilisidə A.S.Qriboyedov adına Rus Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayır. “Üç muşketyor”da Konstansiya, “Anna Frankın gündəliyi”ndə Anna Frank, “Sezar və Kleopatra”da Kleopatra və digər tamaşalarda bir-birindən maraqlı obrazlar yaradır.

Aktrisa sənətdə ən böyük uğurlarını isə kino rolları ilə qazanıb. 20 ilə yaxın “Gürcüstanfilm” kinostudiyasında fəaliyyət göstərir, 1980-ci ildən Moskvada M.Qorki adına kinostudiyada çalışmağa başlayır. Parlaq və diqqətçəkən xarici görünüşü daim rejissorların diqqətində olub.
Ariadna Şengelaya kinoda tələbə ikən - 1957-ci ildə çəkildiyi “Yekaterina Voronina” filmində İrina Lednevaya obrazı ilə debüt etmişdi. 1958-ci ildə “Yevgeni Onegin” film-operasında Tatyana Larina rolunu məharətlə oynayır. Hətta bu obraza görə aktrisa II Ümumittifaq Kinofestivalının “Aktyorlar üçün mükafat” nominasiyasının laureatı olur.

Onun üçün kiçik və ya böyük rolun fərqi olmayıb. Bütün rolları istedadla oynayıb, heç birindən imtina etməyib. 50-dən çox filmə çəkilən aktrisanın yaddaqalan rollarından biri də rejissor Abram Roomun “Süleymandaşından bilərzik” filmindəki knyaginya Vera Şeina obrazıdır. Məhz bu rol onu bir aktrisa kimi daha da məşhurlaşdırır. O, həmçinin həyat yoldaşı, rejissor Eldar Şengelayanın “Ağ karvan” (Mariya), “Qəribə adamlar” (Marqarita) filmlərində rol alıb. “Dmitri Kantemir” filmində yaratdığı Kassandra kino karyerasının ən gözəl obrazlarından biridir. Əsasən klassik rolların mahir ifaçısı kimi tanınsa da, Nadejda Koşeverovanın “Ehtiyatlı ol, nənə!” kinokomediyasında Lena rolunu da məharətlə oynayıb.
1960-70-ci illərin ən məşhur aktrisalarından olan Ariadna Şengelaya C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir neçə filmdə yaratdığı rollarla Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb. O, rejissor Ş.Mahmudbəyovun “Romeo mənim qonşumdur” filmində Nonna (1963), Eldar Quliyevin “Ən vacib müsahibə”sində Səidə (1971), Arif Babayevin “Bizi bağışlayın” ekran əsərində Klara (1979) obrazlarını yaradıb.

Müsahibə verməyi sevməyən Ariadna Şengelaya gözəl ana, həyat yoldaşı və nənədir. Bu yaxınlarda qızları, nəvələri və nəticələri ilə 78 yaşını qeyd edib. Qızı Natalya da anasının yolunu davam etdirir.

# 2690 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər