Rahatlıq tapmaq üçün gələnlər, "İncil"i oxuyub üz tutanlar və pakistanlı rahib...- Müqəddəs Məryəm Katolik Kilsəsindən reportaj

Rahatlıq tapmaq üçün gələnlər, "İncil"i oxuyub üz tutanlar və pakistanlı rahib...- Müqəddəs Məryəm Katolik Kilsəsindən reportaj
21 avqust 2026
# 15:10

Kulis.az Sadiq İsmayılın Müqəddəs Məryəm Katolik Kilsəsindən reportajını təqdim edir.

Avqustun yavaş-yavaş payız fraqmentləri yayımladığı, günəşlə küləyin xəfif əlbəyaxaya çıxdığı bir gün...

Fotoqrafla söhbətləşə-söhbətləşə mənzil başına çatmağa tələsirik.

Qarşımda xiyabanvari bir yol uzanır, düşüncəmdə xristian ilahiləri səslənir...



—Daha əvvəl kilsədə olmusunuz?

—Bəzən fotoqraf kimi tədbirlərdə iştirak etmişəm.

—Təəssüratınız necə olub bu tədbirlərdə?

—Gözlə, çatdıq...

Dəmir alaqapı birbaşa sükutla qarğaşanın bir-birinə qarışdığı həyətə açılır.

Həyət yaşıllığa bürünüb, girişdəki göy lövhədə yazılıb: Müqəddəs Məryəm Katolik Kilsəsi



Bu Tanrı məbədi bazar ertəsi işləmirmiş... Görünür, burada da istirahətə ehtiyac duyulur...

Lövhənin sağında duran böyük zibil qabı məndə daxili kontrasta səbəb olur. Bəlkə də “müqəddəs” kəlməsi ilə adlandırılan yerlərə belə əşyaları yaraşdırmıram.

Addımlayırıq... Dəmir torlarla əhatələnmiş iki meydança, burada məşq edən, futbol oynayan uşaqlar qarşılayır məni. Bəziləri kənarda voleybol oynayırlar.

Ənənəyə sadiq qalaraq bir neçə dəqiqə məkanın ab-havasını müşahidə etmək üçün kənara keçirəm.

Uşaqlara və onları donuq şəkildə seyr edən valideynlərə tamaşa edirəm - eynilə yuxarıdan hamımıza göz qoyan Məryəm ananın heykəli kimi...



Voleybol topu kilsə tərəfə yuvarlanır, bir uşaq topu götürmək üçün kilsəyə yönəlir, onun kandarında bir qadın düşüncəli-düşüncəli əlini divara sürtərək yeriyir.

Bütün bunlar xalat geyinmiş, sinəsindən nur şüaları saçılan, sağ əli xeyir-dua verən və ayaqlarının altına böyük bir voleybol topu düşmüş İsanın divardan asılmış şəklinin önündə cərəyan edir.

Burada 22-23 may 2002-ci il tarixlərində Azərbaycana tarixi rəsmi səfər etmiş Papa Müqəddəs II İoann Pavelin xatirəsinə həsr olunmuşm heykəl var.

Papa ənənəvi yepiskop geyimində, mitra papağı və əlində tutduğu çarmıxlı əsa ilə təsvir olunub.



Nəzəri kontrast əhatələyir məni. Papa gülümsəyir, Məsih isə çarmıxda əzab çəkərək can verir.


Düşünürəm, bəlkə də, bu din məhz kollektiv şüurla bəşəriyyət naminə verilən mübarizənin və onun uğrunda çəkilən əzab-əziyyətin fonunda ucalır.

Addımlayırıq... Səslər yavaş-yavaş azalır bu geniş meydanda. Anlayıram ki, varacağımız növbəti məntəqə hüzurdur...

Kilsənin ön hissəsində isə Müqəddəs Məryəm Ananın məsum görünüşlü heykəli ucaldılıb.

Düşünürəm, tarix kitablarına mənəviyyat bəxş edən qədim fiqurlar, simalar bu günün müasir tövrünə necə də məharətlə uyğunlaşdırlıb.



Məryəm Ana bir əlini qəlbin vətəni olan sinəsinə, digər əlini ağırlıq mərkəzi olan qarın nahiyəsinə yerləşdirib.

Anlayıram ki, bəlkə də, bəşəriyyətin cövhəri bu ağırlıq mərkəzlərindən boylanıb dünyaya.

Qəlbin vətəni hər daim hissləri simvolizə etsə də, Məsih və Papadan fərqli olaraq Məryəm ana gözlərini yumub, sanki onun simasında bütün emosiyalar ölüb, çöhrəsində yasın, hüznün ifadəsi hökm sürür.

Necə də fərqli və rəngarəngdir bu "film"in qəhrəmanları: Voleybol topu ilə İsa, əlində əzab tutarkən gülümsəyən Papa, ciddiyətlə dayanmış Məryəm ana.

Addımlayırıq... O qadın hələ də kilsəyə daxil olmayıb, var-gəl edərək əlini divarda mozaika üslubunda işlənmiş, “Təsbeh duaları” olaraq adlandırılan müqəddəs səhnə təsvirlərinin üzərində gəzdirir. Bu mozaik işləmələr ümumən İsa Məsihin və Məryəm Ananın həyatındakı mühüm dini hadisələri xronoloji ardıcıllıqla əks etdirir.

Çərçivə içində çərçivə, film içində film... Mələk Cəbrayıl Məryəmə İsa Məsihə hamilə qalacağını müjdələyir. Hamilə Məryəm xalası Yelizaveta ilə görüşür.



İsa Məsih mağarada dünyaya gəlir və çobanlar, müdriklər onu ziyarət edir. 12 yaşlı İsa məbədə gətirilir və din xadimləri ilə söhbət edir. İsa həbs olunmazdan əvvəl bağda mələyin hüzurunda dua edir. “Davamına sonra baxarıq” deyərək davam edirəm.

Addımlayırıq... Yenə lövhələr qarşılayır məni. Burada Müqəddəs Məryəm Anaya həsr olunmuş iki mühüm katolik bayramı haqqında məlumat yer alıb:

15 avqust – Məryəm ananın göyə yüksəlməsi

Katolik kilsəsinin təliminə görə, Məryəm Ana dünyasını dəyişdikdən sonra bədəni və ruhu ilə birlikdə göyə yüksəlib.

Stenddə Papa XII Piy tərəfindən 1 noyabr 1950-ci ildə elan edilmiş "Munificentissimus Deus" Apostol Konstitusiyası və bu doqmanın mətni, həmçinin bu hadisəni təsvir edən klassik rəsmlər, o cümlədən “Məryəmin ərşə çəkilməsi" əsəri və xristian ənənəsindəki "Məryəmin vəfatı" ikonaları nümayiş olunur.

8 sentyabr – Məryəm Ananın doğulması

Müqəddəs Məryəm Ananın valideynləri Yoaxim və Annadan dünyaya gəlməsi xatirəsinə qeyd olunan bayramdır. Lövhədə Məryəmin doğulması səhnəsini təsvir edən ikonalar, valideynləri Müqəddəs Yoaxim və Müqəddəs Annanın təsvirləri və bu hadisənin teoloji əhəmiyyətini izah edən qısa mətnlər yer alır.

Burada kilsənin təməl daşı üzərində daha iki rəsmi xatirə lövhəsi var: Lövhədə kilsənin təməlinin qoyulmasında iştirak edən din xadimləri, memarlar və layihə məsul şəxsləri haqqında məlumatlar yer alır.

Addımlayırıq... Kilsənin qapısından içəri girirəm. Bizi məsul şəxslərdən biri qarşılayır. Ziyarətimiz burada Azərbaycan dilində keçirilən “Adorasiya” və “Messa” ayinlərinin keçirildiyi vaxt təsadüf edib. Bu təsadüfə sevinirəm. "Messa" və "Adorasiya" katolik kilsə həyatının və ibadətinin iki əsas sütununu təşkil edir.

Messa - Katolik kilsəsindəki əsas ibadət mərasimidir. Ayin zamanı İsa Məsihin sonuncu şam yeməyi, çarmıxa çəkilməsi və dirilməsi yad edilir. Mərasimin əsasında çörək və şərabın Məsihin bədəni və qanına çevrilməsi ayini dayanır. Katolikliyi qəbul edənlər bu mərasimdə çörəyi qəbul edərək ruhi olaraq təmizləndiklərinə və birləşdiklərinə inanırlar.

Adorasiya - Messadan sonra müqəddəs çörəyin xüsusi bəzədilmiş bir qabda altara qoyularaq inancların dua və səcdə etməsi üçün nümayiş etdirilməsidir. Bu ibadətdə xristianlar Məsihin çörəyin daxilində real olaraq mövcud olduğuna inanaraq onun hüzurunda səssiz dua edir, təfəkkürə qərq olur və hörmət göstərirlər.

Məsul şəxs hazırda kilsənin rahibinin pakistanlı olduğunu dedi bizə. Bu rəngarəng film daha da əlvanlaşır mənim üçün - üsəlman ölkəsindən başqa bir müsəlman ölkəyə gələn katolik rahib...



Addımlayırıq... Bu anda modern arxitekturanın yaratdığı sakit və asketik mühit bizi qarşılayır. Ənənəvi, bərbəzəkli qotik kilsələrindən fərqli olaraq, buradakı memarlıq xətləri son dərəcə təmiz, minimalist və funksionaldır. Girişdə bizi beton pyedestallar üzərində ucaldılmış iki kvadrat kassa qarşılayır. Yaxınlaşanda daxilində büllur qab görürük, bu, inananların kilsəyə daxil olarkən əllərini isladıb xaç çevirdikləri müqəddəs su qabıdır.

Qabaqcıl modern arxitektura üslubunda işlənmiş beton dayaqlar ilə zərif büllur qabın təzadı diqqətimi çəkir; bu, maddiyyatın kobudluğu ilə ruhun zərifliyinin sintezini xatırladır. İbadət zalına keçdikdə sol tərəfdə tünd məxmər örtüklü, taxta oturacaqlar düzülüb. Divarlarda minimalist üslubda yerləşdirilmiş spikerlər, elektron akustika sistemləri və ibadət zamanı mikrafonla çıxış üçün nəzərdə tutulmuş xüsusi kafedra görünür. Şüşə kütlələr və tünd ağac materialı məkana həm müasir görünüş, həm də vizual olaraq səmimi ab-hava qatır. Bütün məkanın ən təsirli və diqqətçəkən hissəsi divarlar boyu sıra ilə düzülmüş vitraj pəncərələridir.



Roma rəqəmləri ilə (I-dən XIV-ə qədər) nömrələnmiş bu 14 pəncərə İsa Məsihin Qolqofa dağına doğru "Xaç Yolu" mərhələlərini təsvir edir:

I – V hissələr: Məsihin mühakimə olunması, xaçı çiyinlərinə götürməsi və anası Məryəm ilə qarşılaşması mavi və qızılı tonların üstünlük təşkil etdiyi vitrajlarda öz əksini tapıb.

VI – IX hissələr: İsanın yorğunluqdan yıxılması, Veronikanın onun üzünü silməsi kimi insan dramını əks etdirən səhnələr təsvir olunur.

X – XIV hissələr: Dramatik pik nöqtəsi - Məsihin geyimlərinin soyulması, çarmıxa çəkilməsi, çarmıxda vəfatı, bədəninin çarmıxdan endirilməsi və qəbrə qoyulması.

İşıq pəncərələrdən daxil olarkən rəngli şüşələrdən süzülən göy, qırmızı və sarı şüalar boz beton divarların üzərinə düşür.

Bu arxitektura gələnləri dəbdəbə ilə heyran etməyə çalışmır, əksinə, zərif işıq oyunları və sükutla insanı daxili təfəkkürə və duaya dəvət edir.

Addımlayırıq... Başımı yuxarı qaldıranda kilsənin üçbucaqlı dam quruluşuna tam uyğunlaşdırılmış möhtəşəm mərkəzi vitraja nəzər yetirirəm. Alovlu qırmızı, narıncı və bənövşəyi tonların hakim olduğu bu kompozisiya Əllinci gün Müqəddəs Ruhun yerə enməsi hadisəsinə həsr olunub. Yuxarıdan enən od dilləri və mərkəzdə toplaşmış həvarilər ilə Məryəm Ananın təsviri məkanın asketik boz tonlarına kəskin, lakin harmonik dinamika qatır. Vitrajın qarşısında asılmış dairəvi, minimalist çilçıraq həm səma işığını, həm də müasir sənaye dizaynını bir nöqtədə birləşdirir.



Mərkəzi ibadət sahəsinə yaxınlaşdıqca tərtibatın hər bir detalında dərin teoloji məna gizləndiyi aydın olur. Ağ daşdan yonulmuş masanın ön tərəfində İsa Məsihin həvariləri ilə çörək kəsməsini əks etdirən tünd relyef yer alır. Masanın üzərində Adorasiya üçün nəzərdə tutulmuş Müqəddəs Çörəyin saxlandığı qızılı qab parıldayır. Altarın arxasında böyük qanatları xatırladan tünd göy və yaşıl mozaik panno diqqət çəkir. Burada Məsihin Məryəm Anaya tac qoyması və ya xeyir-dua verməsi səhnəsi üslublaşdırılmış formada işlənib.

Altarın sağında iri taxta çarmıx ucalır. Onun altındakı kiçik qırmızı işıq lampası müqəddəs çörəyin məkanda saxlandığını bildirir. Zalın kənarlarında dinamikanı tamamlayan xüsusi guşələr yaradılıb. Girişə yaxın sütunun önündə mavi-ağ libasda, qolları açıq şəkildə inananları salamlayan Müqəddəs Məryəm Ana heykəli qoyulub. Onun ətrafı təzə ağ və mavi çiçəklərlə bəzədilib. Sağ tərəfdə isə İsa Məsihin "Müqəddəs Ürək" obrazını təcəssüm etdirən heykəli ucalır. Tavanın mərkəzində açılan dairəvi işıq quyusu gün işığının birbaşa altarın üzərinə düşməsini təmin edir.

Spot işıqlar və divar boyu yerləşdirilmiş müasir səs sistemləri bu sakit, ruhani mühitdə messalar zamanı oxunan xorun bütün zala bərabər paylanması üçün dəqiq hesablanıb. İbadət zalının kənarında diqqət çəkən əsas sakral elementlərdən biri daşdan hazırlanmış altlıq üzərində piramida şəkilli bürünc və qızılı qapaqla örtülmüş vəftiz hovuzudur. Piramidanın hər bir üzündə xristian teologiyasına aid dörd xüsusi simvol həkk olunub:

Müqəddəs Ruhun enməsi: Göyərçin, göydən uzanan əllər və nur şüaları təsvir edilib.

Məsihin xirqəsi: Ətrafı palma və zeytun budaqları ilə bəzədilmiş tikişsiz geyim simvolu.

Tikanlı tac və əzablar: İsa Məsihin çarmıxa çəkilməzdən əvvəlki üz ifadəsi və tikanlı tacı.

Xaç simvolu: Hovuzun daş gövdəsinin ön hissəsində isə göy minalı sadə xaç relyefi yerləşdirilib.

Zalın ümumi mühiti minimalist və dinc atmosferə malikdir. Paralel sıralanmış tünd bənövşəyi örtüklü taxta skamyalar ibadət edənlərin rahatlığı üçün nəzərdə tutulub. İbadətçilərin dualar edərək şam yandırdığı qum doldurulmuş xüsusi daş stend divarın dibində yerləşir. Altarın yanında İsa Məsihin dirilməsini və ilahi nuru simvolizə edən, üzərində Alfa-Omeqa hərfləri və Məsih təsviri olan böyük bəzəkli şam ucalır.

Sağ tərəfdə ucalan İsa Məsihin Müqəddəs Ürəyi heykəli daha yaxın bucaqdan görünür.

Ağ və tünd qırmızı libasdakı heykəl, sinəsində alovlanan və tikanla sarınmış ürəyi göstərərək mərhəmət və sevgini təcəssüm etdirir.

Budur! Həmin qadını görürəm... Yanına yaxınlaşıb salam verəndən və əhvalını soruşandan sonra nə üçün kilsəyə gəldiyini soruşuram.



“Açığı, kilsəyə ibadət üçün gəlməmişəm. Düzdür, bir neçə dəqiqədir dua edirəm. Arada ayinlərdə iştirak edirəm. Oğlumu idmana gətirirəm və onu gözləyərkən fürsətdən istifadə edirəm. Kilsəyə gəlirəm, xristian olmasam da. Burada rahatlıq tapıram”.

Addımlayırıq.. Arxa skamyalarda əyləşən gənc bir oğlandan onu kilsəyə gətirən səbəbləri soruşuram. “Mən çox da dinlə maraqlanmamışam. Ta ki ən yaxın dostumla qarşılaşana qədər. Mənə “İncil” hədiyyə etdi. Təkcə bura yox, Bakıda bir çox kilsəni ziyarət etmişəm. Deyə bilərəm ki, məni bura ən yaxın dostum gətirib”.

Addımlayırıq kilsənin qapısına doğru... Məkandan çıxandan sonra əlimi mozaikaların üzərində gəzdirməyə başlayıram. İsa çarmıxa çəkilməzdən əvvəl Roma əsgərləri tərəfindən sütuna bağlanaraq qamçılanır. Əsgərlər İsanın başına tikanlı tac qoyub onunla məzələnir. İsa çarmıxı Qolqofa təpəsinə doğru belində daşıyır. İsa çarmıxa çəkilir, yanında Məryəm Ana və şagirdi dayanıb. İsa ölümündən sonra dirilərək Məryəm Anaya görünür. İsa mələklərin əhatəsində nurlu şəkildə göyə yüksəlir.



Addımlayırıq... Ənənəyə sadiq qalaraq məndə dərin izlər qoyan hər məkanda etdiyim kimi kənara çəkilib ətrafı müşahidə edirəm. Voleybol topu kilsəyə tərəf yuvarlanır, o uşaq yenə onun arxasınca qaçır. O qadın övladı ilə birgə getməyə hazırlaşır.

Mərasimlər bitəndən sonra kilsədən uzaqlaşırıq... Bir neçə kilometr sonra əzan səsi eşidirəm...

# 97 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədəki qədim kurqanda qazıntılar başladı

Türkiyədəki qədim kurqanda qazıntılar başladı

15:30 21 avqust 2026
Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı

Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı

14:30 21 avqust 2026
1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?

1000 müsəlman erməni - Onlar kimin vasitəsiylə İslamı qəbul etmişdilər?

14:00 21 avqust 2026
Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

12:00 21 avqust 2026
Türkiyədə Hipatiyaya həsr olunmuş festival  keçiriləcək

Türkiyədə Hipatiyaya həsr olunmuş festival keçiriləcək

11:50 21 avqust 2026
"Şaxta Baba"nın həyatı ekranlaşdırılır

"Şaxta Baba"nın həyatı ekranlaşdırılır

11:35 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər