Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı
28 iyul 2026
# 16:33

Müasir kompüter elminin qurucularından biri və süni intellektin nəzəri əsaslarını yaradan ingilis riyaziyyatçı Alan Türinq tarix kitablarında əsasən qapalı, məntiqə köklənmiş və tənha bir dahi kimi təsvir edilir.

Kulis.az xəbər verir ki, Kembric Universitetinin akademiki tərəfindən gün üzünə çıxarılan və bu günə qədər ətraflı araşdırılmayan "Pryce's Buoy" adlı altı səhifəlik yayımlanmamış qısa hekayə Türinqin tamamilə fərqli bir xarakterə sahib olduğunu ortaya qoyur.

Kembricdəki Kinqs Kollecinin arxivlərində saxlanılan bu altı səhifəlik hekayə əlyazma şəklində qələmə alınmış və yarımçıq qalmış bir əhvalatdır. Hekayə ilk dəfə aşkarlanaraq "The Review of English Studies" akademik jurnalında yayımlanıb.

Tədqiqatı aparan Kembric Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinin professoru Sara Dillon tapıntıların Türinq haqqındakı oturuşmuş təsəvvürlərə meydan oxuduğunu deyir:

"Alan Türinqi sosial cəhətdən bacarıqsız, yalnız məntiq və rəqəmlərlə maraqlanan, qapalı biri kimi görürük. Halbuki onun qısa hekayəsi bizə tamamilə fərqli bir insan göstərir: Oynaq, gülməli, dəcəl, ədəbiyyatla maraqlanan biri".

Dillona görə, Türinq hekayəni 1952-ci ilin sonlarında və ya 1953-cü ilin əvvəllərində qələmə alıb. Əsərdə fəhlə sinfindən olan Ron Millerlə gənc yaşda kəşf etdiyi "Pryce's Buoy" ixtirası ilə məşhurluq qazanan homoseksual alim Alek Prays arasındakı görüşdən bəhs edilir. Tədqiqatçı hesab edir ki, Alek Prays xarakteri birbaşa Alan Türinqi təmsil edir və hekayə Türinqin 1951-ci ildə "ağır əxlaqsızlıq" ittihamı ilə həbsinə səbəb olan real cinsi əlaqəsinin bədii formada yenidən nəqli xarakteri daşıyır.

Hekayədə Milad bayramı ərəfəsində parkda rastlaşan iki kişi səssizcə bir-birinin niyyətini anlamağa çalışır. Ron Praysın baxışlarını "Görəsən, səhv anladım? Xeyr... Gizlicə baxırdı. Sadəcə, bir az utancaqdır", – deyə yozarkən, Prays isə Ron haqqında "Çox yaraşıqlı deyildi, amma özünəməxsus cazibədarlığı var idi. Dilənçilərin seçim şansı olmur", – deyə düşünür.

Professor Dillon əlavə edib:

"Hekayədəki tərəddüdləri çox sevirəm. "Görəsən, səhv anlayıram?", "Həddimi aşıram?", "Geri çəkilə bilərəm?" kimi duyğuları son dərəcə uğurla əks etdirib".

Lakin hekayə altıncı səhifədə "Ron wouldn't..." ("Ron etməyəcəkdi...") sözləri ilə yarımçıq qalır. Tədqiqatçılar davam səhifələrinin itdiyini və ya Türinqin anası tərəfindən senzura edildiyini düşünürlər. Bu səbəbdən hekayənin necə bitdiyi və ya daha açıq cinsi məzmun ehtiva edib-etmədiyi bilinmir. Dillon bildirib ki, ardının olduğu dəqiqdir, lakin təəssüf ki, həmin vərəqlər yoxdur: "Yerdə qalan hissənin hara getdiyini bilmirik".

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri də Türinqin yazıçılığına ən böyük təsirin romançı Anqus Uilsondan gəldiyinin ortaya çıxmasıdır. İkinci Dünya müharibəsi zamanı hər ikisi Britaniyanın şifrə sındırma mərkəzi olan Bletçli Parkda xidmət edən Uilson və Türinq müharibədən sonra Kinqs Kolleci ətrafında tanış olublar. Uilsonun 1952-ci ildə yayımlanan və dövrü üçün olduqca cəsur qəbul edilən homoseksual romanı "Hemlock and After"in Türinq üzərində böyük təsir buraxdığı müəyyən edilib.

Professor Dillon bildirib ki, Türinqin hekayəsi hadisələrin gedişatı, təhkiyə dili və baxış bucağı baxımından Uilsonun romanındakı bir fəsildən açıq şəkildə nümunə götürüb. Lakin Dillon bunun mənfi hal olmadığını vurğulayaraq, "Yaradıcı yazarlığa başlayan bir çox insan ilham aldığı yazarı təqlid edir. Bu, yazmağı öyrənmək prosesinin təbii bir hissəsidir", – deyə əlavə edib.

Araşdırmaya görə, Türinqin hekayəsi yalnız onun ədəbi tərəfini deyil, yaşadığı psixoloji prosesi də əks etdirir. 1952-ci ildə homoseksual olduğu əsası ilə məhkum edilən Türinq həbs cəzası əvəzinə hormon müalicəsinə məcbur edilmişdi. İki il sonra – 1954-cü ildə 41 yaşında ikən intihar edən alim bu gün müasir kompüter elmi, Eniqma şifrələrinin sındırılması və süni intellektin nəzəri əsaslarına verdiyi töhfələrlə xatırlanır.

Professor Dillon Türinqin ədəbiyyat sevgisinin elm və humanitar elmlər arasındakı süni ayrı-seçkiliyi sorğulamağa da töhfə verə biləcəyini qeyd edərək deyib: "Elm və ədəbiyyatın bir-birinin ziddi olduğunu düşünməyi tərgitməliyik. Bir çox alim ədəbiyyat oxuyur və yazır; bir çox ədəbiyyatçı da elmdə olduqca bacarıqlıdır. Bu iki sahə bir-birini tamamlayır. Birini digərindən üstün tutmaq həm fərdlər, həm də cəmiyyət üçün zəruri olan tarazlığı itirməmizə səbəb olur".

Alan Türinq kimdir?

Alan Mətison Türinq (23 iyun 1912 – 7 iyun 1954) — ingilis riyaziyyatçısı, kompüter alimi, məntiqçi və kriptoanalitikdir. O, ümumiyyətlə, kompüter elminin və süni intellektin atası kimi qəbul edilir. İkinci Dünya müharibəsi illərində Almaniyanın "Eniqma" şifrə maşınının kodlarını sındıran qrupa rəhbərlik edərək müttəfiqlərin qələbəsində və milyonlarla insanın həyatının xilas edilməsində həlledici rol oynamışdır. 1952-ci ildə homoseksuallığına görə mühakimə olunub və həbs əvəzinə kimyəvi axtalamaya (hormon müalicəsinə) razılaşıb. O, 1954-cü ildə sianid zəhərlənməsindən dünyasını dəyişib. 2013-cü ildə Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən ona rəsmi olaraq ölümündən sonra kral əfvi verilmişdir.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

16:48 28 iyul 2026
 "Bəyaz durnalar"  kitabı işıq üzü gördü

"Bəyaz durnalar" kitabı işıq üzü gördü

15:33 28 iyul 2026
Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

15:00 28 iyul 2026
Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

14:00 28 iyul 2026
Seyran Səxavət:  " Bir üzdəniraq həmin institutu Midhət müəllimə görə bağlatdırdı" - Söhbət

Seyran Səxavət: " Bir üzdəniraq həmin institutu Midhət müəllimə görə bağlatdırdı" - Söhbət

13:30 28 iyul 2026
Narkotik əməliyyatında 11 məşhurun testi müsbət çıxdı

Narkotik əməliyyatında 11 məşhurun testi müsbət çıxdı

11:00 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər