Bu gün Xalq artisti Telman Adıgözəlovun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqda maraqlı faktları təqdim edir.
Əslən Ordubaddan olan Telman Adıgözəlovun ailəsi ilə birgə Bakıya köçməsinin maraqlı tarixçəsi olub. Telman uşaq vaxtı yıxılmış, qolunda yara əmələ gəlmişdi. Onlar Balakən rayonunda yaşayırdılar. Balakən rayonu da təbiət etibarı ilə rütubəti çox olan bölgədir. Telman qolu yaralı-yaralı çimib özünü soyuğa verdiyindən yara şişib, çirk bağlamışdı. Xeyli vaxt müalicə alsa da, yara sağalmadı. Onda həkimlər demişdilər ki, onun qolu çürüyə, hətta kəsilə bilər. Bundan sonra Telmanın atası ailəsi ilə birgə Bakıya köçməyə məcbur olur. Ailə uzun illər kirayədə yaşayıb, çox zəhmət çəkib – Telmanın yarası isə sağalıb.
Balakəndə yaşayanda aktyorun bir iti olub. Telman hara gedirmişsə, it də onu qoruyurmuş. Günlərin birində qonşu çörəyin içinə iynə qoyub itə atır. Həmin çörəyi yeyən it ölür. Bu hadisə balaca Telmana bərk təsir edir və o, oturub ağlayır.
***
Aktyorla bağlı ən çox yayılan şayiələrdən biri bu olub: onun dişlərini düzəltdirməyə pulu çatmırmış. Deyilənə görə, aktyor bir dəfə diş həkimində ona iynə vurulandan sonra halı pisləşib boğulubmuş. Bundan sonra onda diş həkiminə qarşı fobiya yaranır. Sonralar ailə üzvləri, yaxın dostları nə qədər çalışsalar da, onu həkimə getməyə razı sala bilməyiblər. Aktyor həmişə arzu edirmiş ki, qızı böyüyüb diş həkimi olsun və dişlərini ona düzəltdirsin. Aktyorun qızı atasının ölümündən sonra diş həkimi olur.
Həyat yoldaşı Billurə xanımla Balakəndə qonşu olublar. O vaxtdan da gediş-gəlişləri olub. Telman Billurə xanımı sevib, bəyənib. Sonralar rayona gedəndə yenidən görüşüb ailə qurmağa qərar veriblər.
***
Oğlu əsgərlikdə olanda aktyor çox xiffət edirmiş. Tez-tez onun yanına gedib-gələrmiş. Bir dəfə də güclü qar yağır, aktyorun ürəyi dözmür. Oğlu üçün yun corab və köynək alıb onun yanına hərbi xidmətə yollanır. Lakin oğlu, nədənsə, atasının gətirdiyi hədiyyələri geri qaytarır, başqa əsgər yoldaşlarından fərqlənməsini istəmir. Ancaq sonradan atasının məyus olduğunu görüb peşman olur.
Aktyor teatr və kino ilə yanaşı ailəsini dolandıra bilməkdən ötrü həm də toylara tamada gedirmiş. Amma tamadalıq eləməkdən çox utanır, əziyyət çəkirmiş.
***
Telman Adıgözəlov 57 rəqəmindən dəhşətli dərəcədə qorxub. Hətta buna görə avtomobilinin 57 ilə bitən nömrə nişanını dəyişib. Aktyorun bu qorxusu sonda özünü doğruldub: 57 yaşında dünyasını dəyişib. Nə oğlunun, nə də qızının toyunu görmək ona qismət olmayıb.
Aktyor pal-paltara çox pul xərcləməyi, çox bahalı geyimlər, xüsusilə, qalstuk, kəmər və ayaqqabı almağı çox sevib. Xəncər-bıçaq kolleksiyası olub. Bıçaq yığmağı çox sevib. Övladlarına hədiyyə olaraq isə fənər alarmış. Həmişə də deyib ki, "Birdən elə yerə düşərsiniz ki, qaranlıq olar, onda mütləq lazımınız olacaq". Ölümündən sonra bir nəfər onun yasına gəlib oğluna pul verib deyir: “Bunu mağazanın müdiri göndərib, atanız rəhmətə getməzdən əvvəl beh verib yaz gödəkcəsi sifariş etmişdi”.
Gecə saatlarında ailə üzvləri onun xırıltılı səsini eşidiblər, əvvəl elə biliblər ki, boğazında nə isə qalıb. Heç kim heç nə anlaya bilməyib. İki dəfə ard-arda təcili yardım çağırıblar. Birinci gələn həkim aktyoru tanıyıb və onu elə vəziyyətdə görəndə özünü itirib. Təzyiqini ölçsə də, “baş aça bilmədim” deyib, başqa həkimin çağırılmasını xahiş edib. Daha sonra ikinci təcili yardım gəlib. Ona qədər də aktyor sağ olsa da, xırıldayırmış. Növbəti gələn həkim isə aktyorun ürəyinin dayandığını deyib. Aktyora elektroşok verilib. Bir neçə dəqiqədən sonra Telman Adıgözəlov keçinib.
Oğlu Tural müsahibələrinin birində deyir ki, yəqin atam qeyri-peşəkarlığın qurbanı oldu. Çünki sonradan başqa həkimlər bizə dedilər ki, infarkt keçirən adama elektroşok vermək olmazmış.
***
Dəfnində böyük izdiham olub. Eşidib-gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb. Polislər Azadlıq prospektindən aktyorun dəfn olunacağı Fatmayi kəndinə qədər olan yolu bağlamağa məcbur olublar.