Qapalı rejimdən qeydlər - Əli Şirin Şükürlü yazır...

Qapalı rejimdən qeydlər - Əli Şirin Şükürlü yazır...
25 fevral 2023
# 13:00

Kulis.az Əli Şirin Şükürlünün "Ədəbi suprematizm:Qapalı rejimdən qeydlər" adlı yazısını təqdim edir.

şeir-esse)

Qapalı məkanların da öz üstünlüyü var. Təcrid olunursan çox şeydən bir anlıq və ya uzun-uzadı. Qayıdırsan, çevrilirsən özünə büsbütün; yeni doğuluşa bir vasitədir qapalı məkanlar. Bütün qapalı məkanlar özünəqayıdışın – yenidən doğulmanın ana bətnidir həm də.

Amma tək olasan, ya da tez-tez tək qalmaq şansı qazanasan. Birdən yadıma düşdü nədənsə: deyəsən təyinatı əslində yenilənmək olan bir məkan da var axı – həbsxanalar... Bir də o məkanlarda, bütün qapalı məkanlarda yəni, inanırsan ki,
bir gün bax beləcə yox olur adam hamı üçün.

Elə şeylər var onlarsız olmur. Məsələn, fərz edək bu gün yoxdu səninçün, deməli, artıq dünəndəsən və sabah da açılmayacaq üzünə. Yalnız keçmişə dönmüsən, gələcəksiz və indisiz bir zamandasan artıq.

Unudulmur heç nə. Unudulmur. Yalnız gizlənir qaranlıq küncündə düşüncənin.

Bir də gördün oyandı, çağırdı xatirələri: aydın təsvirlərlə və ya qarmaqarışıq.

Harda görmüşəm, gülümsəyir üzünə adamın: Arzuyam da, Ümidəm də,

Sevgiyəm də, Sevincəm də ...

Olmur, elə şeylər var ki, onlarsız olmur. Məsələn, öldü ümid, yoxdu arzu, tükəndi sevgi ...

Unudulmur heç nə, unudulmur, yalnız gizlənir qaranlıq küncündə düşüncənin.

Necə unudasan. Unutmaq olarmı naşı birinin ən yaxın, ən doğma adamı qurban verə nəfsinə, sonra da “ləyaqət dərsi” keçə adama, özü də bütün həyatını nəfsinə uduza-uduza.

Unudulmur heç nə, sadəcə, unutmaq istəyir adam çox şeyi yaşamaq mümkün olsun deyə.

Beləcə, ötürür qaranlığına düşüncənin.

Bəzən dəyişə bilərsən münasibəti hadisələrə; azdırmağa çalışarsan düşüncəni, adamı yaşatmağa yardımçı olan məntiqlə yanaşarsan hadisələrə.

65 ☺ 35 = 88. Duruxdun bir az deyəsən söhbətin bu yerində baxıb rəqəmlər arasında gülümsəyən simaya. Nə adi toplama-çıxma, nə vurma-bölmə işə yaramaz, ala bilməzsən sağ
tərəfdə qoşa dayanan sonsuzluğa bənzər ikirəqəmli ədədi düşünsən ənənəvi. Sol tərəfin kənar hədlərinin cəminin orta hədlərinin cəminin hasilinə bərabərdir bu ədəd sadəcə. Bu qədər bəsit və bu qədər asan almaq istədiyin nəticə, əgər düşünsən bir qədər fərqli. İndi anlaşıldı, məncə, nə deyir gülümsəyən sima: bəzən tam fərqli yanaşmaq lazımdı hadisələrə - əsas olan hadisə yox, hadisəyə münasibətdi.

Necə yanaşarsan hadisəyə o cür də hopar tədricən varlığına. Nə vaxt oyandı xatirələrlə, elə o cür də gəzişər varlığında, tərpədər düşüncəni. İndi, görəsən, nədi hopub canına o adamın. Birdən dönə-dönə eyni musiqini dinləyər, sonra hey zümzümə edər, fit çalar özüyçün. Daimilik barədə düşünür bəlkə də. Çox güman ki, bilmir, Ehtimal ki, bilmir, Yəqin ki, bilmir bu monotonluqda daimilik yox, ölüm gizlənib.

Daimilikdə xoşbəxtlik axtaran adam, bütün xoşbəxtliklər bir anın içinə sığınıb və o qədər də uzun sürmür. Bütün xoşbəxt anlarda pərdələr enir teatr səhnəsində, filmlər bitir qovuşanda səadətə qəhrəmanlar. Yəni xoşbəxtlik uzun-uzun müşahidənin obyekti deyil, dostum – azmaz yanaşsaq fəlsəfi.

Olmur, dostum, elə şeylər var onlarsız olmur. Məsələn, xoşbəxtlik; yuxarıda dedik... Bir də ki, nə qədər xoşbəxt hiss edər adam özünü o qədər xoşbəxt, nə dərəcə bədbəxt sanarsa o dərəcədə bədbəxtdi vallah. Xoşbəxtlik və bədbəxtlik arasında nə qədər desən vəziyyət – baş aça bilməzsən hansı an(lar)da xoşbəxtlik bədbəxtliyə, bədbəxtlik səadətə çevrilir. Dazlaşan adam misalı; dazlaşma yəni – yenə köməyə yetir fəlsəfə - itirilən neçənci tükdən başlar görəsən. Və yaxud gecə - hansı anda çevrilər gündüzə.

Olmur, dostum, elə şeylər var onlarsız olmur. İnamsız, ümidsiz yaşamaq olmur. Çox inandıqca daha çox aldandığını fərq edirsən amma. Bəzən də qəsdən aldanırsan özünü ağıllı sanan naşı birinin qarşısında. Bilirsən bu nəyə bənzəyir: rəqibə bilərəkdən məğlub olmağa, daha güclü zərbələrdən qorunmaq naminə. Qasırğa ən çox uca ağaclarda sınayar özünü, kiçiklərçün onsuz da həmişə daldalanma. Bilirsən ən çox nə ağrıdar adamı: başqası, xüsusilə də ədalətsiz yanaşanda. Başqası faciədir: biri sevinər adam büdrəyəndə, biri acıyar, biri təsəlli verər... biri də sadəcə heç nə. Amma ilk dəfə müşahidə etdim deyəsən: utananlar da olur nədənsə haqsızlığa düçar olan birini görəndə - elə bil, onun da suçu var bu “itələmə”də; utanma, əziz dost, güclü “adamı elə itələmək lazımdı büdrəyəndə” – qoy bir az da artıq təpər tapsın özündə ayağa qalxmağa.

Bruno. Dahi Bruno. Zavallı Bruno. Cordano Bruno. Həqiqəti söylədin, yandırdılar tonqalda. İndi həmin tonqalın yerində heykəlin ucalır. Sonda isə qalaq-qalaq monaqrafiyalardan üstün, bəşəriyyətin əsl təbiətini təsvir edən bir kəlmən də qaldı yaddaşlarda çoxuna təsəlli: mənə ölüm hökmü oxuyanlar daha çox qorxurlar, nəinki mən.

Doğrudur, ustad, doğrudur, çox zaman qorxudan öldürürlər ya fiziki, ya da mənəvi.

Unudulmur heç nə, dostum, unudulmur. Bir at yorğunluğu var canında o adamın, bir it peşmanlığı yaşadığı bəzi anlara – gözü bir dahinin şəklinə sataşır bu an: kədərlidi, sonra gülümsəyir sanki, sonra kədər çökür tədricən gözlərinə şəkildəki adamın, sonra yenidən gülümsəyir, sonra yenidən kədər... Şəkillərin də dəyişməsi olurmuş donmuş zaman-məkan mənzərəsində. Ən kədərli şəkillər belə çox baxdıqca gülümsəyər tədricən adamın üzünə.

Unudulmur onsuz da heç nə, dostum, unudulmur. Yoruldum mən də artıq deyəsən. Yoruldum səlis, qeyri-səlis, rəvan, qarışıq, ziddiyyətli... fikirlər arasında. Sevdiyim məkanlar var, tez-tez qayıtmağı sevirəm: hansı nöqtəsində dayansan qarşında sonsuzluğa uzanan məna ilə dolu uzun-uzadı boşluqlar. Gedəcəyəm tezliklə unudulmayan, baş verməsi mümkün olmayan hadisənin baş verdiyi məkana. Baxanda uzaqdan: dağlar söykənib səmaya.

... – 03.02.2023


# 1321 dəfə oxunub

Oxşar xəbərlər

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

14:30 24 aprel 2024
Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

14:00 24 aprel 2024
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
Həmid Herisçinin yeni kitabı çap olundu

Həmid Herisçinin yeni kitabı çap olundu

12:30 24 aprel 2024
"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

12:00 24 aprel 2024
Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
# # #