Amerikalı tarixçi, Pulitser mükafatı laureatı Qordon Vud 92 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri alimin qızı Emi Vuda istinadən məlumat yayıb.
Məlumata görə, alim Rod-Aylend ştatının İst-Providens şəhərində avtomobil qəzasından sonra xəstəxanada dünyasını dəyişib.
Vud Amerika inqilabının, ABŞ-nin "qurucu ataları" dövrünün və Amerika dövlətinin mövcudluğunun ilk illərinin ən nüfuzlu tədqiqatçılarından biri sayılırdı. O, 1969-cu ildən Braun Universitetində dərs deyib və sonradan orada fəxri professor statusunu alıb.
Tarixçiyə ən böyük şöhrəti 1992-ci ildə nəşr olunan "Amerika inqilabının radikalizmi" ("The Radicalism of the American Revolution") kitabı gətirib. O, bu əsərinə görə nüfuzlu Pulitser mükafatına layiq görülüb. Alim bu kitabda kolonistlərin mübarizəsinin təkcə Britaniya siyasətinə qarşı çıxmaqla deyil, həm də sinfi fərqlərə əsaslanan ənənəvi ictimai quruluşdan imtina ilə bağlı olduğunu iddia edirdi.
Karyerası ərzində Vud 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində ABŞ tarixinə həsr olunmuş onlarla kitab və çoxsaylı elmi məqalələr yazıb.
Onun bəzi mühüm elmi nailiyyətləri bunlardır:
"Amerika Respublikasının yaradılması. 1776–1787" kitabı Milli Kitab Mükafatına namizəd göstərilib.
"Azadlıq İmperiyası: Erkən Respublikanın tarixi. 1789–1815" kitabı 2010-cu ildə Pulitser mükafatının finalçıları sırasına daxil olub.
2011-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Barak Obama tarixçiyə Milli Humanitar Elmlər Medalını təqdim edib.
Vudun həmçinin 1997-ci ildə ekranlara çıxan "Ağıllı Uill Hantinq" ("Good Will Hunting") filmi sayəsində məşhurlaşmışdı. Həmin filmdə aktyor Mett Deymonun qəhrəmanı alimin adını xüsusi qeyd edir. Tarixçi sonradan məhz bu səhnənin ona gənclər arasında böyük populyarlıq gətirdiyini etiraf etmişdi.
Alimin son kitabı 2021-ci ildə nəşr olunan "Hakimiyyət və azadlıq: Amerika inqilabında konstitusionalizm" əsəri olub. O, bu əsərində 1760-cı illərdən 19-cu əsrin əvvəllərinə qədər olan dövrü ABŞ və bütün Qərb dünyası tarixində konstitusionalizmin inkişafının ən yaradıcı mərhələlərindən biri adlandırıb.
Qordon Vudun Luiza adlı həyat yoldaşı, üç övladı, beş nəvəsi və bir nəticəsi yadigar qalıb.