"Parkda" tamaşasının premyerası oldu

"Parkda" tamaşasının premyerası oldu
16 may 2024
# 15:30

Mayın 15-də Azərbaycan Dövlət Kukla Teatrının əsas səhnəsində müstəqil “Oyun” İnklüziv Teatrının təqdimatında “Parkda” adlı tamaşanın premyerası oldu.
Kulis.az xəbər verir ki, tamaşanın pyes və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Cəmiyyətdəki sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını ön plana çıxaran tamaşa real qəhrəmanların həyat hekayətlərinin səhnələşdirilmiş yozumudur.

Tamaşada müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlarla yanaşı əlilliyi olan həvəskarlar da rol alırlar. Sözsüz ki, bu inklüziv tamaşanın da əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla bir layihədə iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.
Tamaşada rolları Zülfiyyə Qurbanova (Aynur), Zümrüd Qasımova-(Dilarə), Ülviyyə Əliyeva (Sərgül), Türkay Cəfərli (Murad), Gülçöhrə Abdullayeva (Bibixanım), Səbinə Məmmədova (Ofsiant), eləcə də Xaqani Əliyev, Kamilə Xəlilova, Babək İsmayılov, Selcan Xatun, Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə Ağayeva və İlkin Həsənli ifa edirlər.

Tragikomik səhnələrin üstünlük təşkil etdiyi birhissəli tamaşada ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar ön plana çıxarılır. Beləcə ailə dəyərlərimizin qorunmasının vacibliyi kimi məsələ real insan talelərinin səhnə inteqrasiyası ilə görünür.

Tamaşanın qəhrəmanları Aynur, Diana, Selena, Bibixanım, Murad kimi müxtəlif taleli obrazlar hər biri həyatdan və taledən bu və ya digər məqamlarda travmalar almış insanlardırlar. Aynur ilə Muradın xoşbəxt ailəsinə xəyanət zərbə vurur. Qadın ərindən boşanmaq istəsə də kişi bununla qətiyyətlə razılaşmır. Arvadının könlünü almaq əvəzinə ona fiziki şiddət göstərməkdən belə çəkinmir. Hadisələr parkda cərəyan etdiyindən bu səhnəciyin ardınca fərqli insan taleləri ön plana çıxır. Gecə saatlarında parkda başlayan hadisə elə parkda da bitir. Murad burada erkən nikahın qurbanı olan, fahişəliyə məhkum Sərgül (Selena) ilə tanış olur. Onun ağrılarına çarə olmağa, dərdini dinləməyə çalışır. Murad həm də Diana adlı başqa bir tale ilə də qarşı qarşıya qalır. Xəyanət yaşayan, ilk sevgisinin onu dövlətli, yaşlı qadına dəyişməsi hekayəti sözsüz ki, psixoloq Diananın ruh halında təsirsiz olmur. Beləcə o da kişilərə yalnız pul, mənfəət mənbəyi kimi baxır.

Tamaşanın bir də Naməlum (əlliliyi olan həvəskar aktyor) adlı qəhrəmanı da var. O gecə saatlarında parkda yatan Murada yaxınlaşıb, ona kömək əlini uzatmağa çalışır. Onu evinə dəvət edir, dərdini dinləyir. Sözsüz ki, bu zaman öz həqiqətini də danışır: əslində isə əlilliyi olan insanların heç də sağlam insanlardan fərqlənməməsi kimi cəmiyyət üçün əhəmiyyətli mesajlar verir.
Sonda süpürgəçi Bibixanım öz həqiqəti fonunda ailənin dağılmasına mane olur və nəinki parkdakı, eləcə də tamaşa qəhrəmanlarının həyatındakı tör-töküntünü sahmana sala bilir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Dövlət Kukla Teatrı nəzdində inklüziv studiya kimi yaradılan “Oyun” Teatrı artıq 2021-ci ildən müstəqil fəaliyyət göstərir.

# 2503 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər