Öz qaranlıq düşüncəsinə yumruq atanlar...

Öz qaranlıq düşüncəsinə yumruq atanlar...
11 avqust 2025
# 11:30

Kulis.az Sevinc Mürvətqızının "Öz qaranlıq düşüncəsinə yumruq atanlar..." yazısını təqdim edir.

Sosial şəbəkələrdə qarşıma bir video çıxdı: İstanbulda bir gənc qızı açıq geyindiyinə görə yolun ortasında döyüblər.

İstanbul kimi yüzillik mədəni qatların, fərqli dinlərin, müxtəlif dünyagörüşlərinin birləşdiyi kosmopolit bir şəhərdə kiminsə geyiminə görə fiziki və psixoloji linçlənməsi dərin sosial-psixoloji pozuntunun göstəricisidir.

Bu hadisə təkcə açıq geyinən biri ilə bağlı deyil. Eyni zorakılığı, eyni basqını inancına və şəxsi seçimlərinə görə tamamilə qapalı geyinən birinə qarşı da etsəydilər, eyni ikrahı, eyni dərin narahatlığı hiss edərdim. Çünki məsələ kimin nə geyindiyi ilə yox, insanların sərhəd tanımadan bir-birinə hədsiz şəkildə müdaxilə etmə haqqını özündə görməsi ilə bağlıdır.

Belə çıxır ki, XXI əsrin ilk rübündə hələ də insanlar başqalarının "xoşuna gəlmək", başqasının "gözünə girmək", ya da "qıcıq yaratmamaq" üçün geyinməli, danışmalı, davranmalıdır. Və əgər sən bu şərtlərə uyğun deyilsənsə, bir anda hansısa psixoloji balansı qaydasında olmayan bir insanın "hədəfi"nə çevrilə bilərsən — fiziki zorakılığa, təcavüzə, təhqirə, linçə məruz qala bilərsən.

Bu, sadəcə aqressiya deyil. Bu, fərqli olana qarşı duyulan qorxu və nəzarət ehtiyacının şiddətə bürünmüş formasıdır.

Maraqlıdır ki, insan psixologiyasında qıcıqlanma, adətən özündə həll edə bilmədiyi daxili konfliktlərin xaricə proyeksiyası zamanı baş verir. Yəni əgər sən kiminsə geyimini, fikrini, varlığını öz varlığına təhdid olaraq görürsənsə, bu, o deməkdir ki, içində hələ çözə bilmədiyin, basdırdığın, üzləşməkdən qorxduğun duyğular, travmalar, inkar etdiyin, qəbul etməyə çəkindiyin ehtiyaclar var.

Bu da özünü bəzən dini, bəzən "əxlaq", bəzən "mədəniyyət", bəzən isə sadəcə "mental dəyərlər" adı altında gizlədilmiş qəzəb və nifrətlə büruzə verir.

Bəziləri öz seçimləri, öz şəxsi istəkləri ilə yaşamaq istəyən insanlara "eqoist" damğasını yapışdırırlar. Halbuki bu, eqoistlik deyil — bu, fərdiyyətçilikdir, seçim haqqının tanınmasıdır.

Əsl eqoistlik isə başqasının seçimlərini, həyat tərzini, mövcudluğunu öz istəklərinə uyğun formalaşdırmağa çalışmaqdır. Bu da bəzən şifahi zorakılıqla, bəzənsə fiziki müdaxilə ilə həyata keçirilir.

Ən çox unutduğumuz məqam budur: Sənin bütün azadlığının sərhədi, başqasının azadlığının başladığı yerdə bitir. Bu balansı qorumaq həm cəmiyyətin, həm fərdin psixoloji sağlamlığının əsas dayağıdır.

Bir insanın geyimi, danışığı, düşüncəsi səni əsəbiləşdirirsə, içində hansı düyməyə toxunulduğunu anlamalısan. Səni əslində incidən nədir?
Bəlkə, səni ağrıdan məqam bir vaxtlar "özün" ola bilməməyindir? Vaxtilə, bəlkə, başqasının gözləntilərinə, arzularına və eqositliyinə uyğun yaşamaq məcburiyyətində qalmışdın? İndi isə öz seçimləri ilə yaşayan, özü olmaq istəyənlər sənə təhdid kimi gəlir?

Psixologiyada buna “proyektiv identifikasiya” deyilir — yəni öz içində basdırdığın, özünə yaraşdırmadığını düşündüyün duyğuları başqasına proyeksiya edərək onu bu duyğulara görə cəzalandırmaq ehtiyacı. Sən özün olaraq yaşaya bilməmisən deyə, başqasının da necə seçimlərlə olmasından asılı olmayaraq özü olmasına dözə bimirsən.

Bütün hallarda hər kəsin hansı seçimlərlə yaşamasından asılı olmayaraq həyat tərzinə görə məsuliyyəti özünə aiddir, buna görə onu qınamaq, ittiham etmək, qaralamaq, cəzalandırmaq, döymək, öldürmək heç kimin həddi deyil.

İstəsək də, istəməsək də dövr dəyişib, indi fərqli həyat tərzlərinin daha çox göründüyü, şəffaflaşdığı bir zaman kəsimində yaşayırıq. Artıq sən təkcə öz şəhərində, öz məhəlləndə yox, dünyanın hər yerindən fərqli insanları izləyə, görə, təsirlənə bilərsən. Bu da fərqli olanla təmasın daha çox olması deməkdir. Belə bir dövrdə fərqliliyə dözümsüzlük sadəcə geridəqalmışlıq deyil, həm də təhlükəli psixoloji dalğalanmanın göstəricisidir.

Hələ bu dalğalanmanı inanclı yaxud dindar insanlarda müşahidə etmək xüsusilə acınacaqlıdır. İnandığın din, tapındığın inanc sistemləri yaradılanı Yaradandan ötrü sevməyi buyurmurmu? Sevməyiniz özünüzə qalsın, heç olmasa, kimisə təhqir etməyi, döyməyi, mənəvi - psixoloji ittihamı, qınamanı dayandırın...

Bu yaxınlarda dəvət olunduğum verilişlərin birində demişdim: məni kimin necə geyindiyi, ümumiyyətlə, qıcıqlandırmır. Mən kiminsə açıq və ya qapalı olduğunu "görmürəm". Mənə görə insanı əsl tanıma davranışla, münasibətlə, dünyagörüşü ilə başlayır. Kiminsə geyiminə görə onu kateqoriyalara ayırmaq, “ağ” və “qara” kimi cəbhələşdirmək, insanı dəyərsizləşdirərək onun üzərində hakimiyyət qurmağa cəhd göstərməkdir.

Başqasının şəxsi seçimlərinə hörmətlə yanaşmağı bacarmayan biri ilə isə ümumiyyətlə, ünsiyyətə girməməyə üstünlük verirəm.

Çünki belə insanlar təkcə səni deyil, özlərini də “boğurlar”. Daxili komplekslərini “korrektə edə” bilmədikcə, bununla yaşaya bilmədikcə, başqalarının həyatına müdaxilə edərək o kompleksləri yatırmaq istəyirlər. Kiminsə geyimi və ya düşüncəsi səni narahat edirsə, bu, onun problemi deyil — sənin daxilində üzləşə bilmədiyin qaranlıq tərəfin, kölgə yanındır.

Qarşındakını dəyişməkdənsə, bacarırsansa, özünü, düşüncə tərzini dəyişdirməyə çalış. İncidiyin yer başqasının azadlığı və seçimləri deyil, öz basdırılmış gerçəklərindir. Əslində, görmək istəmədiyin, döymək istədiyin başqası deyil, özünsən...

# 7641 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

14:04 2 aprel 2026
Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlandı

Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlandı

13:20 2 aprel 2026
Fahişələrlə söhbət etməyi xoşlayan uşaq yazıçısı

Fahişələrlə söhbət etməyi xoşlayan uşaq yazıçısı

12:20 2 aprel 2026
İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirildi

İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirildi

11:30 2 aprel 2026
Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür

10:40 2 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:19 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər