Kulis.az Kamil Əlisoyun Venesiya Film Festivalında ölkəmizi ilk dəfə təmsil edən “Səpələnmiş ölümlər arasında” filminin baş rol ifaçısı, aktyor Orxan İskəndərli ilə müsahibəsini təqdim edir.
- Orxan bəy, öncə sizi tanımaq istərdik. Orxan İskəndərli kimdir, nə işlə məşğuldur? Çünki, sosial şəbəkələrdə, internetdə sizin haqqınızda məlumatlara rast gəlmək mümkün deyil.
- Əslində, mən düşünürəm ki, sözlərdən çox hərəkətlər vacibdir. Görülən işlər barədə danışmaq mənim üçün daha əhəmiyyətlidir. Hərəkətlər insanın kim olduğunu, necə biri olduğunu daha dəqiq göstərir.
- “Səpələnmiş ölümlər arasında” filminin rejissoru Hilal Baydarovla tanışlığınız necə olub? Onun filmlərinə seçilmə prosesi necə baş verib?
- Bizim bir ortaq tanışımız var idi. Filmlərə çox baxdığım vaxtlar idi. Art haus filmlərinə daha çox baxırdım. Bir tanışımızın da bundan xəbəri var idi. O bizi tanış etmək istədi.
_1758266373.jpg)
- Bu hansı illər idi?
- Səhv etmirəmsə, 2015-ci ya da 2016-cı il idi . Çünki ilk filmimiz 2016 - cı ildə çəkilmişdi artıq. Görüşdük və seçilmək kimi bir məsələ olmadı. Biz, sadəcə, görüşdük və birgə işləməyə qərar verdik.
- Hilal Baydarovun bir neçə filmində rol almısınız, hətta baş rolu ifa etmisiniz. Onun filmlərində oynamaq sizə nələr qazandırıb?
- Mən bir çox rejissorlarla işləmişəm. Hər birgə iş hər iki tərəfə - rejissora da aktyora da yeni baxış və təcrübə qazandırır. Bu filmlərdə isə, əsasən, mən aktyor olduğumu hiss eləməmişəm. (Gülüşürük). İngilislərin belə bir sözü var: “Filmmaker”. Mən özümü Hilalın filmlərində "filmmaker” kimi hiss etmişəm. Çünki, bu filmlər büdcəsiz filmlərdir və burda birgə iş olur. Birgə iş ortaya qoymuşuq və həmin çəkiliş meydanında olan hər bir insan ancaq bir işi görmür. Hamı bir - birinə kömək edir. Həm texnikanı daşıyırsan, həm yemək hazırlamağa kömək edirsən, həm nəqliyyata kömək edirsən. Orda artıq sən bir vəzifədən çıxırsan. Eyni anda bir neçə işi yerinə yetirirsən. Həm də təkcə mən yox. Demək olar, çəkiliş meydançasında olan hər kəsə, məncə, “filmmaker” demək lazımdır və aktyorluğa qalanda isə, səmimi etiraf edim ki, mən Hilalın filmlərində aktyorluq eləməmişəm.
Bir aktyorun içində olan yaradıcı aclıq, entuziazm var da. O, potensialını hiss edir. Bütün aktyorlarda bu var. Öz potensialını hiss edirsən və bunu həyata keçirmək, onun təzahür eləməyini istəyirsən. Ona görə də, Hilalın filmlərində aktyorluğumu göstərə bilməmişəm. Çünki Hilal fransız rejissoru Robert Bresson stilində çalışır və o, aktyorlardan aktyorluq istəmir. O prosesdə mən özümü “filmmaker” kimi hiss elədiyim üçün bu, birgə işdir. Biz görüşmüşdük və bu işi görmək istəyirdik. Nə qədər çətinlik olsa da, qərar vermişik və bu iş ortaya qoyulmalı idi. Bu filmlərdə mən özümü aktyor hesab eləmirəm.Amma aktyor kimi mənim işlərim başqa filmlərdədir.
- Bəs, indiyə kimi elə bir film olubmu və ya hal - hazırda elə bir layihə varmı ki, siz potensialınızı orda tam şəkildə ifadə etdiyinizi hiss edirsiniz? Sırf sizin istədiyiniz obrazı canlandıra bilmisiniz?
- Hələ olmayıb. Tam potensialı göstərmək illərə dayanan bir şeydir. Bu, illər çəkəcək, təbii ki. Bu yaxınlarda İctimai Tv - də “SFN Production”un bir layihəsi olacaq, “Mikrorayon”. Mənim orda bir rolum var. Çəkilişlər hələ başlamayıb. Amma mən inanıram ki, bu serialda aktyorluq potensialımın müəyyən bir faizini göstərə biləcəm.Venetsiyada olanda bir şəxs var idi, hər dəfə gəlib “həyəcan var?” deyə soruşurdu. Mən də deyirdim ki, yoxdur. Niyə həyəcanlanım? Gedib fırlanıb təkrar eyni sualı verirdi.
- Mən indi onu fikirləşirəm ki, məni həyəcanlandıran rola hazırlaşmaqdır. Venesiya Film Festivalı məni o qədər də həyəcanlandırmırdı. Nə 2020 - ci ildə, nə də bu dəfə. Hər dəfə Venetsiyaya qəbul olduğumuz xəbərini eşidəndə dostlardan da görürdüm ki, məndən sevinc gözləyir. Amma mən normal qarşıladım.
- Sizin üçün həyəcanlı deyildi..
- Bəli. 2020 - ci ildə elə burda - Sabir bağında görüşmüşdük. Hilal gəldi, e-maili göstərdi. Dedim ki, təbrik edirəm. (Yenə gülüşürük). Sənətçi üçün vacib olan həmin prosesdir - bu işi ortaya qoymaq. Mənim üçün də vacib olan budur. Mən bunun üçün - sənəti ortaya qoymaq üçün, bu proses üçün yaşayıram. Artıq nəticə yaranandan sonra onun sonrakı taleyi məni bir o qədər də maraqlandırmır. Təbii ki, aktyor olaraq, ordan gələn düşüncələr, insanların, tamaşaçıların rəyləri, təbii ki, sənə maraqlıdır. Sən bunu həm də onlar üçün edirsən. Yəni, kim deyirsə ki, tamaşaçının fikri mənə maraqlı deyil, bu, mənə səmimi gəlmir. Onda, get, bağlı otaqda özün üçün tamaşa oyna...
Mənim belə deyən sənətçilərlə bağlı bir sərgi ideyam da var idi. Ümid edirəm, nə vaxtsa həyata keçirərəm. Tamaşaçının fikri, təbii ki, maraqlıdır. Biz insanıq. Hər bir insanda bu hiss var və izləyici rəyi aktyorun inkişafı üçün əsas faktorlardan biridir.
Amma proses vaxtı filmdə, serialda rol alıramsa, həmin zaman mən tamaşaçının fikrini düşünmürəm. Mənə proses maraqlıdır. Mən bunun üçün sənətdəyəm. Mən festival yaxud mükafat üçün bu sənətdə deyiləm. Təbii ki, festival da yaxşı bir şeydir, uğur da. Amma bu məni sənətin baş vermə prosesi qədər həyəcanlandırmır.
_1758266443.jpg)
- Sizi kənar amil və düşüncələr yox, prosesin özü həyəcanlandırır. Belə deyə bilərik, qısaca?
- Təxminən. Xoş rəylər, əlbəttə, məni xoşbəxt edir. Mən çox şad oluram kimsə mənim aktyorluğum barədə rəy bildirəndə, komplimentlər edəndə. Təbii ki, xoşdur. Əgər əksini desəm, yalan olar. Amma Venesiya, Kann, Oskar, nə bilim...
Lap Nuri Bilge Ceylanın filmindəki məsələ oxşadı, deyir: “Şu anda Nobel verseler, gidip almazmış”. (Gülərək). O, əlbəttə, elə deyil. Onu da sevirsən. Hər bir aktyorun elə bir istəyi var. Bu, onun karyera zirvəsidir. Bilmirəm, fikrimi düzgün ifadə edə bilirəm ya yox? Festival da festivaldır. Gedirsən, sevinirsən. Karyeranda müəyyən bir nöqtəyə çatırsan. Ama önəmli olan sənət prosesidir.
- Orxan bəy, sənət sənət üçündür yoxsa sənət həyat üçündür? Siz bu barədə nə düşünürsünüz?
- Sənət mənim üçün daxilimdə olan potensialı üzə çıxarmaqdır. Hər bir insan öz içindəki potensialı hiss edir və bu, üzə çıxmayanda insanı boğur. İstəyirsən ki, o, üzə çıxsın. Mən şəxsən bunun üçün sənətlə məşğulam. Potensiala yaxınlaşmaq, onun bir az üzə çıxması sənə zövq verir. Sənət mənim üçün bunu ifadə edir. Sənətə olan aclığımı doyura bilmək üçün...
- Venesiya Film Festivalında və festivaldan sonra xarici mediaya verdiyiniz müsahibələri izləmişəm. Orda belə bir fikir səsləndirmisiniz: "Hilalın filmlərində oynamaq üçün gərək eqonu öldürəsən. Həmçinin, onun yazısı kifayət qədər dəqiqdir" deyə qeyd etmisiniz. “Certain” sözünü tərcüməsində dəqiq, açıq, aydın kimi başa düşdüm. Əlavə olaraq, “bu yazını, axını hiss etməlisən” deyə də fikrinizi yekunlaşdırmısınız. Burda tam olaraq nəyi ifadə etməyə çalışırdınız? Xüsusilə də, eqonu öldürmək ifadəsi..
- İlk olaraq, onu deyim ki, mən orda “dəqiqdir” mənasında deməmişəm. “Certain”, yəni orda müəyyən fikirlər var, onu deməyə çalışırdım. “Dəqiqdir” yox. Dəqiq deyil. (Gülərək). Təbii ki, orada aktyor olaraq təcrübəm az idi. Ondan sonra bir çox rejissorlarla işləmişəm. Və başa düşdüm ki, bu, mənim, ümumiyyətlə, film prosesinə yanaşma tərzimdir. Yalnız Hilalın filmlərinə aid olan bir şey deyil.
Düzdür, ona qədər ancaq Hilalla işləmişdim deyə, belə demişdim. Ondan sonra mən üç fərqli rejissorla da çalışdım. Orada nəzərdə tutduğum, film prosesinə yanaşmam odur ki, sənətlə məşğul olanda, xüsusən, özüm aktyor olaraq, eqomu öldürməliyəm. Düzdür, eqo həmişə var. Sadəcə, ümumi mənada, öz fikirlərin var, amma bəzən bu fikirləri özünə saxlamalısan.
Məsələn, Türkanın “Ölü Həsən” filmində rolu ifa edəndən sonra gedib çəkiliş meydançasında olan, demək olar ki, hər bir kəsdən soruşurdum ki, necə idi? Bu mənada "eqonu öldürmək" lazımdır. Sən düşünə bilərsən ki, yaxşı alındı, amma yaxşı olmaya da bilər. Eqo, qürur olmamalıdır ki, mən yaxşıyam, bunu başqalarından soruşmayım.
Axına gəlincə, hər bir rejissorun, filmin öz axını var. Bütün film proseslərində Deni Vilnövlə də, Skorsezeylə də işləyəndə, Filankəs Əhmədovla da işləyəndə onun öz axını var və, məncə, bütün film heyəti o axını orda tutmalıdır. Ona uyğun hərəkət etməlidir.
Sən öz aktyor eqonla fərqlənməyə çalışmamalısan. Amma rejissorun da üzərinə burada böyük iş düşür. Rejissor da gərək öz eqosunu öldürməyi bacarsın. Yoxsa aktyor marionet kimi qalır və ancaq rejissorun eqosuna tamaşa edirsən. Bunu təəssüf ki, bir müəllif stili kimi qələmə verirlər. Amma daha dərindən baxmaq lazımdır bu məsələyə. Bir dostum deyirdi ki, əgər aktyor filmdə seçilirsə, filmi qoyub aktyora tamaşa edilirsə, deməli, o film pisdir. Mənim də fikrim odur ki, məsələn, Nuri Bilge Ceylanın “Bir zamanlar Anadoluda” filminə baxanda film özü də əladır, möhtəşəmdir. Aktyor oyunu da möhtəşəmdir. Orda demirsən Yılmaz Erdoğan çox qəşəng oynayıb. Yəni bu filmə ancaq Yılmaz Erdoğana görə baxmırsan. Filmin özünü deyirsən. Rejissorun ustalığı ondadır ki, ümumi kompozisiya gözəldir. Aktyor oyununu da dəyərləndirirsən. Orada film dramaturji olaraq elə qurulub ki, aktyor da orda öz potensialını üzə çıxara bilir.
_1758266676.jpg)
- Sizcə, kimə usta rejissor deyilə bilər?
- Bir yapon atalar sözü oxumuşdum. Orda belə yazılmışdı: “Özünə usta deyə bilmək üçün əvvəl ustanı keçməlisən, sonra səni keçəcək bir şagird yetişdirməlisən”. Ustanın da eqosundan söhbət gedir. Usta ancaq özü iş görmür, tələbə də yetişdirir. Bunu yapon katana ustası kimi edir. Kobud desək, bunu gözə soxmadan edir. Həqiqətən də, bunu istəyir. Tələbəsinin onu keçməsi onda 1 qram paxıllıq yaratmır. Əksinə, onunla fəxr edir. Məncə, əsl usta belə olur. Bir insan özünə usta deyə bilər. Çox tələbə yetişdirmişəm deyə bilər. Amma bunlar hamısı sözdür. Biz isə onun usta olduğunu tələbəsi ustalaşandan sonra onu “usta” adlandıranda başa düşürük.
Az öncə sizin dediyiniz fikir də burdan qaynaqlanır, deyəsən. Başqasının nə dediyi məni maraqlandırmır, prosesin özü məni maraqlandırır. Hərhalda, yapon fəlsəfəsində də məntiq budur. Ustanı onun şagirdinin nə qədər yetişdiyi maraqlandırır.
- Bu fikir tam da buradan qaynaqlanır deməzdim. Amma ikinci cümlənizlə razıyam.
- Qayıdaq müsahibənizə. Müsahibənizin davamında deyirsiniz ki, məntiq və intellekt kimi şeylər Hilal Baydarovun filmlərində keçmir. Bunu gərək bir kənara qoyasan. Burda nə demək istəmisiniz? Kifayət qədər absurdluğun mövcudluğunumu, yoxsa Hilal bəyin yaradıcılığında yeganə həyati amilin hisslərin təsviri olduğunumu ifadə etməyə çalışmısınız?
- O, bayaq dediyimin davamıdır, əslində. Bu, ümumən, mənim filmə yanaşmamdır. Təbii ki, məntiq lazımdır. Bu, daha çox rejissor və ssenaristin oyununda lazımdır. Təbii ki, aktyorun oyununda da lazımdır. Amma, burda, ilk olaraq, ssenari, dramaturji xətt məntiqi olmalıdır. Bu, ümumən, mənim film prosesinə yanaşmamdır. Burada konkret bir filmdən söhbət getmir. Elə bir an olur ki, sənin oxuduqların, baxdıqların işə yaramır. Orda saf sənət ortaya çıxır. Bu cür saf sənəti mən axırıncı dəfə ustadlarda görmüşəm - Tarkovskidə, Sokurovda. Ümidvaram ki, gələcəkdə də yenə belə işlərlə qarşılaşacağam.
- İlk dəfə 2020-ci ildə nüfuzlu film festivalında ölkəmizi təmsil etmisiniz. Filmimiz nümayiş olunub və mükafata namizəd göstərilib. Siz də belə bir layihədə hər nə qədər qəbul etməsəniz də, aktyor heyətinin üzvü kimi Azərbaycanın film tarixinə düşmüsünüz. Ölkəmizi ilk dəfə və sonralar da beynəlxalq arenada təmsil etmək necə hiss etdirirdi?
- (Gülür) Yalandan nə deyim...
_1758266710.jpg)
- Doğrudanmı, heç nə ifadə etmirdi. Sadəcə, getdiniz, iştirak etdiniz və gəldiniz?
- Bəli, elə bu...
- Bu sualı Hilal bəyin özündən soruşmaq daha yerində olardı, lakin sizdən də cavabı eşitmək istərdim. Filmi çəkərkən bu səviyyəyə qalxa biləcəyiniz düşüncələri, niyyəti var idimi? Festivala çıxmaqdan söhbət gedir...
- - Bəli, əlbəttə, Venesiya film festivalında iştirak etmək böyük hadisədira, amma festivalın hər hansı bir səviyyə meyarı olduğunu düşünmürəm, açığı. Sənətçi bunların fövqündə bir anlamdır. Mənə görə, festivala getməklə hər hansı sənətçi hansısa bir səviyyəyə gəlib qalxmır. Sənətçi elə var olduğu yerdə var olur.
- Bu rolu ifa etmək, çəkiliş prosesi necə keçirdi?
- Ümumiyyətlə, büdcəsiz film olduğu üçün, təbii ki, problemlər çox olurdu. Digər oynadığım filmlərdə ancaq rola fokuslanırdım. Burda isə fikrini oyununa cəmləyə bilmirsən. Digər qayğılara köklənirsən. Ona görə bu işi bilənlər fikirləşib ki, professional set, büdcə olmalıdır. Bunlar hamısı təcrübə ilə gələn şeylərdir. Olmayanda da həddindən çox fədakarlıq olur. Bunu minnət kimi demirəm, əlbəttə. Etmişəmsə, istəmişəm ki, etmişəm. Bundan şikayətlənmirəm. Ancaq düşüncəm budur ki, ilk başlarda belə olursa, sonradan büdcə tapılmalıdır. Tapa bilmirsə, bu halda rejissor öz karyera ambisiyası ilə işin etik məsuliyyətini tərəzidə tutaraq verdiyi qərara uyğun olaraq prosesi davam etdirməlidir. Verilən qərar həmin şəxs haqqında çox şey deyir.
- Hər hansı yerli və ya xarici filmin festivala çıxmasında ekran əsərinin sadəcə keyfiyyətli olması yetərlidir? Yoxsa, xarici əlaqələrin də müəyyən rolu var?
- Ümumiyyətlə, hər hansı filmin festivala çıxması üçün yaxşı prodüser vacibdir. Çünki Azərbaycanda kifayət qədər yaxşı rejissorlar var. Əlaqələr, beynəlxalq prodüserlər olasaydı, festivallara daha çox işlər çıxardı.
- Sizin burda, xüsusən də, 2020- ci ildəki filminizin idarə heyətində Karlos Reyqadas, Castin Barns kimi simalar var idi. Əgər onlar yox, onların yerinə yerli film sənayesinin üzvləri olsaydı, yenə də gedib ora çıxardımı?
- Bəzi şeyləri yaşamadan bilmək olmur. Buna görə də, bu suala birmənalı cavab vermək mümkün deyil. Bilmirsən. Gərək olsun ki, biləsən.
- Bu festivalın sizə maddi - mənəvi hər hansı xeyri oldu? Hər hansı qapılar açıldımı? Yoxsa ancaq festival oldu, bitdi və həyat öz axarında davam edir?
- Bunu, məncə, zaman göstərəcək..
- Orxan İskəndərlinin fürsəti olsaydı, hansı film(lər)də oynamaq istəyərdi? Elə film(lər) varmı ki, orda bütün potensialınızı ifadə edə biləcəyinizi düşünürsünüz?
- Daha çox antoqonist rolları sevirəm. Hal - hazırda belədir. Bəlkə, gələn iş dəyişəcək, deyə bilmərəm. Bu rolları ifa etməyi çox istəyərəm. Ona görə də, təklifdən asılıdır. Mən antoqonist rol ifa etməyi indi istəyirəm. Amma elə rol təklifi gələr ki, mənə onu canlandırmaq daha maraqlı ola bilər. Ona görə də, təkliflərə həmişə açığam. Keçmiş filmləri nəzərdə tutursunuz, yəqin. Misal üçün “Dark Knight” filmində “Joker” və ya “Leon the Professional” filmində Qeri Oldmenin canlandırdığı rol- bu cür antoqonist rollar mənə həmişə maraqlı olub.
Bir də onu əlavə edim ki, mən uşaqlıqda Sergey Badrovun oynadığı “Qardaş” filminə baxırdım. Mən həmişə istəyirdim ki, mənim də belə rolum olsun. Bütün xalqın sevdiyi qəhrəman - belə bir obrazı həmişə istəmişəm. Dünyadan gənc köçən sənətçilər, aktyorlar mənim üçün həmişə xüsusi doğmadırlar. Məsələn, Hit Ledcer və sair. Sergey Badrovun ölümündə mən çox pis olmuşdum, Seymur Hoffman həmçinin... Görürəm ki, onlar həyatlarında bir pik rol oynayıb və həyatdan köçüblər.
_1758269295.jpg)
- Burda iki ehtimal var. Ya onların öz maksimal potensiallarını bir filmdə göstərdikdən, ya da hələ tam göstərə bilmədən dünyadan köçmələri sizə pis təsir edib...
- Təbii, maraqlı olardı ki, yaşasaydılar, hansı rolları ifa edərdilər? Hit Ledcer “Joker”lə hələ də zirvədir. Təbii ki, başqa yaxşı “Joker”lər var. Məsələn, Xoakin Finiks də oynayıb. Lakin, Ledcer özünəməxsus oynayıb. Məncə, elə o, zirvədə buraxıb gedib.
- Bəs antoqonist olmayan, kataloq olaraq, fantastik və ya başqa janrda ifa edən, bəyəndiyiniz, bütün rollarını mükəmməl ifa etdiyini, hər filmdə potensialını tam ortaya qoyduğunu düşündüyünüz aktyor varmı?
- Məncə, ideal aktyor yoxdur. Çünki, ona verilən roldan da çox şey asılıdır. Aktyorun ideal olması üçün ssenari də ideal olmalıdır. Aktyor rolu yaxşı və ya pis ifa edirsə, bunda rejissor da böyük rol oynayır.
- Ən sevdiyiniz filmlər hansılardır? Belə anlayıram ki, sizə “ən” anlayışı yaddır...
- Mənə bu sual veriləndə yadıma nədənsə, bəlkə də, uşaqlıqdan baxdığım filmdir deyə belədir, “Knocking on heaven`s door”, türkçə “Cənnət yolçuları” deyə tərcümə olunur deyəsən, bu film gəlir. Rusca baxmışam, gözəl tərcümə ediblər. Dublyajı yaxşıdır. Bu film mənim həyatımı dəyişib. Til Şvayqer baş rolda ifa edir. Gənc yaşlarda həyatıma təsir edib. Ona görə də, sevimli filmdir. Amma 1 ay sonra soruşsanız bəlkə də başqa bir filmi deyəcəm.
- Demək olarmı ki, bu film, sizin aktyorluğa gəlməyinizə səbəb olub?
- Əslində, mən uşaqlıqdan aktyor olmaq istəmişəm. Fərqli yerlərdə işləmişəm, amma həmin ərəfədə aktyorluq təlimlərim olub, işimlə üst- üstə düşüb deyə, işdən ayrıldığım da olub. İndi belə bir şey etmərəm. Çünki bu, stresli bir şeydir.
İndi daha məsuliyyətli yanaşıram. Təbii, əgər bir işlə paralel olaraq məşğulamsa, məzuniyyət götürüb getmək də olar. (Gülür). Amma o vaxt bir işdə işləyirdim, dedilər ki, yox, gedə bilməzsən. Ona görə, həmin gün işdən çıxdım. Ukraynadan bir rejissor gəlmişdi, getdim, onun aktyorluq təliminə qoşuldum. Mənim üçün sevdiyim işlə məşğul olmaq çox vacibdir. Biz bu həyatı bir dəfə yaşayırıq və bacardığın qədər sevdiyin şeyi etməlisən. “Cənnət yolçuları” filmində də baş qəhrəman bilir ki, həyatının sonuna az qalıb. Qərara alır ki, istədiyi şeyləri etsin.
Bir də “Döyüş klubu” filmində bir səhnə var, baş rol marketə gəlir, orda bir nəfərdən soruşur ki, nə ilə məşğul olmaq istəyirsən? Cavabında “filan işlə məşğul olmaq istəyirəm” deyə cavab verir, tam yadımda deyil. On - on beş il qabaq izləmişəm. Necə təsir edibsə, hələ də xatırlayıram. Tapançanı başına dirəyir ki, vəsiqəni mənə ver, sabah yenə gələcəyəm, əgər hələ də bunun üçün nəsə eləməmisənsə, səni öldürəcəm. Onda mənə təsir elədi. Yaşayırsan və istəmədiyin şeylə məşğul olmaq... Qınamıram, bəzən məcbur olursan, amma bacardığım qədər sevdiyim şeylə məşğul olmağa çalışıram.
- Bəs Azərbaycan kino sənayesində hal - hazırda çalışan şəxslərin və bəyəndiyiniz hansı layihələrin adını çəkə bilərsiniz?
- Etik qaydalara riayət edərək, ancaq özünü fikirləşmədən, sənətçilərə önəm verərək çalışan bütün rejissorların və aktyorların gördüyü işlər mənimçün dəyərlidir.