Ölümə açılan qapı: Meksikanın Milli Ölüm Muzeyi

Ölümə açılan qapı:  Meksikanın Milli Ölüm Muzeyi
2 avqust 2025
# 10:00

Kulis.az Dilşad Məmmədəliyevanın "Ölümə açılan qapı..." yazısını təqdim edir.

Axirət dünyası haqqında təsəvvürlər bəşər tarixi yarandığı ilk gündən, ta bu günə qədər mövcud olub.

Bəzi xalqlar vardır ki, onların bu haqda müxtəlif şəxsi düşüncələri formalaşıb və bunlar zamanla inanca çevrilib.

Belə inancların hələ də var olduğunu sübuta yetirən yerlərdən biri Meksikanın Aquascalientes şəhərində yerləşən Milli Ölüm Muzeyidir. Təkcə adı bəs edər ki, bir çoxlarına qeyri-adi, bir qədər də ürküdücü görünsün.

Amma bu muzey, əslində, Meksika xalqının ölümə olan münasibətini, dini və mədəni təhkiyəsini anlayışla və incə zövqlə təcəssüm etdirir. Bizim cəmiyyətimizdə ölüm sükut və qara rənglə assosiasiya olunursa, Meksikada ölüm al-əlvan, canlı, musiqi ilə dolu bir təntənəyə çevrilib. Bu araşdıranda mənə qəribə gəlmişdi.

Bəlkə də ölümü bu qədər sevdikləri üçün ondan qorxmurlar - deyə düşünmüşdüm.

Nəticələrdən isə belə bir qənaətə gəlmək olar ki, onlar üçün ölüm bir son deyil, həyatın davamı, ailə ilə ruhlar arasındakı mistik bir körpüdür.

Milli Ölüm Muzeyi ilk dəfə 2007-ci ildə açılıb. Qurucusu Aquascalientes Muxtar Universiteti olub.

Muzeyin ideyası isə təkcə ölüm qorxusunu sarsıtmaq yox, həm də bu fenomenin tarixi, fəlsəfi və bədii şərhini vermək olub. Qədim asteklərdən tutmuş müasir “Ölülər Günü” festivallarına qədər Meksikanın ölüm konseptinə verdiyi dərin mənanı bir muzeydə toplamaq məqsədi daşıyır.

Muzey Aquascalientesin sakit, lakin mədəni enerjisi yüksək olan bir məhəlləsində yerləşir.

İçəri daxil olan kimi qeyri-adi heykəltəraşlıq kompozisiyaları gözə dəyir: müxtəlif rənglərlə boyanmış kəllələr, skelet fiqurları, rəqs edən ölülər... Bütün bunlar qorxu hissi oyatmaq üçün yox, əksinə, ölümün həyatın ayrılmaz bir hissəsi olduğunu xatırlatmaq üçündür.


Muzey 8 əsas bölmədən ibarətdir. Bu bölmələrdə min illər əvvəlki Mezoamerika mifologiyası, Katolik təsvirləri, müasir rəssamların ölümə baxışı və təbii ki, Meksikanın məşhur "Ölülər Günü" festivallarına aid əsərlər nümayiş olunur.

"Prehispanik" bölməsində qədim asteklərin və Maya sivilizasiyasının ölüm ayinlərinə dair artefaktlar, maskalar, daş relyeflər və qurban mərasimlərinə aid əşyalar sərgilənir.

İspan müstəmləkə dövründə ölüm anlayışı Kolonial və Katolik bölmələrində dəyişir, burada artıq "müqəddəs ölüm", cəhənnəm qorxusu, Məryəm Ana və müqəddəslərlə bağlı ikonalar önə çıxır.

"Jose Gvadalupe Posada" bölməsi Meksika mədəniyyətində ölüm simvollarının ən məşhuru olan "La Catrina" fiqurunu yaradan qravür ustasına həsr olunub.

Müasir incəsənət zalında isə ölümün çağdaş sənətdəki yeri burada həm rəssamların qaranlıq rəsmləri, həm də postmodern yanaşmalar var.


Meksikalılar ölümə vahimə kimi deyil, keçid kimi baxırlar. Bu münasibət muzeyin hər küncündə hiss olunur. Skeletlərlə bəzədilmiş geyimlər, musiqi alətləri, rəqs edən fiqurlar bunun bariz nümunəsidir.

Xüsusilə “Ölümün nəfəsi” bölməsi insana dərindən təsir edir. Burada altarlara düzülmüş şəkillər, çiçəklər hazırlanmış kəllələr və şamlar vasitəsilə ölmüş əzizlərinə necə hörmət etdiklərini görə bilərsən. Bəzən bu məkan kiçik bir ailə məzarını xatırladır, bəzən isə bir karnavalı...


Muzey təkcə ekspozisiyadan ibarət deyil. Burada tez-tez elmi konfranslar, simpoziumlar, foto sərgilər, sənədli film nümayişləri də keçirilir. Məqsəd, cəmiyyətə ölümün mədəni, tarixi və sosial aspektlərini anlatmaqdır.

Bu muzey təkcə skeletlər və qorxulu fiqurları sərgiləmir, ölümə başqa bir pəncərədən baxmağı öyrədir.

# 1716 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər