Müharibənin rəngləri - Türkanə İsrafilli

Müharibənin rəngləri - Türkanə İsrafilli
24 iyun 2025
# 16:34

Kulis.az Türkanə İsrafillinin "Müharibənin rəngləri" yazısını təqdim edir.

Müharibənin rəngi qaradır, deyirlər. Amma mənim fikrimcə, müharibənin min bir rəngi var. Məsələn, qırmızı – axan qanların rəngidir, boz – tüstülənən şəhərlərin, sarı – solmuş ümidlərin, ağ – təslim bayraqlarının rəngidir...

Tarix boyu insanlar müharibələri qələbələrlə ölçüblər. Hansı sərkərdə neçə döyüş qazanıb, hansı ordu nə qədər torpaq fəth edib. Lakin heç kim müharibələri göz yaşları ilə ölçməyib… Bu kədərin miqyasını müəyyən etmək mümkün deyil. Heç kim düşünməyib ki, bu müharibədə neçə ana balasız, neçə körpə yetim, neçə gəlin dul qalıb.

Müharibənin qara xronikası: rəqəmlər, faizlər, nisbətlər... Lakin bu rəqəmlər minlərlə nakam taleyin harayıdır. Bu göstərici yarımçıq qalmış arzuların, parçalanmış ailələrin və puç olmuş xəyalların göz yaşlarında boğulur... O rəqəmlər bizə sülhün dəyərini və müharibənin gətirdiyi faciələri xatırladır...

Rəqəmlər müharibələrdə itirdiyimiz canların sayını göstərir, ancaq anaların qəlbində açılmış yaraları, ataların çəkdiyi ahları, yarım qalmış sevdaları ifadə edə bilmir...

Bəşəriyyət kosmosa gəmi göndərir, süni intellekt yaradır, xərçəngin müalicəsini tapır. Amma hələ də müharibəsiz yaşamağı öyrənə bilmir. Texniki tərəqqi sürətləndikcə savaşların gətirdiyi fəlakətlər də böyüyür.

Daha “ağıllı” bombalar, daha “dəqiq” raketlər... Bəs insanlıq? İnsanlıq niyə inkişaf etmir? İnsan hələ də aliliyə yüksələ bilmir…

Müharibə təkcə cəbhədə yox, insan qəlbində də gedir. Nifrət, qəzəb, intiqam hissi... Bunlar da müharibənin silahlarıdır. Mücərrəd silahlarıdır. Bəzən ən böyük döyüş məhz ürəklərdə gedir: bağışlamaqla bağışlamamaq arasında.

Sülh danışıqları aparılır – böyük salonlarda kostyumlu adamlar arasında. Amma əsl sülh ürəklərdə, beyinlərdə, düşüncələrdə təmin edilməlidir. Masa arxasında imzalanmış sülh müqaviləsi yalnız müharibəni dayandıra bilər. Amma həqiqi sülhü yalnız qəlbindəki barış toxumu cücərib bərqərar edər.

Bəzən düşünürəm: bəlkə də, müharibələr ona görə bitmir ki, biz sülhün nə olduğunu unutmuşuq. Bəlkə də, savaşmağı barışmaqdan daha asan hesab edirik.

Müharibə heç vaxt uzaqda deyil. O hər birimizin içində potensial təhlükə kimi yaşayır. Hər dəfə başqasına nifrət edəndə, hər dəfə zorakılığı çıxış yolu kimi görəndə biz öz içimizdə kiçik bir müharibə başladırıq.

İnsan əvvəlcə özü ilə barışmalıdır ki, başqaları ilə də barışa bilsin. Əvvəlcə öz içindəki müharibəni bitirməlidir ki, çöldəki müharibəni dayandıra bilsin. Düşüncələrindəki iblisləri məhv etməlidir ki, həyatdakı iblisləri islah edə bilsin.

Bəli, müharibənin min bir rəngi var. Amma sülhün sonsuz rəngləri var. Hər biri həyatın fərqli çalarını əks etdirir. Bu rənglər birgəyaşayışın harmoniyasını, qarşılıqlı anlaşmanın gözəlliyini və bəşəriyyətin ümumi dəyərlərini təcəssüm etdirir. Hər bir rəng öz unikallığı ilə sülhün mozaikasını daha da zənginləşdirir və dünyanı daha rəngarəng, daha mərhəmətli edir.

# 1370 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər