"Marsda çempionat keçirilsə, orada da qalib..." - Yazıçılar Dünya Çempionatından danışdı

"Marsda çempionat keçirilsə, orada da qalib..." - Yazıçılar Dünya Çempionatından danışdı
19 iyun 2026
# 14:00

Kulis.az ədəbiyyat adamlarının Dünya Çempionatı ilə bağlı təəssüratlarını təqdim edir.

Rəşad Məcid: "Yazıçılar Birliyinin yeni bölməsi fəaliyyətə başlaya bilər"

Rəşad Məcid:

"İlk dəfə dünya çempionatının final oyununa 1974-cü ildə baxdığımı xatırlayıram. O vaxtdan bəri müxtəlif dövrlərdə müxtəlif komandalara azarkeşlik etmişəm. Əsasən Braziliyanı dəstəkləmişəm, amma Hollandiya yığmasına da azarkeşlik etdiyim vaxtlar olub.

Bu il çempionat başlayanda mənə də sual vermişdilər. Mən də demişdim ki, türk dünyası üçün Türkiyə və Özbəkistanın turnirdə iştirak etməsi böyük üstünlükdür və ilk növbədə bu komandalara azarkeşlik edəcəyik. Bununla yanaşı, hansı komanda daha gözəl futbol nümayiş etdirəcəksə, ona da rəğbət bəsləyəcəyəm.

Bu çempionatda mənim üçün maraqlı sürpriz komandalar da oldu. Məsələn, Kurasao yığması haqqında yazmışdım. Kiçik bir ölkənin dünya çempionatında çıxış etməsi maraqlıdır. Onlar hətta Almaniyaya qol vurmağı bacardılar. Eyni zamanda, İspaniyaya ciddi müqavimət göstərən Kabo-Verde yığması da diqqətimi çəkdi. Fransanın qapısına qol vuran seneqallı futbolçu İmam Aşur da yaddaşımda qaldı.

Ümumiyyətlə, dünya çempionatında müxtəlif ölkələrdən çoxlu sayda gənc futbolçu iştirak edir. Onların arasında 18-19 yaşlı istedadlar var ki, gələcəkdə yüksək səviyyəli futbol oynayacaqlarını görmək insanda xoş təəssürat yaradır.

Bundan sonra da oyunları izləyəcəyəm. Ən yaxşı komandaların uğur qazanmasını arzulayıram. Hələlik mənim ürəyimcə olan bir komanda və ya oyun görməmişəm. Demək olar ki, bütün komandalarda müəyyən çatışmazlıqlar hiss olunur. Yəqin ki, bunun səbəbi də ilk turun oyunları olmasıdır. Hər halda futbol həmişə maraq doğuran oyundur və qarşıdakı matçları da maraqla izləyəcəyik".

Həmid Herisçi: "Şəxsən mən Pəhləvi şahlarının qurbanıyam..." - Müsahibə

Həmid Herisçi:

"Təbrizin "Traktor" ("Traktorsazi") futbol klubu öz idman taleyində İspaniyanın "Real Madrid" və "Barselona" qarşıdurmasını özünə nümunə götürüb. Bilirsiniz ki, siyasətdə Təbriz silah kimi istifadə etdiyi solçu, dinçi və milli təşkilatlanmalarında, təəssüf ki, uduzsa da, yalnız idman ətrafında birləşərək, meydançada futbol topunu izləməklə öz yolunu azmadı. Əksinə, qalib gəldi.

Məsud Pezeşkiyan və Məhəmməd Zünuzi kimi baş arbitrlərinin fitini eşidərək, topu rəqib hissəsinə keçirə bildi. Yan və ön zərbələrlə qapının torunu dəfələrlə silkələdi. Bu idman estetikasına uyğun olaraq, bu gün Təbrizin İran milli yığmasına azarkeşlik etməsinin əsas səbəbi də həmin yığmanın tərkibində təbrizli "Traktor" bombardirlərinin yer almasıdır.

Kataloniya separatizmi "Barselona"nın futbol topunu nə qədər diqqətlə izləyirsə, Təbriz də ABŞ-dəki futbol topunu o qədər diqqət mərkəzində saxlayır".

Şəkil - Şərif Ağayarın hekayəsi

Şərif Ağayar:

"Kimsəsiz adaya düşsəm, orada yalnız bir ekran olsa və Dünya Çempionatını göstərsə, yenə də başımı qaldırıb hesaba baxmaram. Mənim üçün o dərəcədə maraqsızdır".

Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən

Mübariz Örən:

"Builki mundial, açığı, məni valeh elədi: modern stadionlar, təşkilatçılıq, translyasiya keyfiyyəti, rəng bolluğu, musiqi, hətta su fasilələri... Yaxşı mənada gecəmizi, gündüzümüzü əlimizdən aldı. Yenə çempionatdan sonra bir müddətlik boşluğa – "atmosfer aclığı"na düşəcəyik.

Mundialdan qabaq favoritlərim vardı: İspaniya, Fransa, İngiltərə... İndi isə yox, heç bir favoritim, xüsusi azarkeşlik edəcəyim komanda yoxdur. Xüsusən Cənubi Koreyanın və Yaponiyanın oyunu məni valeh elədi. Dünən oğlum Hüseynə də dedim ki, kim meydanda güclüdürsə, can qoyursa, ona azarkeşlik edək. O da razılaşdı, halbuki gözündən oxudum: Fransaya azarkeşlik edəcək.

Dünən gecə Mbappenin, bu gün səhərə yaxın isə Messinin fantastik oyununu gördüm və başa düşdüm ki, çempionatda əsas sözü liderlər deyəcək. Məsələn, Türkiyə millisində oyunu öz üzərinə götürən lider oyunçunun olmadığı (Arda Gülər sevimli oyunçum olsa belə) elə ilk oyundaca özünü göstərdi.

Hər şey gözəldir! Futbollu günlər yaşayırıq. Oyunların bütün gün boyu getməsi də ləzzətdir. Nə vaxt oyanırsan – futboldur, hara gedirsən – futboldur. Heyif ki, pivə kökəldir..."

Aqşin Evrən “Unutmağın resepti”ni kimə yazıb? - Video

Aqşin Evrən:

"Braziliya və ya Portuqaliyanın çempion olmasını istərdim, amma şansları çox azdır. Bu mundialda favoritim isə heç sevmədiyim Fransadır. İstər ön xətdə, istərsə də müdafiədə kifayət qədər yaxşı oyunçulara sahibdirlər. Üstəlik, komanda, demək olar ki, stabil oyuna malikdir.

Mbappe, Olise, Saliba və Upamekano kimi oyunçular zədələnməsə və ya qırmızı vərəqə almasa, Fransa ən azı yarımfinala qədər gedəcək. Fikrimcə, bu çempionatın taleyini usta ayaqlar həll edəcək. Fransanın heyətinin yarısı əsl ustadır.

Ümumiyyətlə, bu komandanın heyəti o qədər zəngindir ki, Marsda da bir çempionat keçirilsə, Fransa ora da heyət göndərib çempion olar, hələ, bəlkə, bir az gəzsələr, su da tapa bilərlər!"

Ulucay Akif: "Ordan gijdədiyim üçün çıxdım"

Ulucay Akif:

"Dünya çempionatı" deyəndə ağlıma ən birinci Braziliya gəlir. Bəlkə də izlədiyim ilk mundialda sambaçılar çempion olmuşdu deyə belədir. Həmin çempionatdan sonra özümdə qətiləşdirmişdim ki, Dünya Çempionatında digər ölkələrin hamısı finalda Braziliyaya rəqib olmaq üçün yarışırlar. Sonra futbolun da reallıqları dəyişdi. İstəyərdim Braziliya çempion olsun, amma inandırıcı görünmür. Braziliyalıların çimərlikdə ayaqyalın oynadığı futbol indi yaşıl meydanda uğur gətirmir. Braziliyanın Avropadakı tayı Portuqaliya da nəsə edənə oxşamır ki, Ronaldoya görə sevinək.

Avropalılar futbolu da avtomatlaşdırdı, elmə çevirdi. Oyunçuların nə qədər qaçmalı olduğu belə məşqçilər tərəfindən kodlaşdırılır, planlanır. Maraqlı fəndlərə, sehrli ötürmələrə, spontan zərbələrə həsrət qalmışıq. Gözlənilməz heç nə yoxdur oyunlarda. Bəzi nəticələrdən başqa. O da futbol kantorlarının istəyidir. Türkiyə millisinə də isinişə bilmirəm son illərdə. Bir-iki yaxşı oyunçuları var, amma komanda adına heç nə yoxdur ortada, heç Türkiyəyə oxşamır neçə ildir. Özbəkistan yığması heç olmasa bir oyunda qalib gəlsin istəyirəm. Bir də o kasıb ölkələrin, zəif komandaların oyunçuları qol vursun, sevinsin, heç olmasa fərqli sevinclər görək.

Çempion isə, böyük ehtimal, Fransa olacaq".

Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

İlham Əziz:

"Birmənalı olaraq Türkiyəyə azarkeşlik edirəm. Çempionun isə Fransa olacağına inanıram".

Tamaşa - Qismətdən yeni hekayə

Qismət Rüstəmov:

"Dünya Çempionatını, xüsusilə də Argentina, Türkiyə, İngiltərə və Almaniyanın oyunlarını izləyirəm. Məncə, çempion Almaniya olacaq".

Şəhriyar del Gerani:

"Yanılmıramsa, ötən Dünya Çempionatında eyni sorğu keçirilmişdi və cavabım belə idi: "Messiyə görə Argentina millisinin çempion olmasını istəyirdim, çünki dünya çempionu olmaq Messinin haqqıdır və mən bu İlahi ədalətin yanındayam".

Oldu.

Düzü, yenə də eyni fikirdəyəm. İkiqat dünya çempionu olmaq da Messinin haqqıdır. Messi futboldan böyükdür!"

İnziva - Orxan Həsəninin yeni hekayəsi

Orxan Həsəni:

"Oyunların hamısına baxa bilməsəm də, dünya çempionatı atmosferini hiss edirəm. Dünya çempionatı atmosferi odur ki, daha dostlarla televizoru olmayan kafelərdə oturmuruq. Çalışıram, bu fani dünyanın fani yayını soyuq pivə içmək və gözəl oyunlara baxmaqla ötürüm.

Əvvəlki çempionatda Argentinaya azarkeşlik edirdim. Messini çempion elədim, nağıl qurtardı.

Bu çempionatda isə Kabo-Verdenin tərəfini tuturam. Məncə, kimsə bunu etməli idi".

Dənizə nəğmə qoşan bir cüt bəyaz qağayı - Rəvan Cavidin yeni şeirləri

Rəvan Cavid:

"İspaniya. İspaniya. Və İspaniya. Digərlərinə azarkeşlik edənlərə baş qoşmamaq lazımdır".

Vüsal Bağırlı:

"Bir şey pisdir ki, oyunların başlama vaxtı gecə saatlarına düşür, ona görə də əksər oyunlara canlı baxa bilmirik. Ya da bir ay boyunca yuxumuza haram qatmalıyıq ki, nəsə hasil olsun. Başqa yol yoxdur.

Bəri başdan proqnoz verirəm ki, Braziliya yığması çempion olacaq. Turnirin sürpriz komandası isə, məncə, Yaponiyadır. Düşünürəm ki, onlar yarımfinala qədər gedəcəklər".

# 143 dəfə oxunub

Oxşar xəbərlər

Motsartın heç kimə məlum olmayan gizli əlyazmaları tapıldı

Motsartın heç kimə məlum olmayan gizli əlyazmaları tapıldı

15:00 19 iyun 2026
İranlı müğənniyə 74 qamçı cəzası verildi - Səbəb

İranlı müğənniyə 74 qamçı cəzası verildi - Səbəb

13:33 19 iyun 2026
Repressiyadan qaçıb Bakıya sığınan sənətkar - Tacir yanında işləyən oğlan necə Xalq artisti oldu?

Repressiyadan qaçıb Bakıya sığınan sənətkar - Tacir yanında işləyən oğlan necə Xalq artisti oldu?

12:45 19 iyun 2026
Məşhur aktrisa narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edildi

Məşhur aktrisa narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edildi

12:11 19 iyun 2026
"Çəkməli it" filminin quruluşçu rəssamı vəfat etdi

"Çəkməli it" filminin quruluşçu rəssamı vəfat etdi

11:30 19 iyun 2026
"Əgər bu qız mənim övladım olsaydı..." - Biz niyə dərs verməyi seçirik?

"Əgər bu qız mənim övladım olsaydı..." - Biz niyə dərs verməyi seçirik?

11:00 19 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər