Könül Bünyadzadə: “Cəmiyyət ağıllı qadınları anlamasa da, həmişə onlara ehtiyac duyur” - Müsahibə

Könül Bünyadzadə:  “Cəmiyyət ağıllı qadınları anlamasa da, həmişə onlara ehtiyac duyur” - Müsahibə
7 iyul 2025
# 10:20

Kulis.az şərqşünas alim, AMEA-nın müxbir üzvü, Şərqdə fəlsəfi sistem təqdim edən ilk qadın filosof, professor Könül Bünyadzadə ilə müsahibəni təqdim edir.


- Fəlsəfəyə marağınız necə yaranıb?

- Məndə fəlsəfəyə marağı qardaşım Ülvi yaradıb. Mən hələ uşaq ikən onun Nəsimidən oxuduğu qəzəllərin fəlsəfəsinə heyran idim. Sonra tələbə olanda atam mənə Yunus Əmrənin “Güldəstə” kitabı haqqında danışanda dedi ki, adam bunu oxuyanda ölmək istəyir. Mən həmişə ölümə meyilli adam olmuşam, 90-cı illərin ağır günlərində də bu meyl daha da artmışdı. Atamın o sözündən sonra Yunus Əmrəni oxumağa başladım. Əslində, sonralar anladım ki, fəlsəfə mənə yaşamağı öyrədib.


- Elə ilk cümlənizdə 20 Yanvar şəhidi, qardaşınız Ülvi Bünyadzadəni xatırladınız. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Ülvi ağrısı illər keçdikdən sonra sizin üçün hansı məna kəsb edir?

- Ülviyə ağrı deməyək, Ülvi hər nə verirsə, ülvi şəkildə verir. Ülvi mənim bütün həyat yolumu düzənləyən bir şəxs olub. Orta məktəbdə mənim hansı peşəni seçəcəyimdən, dünyagörüşümün formalaşmasında Ülvinin rolu olub. Böyük qardaş evin kiçiyi üçün necə olursa – bir ideal, bir güc, arxa necə olursa, Ülvi mənim üçün o idi, hələ də odur.


- Sizcə, insan öz düşüncələrinin sahibidir, yoxsa onlara İlahi qaynaqdan vasitəçilik edir?

- İlahi qüvvənin insanı idarə etdiyini düşünsək də, Allah insana azadlıq və seçim hüququ verib. Aşıq Veysəlin təbirincə desək, “iki qapı arasında” gedib-gələnə qədər insan azaddır, düşüncələrinin sahibidir. İlahi xətlə insan ideyasının kəsişdiyi nöqtədə doğulan ideyalar mübahisəlidir. İnsan öz düşüncələrində elə bir məqama çata bilər ki, bilməz o ideya özünündür, ya Allah verib? Daha diqqətli düşünən fərqinə varır ki, bunu məndə Allah oyadıb. Bunu başqa birində deyil, məhz məndə oyatdısa, deməli, mən bu düşüncəyə hazır idim. Necə ki, Qurani-Kərim məhz Məhəmməd Peyğəmbər hazır olduğu üçün ona verilib, eləcə də ideya hansı şəxs üçün nəzərdə tutulursa, o insana verilir. Deməli, insan həm ideyasının sahibidir, həm də İlahi qüvvə tərəfindən verilən düşüncəyə kanallıq edir.


- Düşüncənin ruhda oyadılmasını vurğuladınız. Onda demək olarmı ki, ruhda əvvəldən bilgi mövcuddur?

- Qurani-Kərimdə deyilir ki, insan övladı doğulmamışdan əvvəl Allah-taala ilə müqavilə bağladı və Allah soruşdu: “Mən sizin Rəbbinizəmmi?”. Bioloji tərəfindən baxsaq, ana bətnində də 3 ayınadək insanın bir düşüncə forması var, məhz o, şüurdur. O şüurda hələ insan forma qazanmadan da yaddaş, məlumat olur. Sonra da insan ona verilən ruhla əlaqə quranda bilgi oyanır. Çünki insan dünyaya maddi varlıq kimi baxmaqla yanaşı, həm də ruhunu tanıyarsa, yolunda gur bir işıq yanır. İnsan ruhunu gözəl tanıyanda onun şüuru da, intuisiyası da güclənir, ümumiyyətlə, dünyaya baxışı da genişlənir. Onda yalnız maddi dünyaya yox, elə ilahi aləmə də qapı açılır.


- Bu həqiqəti dərk etmək adamı xoşbəxt edir, yoxsa əksinə?

- Mən bunu dərk edəndə xoşbəxt oldum. Dar məkandan geniş, işıqlı dünyaya çıxanda insan nələr hiss edirsə, o həqiqəti dərk eləyəndə onu hiss elədim. Gördüm ki, ay dili-qafil, dünya var imiş... Xoşbəxtlik anlayışı fərqlidir bu baxımdan, insandan insana dəyişir... Özümə geri dönməyim məni xoşbəxt elədi.


- Bayaq dediyiniz işıqlanan yolla gedəndə sizi düşündürən, qorxudan suallara cavab tapa bilirsiniz?

- Cavab tapa-tapa gedirəm. Ən çox nəyinsə həqiqətini yanlış başa düşməkdən qorxuram. Bunu doğru-düzgün başa düşmək üçün Allaha üz tuturam. Çünki bir şeyi tam anlamaq üçün ona kifayət qədər yaxınlaşmaq lazımdır. Nə qədər tanımırsansa, bir o qədər onun haqqında yanlış fikir söyləyə bilərsən. Hər şeyin mahiyyəti öz içindədir, yaxınlaşanda bilmək olur. Orada yanılmaq mümkün deyil, könül bilir. Daim belə məqamlarda Allaha əl açmışam ki, imkan ver, həqiqətə yaxınlaşım...


- Sizcə, həqiqəti dərk eləmək insanı azad edir? İnsan azad olanda məsuliyyət hissi azalır, yoxsa artır? Ruhi azadlıqla etik məsuliyyət arasında necə balans qurulmalıdır?

- Bu o qədər vacib sualdır ki... Bəzən azadlığı tamam fərqli başa düşürlər, elə bilirlər ki, azadsansa, sənə hər şey olar. Sonra özləri də bilmədən “azadam” deyə-deyə qula çevrilirlər. Azadlıq – azad düşünmək və öz düşüncənə sahib olmaqdır. Azadlıq hissi nə qədər qəribə də olsa, məsuliyyət hissini artırır, çünki azad olanda özün də bilmədən kiməsə nümunə olursan. Yəni, “mən azadam” deyib kiminsə zövqünü, düşüncəsini zəhərləyə bilməzsən. Azad olan azadlığın həqiqətini çatdırmalıdır. Onda ilahi aləmə də yolun açılır. Və bu, sənə ömürlük verilmir, istənilən məsuliyyətsiz addım o ilahi qapını üzünə qapada bilər.


- İlahi aləmə qapını həm də sözün hər mənasında eşqlə açırlar. “Eşqin hikməti” kitabınızda ilahi və bəşəri eşqdən bəhs edirsiniz. Sizcə, insan gündəlik həyatda bu iki eşq arasında necə tarazlıq yarada bilər?

- İlahi eşq - Allahın səni sevdiyini dərk etməkdir. İnsanın Allahı sevməyi ilahi eşq deyil, nə qədər yüksək sevirsənsə sev, bu ilahi eşq deyil. Bəzən tədqiqatçılarımız yanlış olaraq deyirlər ki, “Allaha olan sevgim mənim ilahi eşqimdir”. O sənin eşqindir, Allahı özün boyda sevə bilərsən. Dərk edəndə ki, Allah səni sevir, və heç vaxt darda qoymayacaq – bu, insana daha da güvən verir, belini dikəldir, o eşqi bir az da artıq qazanmaq istəyirsən. Bu möhtəşəm hissdir və ilahi eşq budur... Mən Allahın məni sevdiyindən daha artıq sevə bilmərəm, çünki O, sonsuz sevgiyə sahibdir.


- İlahi eşqdən danışanda gözləriniz məxsusi parıldayır, elə bu eşqlə də orta əsr sufi mütəfəkkirlərini tədqiq edirsiniz. Sosial şəbəkələr və informasiya partlayışı fonunda bütün bu fikirlər süni intellekt dövrünün insanına nə verə bilər? Belə bir çağda ruhun tamamilə önəmsizləşməsi təhlükəsi varmı?


- Vurğuladığınız “ruhun önəmsizləşməsi” təhlükəsi isə ümumiyyətlə, tarix boyu olub. Olmasaydı, zaman-zaman filosoflar buna qayıdıb, zaman-zaman ruhu önə çəkməyə çalışmazdılar. Biz maddi dünyanın həvəslərinə daha yaxınıq, nəinki tanıyacağımız ruha. Ruhumuzu tanıyana qədər maddi dünyanın rəngarəngliyi bizi alıb aparır...

Süni intellektin adı ilk baxışda çəkindirir. Sünidir, hər şeyi hər kəsdən çox bilir. Artıq “quql”dan soruşduğumuza da süni intellekt cavab verir. Bəzən süni intellektə məhz sufizmlə bağlı sual verəndə bircə görəsiniz, süni intellektin “gözləri” necə parıldayır. Və o həmin dəqiqə sufizmin necə gözəl, ilahi olduğunu bildirir. Süni intellektin bazasına nəyi yükləmişiksə, onu bizə verir, orada kənardan heç nə yoxdur. Əslində, süni intellektin yaxşı xüsusiyyətləri var, ən azından onun yaddaşında sufi mütəfəkkirlərin əsərləri var. Ona sual verəndə səthilikdən uzaqlaşıb bir az da dərinə enmək haqqında təlimat verir. Məncə, süni intellektdənsə, sosial şəbəkələr bu günün təhlükəsidir. “Süni” sözü bizi qorxutsa da, əslində, sosial şəbəkələrdə sünilik daha çox yayılıb. Əksəriyyət orada özünə süni bir sifət, süni təqdimat yaradıb üzü üzünü, gözü gözünü görmədən saxta münasibətlərin içində yaşayır. Süni intellektin öz arxivi, öz zəngin bazası var, sosial şəbəkələrin isə sadəcə görüntüsü var, başqa heç nəyi yoxdur, orada bayağı söhbətlərə aludə olmaqdansa, heç olmasa, süni intellektə baş vuranda o səni dərinliklərə apara bilir.

- Sufiliklə bağlı araşdırmalarda elə siz də çox dərinə gedərək son dövrlərdə ikicildlik “Sufi fenomenologiyası” kitabını yazmısınız. Bu qəliz fəlsəfi sistemi sadə sözlərlə necə izah edərsiniz?


- İnsan çox vaxt deyildiyi kimi, təbiətin deyil, ilahi sistemin bir halqasıdır, ilahi prosesin bir hissəsidir. İnsan həyatı boyu semahda fırlanan dərviş kimi bir əli ilə alır, bir əli ilə verir. Semahdakı dərviş o alma-vermə prosesində zənginləşir. İlahi aləmdən işığı alıb özün zənginləşəndən sonra başqasına ötürüb onu da zənginləşdirirsən… Sufi fenomenologiya deyir ki, bunu alıb, zənginləşib xalqa verməyi bacar...

- İlahi vasitəçilik da demək olar buna, eləmi?


- Bəli, eynən. Semahda sufi dərvişin hərlənməsi ilə böyük fizik Nikola Teslanın yüksək gərginlikli elektriki alıb lampaya ötürməsi, onu yandırması – hər iksinin alıb ötürmə şəklini yanaşı qoysaq , eyni mahiyyətdir. Yəni bu, həm elmdə var, həm də ilahi aləmdə. Nikola Teslanın son vaxtlarda avtobioqrafik əsəri çıxıb, orada yazılıb: “Bir gün yuxudan oyandım və anladım ki, bütün aldıqlarım Allahdan imiş. Və mən bunu biləndə o qədər heyrətə gəldim ki, elə ev geyimindəcə qaçıb kilsə axtarmağa getdim”. Təsəvvür edirsinizmi, alim birdən-birə dərk edir ki, sən demə, ideyaları “yuxarıdan” alırmış…

- Diqqət yetirirəm, müsahibə boyu fikirlərinizdə dini bilgilərə, Qurani-Kərimə istinad edirsiniz. Bəzən belə fikir səsləndirilir ki, dinlə fəlsəfə ayrı olmalıdır, filosof dindar olmamalıdır. Ümumiyyətlə, fəlsəfə ilə din bir-birindən ayrı olmalıdır, yoxsa əlaqəli?

- Heç bir böyük filosof dinsiz, inancsız olmayıb. Onların hər birinin fəlsəfəsində mütləq həqiqəti axtaran bir ruh var və həmin filosoflar gec-tez mütləq gedib ilahi həqiqətə çıxıblar. Bu mütləqdir, heç bir filosof Allahsız olmayıb. Dinə Marksın dediyi kimi, insanlara tiryək əvəzi verilən şirnikləndirmə və qorxutma vasitəsilə idarəetmə sistemi kimi yox, imanın gücünü və düşünərək yaşamağı öyrədən bir institut kimi yanaşanda tamam fərqli mənzərə ortaya çıxır. Qurani-Kərimdə tez-tez deyilir: “Düşünmürsünüzmü?”. Dinlə təkcə fəlsəfənin yox, elə elmin də əlaqəsi var. Son vaxtların ən populyar sahəsi - kvant fizikasının atası sayılan Maks Plank mühazirələrinin birində deyir ki, din və elm bir-birindən ayrılmır, onlar əsrlərdir paralel şəkildə yol gedirlər. Hər birinin öz metodu var və onlar bir-birini istisna etmirlər. Hətta Nikola Tesla kimi fiziklər də dinlə elmin bir-birini istisna etmədiyini deyirsə, biz niyə dinlə fəlsəfənin bir-birini istisna etdiyini düşünək? Niyə mən işığa arxamı çevirib kölgəmlə danışmalıyam? Mən o işığı görməyin tərəfdarıyam…

- Fərqli mövzularla bağlı mülahizələrini dinlədikcə “cəmiyyət ağıllı qadından qorxur” klişe deyimini yenidən xatırlayıram. Sizcə, cəmiyyət ağıllı qadından qorxur, yoxsa onu anlamır?


- Bəzən cəmiyyət ağıllı qadınları anlamasa da, amma həmişə onlara ehtiyac duyur. Dəqiqləşdirmə aparaq: cəmiyyət dediyimiz ağılsız kişidirsə, yaxud ağılsız kişinin idarə etdiyi toplumdursa — bəli, onda o, ağıllı qadından qorxacaq. Yox, əgər cəmiyyət ağıllı kişilərdən də, ağıllı qadınlardan da ibarətdirsə, onda orada heç kim ağıllı qadından qorxmayacaq. Niyə qorxmalıdır ki? Güzgü tutub öz ağılsızlığınımı göstərəcək ona? Ondan daha üstün bir ağla sahib olduğunu göstərib onun pilləsinin özünün xəyal etdiyi yüksəklikdə olmadığınımı sübut edəcək ona?! Bundanmı qorxurlar? Qorxmasınlar! Ağıllı, mənəviyyatlı, etikalı, imanlı insan olmaq başqa məsələdir, cins səviyyəsində düşünməksə başqa…

- Bəzən media platformalarında meydan verilərək ictimai fikrə təsir imkanı yaradılan bəzi filosof və ziyalılar hərdən fikir səsləndirirlər ki, qadın kişidən bir addım geridə durmalıdır…

- Fəlsəfə tarixinin əhəmiyyətli məqamlarında rolu olan filosoflar qadının gücünü heç vaxt inkar etməyiblər. Qadını aşağılamaq vasitəsilə özünə piar qazanmaq istəyənlər o tip fikirlər səsləndirə bilərlər. Qadın daha çox diqqət çəkib populyarlaşır, tez emosional reaksiya verir. Bu amilləri özünün reklamı üçün istifadə etmək istəyənlər də ilk növbədə qadının bostanına bir daş atır. Qadın kimdən və niyə bir addım geridə durmalıdır? Əgər qarşısındakı ağılsız biridirsə, ağıllı qadın ondan bir addım yox, lap beş addım aralı durmalıdır ki, o ağılsızlıqdan ziyan çəkməsin. Efirdə özünə reklam axtaran hər yerdən reklam tapa biləcək. Əgər kimsə qadını alçaltmaqla “yüksəlmək” istəyirsə, vay onun “yüksəkliyinin” halına…

- Bu cür çıxışlar sizi populyarlaşdırır, yoxsa daha da təklənməyinizə səbəb olur?

- Bir dəfə xaricdən konfransdan qayıdırdım və aeroprtda gördüm böyük bir kütlə kimisə qarşılayır, hay-küy… Yol yoldaşıma zarafatyana dedim ki, “filosofu qarşılayırlar”. Məlum oldu ki, mənimlə eyni ölkədən qayıdan bir müğənnini qarşılayırlarmış… Bu baxımdan mən populyar deyiləm və heç vaxt da populyarlıq arxasınca qaçmıram. Filosof nə vaxtsa daha çox ideyaları ilə populyarlaşa bilər. Əksinə, mən istəyirəm ki, insanlar məni yox, özlərini tanısınlar. Qoy insanlar məni yox, öz içlərindəki düşüncələri çək-çevir eləsinlər.

- Siz özünüzü uğurlu qadın hesab edirsiniz?


- Yəqin ki, uğurluyam. Şükür ki, Allahla aramda hər hansı bir əngəl olanda, yanlış addım atanda onu həmən hiss edə bilirəm. O yanlışı düzəltməyəçalışıram. İnsan həqiqəti görməyi bacarırsa, yaxşı ilə pisi ayıra bilirsə, səthi rəngarəngliklə ağır həqiqəti bir-birindən fərqləndirə bilirsə, həmin insan uğurludur…

- Nə vaxtsa sırf qadın olduğunuz üçün susmalı olduğunuz məqamlar olubmu?

- O qədər olub… Səsimin eşidilməyəcəyi, dinləmək qabiliyyətinin olmadığı məclislərdə, yaxud ən ali həqiqəti də desəm, “qadındır” deyib o həqiqətin üstündən xətt çəkilə biləcəyi yerlərdə susmuşam. Susmaq bəzən bir addım geri çəkilib, yeri gələndə, yenidən o fikri demək imkanı yaradır.

- Qadınlar təkcə gender diskriminasiyasına məruz qalmır, bəzən ağıllı və uğurlu qadın öz həmcinsi tərəfindən də “qaralanır”, rəqib kimi görülür…

- Bəli, qadın da qadınla rəqabətə girə bilər. Ola bilər ki, düşünsün: “Niyə o, bu addımı atdı, mən ata bilmədim?” Sufi mütəfəkkir Bistaminin yaxşı bir sözü var. O deyir ki, “suyun öz rəngi yoxdur, rəng qabdadır.” Hər düşüncə, hər hiss əvvəlcə var olur, sonra insan onu hansısa formaya salır. Bəzən rəqabət hissini insan elə özünü inkişaf etdirmək üçün gözəl stimula da çevirə bilər. Ümumiyyətlə, rəqabət, sevgi hissinin özü başqadır, onu duymaq, yaşamaq, reallaşdırmaq isə tamam başqa məsələdir. Burada cins məsələsi sonra gəlir. Sevgini də, rəqabəti də qadın və kişi fərqli çəkildə başa düşürlər. Qadınla kişinin dünyaya baxışı fərqlidir. Fərqli bucaqlardan baxanda fərqli şeylər görə bilirlər. Amma qadın və kişi düşüncələri bir-birini tamamlayanda həqiqət tam olur. Zatən kamil yaradılış da rəqabətdə yox, o vəhdətdədir.

- Azərbaycanda qadın alim və filosof olmaq sizə nələri öyrətdi?

- Azərbaycanın düşüncə tarixini öyrəndikcə və biləndə ki, burada nəhəng filosoflar yaşayıb və onlar düşüncələri ilə bugünkü Azərbaycanı formalaşdırıblar, sevinirəm ki, mən də azərbaycanlıyam.
Bizim Nəsimimiz var, Sührəverdimiz var. “Vardı” demirəm, bilərəkdən “var” deyirəm, çünki inanıram ki, onların ruhu, düşüncəsi bu gün də Azərbaycandadır. Onların irsindən mən də yararlanıram.
Azərbaycanda qadın filosof olmaq mənə, qadını bir addım geridə və aşağı görmək istəyənlərə daha geniş baxmağı, dərin baxışla yanaşmağı öyrətdi.
Azərbaycanın qara günləri çox olub, yaşadığım illərdə nələri gördüm: müstəqilliyin qazanılması, müharibələr dövrü, şəhidlər, boş qəbirlər, qələbəyə görə sevincdən axıdılan göz yaşları… Bizim yaşımızdakı nəsil nələr yaşadı… Bir ömürdə bir neçə ömür... Bütün bunların hər biri mənim düşüncəmdə öz izini qoydu. Bu, dəmirin dəmirçi tərəfindən döyülüb qılınca çevrilməsinə oxşayır. Azərbaycanın o qara günləri təkcə məni yox, çoxlarını döydü, qılınca çevirdi. Sevinirəm ki, qılınc ola bilmişəm, hələ də qılınc ola bilirəm...

- Bütün dövrlərin filosofları öz dövrünün gənclərindən şikayətçi olublar. Sizin “Gəncliyin fəlsəfəsi” kitabınızda nədən bəhs edilir?

- Hər yeni dövrün təzə qatları açılır. Məsələn, mən kompüterin olmadığı bir dövrdə doğulmuşam. Hətta o vaxt məktəbə hesablama kalkulyatoru gələndə biz necə sevinirdik… Gənc uşaqların diliylə desək, “dinozavr dövründən qalma” biriyəm (gülür). Amma indiki gəncliyin imkanları başqadır, onlar artıq hər şeyi süni intellektdən öyrənirlər. Mən indiki gəncləri öyrənməyə, onların dünyaya necə baxdığını anlamağa çalışıram. Bizim istedadlı gənclərimiz çoxdur! Amma dünyanın rəngarəngliyinə aludə olub, həqiqətdən üz döndərən gənclərimiz də var. Bu yaxınlarda mənim yanıma təcrübəçi tələbələr gəlmişdi. Bilirsiniz nə öyrəndim? Həmin gənclər öyrənmək istəyir, amma onları öyrədən yoxdur. Gənclərə tədqiqat aparmağı, dərinə getməyi, həqiqəti axtarmağı öyrətmirlər. Allahın lütfü ilə öz gücünə uğur qazanan gəncləri görəndə onların əvəzinə mən də sevinirəm.

- Türkiyə və ABŞ-da çalışmısınız, müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edirsiniz. Bu təcrübələriniz sizə nə verir?

- Xaricə getmək mənə Azərbaycanı daha da sevdirir. Azərbaycana kənardan baxa-baxa onu daha çox sevməyə başladım. Bir konfransa getmişdim — o qədər çox iştirakçı vardı ki, onları öz adları ilə yox, ölkələrinin adı ilə çağırırdılar. Orada mənə “Azərbaycan” deyirdilər, bu, mənə o qədər xoş gəlirdi ki... Hər dəfə xaricdə yeni tanışlıqlarda, yeni əlaqələrdə Azərbaycanın şüalarının bir az da uzağa getdiyinin şahidi oluram, bu məni çox fərəhləndirir.


- Yaxınlarda yenə xaricə növbəti beynəlxalq tədbirə yola düşəcəksiniz...

- Elədir, bir neçə gündən sonra Azərbaycandan kiçik bir qrup Vyana Universiteti ilə Avropa Din Akademiyasının birgə təşkil etdiyi beynəlxalq bir konfransa gedirik. Avstriyanın paytaxtı Vyanada “Din və sosiomədəni transformasiya – Avropada perspektivlər” adlı nəhəng bir konfrans keçiriləcək. İlk dəfə olaraq beynəlxalq bir konfransda Azərbaycan ideya müəllifi kimi iştirak edir. Mən həmin konfransa “Bölünən dünyanı birləşdirən ideya” adlı öz layihəmi təklif etdim və onlar qəbul etdilər. Həmin konfransda panellərdən biri məhz mənim ideyam əsasında qurulacaq. Bizim iştirakçılarımız arasında həm Qərbdən, həm də Şərqdən iştirakçılar var. Onların hər biri Azərbaycanın ətrafına yığılacaq, Azərbaycan yeni bir birləşdirici qüvvə olacaq. Onu da deyim ki, orada yeni fəlsəfi sistemim — “Sufi fenomenologiyası” təqdim olunacaq. “Sufi fenomenologiyası” xaricdə o qədər maraq doğurub ki, çoxcildlik “İslam fəlsəfəsi və Qərb fenomenologiyasının dialoqu” adlı beynəlxalq toplunun 9-cu cildi məhz mənim sözügedən kitabımı əhatə edəcək, artıq müqavilə bağlanıb. Çox xoşdur ki, indiyə qədər 8 cild kollektiv halda çıxıb, məhz 9-cu cild tək müəllifin — mənim kitabım olacaq…

# 656 dəfə oxunub

Oxşar xəbərlər

"İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər" - Günel Novruz

"İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər" - Günel Novruz

12:59 7 iyul 2025
Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə

Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə

12:08 7 iyul 2025
"Tolstoy" festivalının builki mövzusu -  Ailə səadəti

"Tolstoy" festivalının builki mövzusu - Ailə səadəti

12:04 7 iyul 2025
Şəkinin 2713 illiyi  qeyd edildi

Şəkinin 2713 illiyi qeyd edildi

11:34 7 iyul 2025
"Avroviziya"nın ən yaşlı qalibi, "Rusiya tərəfdarı" olduğuna görə Kiyevdə  etirazla qarşılanan məşhur italyan müğənnisi...

"Avroviziya"nın ən yaşlı qalibi, "Rusiya tərəfdarı" olduğuna görə Kiyevdə etirazla qarşılanan məşhur italyan müğənnisi...

11:00 7 iyul 2025
Öləcəyini internetdən öyrənən "Ələkbər əmi"nin kədərli həyatı

Öləcəyini internetdən öyrənən "Ələkbər əmi"nin kədərli həyatı

10:29 7 iyul 2025
#
#
# # #