Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi
29 oktyabr 2025
# 18:53

"33 ildən sonra nəşinin qalıqları tapılan növbəti şəhid dəfn olunub... Azad olunmuş torpaqlara ilk sakinlər köçür, 30 il Bakıda yaşayandan sonra Qarabağa gedirlər... Qarabağ separatist rejimlərin rəhbərləri Bakıda mühakimə olunurlar, bizə paradlarla acıq verənlər bizim türmədə yatırlar... Bütün bunlar onlarla sənədli filmin mövzusudur. Çəkilir onlar? Başlanıb çəkilməyə? Yox".

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov sosial media hesabında yazıb.

O, "Salnaməfilm"in bağlanmasına da münasibət bildirib:

"Mədəniyyət Nazirliyi milli qəhrəmanlar haqda onlarla filmi çəkən studiyanın maliyyələşməsini dayandırdı, halbuki yuxarıda sadaladığım mövzular məhz "Salnaməfilm"in funksiyasıdı. Bəhanə - nazirlik törəmə təşkilatı maliyyələşdirə bilməz. Yaxşı törəməni maliyyələşdirə bilməz, "Azad Qarabağın ilk sakinləri" sənədli filmlər silsiləsi proqramını özəl studiyalara sifariş verə bilərsiniz? "30 ildən sonra vətəninə qayıdan şəhid" sənədli filmlər silsiləsi proqramını sifariş verə bilərsiniz?

Rejissorun yazdığına görə, "Atropatena" layihəsi İranla münasibətləri şübhə altına ala bilər:

"Atropatena" kimi aktual olmayan, tarixi cəhətdən hələ də mübahisə doğuran, İranla münasibətlər cəhətdən şübhəli, layihənin təşəbbüskarının indidən başını ağrıdan və bundan sonra daha da çox ağrıdacaq layihəyə 1 milyon ayırmağa imkan tapırsınız, amma gözünüzün qabağında baş verən canlı tarixin salnaməsini yaratmırsınız. 30 il Şuşa görməyən, Ağdamı, Əliyar Əliyevi, Vəzir Orucovu tanımayan gənclərə o torpaqları, o qəhrəmanları sənədli kinomuz tanıtdı, sənədli kinomuz vasitəsilə onlar Vəziri, Əlyarı görüb, Şuşanı sevib torpaqlar uğrunda canlarından keçdilər, 30 il 10 milyonluq toplum bu 30 ildə çəkilmiş sənədli filmlər və verilişlər vasitəsilə Qarabağı unutmadı, Ali Baş Komandanın əmrinə hazır oldu, bəs siz nə edirsiniz? İndi 5-10 yaşı olan nəsil Qarabağın nəyin bahasına azad olduğunu hardan biləcək? Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyi barı "Görünməyən qəhrəmanlar" silsiləsini sifariş verib nəyisə etdi, indikilər, nə edirsiniz? Birinci dəfə deyil, "Salnaməfilm"in bağlanmasını, mahiyyətdə həmin studiyanın yerinə yetirdiyi funksiyanı heç kimin yerin yetirməməsinin nə qədər təhlükəli olduğunu demişik, nə etmisiniz?

O, həmçinin "Azıx mağarası" sənədli filminə 1 milyon manat vəsait ayrılmasına da toxunub:

"Azıx mağarası" sənədli filminə 1 milyon vəsait ayırmısınız? Şəhidlər, azad torpaqların ilk sakinləri, qələbəmizin arxasında duran diplomatik triumf, atasız, qardaşsız, ərsiz qalan şəhid ailələri, yeni nəsilə 2-ci Qarabağ savaşının salnaməsini çatdırmaq qalıb, əcnəbi şirkətə 1 milyon köçürürsünüz? Ciddisiniz?

Cabbarov "Milli qəhrəmanlar" sənədli serialını bağlatdıranları məsuliyyətsiz adlandırıb:

"Yaşadığımız hər gün bir salnamədir, onların əks olunmaması cinayətdi, bu unikal durumu sonra heç bir bədii film bərpa edə bilməyəcək. Məmur kimi qoyum bir qırağa, 30 ildən sonra şəhidinə qovuşan ailəni görəndə demirsiz ki, ay Allah nə gözəl bir yox, bir neçə filmin mövzusudu? Bakıda yaşamağa öyrəşmiş adam işini-gücün atıb gedir Ağalıya, ruhunuz coşmur onda? Demirsiz, bütün bunlar kino mövzusudu və dövlət mənə tapşırıb bunun həkk edilməsini, buna görə "Salnaməfilm" studiyası yaradıb, mən də onu bağlamışam, əvəzində də adıçəkilən funksiyanı gerçəkləşdirən heç bir filmi istehsala buraxmamışam? Gecə evə gedəndə özünüzə sual verirsiniz ki,"Milli qəhrəmanlar" sənədli serialı var idi, mən onu bağlatdırdım, əvəzində nə etdim? Milli qəhrəmanlarımız yoxdu, dövlət ancaq 2024-cü ildə 10 milyon 500 min pul ayırmayıb kinoya, ya məmur kimi, yüngül desəm, məsuliyyətiniz yoxdu?"

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Prodüserlər Gildiyası  dünyanın nüfuzlu kino təşkilatına üzv qəbul edildi

Azərbaycan Prodüserlər Gildiyası dünyanın nüfuzlu kino təşkilatına üzv qəbul edildi

16:08 11 dekabr 2025
Amneziyadan əziyyət çəkən qadın, atasının ölümünü araşdıran oğul - Günün filmləri

Amneziyadan əziyyət çəkən qadın, atasının ölümünü araşdıran oğul - Günün filmləri

18:10 10 dekabr 2025
“Tağıyev: Neft”  filminin Hollivudda təqdimatı keçirildi

“Tağıyev: Neft” filminin Hollivudda təqdimatı keçirildi

13:57 10 dekabr 2025
Azərbaycanlı rejissorun yeni layihəsi "Kann"da iştirak edəcək

Azərbaycanlı rejissorun yeni layihəsi "Kann"da iştirak edəcək

13:00 9 dekabr 2025
Rejissoru "Məhsəti" filmi ilə bağlı paylaşımını sildi - Səbəb

Rejissoru "Məhsəti" filmi ilə bağlı paylaşımını sildi - Səbəb

13:09 8 dekabr 2025
Sevgi, xəyanət və qısqanclıq arasında qalan qadın - Qardaşı onu niyə dəlixanaya saldırdı?

Sevgi, xəyanət və qısqanclıq arasında qalan qadın - Qardaşı onu niyə dəlixanaya saldırdı?

11:00 8 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər