24 noyabr görkəmli filosof Benedikt Spinozanın doğum günüdür.
Kulis.az bu münasibətlə onun həyatı, yaradıcılığı haqqında maraqlı faktları və əsərlərindən diqqətçəkən sitatları təqdim edir.
Benedikt Spinoza (əsl adı Barux Spinoza) yəhudi əsilli niderlandlı filosofudur və yeni dövr fəlsəfəsinin ən diqqət çəkən nümayəndələrindən biri, rasionalist və panteist düşüncənin ən güclü simalarından sayılır. 1632-ci ildə Amsterdamda varlı bir yəhudi tacirinin ailəsində doğulan Spinoza cəmiyyətin gələcək ravvini kimi yetişdirilirdi və ilk təhsilini də bu istiqamətdə almışdı.
Lakin atasının onu tacir kimi görmək istəyi səbəbilə dini təhsilini yarımçıq qoydu, bununla yanaşı riyaziyyat, tibb, latın dili və klassik yunan–roma ədəbiyyatını müstəqil öyrənməyə davam etdi.

Atasının vəfatı onun düşüncə dünyasında yeni suallar yaratdı və Spinoza əvvəlki dini təsəvvürlərini sorğulamağa başladı; bu isə yəhudi icması tərəfindən küfr kimi qiymətləndirildi və o, 1656-cı ildə icmadan qovuldu.
Daha sonra Haaqaya köçən filosof linza cilalamaqla həyatını qazanırdı və məhz bu dövrdə ilk fəlsəfi əsərlərini qələmə aldı.
Bu əsərlər böyük əks-səda yaratdı, hətta Heydelberq Universiteti ona müəllimlik təklif etdi, lakin Spinoza azad düşüncəsinin məhdudlaşacağından qorxaraq bu təklifi rədd etdi.

“Tanrı, insan və onun xoşbəxtliyi haqqında”, “Ağılın təkamülü haqqında traktat”, “Siyasi traktat” və ölümündən sonra yayımlanan “Etika” onun əsas əsərlərindəndir.
Spinoza fəlsəfəsinin mərkəzində fəlsəfi sistemi möhkəm və səhih əsaslar üzərində qurmaq ideyası dayanır; buna görə o, riyaziyyatı metod kimi seçmişdi və “Etika” əsərini də riyazi dəqiqliklə qurmuşdu.
Onun fəlsəfəsində ən əsas anlayış substansiyadır — öz-özünün səbəbi olan vahid, daimi və sonsuz təbiət.

Spinozaya görə, insan idrakı üç mərhələdən ibarətdir: hissi qavrayış, ağıla əsaslanan anlama və ən ali mərhələ olan intuisiya. İntuitiv bilik insan üçün ən aydın və etibarlı bilik formasıdır. Filosofun ən orijinal ideyalarından biri “amor intellectualis dei” — Tanrıya qarşı intellektual sevgi anlayışıdır. Spinoza iddia edirdi ki, insan Tanrını zəkası ilə sevməlidir; bu sevgi qorxunu və həyəcanı aradan qaldırır, ruhu sakitliyə aparır və insanı əsl xoşbəxtliyə yaxınlaşdırır.
Karl Yaspers bu sevgini insanı mütləq azadlığa aparan, müqabil gözləməyən və Tanrının mövcudluğunun özlüyündə kifayət olduğu bir sevgi kimi xarakterizə edirdi.
Dini fanatizmin təzyiqini yaşayan Spinoza cəmiyyət və azadlıq haqqında da cəsarətli və irəli düşüncələrə sahib idi. O, Hobbs kimi düşünürdü ki, dövlət insanların ictimai müqavilə ilə yaratdığı və əsas vəzifəsi insanın hüquqlarını və azadlığını qorumaq olan bir qurumdur.

Spinoza “azadlıq — dərk edilmiş zərurətdir” deyə tanınan ideyası ilə fərdi və ictimai azadlığın yalnız hüquq və vicdan azadlığının tanındığı cəmiyyətdə mümkün olduğunu vurğulayırdı. Onun hüquqi dövlət haqqında fikirləri də bu prinsiplərə söykənir və o, hər bir insanın təbii hüquqlara malik olduğunu bildirirdi.
Spinoza "Etika" adlı kitabında arqumentlərini riyazi sübutlara bənzər bir şəkildə təqdim edir. Əsər müəyyən təyinlər və aksiomlarla başlayır və bu əsas məlumatlardan çıxış edərək Tanrı, təbiət, azadlıq və insan duyğuları kimi abstrakt anlayışları müzakirə edir. Məsələn, bir teorem sübut edildikdən sonra Spinoza Q.E.D. (latınca quod erat demonstrandum, yəni “sübut olundu ”) ifadəsini istifadə edir. Bu yanaşma onun fəlsəfi sisteminin nə qədər ardıcıl və dəqiq olduğunu vurğulayır.

Spinozanın Tanrı anlayışı ənənəvi dini baxışlardan kəskin fərqlənir və tez-tez panteizm kimi təsnif edilir. Ona görə, Tanrı təbiətdən ayrı bir varlıq deyil, əksinə təbiətin özüdür. Tanrı bütün varlığın təməlidir və hər şeyin eyni tözdən (substansiyadan) törədiyini müdafiə edir. Bu fikirlərini o, şah əsəri olan "Etika"da ən açıq şəkildə ifadə edir. Əsərdə Tanrı, bütün reallığın təməlində dayanan, özü-özünə yetən və varlığı üçün başqa heç bir şeyə ehtiyacı olmayan töz olaraq göstərilir.
Spinozaya görə, kainatda mövcud olan bütün şeylər bu tək tözün müxtəlif ifadələridir. Tanrı həm yaradıcı təbiət qüvvəsi (natura naturans), həm də yaradılmış təbiət (natura naturata) kimi nəzərdən keçirilir.
Başqa sözlə, Tanrı həm kainatın özü, həm də onun işləməsinin arxasındakı gücdür.
O, Tanrıya insani xüsusiyyətlər verməyi rədd edir. Tanrının iradəsi, duyğuları və ya insana bənzər şüuru yoxdur. İnsanların Tanrı haqqında antropomorfik anlayışlar irəli sürməsi yalnız onların məhdud qavrayışlarının bir əksidir.
Bu səbəbdən Spinoza ənənəvi dualist baxışları tənqid edir və Tanrı ilə təbiəti bir və eyni hesab edir.

Spinozanın bu radikal və orijinal yanaşması dini doqmalara meydan oxuyur, elmi, təbiəti və dini birləşdirir. Tanrını insani xüsusiyyətlərlə təsvir etməyərək onu təbiətin dəyişməz və əbədi qanunları ilə müəyyən edir.
Bu düşüncələr həm onun dövründə, həm də müasir elmi dünyada müzakirələrə səbəb olub. Bu təsirlənənlərdən biri də müasir fizikanın banilərindən Albert Eynşteyn olub. "Mən Spinozanın Tanrısına inanıram"- deyən Eynşteyn yaradıcı bir Tanrını deyil, təbiətlə eyniləşdirilən və kainatın dəyişməz qanunlarını təmsil edən bir Tanrını qəbul edirdi. Bu anlayış onun məşhur “Tanrı zər atmaz” sözündə də açıq şəkildə görünür. Eynşteyn kainatın işləməsində təsadüfə yer olmadığını düşünürdü. Buna görə də o, kvant mexanikasının təsadüfi təbiətinə şübhə ilə yanaşır və nəzəriyyəyə qarşı tənqidlərini tez-tez ifadə edirdi. Eynştein, Spinozanın Tanrı anlayışından ilham alaraq elmi işlərinə istiqamət vermişdi.
***
Tanrı bizə məhdud ağıl və hüdudsuz iradə verib, lakin elə bir həddə verib ki, onun bizi hansı məqsədlə yaratdığını öyrənə bilməyək.
***
Azad insan bütün başqa şeylərdən ən az ölüm haqqında düşünür. Onun müdrikliyi ölüm haqqında yox, həyat haqqında düşünməsindən ibarətdir.
***
Azad ruha yox, hansısa başqa şeyə səbəb olan sevgi çox asanlıqla nifrətə çevrilir.
***
Azadlıq dərk olunmuş zərurətdir.
***
Bəziləri elə düşünürlər ki, Tanrı sərbəst səbəbdir. Çünki, onların fikrincə, Tanrı elə edə bilər ki, bizim dediyimiz kimi onun təbiətindən irəli gələn, yəni onun hakimiyyətində olan baş verməzdi, başqa sözlə desək, onun tərəfindən edilməzdi. Onların bu fikri ona bənzəyərdi ki, Tanrı elə edə bilər ki, üçbucağın təbiətindən irəli gələn, uç bucaqlarının iki düz xəttinə bərabərliyi alınmazdı, yaxud bu səbəbdən nəticə çıxmazdı. Bu, gülünc bir fikirdir.
***
Böyük bir sərvət, böyük bir köləlikdir.
***
…Bütün yaxşı ehtirasların xarakteri və təbiəti elədir ki, onlarsız keçinə bilmirik və onlar bizə sevgi, arzu və sevgiyə xas olan bütün şeylər qədər yaxındır.
***
Cahillik bəhanə deyil.
***
Cəsarəti də, qorxunu da cilovlamaq üçün böyük güc və möhkəm ruh tələb olunur.

Düşünürəm ki, insanların çoxu özünü tanımır: insanlar arasında yaşamış hər kəs təcrübə etmişdir ki, onların çoxu yaxşı işlər gördükcə, hətta ondan xəbərsiz olsalar da, o qədər hikmət sahibidirlər ki, kimsə məsləhət vermək istəsə şəxsi təhqir kimi ; əksinə, taleyi pis olarsa, kimə müraciət edəcəklərini bilmirlər, hamıdan məsləhət diləyirlər…
Etiraf etməliyəm ki, hər şeyi Tanrının iradəsinə tabe edən və hər şeyin ondan asılı olduğunu düşünənlər həqiqətdən Tanrının hər şeyi xoşbəxtlik naminə etdiyini düşünənlərdən daha az yayınırlar. Sonuncular görünür ki, hesab edirlər ki, Tanrıdan kənarda ondan asılı olmayan, amma yaratdıqlarında ondan bir nümunə kimi istifadə etdiyi və məlum məqsədə can atdığı nə isə bir şey mövcuddur. Bu isə, əlbəttə ki, Tanrını qismətə tabe etmək deməkdir. Tanrı haqqında bu qədər cəfəngiyyat bir fikir ola bilməz. Biz isə deyirik ki, bütün şeylərin varığının, eləcə də onların mahiyyətinin ilk və yeganə səbəbkarı Tanrıdır.
***
Ən əhəmiyyətli fikirlər ölmək üçün deyil, yaşamaq üçündür.
***
Gücüm çatmayan bütün şeylər arasında həqiqəti səmimiyyətlə sevən insanlarla dostluq əlaqəsinə girmək şərəfinə icazə verilməsindən başqa heç nəyi yüksək qiymətləndirmirəm. Çünki inanıram ki, bizim gücümüz çatmayan şeylər dünyada belə insanlardan başqa sakitliklə sevə biləcəyimiz heç bir şey yoxdur.
***
Heç kim birinci olmaq istəyən, amma ola bilməyən şöhrətpərəst adam qədər yaltaqlıq düşkünü ola bilməz.
***
Hər kəsin haqqı gücü qədərdir.
***
Həsəd aparma nifrətdən başqa bir şey deyildir. Çünki, özgəsinin bədbəxtliyi həzz gətirir, xoşbəxtliyi isə narazılıq.
***
Həyatın üzünüzə gülməsini istəyirsinizsə, əvvəlcə ona xoş əhval- ruhiyə bəxş edin.
***
İnsan ehtirasları məğlub edərək Tanrıya yaxınlaşar.
***
İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar.

İnsanı susmağa məcbur etməklə onu öz fikrini dəyişdirməyə məcbur etmək olmaz.
***
Kədər insanı kamillik zirvəsindən endirir.
***
Qaliblərin yaraları tez sağalır.
***
Qəlblər silahla deyil, sevgi ilə fəth edilir.
***
Qısqanclıq, əldə ediləndən təkbaşına həzz almağın və onu əldə saxlamağın qayğısını çəkməkdir.
***
Müəyyən bir işi yerinə yetirə bilmədiyinizi düşünən andan onun yerinə yetirilməsi sizin üçün mümkün deyil.
***
Nüfuzlu və mənsəbli şəxsə istinad etmək hələ sübut deyil.
***
Son dərəcə məğrurluq, yaxud alçalma, son dərəcə özünü tanımamaqdır.
***
Təbiətə zidd olan hər şey həm də ağıla ziddir, ağla zidd olan hər şey absurddur və buna görə də rədd edilməlidir.

Təcrübə çox vaxt bizə sübut edir ki, insanların ən az hakim olduğu şey dilləridir.
***
Yalançı dindarlıqdan irəi gələn hər şey qorxaq ruhun fantaziyasından və sayıqlamalarından başqa bir şey deyildir.
***
Yalnız qalanda kiminlə qaldığını dəqiq bilməlisən.
***
Yaşamaq üçün nə qədər çox mübarizə aparırsansa, bir o qədər az yaşayırsan. Nə etdiyinizə əmin olmağınız fikrini tərk edin. Bunun əvəzinə içinizdəki gerçək olana təslim olun, çünki yalnız bu əminlikdir… Sən hər şeydən üstünsən.