Kulis.az Əli Zərbəlinin "Kvant superkomputerləri dövründə qəsəbə ədəbiyyatı" yazısını təqdim edir.
Son dövrlər Azərbaycanda yazılan əksər nəsr nümunələrini birləşdirən ortaq bir cəhət var: köhnəlik.
Bir mətnin köhnə və ya təzə olduğunu anlamaq üçün bir neçə meyar mövcuddur: dili, mövzusu, kompoziyası, forması, üslubu və s. Bizdə son illərdə çağdaş nəsr adı altında yazılan mətnlərin çoxunda isə bu sadalananların az qala hamısı vaxtını çoxdan başa vurub.
Əksər mətnlər vaxtı keçmiş mövzuların və çoxdan köhnəlmiş estetikanın yenidən emalından başqa bir şey deyil. Yenidən emalda pis bir şey yoxdur, əksinə, yenidən emal ədəbiyyat üçün daim aktual bir vasitədir. Ancaq burada önəmli bir şərt var: Yenidən emal olunan mətn yalnız müasir dövrün reallığına, tələblərinə, dövrün gətirdiyi paradiqma dəyişikliklərinə uyğun şəkildə həyata keçiriləndə yeni cildə bürünə bilir.
Bir mətnin yeni kimi qiymətləndirilməsi üçün sadaladığım meyarların hamısının eyni anda mövcud olmağı vacib deyil. Köhnə mövzu yeni formada, yeni perspektivdən, özündən əvvəlkini söküb yenidən inşa etməklə işlənə bilər, müasir mövzunu da klassik forma və ənənələrə sadiq qalaraq təqdim etmək olar. Hər iki nümunəni nəzərə alaraq yazılmış hekayə, roman nümunələri saysızdır. Məsələn, sevgi, xəyanət, ölüm, müharibə, itki, böhran, kimlik, yaddaş kimi mövzular yüz il əvvəl də işlənib, bundan yüz il sonra da işlənəcək. Söhbət artıq işlənmiş mövzuların çağdaş kontekstlərə oturulmağından, dinamikliyindən, yaşadığımız dövrlə səsləşməyindən, yeni (və funksional) forma və quruluşlarla təqdim edilməyindən gedir. Əsas olan mətnin, məzmun və forma bütovlüyünü, funksionlalığını qoruyaraq dövrə adekvat olmağıdır.
Adlarını əzbər bildiyimiz, dahi kimi qəbul etdiyimiz yazıçıları xatırlayın. İstər ötən əsrin nəhənglərinin, istərsə də bu gün yaşayan müəlliflərin yazdıqları mətnləri birləşdirən ortaq cəhət nədir? Yenilik. Yenilikçilik. Yeni yanaşmalar. Köhnənin inkarı. Əgər onlar hansısa sosial, siyasi, estetik və ya mədəni polemikanın mərkəzinə düşüblərsə, yazdıqları sensasiyaya çevrilibsə bunun ən başlıca səbəbi öz əsərlərində təqdim etdikləri yeniliklərdir. Bu, demək olar ki, istisnası olmayan bir haldır.
Özünü yeniləməyən hər şey məhvə məhkumdur. Bu axı ən qədim həqiqətlərindən biridir.
Kafkadan, Coysdan tutmuş, fransız Yeni Romanının nümayəndələrinə, 70-ci illər Amerika postmodernistlərinə, günümüzün canlı klassikinə çevrilmiş yazıçılarına baxanda görürük ki, onların əsərlərində reaksiya doğuran, müzakirələr yaradan hər şey çıxış etdikləri yeniliklər sayəsində mümkün olub. Yeni struktur, yeni mövzu, yeni üslub, məhz bunlar ədəbiyyatı daim canlı və aktual saxlayır. Tənqidçilər, yazıçılar və nəzəriyyəçilər həmişə yeni və müasir olanla maraqlanıblar, çünki ədəbiyyat yalnız dövrün ruhunu əks etdirdikdə yaşayıb inkişaf edir. Con Bartın “Tükənmişlik ədəbiyyatı” bizim üçün çox aktualdır. Çünki köhnə formulların təkrarlandığı, vaxtı keçmiş dilin və üslubun imitasiya olunaraq çağdaş mətn kimi təqdim edildiyi vəziyyətdə Bartın dediklərinə inanmaq zəruridir.
***
Oktyabrın axırları maraqlı bir məqalə oxudum. “Google” şirkəti “Kvant Exoları” adlı yeni bir kvant alqoritmi təqdim edib. Bu yenilik kvant superkompüterlərinin real həyatdakı istifadəsinə doğru atılan ən böyük addımlardan biri sayılır. Alqoritmin sınaqları göstərib ki, yeni kvant superkompüterində aparılan hesablamalar hazırda mövcud olan ən güclü superkompüterdən on üç min (13000!) dəfə daha sürətlidir. Kvant superkompüterinin bir neçə günə tamamladığı hesablamaları hazırki ən sürətli və güclü kompüterlərlə həyata keçirmək təxminən 150 il çəkər. Yəni klassik üsulla bu tapşırığı yerinə yetirmək praktik olaraq mümkünsüzdür. Kvant superkompüteri isə bu cür mürəkkəb hesablamaları cəmi bir neçə günə tamamlaya bilir.
Maraqlıdır, elə deyil?
Süni intellekt və transhumanizm mövzularında kitablar yazan məşhur ixtiraçı və futurist Reymond Karzvayl iddia edir ki, 2040-2050-ci illərdə texnoloji sinqulyarlığa addım atacağıq. Texnoloji sinqulyarlıq fenomeni fərz edir ki, gələcəkdə süni intellekt insan ağlını keyfiyyətcə və kəmiyyətcə kəskin şəkildə üstələyəcək, texnoloji inkişaf nəzarətsiz və çox sürətli bir mərhələyə keçəcək, sivilizasiya təxmin edilməz, fundamental dəyişikliklərə məruz qalacaq.
İndi özünüz düşünün, biz hansı dövrdə yaşayırıq?
Bu, o demək deyil ki, yazıçı bundan sonra mütləq robotlardan, süni intellektdən və ya superkompüterlərdən yazmalıdır. Mən sadəcə dövrün sürətini, miqyasını, gözümüzün qarşısında dəyişən dünyanı xatırlatmaq istəyirəm.
Belə bir çağda çeynənmiş şeyləri çeynənmiş formada yazmaqla maraqlı və aktual olmaq mümkün deyil. Son on ildə yazılan çağdaş mətnlərimizin əksəriyyətini oxuyanda adamda elə təəssürat yaranır ki, elə bil “Molodyoj Azerbaydjana”, “Kommunist Sumqaita” qəzetləri hələ də dövriyyədədir, “Kirpi” jurnalı isə cəmi bir neçə il əvvəl təsis olunub. Arabir müasir dünya ədəbiyyatında yazılanlara baxanda, bugünə aid, bu dövrün ritmini tutan mətnləri görəndə adam öz-özünə bu sual verməyə bilmır: dünya oxucusu bizi niyə oxusun? 2025-ci ildə yayımlanan mətnlərimizin böyük qismi elə ölkəmizdə 60-cı illərdə yazılıb. Çoxu köhnə, üstünə barmaq qalınlığında toz toplanmış estetikanın imitasiyasıdır. Avropa və Amerikadan danışacağıqsa, orada bu mərhələlər ötən əsrin əvvəllərində keçilib.
Mən eksperiment xatirinə eksperiment etməkdən danışmıram. Forma, narrativ struktur, hətta üslub belə məzmunla necəsə uzlaşmalıdır, səsləşməlidir. Eksperimentallığın məzmunu üstələdiyi mətnlər oxunaqlılığını, funksionallığını itirir. Texniki konstruksiya göz cırmaqlayır. Mən nə dadaizmin, nə də “Oulipo” kimi məktəblərin fanatıyam. Dadaistlərin şeirləri də, Corc Perekin “e” hərfini işlətmədən yazdığı roman da mənim üçün sadəcə maraqlı, kreativ cəhddir. Bununla belə, bu tip mətnlər öz dövrlərinin tərəddüdlərinə, suallarına, intellektual və mədəni debatlarına, dövrün ideoloji və ruhi gərginliklərinə reaksiya idilər. Bu səbəbdən dövrün ədəbiyyat gündəmini dəyişə bildilər, ədəbiyyata yenilənmə gətirdilər. Belə yenilənmələr vacib və qaçınılmazdır.
***
Romanın, ümumiyyətlə mətnin ölümü müzakirəsi son dövrlərdə yenidən qızışıb. Bunun niyəsi aydındır. Bu debat artıq az qala yüz ildir müxtəlif formalarda və kontekstlərdə davam edir. Modernizmin istehsal etdiyi möhtəşəm, texniki və tematik cəhətdən zəngin romanlardan sonra dedilər ki, roman artıq öz imkanlarını xərcləyib qurtarıb. 60-70-ci illərdə postmodernistlər yeni nəfəs gətirdilər, forma, üslub və dil eksperimentləri etdilər. Üstündən, təxminən, iyirmi il keçəndən sonra romanın kütləvi mədəniyyət və televiziya estetikasının təsirinə tab gətirə bilməyəcəyi iddia olundu. Sonralar internet və sosial media dövründə vizuallıq, bloqlar və vloqlar ön plana keçəndə yenə ədəbiyyatın nəbzi yoxlanılmağa başladı: Ədəbiyyat öldü? İndi isə süni intellektin eksponensial inkişafı bu söhbətləri yenidən qızışdırıb və bu, ədəbiyyatın, ümumiyyətlə sənətin bu vaxta qədərki ən ciddi sınağıdır.
Hələlik bütün bu təhdidlər ədəbiyyatı yerlə bir edə bilməyib, əvəzində müasir romanlara, hekayələrə mövzu və forma veriblər. Necə qəribədir, romanın, ümumiyyətlə ədəbiyyatın möhtəşəmliyi, elastikliyi də məhz burdadır: ədəbiyyatın qarşısına təhdidlər çıxanda, üfüqdə limitlər görünəndə, sənətkarlar bu təhdid və limitlərdən özlərinə vasitə düzəldib ədəbiyyatın sərhədlərini bir az da qabağa çəkirlər, ömrünü uzadırlar. Başqa cür ola da bilməzdi. Dövrün gətirdiyi təhdidlərin və məhdudiyyətlərin qarşısında öz qabığını, vasitələrini dəyişməyən ədəbiyyat, əlbəttə, məhvə məhkumdur.
Çox uzağa getməyək, təxminən, bir həftə əvvəl elan olunan "Booker" mükafatının son qalibi David Soloyun romanına (“Ət”) baxaq. Roman barədə dünən mətbuatda bir yazı gördüm. Soloyun kitabı son illərdə tez-tez müzakirə olunan “müasir maskulinizm” və “maskulinizm krizisi” kontekstində təhlil olunurdu.
Bu, nə deməkdir?
Bu o deməkdir ki, çağdaş mətn həmişə reaksiya doğurur, müzakirələrə səbəb olur. Roman yalnız mövzu baxımından deyil, dil və üslub baxımından da diqqət çəkib. Haqqında yazılanları oxuyanda "spare and dynamic language", yəni “yalın və dinamik dil” ifadəsinə dəfələrlə rast gəldim. Soloy yalın, məhdudlaşdırılmış bir dil vasitəsilə (məsələn, baş qəhrəman kitab boyunca 500 dəfə “OK” sözünü işlədir) müasir kişinin şəxsi dramını, travmalarını romana çevirməyi bacarıb. Uzun sözün qısası, bu əsər istər mövzusu, istərsə də üslubu ilə dövrün tələb etdiyi tematik və texniki parameterlərə adekvatdır.
Yaddaşımda iz qoymuş başqa bir nümunəyə baxaq.
Amerikalı yazıçı Kristen Karol Rupenian 2017-ci ildə "New Yorker" jurnalında "Pişiksevər" adlı hekayə yayımlamışdı. Hekayə müəllifin təsəvvür etməyəcəyi şəkildə qarşılandı. Cəmi bir neçə günün içində bütün interneti gəzib dolandı, minlərlə adam tərəfindən paylaşıldı, müzakirə olundu, ilin sonunda isə il ərzində ən çox yüklənən və ən çox oxunan hekayə oldu. Həmin ərəfədə Kristen bu hekayənin də daxil olduğu hekayələr kitabıı üzərində işləyirdi. Nəşriyyatlar Kristenin ilk hekayələr toplusunu çap etmək üçün yarışa girdilər, yüksək məbləğlər təklif etdilər. Sonda isə "Scout Press" müəllifə 1.2 milyon dollar(!) ödəyərək müqavilə imzaladı. Hekayəni maraqlı edən sosial media istifadəçiləri tərəfindən (əsasən qadınlar) müzakirə olunmağına, dayanmadan paylaşılmağına səbəb müasir dövrdəki tanışlıqların, qadın-kişi münasibətlərinin təsvirləridir. Hekayə qısa çəkən bir tanışlıqdan bəhs edir.
Kinoteatrda işləyən 20 yaşlı Marqot özündən yaşca xeyli böyük Robertlə tanış olur. Robert kinoteatra bir neçə dəfə gəlir, aralarında baş tutan qısa söhbətlərdən sonra qızın nömrəsini alır və onlar bir müddət yazışırlar. Görüşüb içirlər və sonra hadisələr Marqonun təsəvvür etmədiyi şəkildə inkişaf etməyə başlayır. Hekayənin belə reaksiya doğurmasının arxasındakı səbəbi anlamaq üçün həmin dövrdə nələr baş verdiyinə baxmaq kifayətdir. Yəni, bu hekayə "#MeTooA" dövrü kontekstində əhəmiyyətlidir. Həmin vaxtlarda qadınlar istismar və gender bərabərsizliyinə qarşı "#MeToo" adlı bir sosial hərəkat başlatmışdılar. Bu dövrdə yazılmış hekayə isə qadınların gündəlik həyatda qarşılaşdıqları güc balanssızlığı, qeyri-bərabər münasibətlər, intim dinamikanın incə təsvirləri ilə diqqət cəlb etdi. Ümumiyyətlə, müasir tanışlıq dövrünün qarmaqarışıqlığını, narahatedici həqiqətlərini yalın və müasir üslubla əks etdirməyi gənc oxucular arasında emosional rezonans doğurdu. Uzun sözün qısası, hekayə dövrə adekvat idi.
“Hər şey dəyişəndə” hekayələr kitabımda mən də müxtəlif üslubları, formaları sınaqdan keçirmişəm. Klassik xəyanət mövzusunu dinamik dil vasitəsilə absurd, demək olar qrotesk bir süjetlə təqdim etməyə çalışmışam (Corab oğrusu), yalnız dialoqlardan istifadə edərək, heç bir əlavə təsvir olmadan hadisələrin və obrazların keçirdiyi hissləri oxucunun beynində canlandırmağın mümkünlüyünü yoxlamışam (Yay tətilini necə keçirdim), artıq yeni bir mətn yaratmağın mümkünsüzlüyünü anlayan yazıçı obrazının tərəddüdlərini, paranoyasını, onun dilə, sözlərə və yaddaşa munasibətini eksperimental, luğət formasında tərtib olunmuş struktur vasitəsilə göstərməyə çalışmışam, formanı məzmun üçün vasitəyə çevirmişəm (İtmiş sözlərin izahlı lüğəti). Və sairə və ilaxır. Bu yazıda hekayələrimi təhlil etmək məqsədim yoxdur. Kitabdakı hekayələrin dünya oxucusu üçün yeni olduğunu da iddia etmirəm.
Məqsədim və bu yazı boyunca deməyə çalışdığım məsələ odur ki, ən azından bizim ədəbiyyatımız üçün fərqli, yeni üslublar, yollar, istiqamətlər yoxlamalıyıq, mətnlərimizdə tətbiq etməliyik. Ən azından yeniliyə cəhd etməliyik. Burada yazdıqlarım əsasən 2020-cilər nəslinə aiddir. Mən də o nəslin nümayəndəsiyəm. Biz hazırlandığı materialı bildiyimiz tullantıları yenidən emal etmək əvəzinə, yeni materiallar yaratmalıyıq. Köhnələrin içində eşələnib toz-duman qaldırmaq əvəzinə, istifadə müddəti keçmiş məhsulları çeynəyib tüpürmək əvəzinə müasir dünya ədəbiyyatını yaxından izləməliyik. Əks halda, qəsəbə, mikrorayon ədəbiyyatından qurtuluş yoxdur. Əks halda, yerimizdə sayacağıq. Əks halda, özümüzü aldatmış olacağıq.
Hazırda mətbuatda hekayələri çap olunan dostlarımızın əksəriyyəti yazıçının sahib olmalı olduğu ibtidai istedadı çoxdan nümayiş etdirib. Onların çoxu irqindən, dinindən aslı olmayaraq bütün insanların hiss etdiyi, lakin yalnız yazıçıların arıtlayıb təsvir edə biləcəyi ən narın, ən dərin, universal hisslərə toxuna bildiklərini artıq göstəriblər. Ancaq təəssüf ki, mətnlər yerində sayır, mövzular və formalar bir-birini təkrarlayır. Estetik təqvim növbəti səhifəyə çevrilmir. Heç bir qida dəyəri olmayan bu təkrarları geridə qoyanda daha uzaq üfüqlərə çata biləcəyik. Mətnlərimiz yalnız onda müasir dünya oxucusunun diqqətini cəlb edəcək. Çağdaş, yeni mətnlərə can atmağın, cəhd etməyin vaxtı çoxdan gəlib.
"İstifadə müddəti keçmiş məhsulları çeynəyib tüpürmək əvəzinə..." - Dünya oxucusu bizi niyə oxusun?
Oxşar xəbərlər
Frida Kahlonun rəsm əsəri hərracda 54,6 milyon dollara satılıb
12:43
21 noyabr 2025
Blez Paskalın tarixi hesab cihazının xaricə satışı qadağan edilib
11:47
21 noyabr 2025
Bu ilin "Kainat gözəli"nin adı açıqlandı
11:36
21 noyabr 2025
"Həyat ölümə хidmət еdə bilməz" - Viktor Hüqonun Volter haqqında çıxışı
11:30
21 noyabr 2025
“Squid Game” serialının Amerika versiyası çəkiləcək
11:05
21 noyabr 2025
Bu həftə sonundan sonrakı gələcəyimi bilmək istəmirəm... - Günün mahnısı
10:32
21 noyabr 2025