Heydər Əliyevin heyran olduğu rəssam - Onun Şuşaya həsr etdiyi əsərlər niyə səs-küy yaratdı?

Heydər Əliyevin heyran olduğu rəssam - Onun Şuşaya həsr etdiyi əsərlər niyə səs-küy yaratdı?
21 noyabr 2025
# 10:26

Bu gün Əməkdar rəssam Mahmud Tağıyevin anım günüdür.

Kulis.az Əsəd Quliyevin "Təbiəti fırçası ilə təsvir edən rəssam" yazısını təqdim edir.

Bu yaxınlarda Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna məxsus Azərbaycan rəssamlarının Qarabağa həsr olunmuş əsərlərindən ibarət "Şuşa" adlı sərgi təşkil olunmuşdu. Sərgidə rəssamlarımızın ecazkar Qarabağ, Şuşa, Laçın, Kəlbəcər təbiətinə, tarixi abidələrinə həsr edilmiş sənət əsərləri nümayiş edilirdi. Bu il 100 illiyi tamam olan Mahmud Tağıyevin "Şuşa topxanası", "Yaylaqda" və "Şuşa lalələri" adlı üç əsəri iştirakçıların diqqət və marağına səbəb olurdu.

Azərbaycanın Əməkdar rəssamı Mahmud Əzizağa oğlu Tağıyev 1923-cü ildə Bakı şəhərində, zərgər ailəsində dünyaya gəlmişdi. Azərbaycanın tanınmış Xalq rəssamı Tağı Tağıyev onun qardaşıdır. O, rəssamlığın sirlərini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumu (1937-1941) və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1950-1955) alıb. 1946-cı ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilən M.Tağıyevin Bakıda (1947, 1955, 1961, 1969, 1993) və Moskvada (1988, 1990) fərdi sərgiləri təşkil olunub. Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında, habelə xarici ölkə muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

M.Tağıyev istedadlı mənzərə və natürmort ustası kimi tanınır. Onun bu janrlarda yaratmış olduğu sənət əsərləri özünəməxsus bədii rəssam təxəyyülü və peşəkar işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Şübhəsiz ki, rəssamın portret janrında yaradılmış əsərləri də onun yaradıcılığının əsas tərkib hissəsidir. M.Tağıyevlə Xalq rəssamı Xalidə Səfərovanı sənət yolları ilə birgə həm də ömür yolları bağlayırdı. Onlar bir ömür birgə yaşayıb-yaratmış, ölkəmizin füsunkar rayonlarına yaradıcılıq səfərləri etmiş və yaratdığı çoxsaylı əsərlərini zaman-zaman sənət adamlarının ixtiyarına təqdim etmişlər. Respublikamızda gənc rəssamların ilk qrup sərgisinin təşkili məhz M.Tağıyev və X.Səfərovanın adları ilə bağlıdır. 1947-ci ildə açılmış sərgidə rəssamların ümumilikdə 150-dən artıq etüd, mənzərə, natürmort nümunələrinin nümayiş olunduğu qeyd edilir.

M.Tağıyevə ilk yaradıcılıq uğurunu 1943-cü ildə Moskvada Azərbaycan rəssamlarının sərgisində nümayiş olunan "Babək" əsəri qazandırmışdır. O, bir daha Babək obrazına qayıdaraq müstəqillik illərində "Babəkin çağırışı" adlı tematik əsərini ərsəyə gətirmişdir. Sənətkarın portret əsərlərindən "Xalidə Səfərovanın portreti", "Avtoportret", "Qadın portreti", "Səttar Bəhlulzadənin portreti", "Səməd Vurğunun portreti", "Dünyanı qoruyaq. Oxuyur Müslüm Moqamayev", "Nizami dünyası", "Füzulinin portreti", "Dədə Qorqud" və başqalarını qeyd edə bilərik. Bu portret əsərlərinin qəhrəmanlarını nəzərdən keçirdikdə rəssamın uğurlu yaradıcılıq məharəti ilə yanaşı, onun həm də tarixi şəxsiyyətlərin, sənət adamlarının daxili mənəvi dünyalarını təcəssüm etdirmək bacarığına malik olduğunu duyuruq.

M.Tağıyevin mənzərə əsərlərindən "Ağdam mənzərəsi" (1945), "Krım. Ay-Petri" (1955), "Mingəçevir dənizi" (1957), "Mingəçevir su anbarı" (1958), "Daşkəsən. Kanat yolu" (1960), "Doğma yaylaqda" (1961), "Göyçə gölü" (1960), "Ağrı dağı" (1961), "Quşçuluq" (1963), "Bakı, Qağayılar" (1964), "Mənim Bakım" (1971), "Turşsu" (1980) və başqalarını göstərmək olar. Bu əsərlər bu gün bədii əhəmiyyəti ilə yanaşı, həm də özündə tarixilik, doğmalıq, təbiətə qarşı həssaslıq yaşadır. Rəssamın Qarabağa, Şuşaya, Cıdır düzünə, doğma Qarabağ təbiətinin gözəlliklərinə incə rəssam duyumu ilə yanaşaraq lirik sənət lövhələrində ustalıqla canlandırması olduqca şairanədir. Onun Qərbi Azərbaycan mənzərələri bu gün tarixi dəyər daşıyır.

M.Tağıyev təbiəti, ilahinin yaratdığı təbii gözəllikləri və nemətləri - gülləri, ağacları, dağları, dərələri, meyvələri - sadəcə sevmirdi, həm də ilhamlanaraq, sevə-sevə kətanda tərənnüm edirdi. Onun çoxsaylı natürmortlarında - "Natürmort. Üzüm və meyvələr" (1957), "Çiçəklənən bağ" (1958), "Güllər və meyvələr" (1964), "Lalələr" (1965), "Ulduz çiçəkləri və meyvələr" (1965), "Bağda. Narlar" (1966), "Yemişlər və tərəvəzlər" (1966), "Azərbaycan nemətləri" (1972), "Nərgizlər" (1973) və başqalarını seyr edən tamaşaçı meyvələrin rəng çalarlarını, əlvan güllərin təravətini sanki duyur, hiss edir. Bu mənada M.Tağıyevi impressionist - "təəssürat" rəssamı adlandırmaq doğru olar.

M.Tağıyevin əsərlərindən ibarət albom-kataloqda (2002) qeyd olunur ki, "2000-ci ildə Strasburqda Azərbaycan rəssamlarının sərgisində Mahmud Tağıyevin "Narlar" əsəri Azərbaycan Prezidenti Heydər Əliyevin diqqətini cəlb etmiş və o, bu əsər barədə televiziya ilə öz müsbət rəyini söyləmişdi. Rəssam bununla hədsiz fəxr edirdi".

M.Tağıyevin uğurlu bədii yaradıcılıq fəaliyyəti dəfələrlə fəxri diplom və mükafatlara layiq görülmüşdü. O, Azərbaycanın Əməkdar rəssamı fəxri adına (1982), Zaqafqaziya respublikaları rəssamlarının Tbilisidə keçirilən Biennalesində diploma (1986) və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil ounan "Müasir Azərbaycan incəsənəti" adlı rəssamlıq müsabiqəsinin üçüncü mükafatına (1996) layiq görülmüşdü.

M.Tağıyevin yaradıcılığı və ərsəyə gətirdiyi sənət əsərləri Azərbaycan təsviri sənət tarixində və sənətşünaslıq elmində həmişə yaşayacaqdır.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər