"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova
20 noyabr 2025
# 16:00

Kulis.az tənqidçi Elnarə Akimovanın Orxan Cuvarlının "Musson küləkləri" hekayəsi haqqında yazısını təqdim edir.



Orxan Cuvarlının “Musson küləkləri” hekayəsi dinamika və emosiyası üzdə deyil, daxili qatda yaşanan mətndir. Orxan belə gənc yaşda hekayəni hədsiz usta, peşəkar qələmlə yazıb, yüksək poetik imkanları ilə seçilən obrazlı dil sərgiləyib, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini verib.

Mətndəki hər şey dərin bir boşluğa müncərdir, yazıçı bu boşluğu, insan tənhalığı və yorğunluğunu, son aqibət duyğusunu personajın psixoloji vəziyyətini dinamikləşdirən iri planlardan yararlanmaqla ötürür, ətrafdakı hər detalın kədərli görüntüsünə vurğular etməklə təkliyin ifadəliliyini, əzəmətini artırır.

Müəllif heç bir ömür hekayətindən bəhs eləmir, sadəcə obrazın daxili aləminə köklənməsi, sıxıcı məna məkanlarının yaradılması, zaman-məkan sərhədsizliyi ilə oxucu üçün əyani lövhələr açır və elə bu lövhələrlə onu obrazların həyatı, keçmişi ilə bağlı səbəb-nəticə halqasına qoşur. Bu soyuqluq arxasında duyulan iztirablar daha toxunandır və təhtəlşüura birbaşa işləyir. İdeya əsası "son problematikası" olan bu mətndə ruhsal və fizioloji bitkinlik elə təklik, aqibət duyğusunun əlaməti kimi səciyyələnir.

Hekayədə yorğun ovqatla yüklənmiş poetik-real-şərti təsvirlər var, təsvir olunan detallar məkanı konkret funksiya ilə təmin edir. Yazıçı minimum emosiya ilə boşluqlarda, əslində, öz dünyalarında inzivaya çəkilən insanların hekayətini vizual olaraq məişət detallarının təsviri, virtual olaraq isə keçmişlə bağlı xatirələrinin nisgilini verməklə psixoloji rakurs və mizanlarla açır.

Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və çarəsizlik labirintində qalan baş obraz - bunca yoxluğun soyuqluğu və psixoloji yükü müəllifin seçdiyi təhkiyə dili, güclü hissi toxunuşlara malik detalların vurğusu ilə monolitlik qazanır. Hekayədə ləngərli bir qüssə, bədbin atmosfer, həzin sükut hakimdir və bu sükutda insan təkliyinin amansızlığı dərin estetik həllini tapa bilir.

Müəllif elə ilk səhnələrdə məkanın psixoloji diskomfort yaradan fakturası, soyuq təsvirlər, tutqun rənglərlə oxucuya müəyyən işarələr verir.

Bu vizual informasiyalar hekayənin sonrakı gedişatında insan hisslərinin ötürdüyü ovqat atmosferində dəyişilmir, əksinə biri digərini motivləndirən komponentlər, enerji dalğası kimi təzahür edir. Və sadəcə, düşündürür! Həyatın mənasına varmaq, özünüdərkinə yetmək üçün bir nəfəsdərim şansı verəcək qədər...

# 3043 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər