İçkiyə görə işdən qovulan aktyorumuzun faciəvi həyatı

İçkiyə görə işdən qovulan aktyorumuzun faciəvi həyatı
1 sentyabr 2025
# 11:20

Bu gün maraqlı aktyor Fazil Salayevin doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında materialı təqdim edir.

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Güney Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

***

Orta məktəbi başa vurandan sonra o, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. Oranı bitirəndən sonra bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində Xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçib.

***

23 yaşı tamam olanda atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.

Fazilin atası oğlunun aktyor olacağını ağlına belə gətirməyib. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun “mütrüb” adlandırılmasını istəmirdi. O həm də müxtəlif vəzifələrdə çalışmışdı. Üstəlik, Fazil ailənin yeganə övladı idi.

***

Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra o teatrdan küsüb gedir. Və Musiqili Komediya Teatrında işə düzəlir. “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.



1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır. Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün “Araşdırın” filminə Fazil Salayevi çəkir.

Deyilənlərə görə F. Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur. İsrafil İsrafilov Fazil Salayev haqqında deyir:
“Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meylli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onun komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu “Azdrama”dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi “Muzkomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı”.

Uşaq kimi saf və təmiz xarakterli adam olub. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmışlar. Ən yaxın dostu Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib. Nə zaman onun yemək yemədiyini bilsə, otağına çağırıb ona yemək və çay verərmiş.

***

Deyilənə görə bir dəfə Fazil evə sərxoş gəlir. Bunun xanımı da çox cüssəli qadın olub. Qadın görür ki, Fazil özü gedib yata bilməyəcək. Onu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, papa letit, papa letit. Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş.

***

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.

# 149 dəfə oxunub

Oxşar xəbərlər

Adı dəyişdirilən serialla bağlı son qərar

Adı dəyişdirilən serialla bağlı son qərar

14:25 1 sentyabr 2025
Bakının sabiq yəhudi Baş nevropatoloqu:  "Çingiz Abdullayev mənim xəstəm olub" - Müsahibə

Bakının sabiq yəhudi Baş nevropatoloqu: "Çingiz Abdullayev mənim xəstəm olub" - Müsahibə

14:05 1 sentyabr 2025
Film layihələrinin pitçinq mərhələsi  başlanacaq

Film layihələrinin pitçinq mərhələsi başlanacaq

13:45 1 sentyabr 2025
Növbəti Nəsimi  festivalı keçiriləcək

Növbəti Nəsimi festivalı keçiriləcək

13:40 1 sentyabr 2025
SSRİ-nin yataq səhnəsi ilə şantaj elədiyi prezident - “Lastoçka” əməliyyatının pərdəarxası

SSRİ-nin yataq səhnəsi ilə şantaj elədiyi prezident - “Lastoçka” əməliyyatının pərdəarxası

13:00 1 sentyabr 2025
Mətanət Vahid  "LitArtAz" ədəbi - mədəni agentliyini   yaradıb

Mətanət Vahid "LitArtAz" ədəbi - mədəni agentliyini yaradıb

12:30 1 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər