Həyata qarşı immunitetimiz niyə bu qədər zəifdir? - Ulucay Akif

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

14 avqust 2024
# 16:07

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

İntihar, intihar, intihar... Nə qədər intihar xəbəri olar axı? Artıq küçədə binaların yanından keçməyə qorxuram ki, bu dəqiqə başıma kimsə düşəcək. Qorxumdan yuxarı baxa-baxa yeriyirəm.

Mənə lazımdı getdiyim yerdə kimsə düşsün başıma, mən də ölüm?

Lazım deyil.

Ömrümü axıra qədər yaşamaq niyyətim var. Təxminən, 127 il. Elə planlamışam.

Bəs bu adamlara nolub?

Niyə intihar edirlər?

Bu adamların həyata qarşı immuniteti necə bu qədər zəifdir?

Lap olsun ki, kasıbıq,

Lap olsun ki, güclə dolanırıq,

Lap olsun ki, “uşaqpulu” verilmir deyə çətinlik çəkirik,

Lap olsun ki, ərzaq qiymətləri günü-gündən artır...

Vallah, əgər bütün bu intiharlar kasıblığa, aclığa görədirsə, gərək indiyə Afrikada bir adam da qalmayaydı.

Adamlar nəinki kasıbdılar, əyinlərinə paltar ala bilmirlər, ayaqyalın, ya cırıq ayaqqabılarda gəzirlər, heç içməyə su da tapmırlar. Yəni ölkələrini istismar edən müstəmləkəçilər bir yandan, Allahın (ya da kimlərçünsə Təbiətin) özü də onları ciddi sınağa çəkir. Yağış suyuynan çimirlər, məcbur qalıb çirkli gölməçələrdən su doldurub içirlər.

Afrikalıların bütün bu faciələri artıq bizə adi gəlir. Elə bilirik ki, afrikalılar elə bu cür də yaşamalıdır.

Elə bilirik ki, afrikalıların uşaqları sözün əsl mənasında aclıqdan ölə bilər, amma biz marketdə uşağımızın barmaq uzatdığı hər şeyi almalıyıq.

Elə bilirik ki, afrikalı yağış suyu ilə çimə bilər, amma bizim evimizə bir gün su verilməsə, aləmi qatarıq bir-birinə.

Elə bilirik ki, afrikalı cırıq-cındır paltarlarda da yaşasa olar, amma özümüz hansısa brend paltarları geyinməsək, ürəyimiz partlayar.

Əlbəttə, mən həmişə şükür tərəfdarı olmuşam. İnsan həmişə şükür etməlidir. Amma bu yazıda demək istədiyim qətiyyən bu deyil.

Mən sizə demirəm ki, afrikalılara baxıb şükür edin halınıza. O ölkələrlə bizim coğrafi, iqtisadi və siyasi durumlarımız tamamilə fərqlidir.

Mənim demək istədiyim şey başqadır.

Mənim dediyim odur ki, əgər kasıblığa, aclığa, yoxluğa görə intihar ediriksə bu cür dəstə-dəstə, bəs niyə afrikalılar etmir? Onlar da insandı, biz də insanıq.

Demək ki, bizim intiharımızın başqa, daha dərin səbəbləri var.

Bir daha təkrarlayıram.

Uca səslə təkrarlayıram:

DEMİRƏM, HALIMIZA ŞÜKÜR EDƏK!

DEMİRƏM, BİZ KASIB DEYİLİK!

DEMİRƏM, YAXŞI YAŞAYIRIQ!

DEMİRƏM, MADDİ QAYĞILARIMIZ YOXDUR!

Bunları mən də bilirəm. Yenə qışqır-bağır salmayın yazımın altında.

Mən soruşuram ki, həyata qarşı immunitetimiz niyə bu qədər zəifdir?

Bəs bizim babalarımız, nənələrimiz deyirdilər ki, onlar çörək növbələri görüblər, aylarla ət yeyə bilməyiblər... Üzr istəyirəm, amma mən artıq babalarımızın, nənələrimizin danışdığı heç nəyə inanmıram. Hər söhbətlərinə nağıl kimi qulaq asıram. Bir qulağımdan alıram, o birindən buraxıram.

Çünki çörək növbələrini görən, aylarla dilinə ət dəyməyən və bu dönəmlərdən rahat çıxan adamların övladları belə rahat təslim olmamalıdır həyata.

Yadınıza düşür pandemiya zamanı mağazalarda adamların çörək üstündə dalaşmağı? Düşmədi? Üç-dörd il qabaq olmuşdu da. Nə tez yadınızdan çıxdı?

Adamlar marketlərdə bir-birinin üstünə çıxırdı, hərə on-on beş çörək götürürdü az qala.

Üç-dörd il qabağı deyirəm. Nə qıtlıq var idi, nə bir şey, amma adamlarımız çörək üstündə bir-birini tapdalayırdı. Mən onda başa düşmüşdüm ki, babalarımız, nənələrimiz yenə bizi aldadıb.

İndi həyatın çətinliklərinə qarşı immuniteti olmayan bu adamlara yazığım gəlir.

Hər gün intihar, intihar, intihar... Ötən yazılarımdan birində demişdim bunu, yenə təkrar edirəm, bizim intiharlarımızın altında dayanan səbəb maddi qayğılarımız, kasıblığımız deyil, özünüzü aldatmayın. Daha dərin səbəbləri var. Birini elə ötən yazımda demişdim.

Hər nəysə... İntihar edirsiniz, yaxşı edirsiniz, özünüz bilərsiniz. Bu da sizin zəifliyinizdi, acizliyinizdi. Heç kimin də yazığı gəlmir sizə. Ağlı başında olan adam intihar edən haqqında təxminən belə düşünür: “Səydi də... Getdi özünü öldürdü boş yerə”.

Hə... Belə düşünür ağıllı adamlar. Ən ağır bildiyiniz səbəb də intihar yanında “boş yerə”, “heç nədən” mahiyyətinə enir.

# 2689 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

16:20 18 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə”  sərgisinin təqdimatında iştirak etdi

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak etdi

13:55 18 iyul 2026
"Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?" - Azərbaycanda iş mühiti

"Sən nə vaxt ağzının danışığına fikir verəcəksən?" - Azərbaycanda iş mühiti

11:30 18 iyul 2026
Məşhur müğənni konsertini ləğv etdi - Səbəb

Məşhur müğənni konsertini ləğv etdi - Səbəb

10:51 18 iyul 2026
İsa Həbibbəyli Ömər Eldarovu xəstəxanada ziyarət etdi

İsa Həbibbəyli Ömər Eldarovu xəstəxanada ziyarət etdi

10:11 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər