Həmid Herisçi: "Şəxsən mən Pəhləvi şahlarının qurbanıyam..." - Müsahibə

Həmid Herisçi:  "Şəxsən mən Pəhləvi şahlarının qurbanıyam..." - Müsahibə
16 yanvar 2026
# 10:00

Kulis.az Ülvi Bahadırın Həmid Herisçi ilə müsahibəsini təqdim edir.

- Arazın o tayında, Təbrizdə, İranda nələr baş verir, Həmid bəy? Bu “Dumanlı Təbriz” metaforasını, yenidən deşifrələməyə, deyəsən, ciddi ehtiyac yaranıb?

- İran tarixi “çərxi fələk” mexanizminə çox tabedir. Burda tarix geriyə qayıtmağa daha çox meyillidir, nəinki irəli sıçramağa. Meydanlara oyun zəri kimi atılmış “molla, şah” rəmzləri çox arxaikdir. Orta əsrlər mirasıdır, köhnədir. Ancaq bu “çərxi-fələk” lənətindən qurtulmaq, yeni üfüqlərə çıxmaq cəhdi İranı, o cümlədən bizim üçün doğma olan Təbrizi vaxtaşırı silkələyir. Bütün İran - Təbriz də, Tehran da bu gün məhz müasirlik, modernizasiya arzusu ilə çapalasa da, keçmişin yükü, çəkisi burda çox ağırdır. Pəhləvi brendinin 46 il sonra, yenə də müasir tarixə qayıtması da revanşizm kimi dəyərləndirilməlidir. 1979-cu ildə İranda şiə revanşizmi qələbə çaldı, Pəhləvi zülmünü tozlu arxivlərə göndərdi. İstəməzdim ki, 46 il sonra tarixin çarxı geriyə dönsün, irəliyə adlaya bilməsin. Qısası, İranda reqress, revanşizm qanunları dəbdədir, proqress qanunları yox. Və bu növbəti revanşizmin faşizmə çevrilməsi ancaq zamanın işidir.

- Bəlkə, nəzəri söhbətləri qoyaq bir kənara? Reallıq bu gün çox sərtdir. Bütün nəzəri fikirlərin çərçivəsini aşır.

- Hə, o ki qaldı reallığa... Məsələ sadədir: bir dəstə faşist təfəkkürlü fars Tehranda Pəhləvi xanədanını yenidən taxta qaytarmaq istəyir. Bu qədər sadə. Vəssalam! Təbriz məhz buna qarşı yumruqlarını havada düyünləyib “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” deyib meydanlara axışır. Təbrizin antipəhləvi mövqeyi anlaşılandı. 1925-ci ildə bu xanədan biz Azərbaycan türklərindən hakimiyyəti oğurlayıb. 1946-cı ilin mayında ABŞ prezidenti Harri Trumen Stalinə ultimatum göndərdi ki, Təbrizdən çıx, yoxsa Bakıya atom bombası ataram. Pəhləvilər bundan istifadə edərək o vaxt əvvəl rusları Təbrizdən çıxartdılar, sonra Pişəvəri hökumətini qan içində boğdular. 1947-ci ilin yanvarında Təbrizdə çəkilmiş kino kadrlarını unutmayaq. Kadrlarda azərbaycanca kitablar kisələrdən çıxarılıb, Təbrizin bələdiyyə binası qarşısında üst-üstə qalanır, sonra da yandırılır. Demokrat firqəsi üzvlərinin edam kadrları ortada yoxdur, ancaq kitablarımızın kütləvi yandırılma səhnələri var. Diqqətlə baxın bir də bu acı kadrlara. Bu tükürpədici tarixə.

Şəxsən mən Pəhləvi şahlarının qurbanıyam. Atam Qafar Kəndli-Herisçi Demokrat firqəsinin qurucularındandı. O vaxt azadlıq romantikasına qapılan rəhmətlik həm özünə ailə qurur, həm də Pişəvərinin vuran əli olur. Ancaq Pəhləvi cəlladları atamın birinci ailəsini Təbrizdə edam etdilər. Özü Əhərdəydi deyə ailəsinin köməyinə gələ bilmədi. Rəhmətlik özü bu faciəsini mənə danışmadı. Ailəsini qorumamasını o, necə oğluna danışa bilərdi axı? Ancaq qılıncını qınında saxlamadı. Şah əleyhinə güclü fəaliyyətə keçib Moskvadan vurub Berlindən çıxdı. Dəfələrlə qaçaq kimi Təbrizə sızdı. Uzaqdan öz evinə baxdı. Anasının, bacılarının doğma səsinə hay verə bilmədi. Cibindəki tapançadan əlini ayırmadı. Bu haqda “Perseyin papağı” adlı hekayəm də var. Nəhayət, 1978-79-cu ilin soyuq fevralında, təbrizlilər demiş “bəhmən ayında” Təbrizdə, Tehranda xalq fədailərinin gücü ilə öz qanlısını - Məhəmmədrza şahı taxtından saldı o. Atam 1979-cu ilin fevral inqilabını xalqımızı ikiyə bölmüş "Türkmənçay" müqaviləsinin düz 150 illik yubileyi gününə elə-belə salmamışdı. Məxfi mesajını, öz müəllif haqlarını gizlətmişdi bu xronikada. İndi eşidəndə ki, həəə, bu Pəhləvi rejimi yenidən hakimiyyətə qayıtmaq istəyir, vallah, təəccüblənirəm. Bir an güzgüdə özümə baxıb sual verirəm, elə bilirsən həyatımız, bütün səylərimiz əbəs oldu? Bu şah yenidən xortladı? Farslar 1979-cu il antişah inqilabından sonra 46 il ərzində təzə, modern heç nə yarada bilmədilər. Nə partiya qura bildilər bizim Azərbaycan Demokrat Firqəsi kimi, nə farsları yeni modern ideologiya ilə silahlandırdılar. Köhnə, qədim şah modelinin yararsız X fayllarını yenidən fəallaşdırmaq istədilər. Ancaq bu təzə şahın nə elə bir ciddi təhsili var, nə alimliyi. Xidmətləri bəlli deyil. Sadəcə şah balasıdır.

Məncə, müasir İran tarixinə yeni sənədlərlə yox, arxiv sənədləri ilə girmək istəyənlər, qədim vərəsəlik sənədləri ilə nəsə edə biləcəyini düşünənlər bərk yanılırlar. Mənim də Təbrizdə qədim ev-eşiyim var. Mən də onu diriltmək istərdim. Ancaq bu cür yox. Təbrizə son səfərimdə qapımızın dəliyindən həyətimizə baxarkən iki qumrunun orda sevişdiyini gördüm. Mane olmadım bu yeni ev sahiblərinə. “Halalınızdır” cümləsini pıçıldamağa gücüm çatdı hətta... Bu şah isə keçmişindən bərk yapışıb. Belələri həmişə tarixin qurbanına çevrilir.

- Demək istəyirsiniz ki, bu inqilab yox, keçmişə qayıdışdır?

- İranda həmişə dindar zümrə hakimiyyətdə olub. Xomeyninin şiə təməlli dini zümrəsinə qədər Pəhləvilər vaxtı İranda 1925-ci ildən üzübəri zərdüşt təməlli dini zümrə hakimiyyətdə idi. 1925-ci ildə farslar biz türklərdən, Qacarlardan siyasi hakimiyyəti qəsb edib, üzdə, zahirdə guya taxta Pəhləvi xanədanını gətirdilər. Pərdəarxasında isə ölkəni Bombeydəki zərdüşt icması idarə edirdi. İran tarixini farslaşdırmaq, saxtalaşdırmaq o vaxtdan - 1925-ci ildən startdadır.

- Pəhləvi rejimi, zərdüşt icması öz hakimiyyətlərinin 100 illik yubileyinimi qeyd edirlər İranda?

- Yəni son 100 ilin siyasəti İranda ikiüzlü Yanusdu. Üzdə guya müsəlmandırlar, içəridə isə yenə köhnə hamam, köhnə tas. Köhnə Zərdüşt icması. Bombeydən pars icması tərəfindən idarə olunan çox gizli, kripto siyasət. Məqsəd İranı aryanların ölkəsinə - Arianaya çevirməkdir. İndi biz Bakıdan, Təbrizdən rəsmi Tehrana səslənməliyik: Sizin üçün Turan qorxuludur, yoxsa Hindistandan zərdüşt icması tərəfindən idarə olunan "Ariana" proyekti? Seçiminizi edin. Hakimiyyəti yenidən Təbrizə, türklərə qaytarın.

- "Ariana" proyekti nədir? İstəyərdim ki, bu mövzunu bir az açaq.

- İrqçi farsların siyasi layihəsidir. Bombeydən idarə olunur. Məşhur “TATA” şirkəti bu mexanizmin siyasi-iqtisadi tərəfini təmin edir. Proyektdə Hindistan, Pakistan, Əfqanistan, Tacikistan...və...

- Və hara?

- Və Ermənistan var.

-Yəni?

-Yəni bizim düzxətli İpək yoluna qarşı zərdüştilərin "TATA" şirkəti qövsvari, əyrixətli İpək yolunu təklif edir. Orta əsr ərəb səyyahı Əbu Dulaf bu iki İpək yolunu hələ X əsrdə təsvir edib marşrutunu cızmışdı. Demişdi ki, Çinə gedən, Çindən gələn iki İpək yolu mövcuddur - düzxətli Bakıdan keçir, əyrixətli isə Çindən gəlir Hindistana, Bombeyə...

- Və ordan keçir İrana və Ermənistana?

- Fikirlərimi düz tutdunuz. Müasir Bakı düzxətli Çin yolunu, o cümlədən Zəngəzur dəhlizini nə qədər dəstəkləyirsə, Dehli də bir o qədər əyri, qövsvari Çin yolunu müdafiə edir və modelləşdirir. İrandakı son iğtişaşları da məhz rəsmi Dehli öz zərdüşt icmasının əli, "TATA şirkətinin iştirakı ilə reallaşdırır.

- Yəni İrandakı son iğtişaşların arxasında təkcə Pəhləvi irsi yox, həm də Hindistan dayanır?

- Rəsmi Bakının Şanxay şurasına üzvlüyünə kim mane olmuşdu? Rəsmi Dehli. Bizim "Turan" proyektinə qarşı Hindistan da öz "Ariana" proyektini hazırlayıb. Rəsmi Tehran, bax bu iki layihə arasında öz seçimini uzatdıqca iğtişaşlar İranda səngiməyəcək. Farslar, fars elitası, Tehran əyanları öz talelərini yenidən Pəhləvilərə, Bombeyə, zərdüşt icmasına etibar edibsə...

Şah əks-kəşfiyyatı "Savak"ın güneylilərlə bağlı sənədi

- Demək istəyirsiniz ki, Təbriz də öz seçimində "Turan" layihəsini, yəni Zəngəzur yolunu seçə bilər?

- İranın bütün nəqliyyat dəhlizləri Güneyə - körfəzə tərəf gedir. Təbrizdən şimala bir nəqliyyat dəhlizi belə yoxdur. Təbriz tacirlərini əsəbləşdirən, inqilabçıya çevirən da bax bu səbəbdir. Bax, bu qədim bayatının iki ilk misrasıdır:

“Ağ dəvə düzdə qaldı.

Yükü Təbrizdə qaldı”.

Təbrizin ağ dəvəsi öz yükünü dünya bazarına çıxara bilmir. Ümidi Zəngəzur, Turan dəhlizinədir.

- Yəni bu gün Təbrizdə inqilabi zümrə əvvəlki kimi fədailər yox, ruhanilər, millətçilər yox, məhz tacirlərdir?

- Təbriz Ticarət və Sənaye Palatası - “Otaği-bazargani” tacir silkidir. İnqilabı da silk başlatdı, həm Tehranda, həm də Təbrizdə. Çünki bu tacirlər dünya bazarına açılmalıdır. Həm əyri, qövsüxətli Hinditan yolu açılmalıdır, həm də düzxətli Bakı, Zəngəzur yolu.

Təbriz tacirlərini, Təbriz bazarını da səfərbər edən, etirazlara sürükləyən məhz bu narazıçılıqdır. Yəni inqilabın bu yeni mərhələsi sırf tacirlərin coğrafi maraqları ilə əlaqədardır. Rəsmi Bakı burda çox diqqətli olmalı, Təbriz tacirləri ilə sərfəli, qarşılıqlı yaxşı münasibətlər qurmağa tələsməlidir.

- Deyəsən, marksizmin siyasi iqtisad fənnindən beş almısınız həmişə, Həmid bəy. Lap iqtisadçı kimi danışdınız.

-Yox. Mən əvvəl Təbriz fədaisi kimi danışırdım. Ancaq indi, günün tələbi ilə, məhz Təbriz tacirlərinin maraqlarından, dilindən danışıram.

- Donald Tramp hansı marşrutu seçəcək, sizcə, İranda? Turan, yoxsa Ariana marşrutunu

- Məncə, hər ikisini təsdiqləyəcək. Supergüclər heç vaxt bir proyektə bağlamazlar öz maraqlarını. İkinci ilə öz maraqlarını sığortalayarlar. İranın şimalında "Turan" proyekti, dəhlizi reallaşacaq, cənubunda isə "Ariana" modeli. İqtisadiyyatımız buna indidən hazır olmalıdır.

Tehranın “Azadi” meydanındakı Zəfər tağı şah vaxtı 1971-ci ildə qədim Zərdüşt məbədi kimi tikilib. Diqqətlə baxsanız, elə bil ki, yuxarı qalxmış, merac etmiş Zərdüşt məbədidir. Məbədə qədim zərdüşt dinində “Mazda” deyirdilər. Zərdüşt tanrısı Axura-Mazdanın adı da eyni köklüdür. Ötən əsrin 60-cı illərində Şah Məhəmmədrza Pəhləvi gedib Yaponyadan bir avtomobil fabriki aldı. Adını qoydu “Mazda”. Tehran sürücülərinin çoxu indi bu eyniadlı avtomobili sürürlər, gündə dəfələrlə “Azadi” meydanındakı zərdüşt məbədi altından keçərlər. Yaxşıdini flaşmobdur bu, elə deyilmi? Əsl gizli zərdüşt ayinidir deyərdim hətta. “Mazda” avtomobil sürücüləri elə bil Zərdüşt tanrısı Axura Mazdanın belinə qonublar. Məlikməmməd Simurq quşunun belinə mindiyi kimi. Gördüyümüz kimi zərdüşt mistikası İranda,, xüsusən, Tehranda indiki müasir qaydalara uyğunladırılıb, müasirləşdirilib.

Demək istədiyim odur ki, İranda Hindistana, zərdüşt icmasına bağlı güclü siyasi, iqtisadi lobbi mövcuddur. Antitürk, antiBakı, antiTəbriz təbliğatı İran mətbuatında adətən bu ideoloji mərkəzlə bağlıdır.

Həmin dəstə indi şiə təməlçiliyini zərdüşt təməlçiliyi ilə əvəzləmək xəyalındadır.

Bakı mətbuatı İran hadisələrinin bu gizli ssenarisinə mütləq bələd olmalıdır.

Prezidentlərimiz arasında mehriban, qardaş münasibətlər mövcuddur.

1925-ci ildə farslar Qacarları taxtan salıb min illik fasilədən sonra hakimiyyətə yiyələndilər. Rza şah Pəhəlvinin Tehranda hakimiyyətə gəlməyi Bakıda keçiriləcək 1926-cı il Türkoloji qurultayına bir cavab idi həm də. İngilislər bu təyinatları ilə SSRİ-nin "Türkologiya" proyektinə "Ariana" layihəsi, Pəhləvi sənədi ilə cavab verdilər.

100 il sonra məhz Pezeşkianın simasında türk dili, türk kimliyi İran siyasi Olimpinə qayıtmağı bacardı. Qoy bu polittexnoloji gediş Pəhləvilərin 1925-ci il yubileyinə qarşı mollaların gizli cavabı olsun.

Bakınin bu reallıqlara qarşı mövqeyi, açıq, yaxud lal cavabları İran mövzusunda həlledicidir, məncə. Tələsməyək hələlik. Maraqlarımızı, minillik təcrübəmizi ucuzuna xərcləməyək bu ziddiyyətli şahmat oyununda.

"Türkmənçay" nəticəsində millətimiz yox, ölkəmiz parçalanıb, məncə. Biz bu sərt reallığı da nəzərə almalıyıq. Arazın o tayındakı maraqlarımızı bu günün badına, küləyinə verməməliyik. Şah İsmayıl mirasına gəlincə, o, türk dünyasını yox, fars dünyasını parçalayıb. Tacikləri, farsdilli əfqan tayfalarını, farsdilli kürdləri, İsfahan, Kirman, Xorasan farslarından ayırıb. Şah İsmayılın bu islahatları farsları zəiflədib, məncə. Yoxsa bayaq danışdığımız "Ariana" layihəsi acı reallağa çevrilmişdi çoxdan. Əfqanistan, Tacikistan, kürdlər çoxdan monolit kütlə olub Ariananı tarixi reallığa qovuşdurmuşdular.

Qacarlar isə İranda federalist idilər. İrandakı millətlərin muxtariyyatını, regional maraqlarını diqqətə alırdılar. Pəhləvilər 1925-ci ildən üzübəri federalizmi sıfırladılar. Mütləqiyyəti, təkhakimiyyətçiliyi, irqçiliyi İranda mütləq etdilər.

Bu çətin günlərdə mən Təbrizə “ağ inqilab” modelindən dönməməyi arzulardım. Farslar ötən əsrin 60-cı illərində öz ağ inqilablarını -“inqilabi sefid” etməyi bacardılar. Farsların türklər üzərindəki ikinci qələbəsi bu ağ inqilab modeli ilə bağlı idi. İnqilabın bu ən vacib halqasından üzüağ çıxmalıyıq. Təbriz və Bakı tayfaçılıq dövrünü çoxdan keçmişdə qoyub. Bizdə qırmızı inqilablar artıq mümkün deyil. Tariximizin qanlı dövrləri bir də təkrarlana bilməz. Nə Bakı bunu istəyir, nə də ki, Təbriz.

Ərəb baharı, cihadçılıq, Suriya, Livan, Liviya dərsləri bizlik deyil.

Biz çox mədəniyik bu cür qarşıdurmalar üçün.

Doğma Təbrizi, yenə də “Ağ inqilab” modelinə dəvət edirəm. Qırmızı inqilablar dövrü artıq çox-çox uzaqlardadır.

- Bakının Təbrizə təsir etmə imkanları var? AzTV, Mədəniyyət telekanalllarına baxdıqlarını demisiniz. Ancaq daha nə var əlimizdə?

- Bakının ixtiyarında 1946-cı ildən üzübəri çox ciddi Güney kartı vardı. Bakıda çoxminlik Cənubi Azərbaycan icması mövcuddur. Ancaq heyif ki, biz bu silahımızı bu günədək yaşada bilmədik. O miras indi yoxdu. Güney Azərbaycan mövzusu siyasi möhtəkirlərin çörək ağacına çevrilib indi. Min təəssüf. Acı reallıqla barışmağa məhkumuq. Bu yoxluqla barışmağa məhkumuq.

Pişəvərinin Azərbaycan Demokrat Firqəsi Bakıda uzun müddət öz fəaliyyətini aparıb. “İran siyasi pənahəndələr” klubu şəklində. Öz partiya mətbuatını tirajlayıb. Gizli, açıq işlər görüb. Bir vaxt Şərqi Almaniya rəhbərliyinin özü bizim partiyaya inqilabi fəaliyyət üçün tam şərait yaratmışdı. Çar Rusiyasının Leninin əli ilə devrilməsi planı, sonra İran inqilabı ssenarisində yeni çara - Pəhləvilərə qarşı işlədildi. 1979-cu il İran fevral İnqilabı, eynilə Rusiya inqiabının Fevral mərhələsini təkrarlayırdı. Noyabrda ABŞ səfirliyinə hücum vaxtı bu inqilab 1917-ci il noyabr ssenarisini yenidən yaşamalı, növbəti sosialist inqilabını bu dəfə Şərqdə reallaşdırmalı idi.

Gördüyümüz kimi, 1979-cu il İran inqilabı əvvəlcə sırf sol inqilab ssenarisini yaşayıb. Sonralar öz müəlliflərini dəyişib. Ssenari çox qəlizdi. Yadıma gəlir, o vaxt bizim İran şahənşah ordusunda, nazirliklərində Əhməd Müqərrəbi, Ənnağı Rəbbani kimi kəşfiyyatçılarımız vardı. Adları qızıl hərflərlə dünya kəşfiyyat ensiklopediyalarında yazılıb bu şəxslərin. Hər ikisini atam çox yaxşı tanıyardı. 1979-cu il İran inqilabının qələbəsində bu iki məxfi fiqurun xidmətləri çoxdur. Şah taxt-tacını məhz bu iki şəxs laxlatdı. Əhməd Müqərrəbi İran Baş Ordu Qərərgahının “Xarici əlaqələr” şöbəsi rəisi idi. İstənilən ABŞ, Qərb silah növünü guya şahın sifarişi ilə alıb, İrana gətirib, sənədlərini Şərqi Almaniyaya ötürərdi. 1977-ci ildə “Mərd”, Kavə” kod adı ilə tanıdığım Əhməd Müqərrəbi qəfil özünü faş etdi. Dedi, Şərqi Almaniyaya işləmişəm. Kommunistəm. Şahı devirmək üçün əlimdən gələni etmişəm. Nəticədə, Pəhləvinin Vaşinqtonda bütün hörməti sıfırlandı. Bəlli oldu ki, çoxmilyardlıq silah alverində Şah Pəhləvi sadəcə Moskvanın sifarişləri ilə hərəkət edib. Bəlkə, elə bilərəkdən Moskva ilə də işləyib. Vaşinqtonla əlaqələrini bu cür sığortalayıb. Son nəticədə, şahın 1978-ci il Vaşinqton səfəri tam uğursuzluqla bitdi.

Partiyamızın bir başqa üzvü Ənnağı Rəbbani isə Şahənşah Maarif nazirliyində “Xaricdə təhsil” şöbəsinə başçılıq edərdi. Bütün İranın gənc solçularını o vaxt Azərbaycan Dremokrat Firqəsi Ənnağı Rəbbaninin əli ilə xarici ölkələrdə ən əla təhsil ocaqlarında oxutdurdu. Nəhəng hörümçək toru qurdu bu yolla bütün dünyada...

Pəhləvi rejimi buna görə Pişəvərinin mühacirətdəki Azərbaycan Demokrat Firqəsinə uduzdu. Bu əməliyyatların gizli sənədləri indi ABŞ-dəki “Vudro Vilson”rəqəmsal arxivində nümayiş etdirilir. Girin bu arxivə. Görün o vaxt bizim atalarımız şahdan 1946-cı il qətllərinə görə necə öz intiqamlarını aldılar.

Şaha 1946-ci ildə Təbrizdə azərbaycanca kitabları yandırmaq çox baha başa gəldi. Azərbaycan türkləri indi də ona bu dəhşətləri, o kitab qətliamını bağışlamırlar.

Təbrizlilər məhz bu səbəbdən meydanlarda “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarlarını səsləndirirlər.

Rəsmi Tehran mollalar isə İran tarixindəki, siyasətindəki bu parçalanmadan öz xeyirləri üçün istifadə edib, düşmənlərini neytrallaşdırıb, zəiflədirlər.

Qısası, gələn fevral ayında, Təbriz 1978, 1979-cu il “Bəhmən inqilabı”larını növbəti ildönümlərini qeyd edəcək. Təbriz düz bir aydan sonra tam səfərbərlik edəcək. Qəti hökmünü verəcək.

İstənilən halda Təbriz sübut etdi: Təbrizsiz İrtanda heç nə dəyişmir. Tehran küçələri Təbrizsiz İranın taleyini həll etmək gücündə deyil.

İnqilab isə həm də sənətdir.

Bunun bütün incəliklərini isə yalnız Təbriz bilir.

Bu gün Təbriz məhz inqilab etməməklə İrandakı güc nisbətlərini iflic edir. Öz dəyərini artırır. Hamı gəlir Təbrizin ayağına.

Son Təbriz səfərim vaxtı orda təzə çapdan çıxmış “Mirzə Təqi xan Rifət. Çöhreyi ponhan” əsərini oxudum. Əsərdə 1920-ci ildə Xiyabani hadisələri vaxtı Təbrizdəki gizlinlər, “çöhreyi ponhan”lardan danışılır. Xiyabaninin gizli siması olan Mirzə Tağı xan Rifətin Osmanlı ilə, Bakı ilə gizli yazışmaları, sənədləri, o vaxtın qəzet məqalələri mənə çox maraqlı və həm də çox müasir göründü. Məmmədəmin Rəsulzadə ilə, Osmanlı rəsmiləri ilə məktublaşmalar mənə “Dumanlı Təbriz”in görünməyən tərəflərini daha aydın şəkildə göstərdi.

Təbrizin 1920, 1946, 1978-79-cu illərdəki təcrübəsi, gizlinləri indi də çoxlarının yuxusuna haram qatır.

Dumanlı Təbriz, üzü niqablı fədaidir.

Hər adama Təbriz öz həqiqi sifətini göstərmir.

O, gizliləri, qeybləri, dumanı sevib həmişə.

İnqilabların əsas şərti də elə budur.

- AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasında sədr müavınisiz. Təyinatınız, belə deyək, tam yerinə düşdü. Əvvəldən xəbərdar idiniz bu hadisələrdən?

- Şüraltımızda bir öncəgörənlik var. Görünür, şüuraltımız zəlzələləri öncədən hiss edirmış. Bu günlərdə komissiyanin yeni heyəti iclasa yığılacaq. Cari hadisələrə münasibət siyasi olmayacaq, məncə. Yazarlarımızdan fəal, günün mövzularına uyğun yazmağə tələb edəcəyik.

# 198 dəfə oxunub

Oxşar xəbərlər

Rəşid Behbudovun 110 illiyi qeyd edildi

Rəşid Behbudovun 110 illiyi qeyd edildi

11:06 16 yanvar 2026
Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi

10:50 16 yanvar 2026
Azərbaycanlı xanəndə İrandan Bakıya gələrkən saxlanıldı

Azərbaycanlı xanəndə İrandan Bakıya gələrkən saxlanıldı

10:25 16 yanvar 2026
"Youtube" uşaqlar üçün vaxt limiti tətbiq etdi

"Youtube" uşaqlar üçün vaxt limiti tətbiq etdi

10:19 16 yanvar 2026
Şöhlət İxtiyaroğlu: “Kitabların qiymətinin baha olması oxucuları narazı salır”

Şöhlət İxtiyaroğlu: “Kitabların qiymətinin baha olması oxucuları narazı salır”

18:34 15 yanvar 2026
Azad Qaradərəli: "O təşkilatın üzvü olmamışam, ölənəcən də olmayacağam!"

Azad Qaradərəli: "O təşkilatın üzvü olmamışam, ölənəcən də olmayacağam!"

17:32 15 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər