Gülnarə Xəlilovanın “Qarabağ” milli geyim kolleksiyası təqdim edilib

Modelyer Gülnarə Xəlilova

Modelyer Gülnarə Xəlilova

30 oktyabr 2021
# 10:15

Oktyabrın 29-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva bildirib ki, Zəfər Günü ərəfəsində doğma Türkiyədə də bayram əhval-ruhiyəsi vardır. Bu gün Türkiyə Cumhuriyyət Bayramının 98-ci il dönümünü qeyd edir. Bu münasibətlə Günay Əfəndiyeva Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının simasında Türkiyə dövlətini və xalqını təbrik edirb.

Kolleksiyada nümayiş etdirilən milli geyimlərin mədəniyyətimizdə xüsusi yeri olduğunu vurğulayan Günay Əfəndiya deyib: “Bu kolleksiya bir tarixdir, çünki, özündə Qarabağın 12 tarixi şəhərini birləşdirir. Kolleksiyanın hər bir geyimi Qarabağın bir bölgəsini təcəssüm edir və sanki, həmin bölgənin canlı obrazını yaradır. Təqdim olunan kolleksiya Azərbaycan xalqının yaddaşından silinməyən bir izdir, türk dünyasının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə-Qorqud” dastanından başlayaraq, yüzilliklər ərzində formalaşan milli adət-ənənələrin bərpası, mənəvi dəyərlərin yaşadılması, muğamların oxunması, qəzəllərin, rübailərin səslənməsidir.”

Qeyd edib ki, o zamanlar Ağabəyim ağa, Xurşidbanu Natəvan kimi Qarabağın ziyalı qadınları gözəl ornamentlərlə, naxışlarla, xüsusi elementlərlə bəzədilmiş, xalq yaradıcılığının bədii xüsusiyyətlərini özündə əks etdirən libaslardan istifadə etmişlər.

“Bu kolleksiya Qarabağın qayıdışına, bu unudulmaz hissləri bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza, şəhid və qazilərimizə bir ithafdır”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, kolleksiyanın tarixi bir gündə təqdim edilməsi rəmzi məna daşıyır. Qeyd edib ki, bir il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illər işğal altında qalan torpaları azad edərək Qarabağın tarixində yeni bir səhifə açıb. İndi Şuşa və Qarabağın digər rayonlarında quruculuq işləri aparılır, genişmiqyaslı layihələr həyata keçirilir. Uzun illər düşmən vandalizminə məruz qalan ərazilərin bərpası ilə yanaşı mədəni tədbirlər də keçirilir.

Qarabağın zəngin mədəni irsində geyimlərin xüsusi yeri olduğunu deyən Sevda Məmmədəliyeva bildirib ki, geyimlər hər bir xalqın mədəniyyəti ilə sıx bağlıdır. Geyimlərdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapır. Azərbaycanda qadım libasları, kələğayılar əlvan rənglərilə seçilib. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. O, Gülnarə Xəlilovaya “Qarabağ” kolleksiyasını hazırladığı üçün təşəkkür edib və yaradıcılıq işində uğurlar arzulayıb.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova söyləyib: “Apardığımız müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın milli geyimində Qarabağ libasları xüsusi yer tutur. Qarabağın geyim mədəniyyəti bizim milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir”.

Bildirib ki, “Qarabağ” kolleksiyasının tarixi Zəfər Günü ərəfəsində təqdim edilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.

Sonra “Qarabağ” geyim kolleksiyası nümayiş olunub.

# 2580 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #