Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli
19 iyun 2026
# 10:20

Kulis.az Nüsrət Kəsəmənlinin "Biri vardı, biri yox" şeirini təqdim edir.

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox…

Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə "evlən" dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: "biri vardı, biri yox!"

# 635 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər