Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri
23 sentyabr 2026
# 17:00

Bu gün tanınmış yazıçı, dramaturq Sabit Rəhmanın anım günüdür.

Kulis.az Məlahət Ağayevanın "Sabit Rəhman komediyalarında şəxsiyyət və cəmiyyət problemi" kitabından görkəmli şəxsiyyətlərin ədib haqqında fikirlərini təqdim edir.

Məmməd Arif, AMEA-nin həqiqi üzvü, tənqidçi-filoloq: “Sabit Rəhmanın komediyalarının sabit və dəyişməz bir cəhəti vardır ki, bu komediyaları həqiqi mənada müasirdirlər, dövrlə, sovet adamlarının işi, həyatı və marağı ilə möhkəm bağlıdırlar. Onlar güldürəndə də, düşündürəndə də nəcib məqsəd izləyir, kərəmovların, əliquluların, şəlalələrin fəaliyyət dairəsini məhdudlaşdırmağa, yalanı, xudpəsəndliyi, rüşvətxorluğu, qənimətçiliyi aramızdan yox etməyə kömək edirlər. Bizə Sabit gülüşü çox lazımdır”.

“Sabit Rəhman həyata yalnız yumorist gözü ilə yox, eyni zamanda vətəndaş, həssas bir insanpərvər gözü ilə baxmağı da bacrır. Hətta demək olar ki, bu baxış onda həlledici rol oynayır. Onun bir sıra əsərlərində lirizm yumora üstün gəlir. Sabitin yaradıcılığına xas olan bu keyfiyyəti hələ ilk əsərindən izləmək mümkündür”.

“Komediya müasirlik ilə daha geniş nəfəs alır, içtimai məsələləri konkret və tənqidi bir şəkildə qoymağa imkan verir. Komediyanın bu xüsusiyyətlərindən bacarıqla istifadə edən Sabit Rəhman bədii ümumiləşdirməyə, səciyyəvi hadisə və xarakterləri tipikləşdirməyə xüsusi əhəmiyyət verir. O, elə tənqid obyektləri seçir və təsvir edir ki, onlar özləri xarakter daşımaqla bərabər, müəyyən dövr üçün səciyyəvidirlər”.

Cəfər Cəfərov, AMEA-nin müxbir üzvü, teatrşünas alim: “Mirzə Fətəli Axundovun komediyaları Azərbaycan teatrının yaranması üçün ədəbi bünövrə oldu. Milli teatrın yaranışından əvvəl bu qədər mükəmməl realistik dram əsərlərinin meydana gəlməsi milli teatrların tarixində nadir hadisələrdəndir”.

“Komediya yazan müəlliflərimizin sayı artmış olsa da, Sabit Rəhman hələlik bizim yeganə komedioqrafımızdır, çünki komediya onun yaradıcılığı üçün daha çox üzvidir və onun istedadının xüsusiyyətini təşkil edir. Sabit Rəhman güldürə bildiyi kimi düşündürməyə də çalışır”.

“O illərin komedioqrafiyası “bütünlüklə həyatdan qidalanaraq mühüm ictimai hadisələr və məsələlər üzərində qurulurdu”.

“Sənətin bu şərəfli növünü millət üçün ən faydalı amil hesab edən dahi mütəfəkkir o zamankı tarixi şəraitdə “əxlaqi məsələlərin əldə edilməsi üçün ən səmərəli forma olan” komediyanı bütün dramatik janrlara tərcih edir”.

Mirzə İbrahimov, AMEA-nin həqiqi üzvü, Xalq yazıçısı: “Sabit Rəhman yaradıcılığı ədəbiyyatımızda çox orjinal bir hadisədir və irəliyə doğru böyük bir addımdır. Ona görə ki, o, komik üsullu dram əsərində bir bəzək kimi işlətmədi, sərbəst bir janr olaraq inkişaf etdirdi və sovet varlığının, zəmanəmizin sağlam komediya üçün, müsbət idealı ifadə edən komediya üçün bollu material verdiyini sübut etdi”.

İlyas Əfəndiyev, Xalq yazıçısı: “Mən həmişə Sabit barədə fikirləşəndə istər-istəməz teatr barədə fikirləşirəm. Sabit Rəhman və Azərbaycan teatrı – mənim üçün bu iki anlayışın arasında ən sıx yaxınlıq var...”.

Anatoli Qlebov, rus dramaturqu: “Sabit Rəhmanın dramaturgiyasında, komedioqraf üçün yüksək keyfiyyət olan xarakterlər və vəziyyətlər komediyasının vəhdət təşkil etməsi böyük əhəmiyyətə malikdir. Bu mənada Sabit Rəhmanın komediyalarında qaynar nikbinliklə dolu olan gənc Şekspir komediyasının ruhu duyulur”.

Kazım Kazımzadə, Xalq rəssamı: “Sabitin özünün “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Hicran” və başqa komediya əsəri ilə bir çox satirik hekayələri ilə Azərbaycan xalqının hüsn-rəğbətini qazanmış və Azərbaycan ədəbiyyatında özünəməxsus görkəmli yer qazanmış böyük bir sənət məktəbi yaratmışdır”.

Leyla Bədirbəyli, Xalq artisti: “Mən teatra gəldiyim ilk günlərdən Sabit Rəhmanın komediyalarında iştirak etmişəm. “Xoşbəxtlər”, “Aydınlıq”, “Əliqulu evlənir”, “Toy” və “Yalan” tamaşalarında bir-birindən fərqli, maraqlı surətlərlə qarşılaşmışam. Bütün görkəmli dramaturqlar kimi Sabit Rəhman da teatra çox bağlı idi. Sabit həmişə teatrımızın yaradıcılıq məsələlərində, bədii şura yığıncaqlarında, baxış tamaşalarında və təntənələrimizdə iştirak edir, teatra təmənnasız kömək edir, müvəffəqiyyətlərimizlə sevinir, kəsirlərimizdən məyus olurdu”.

“Sabit Rəhman yaradıcılığında klassik komediya məktəbinin realist ənənələri özünü aydın göstərir. Onun komediyalarının ideya-bədii əhəmiyyəti, tərbiyəvi gücü çox qüvvətlidir. Bunlar həqiqi sənət əsərləridir. Sabit Rəhmanın sənətkarlıq qüdrəti, istedadının dərəcəsi, həyat müşahidəsi, mədəni səviyyəsi komediya janrında yaratdığı əsərlərində öz əksini tapmışdır. Bu komediyalar cəmiyyətimizin inkişafına mane olan hər nə varsa, hamısını ifşa etmək məqsədi daşıyır”.

Anar, Xalq yazıçısı: “Sabit Rəhmanın satirik istedadı onun yaradıcılığının tam açılmamış, açıla bilməmiş qatıdır. Bunun bir səbəbi də tənqidin Sabit Rəhman sənətini müəyyən illərdə, dövrlərdə yanlış qiymətləndirilməsi, düzgün yazmaması, haqsız damğalanması ilə bağlıdır. Bu gün bizə qəribə gəlir ki, Sabit Rəhmanın “Toy” əsəri vaxtilə cahil hücumlara məruz qalıb. Bundan sonra da Sabit Rəhmanın demək olar ki, elə bir komediyası yoxdur ki, tamaşaçılar tərəfindən böyük rəğbətlə, tənqid tərəfidən çoxlu iradlarla qarşılanmasın. “konfliksizlik nəzəriyyəsi” hökm sürən dövrdə Sabit Rəhmanı konfliktlərinin kəskinliyinə görə təqsirləndirmişlər, “konfliksizlik nəzəriyyəsi” aradan çıxandan sonra isə yazıçını əsərinin konfliktsizliyinə görə qınamışlar”.

Arif Səfiyev, filologiya elmləri doktoru: “Sabit Rəhmanın komediyalarında bəzən söz və atmacalar vasitəsilə gülüş doğurmaq hallarına təsadüf edilsə də, burada komiklik əsasən konflikt və xarakterin mahiyyətində ifadə olunur. Onun komediyalarında həyat hadisəsinin komikliyi bir də surətlərin janrın spesifikasına uyğun bədii vasitələrlə tipikləşdirilməsi və ümumiləşdirilməsi ilə açılır. Müəllifin istifadə etdiyi bədii mübaliğə, qrotesk, hiperbola, şüurlu surətdə şişirtmə, kəskinləşdirmə və s. vasitələrini xüsusi qeyd etmək lazımdır. Həm də Sabit Rəhman yalnız mənfi surətləri deyil, müsbət surətləri də müvafiq vasitələrdə tipikləşdirir və beləliklə də, komediyaların üslubi tamlığını təmin etməyə çalışır. Müasirlik və ideyalılıq Sabit Rəhman dramaturgiyasının əsas keyfiyyətidir. Sabit Rəhman konflikt və xarakteri komik vəziyyətlərdə və intriqalarda açmaq cəhədən ustad dramaturqdur”.

Sofa Bəsirzadə, Xalq artisti: “Görkəmli komedioqrafımız nəinki dövrünün, hətta özündən sonrakı dövrlər üçün də səslənə bilən mövzulara toxunmuş və görkəmli komediyalar yaratmışdır. Mən çox xoşbəxtəm ki, Sabit müəllimin əsərlərində oynamışam”.

Süleyman Ələsgərov, Xalq artisti, bəstəkar: Yazıçı-dramaturq Sabit Rəhmanla yaradıcılıq əlaqəm 1947-ci ildən, “Ulduz” musiqili komediyası üzərində işlədiyim vaxtdan başlayır. Azərbaycan teatrının inkişafına xidmət edən dramaturqlar arasında öz səsi, dəsti-xətti ilə tanınan Sabit Rəhmanın “Ulduz” musiqili komediyasının librettosu ilk oxunuşdan mənim diqqətimi cəlb etdi. Hər pərdənin musiqisi tamamlananda mərhum rejissor Şəmsi Bədəlbəyli və Sabit Rəhmanla birlikdə görüşüb məsləhətləşirdik”.

Mehdi Məmmədov, Xalq artisti, rejissor: “Satira və yumorun ciddi gülüş kimi vacib prinsipi Sabit Rəhman yaradıcılığının əsas xüsusiyyətlərindən birini təşkil edir. Bu xüsusiyyət tam mənası ilə hakim olduğu hallarda müəllif zəhməti səmərəli, müvəffəqiyyətli bəhrələr verir. Demək olar ki, Sabit Rəhmanın gülüşü ciddiyyətdən, realizmdən ayrı deyildir. Onun qələmi keyfiyyətli və uzun ömürlü əsərlər yetirmişdir. Onlar təbii ki, fitri istedad çeşməsindən çağlayıb gələn əsərlərdir...”.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
Məşhur aktyordan süni intellekt açıqlaması

Məşhur aktyordan süni intellekt açıqlaması

15:30 23 sentyabr 2026
Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu

Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu

15:04 23 sentyabr 2026
Zər atıb musiqi yazan dahilər - Səs-küy, yoxsa sənət?

Zər atıb musiqi yazan dahilər - Səs-küy, yoxsa sənət?

14:30 23 sentyabr 2026
Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

14:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər