Ən yaxşı it - Zeynəb Əliqızının hekayəsi

Ən yaxşı it - Zeynəb Əliqızının hekayəsi
8 dekabr 2023
# 12:20

Kulis.az Zeynəb Əliqızının "Ən yaxşı it" hekayəsini təqdim edir.

Mən heç vaxt möcüzələrin varlığına inanmamışam. Həmişə hesab etmişəm ki, real həyatda möcüzə baş verə bilməz. Çünki möcüzə reallıqdan uzaq bir şeydir.

Amma möcüzə oldu. Bunu mən öz gözlərimlə görüb şahid oldum: nəinki gözlərimlə gördüm, bu mənim öz başıma gəldi. Mən dönüb it oldum… Bütün reallıqlar, həqiqətlər və inamlar bir yanda qaldı. Hamını çaşdıra biləcək hadisə baş verdi. İnsanın bundan gözləri kəlləsinə çıxdı. Təəccüb və heyrət, qorxu hissləri bir-birinə qarışdı. Lakin olan olmuş, keçən keçmişdi. Artıq geri qayıtması mümkün olmayan bu hal indi mənim özüm üçün də müəmmadır, axı mən insan övladı, insan idim…

Mən qadın idim. Gözəl, göyçək, yaraşıqlı və qabiliyyətli bir qadın. Amma bundan əvvəli də vardı, mən yaraşıqlı, sevilməyə layiq bir qız idim. Sevilmək üçün insanda nələr varsa, məndə də onlar vardı…
– Ay it, dur itil burdan!..

Bir dəqiqə… Mən əsl köpəklər kimi özümü tənbəlliyə vurdum. (Bunu deməyi unutmuşam: mən köpəyə çevrilmişəm.) Saymazyana nəzərlərlə mənə bu sözləri deyən İnsana baxdım. Sonra ağır bir hərəkətlə yerimdən qalxdım. Bu zaman hətta əsnədim də. Yəni heç saymıram səni. İstəsəm, durmaram burdan. Dədənin yeridir oturmuşam?.. Mən də sənin kimi… Yoox… İndi sənin kimi olmasam da, hər halda, evində oturmamışam… Amma durdum.

Keçib küçənin bu biri tərəfində özümə yer elədim.

Nə isə. Hə, onu deyirdim axı, mən qəşəng bir qız idim. Bəxtim gətirmədi. Yox, narazılığım da yox idi, yaşayırdım də. Yeyirdim, içirdim, işləyirdim. İş ondadır ki, mən belə-belə işləri həyat adlandırmırdım. Mənə elə gəlirdi ki, insanın həyatda bir qeyri-adi nişanəsi olmalıdır. Çünki yeyib-içmək, gəzişmək, doğub-törəmək və ölüb getmək elə heyvanlar üçün də var.

Belə oldu ki, mən bir heyvana (aman Allah!) ürcah oldum. Onunla evləndik. Bir yerdə yaşamağa başladıq. Bu, az müddət deyildi. Mən bəxtimdən narazı deyildim. Lakin getdikcə onun qəribəlikləri üzə çıxmağa başladı. Daha doğrusu, əvvəllər mənə məlum olmayan xarakterləri təzahür edirdi. Sonralar o məni insan kimi qəbul etmədi… Başıma gələnlərin hamısını təfərrüatı ilə xırdalamağa (sözə çevirməyə) indi iqtidarım yoxdur… Nə isə. Bu kişi ərim olandan sonra gördüm ki, onun qadına münasibəti tamam ayrı imiş. O mənə bir əşya kimi baxmağa başladı. O dedi ki, bütün dünyada azad qadın yoxdur, hamısı kişidən asılıdır. Əgər sevginin azad olduğu ölkələri gəzib görsən belə, başa düşərsən ki, qadın bu kişidən qopub başqa bir kişinin qoltuğuna girir. Qadın heç kimdir, heç nədir, onun müstəqil yaşamağa imkanı yoxdur…

O məni alçaltdı, təhqir etdi, mənim qadın mövqesizliyimdən sui-istifadə etdi. Məni qulluqçuya döndərdi. Məni yaratmadığı halda, idarə etməyə başladı. Mənə hökm oxudu, cəza kəsdi. Məni həbsə atdı… Sonra mənim yediyimə heyifsiləndi. Məni artıq saydı, ucuzlaşdırdı, dəyərsizləşdirdi, mənə güldü… Gözlərini gözlərimə zilləyib mənə güldü, qəşş elədi… Mənə dedi ki, mən çörək alıb gətirməsəm, acından ölərsən… Mənə xəyanət etdi, özü kimi bir şərəfsizi götürüb evinə gətirdi və bununla məni başa saldı ki, ev onundur, özü bilər! Mən isə burada heç kəsəm!..

Münasibətlərimiz getdikcə dərinləşirdi. Aramızda sanki keçilməsi mümkün olmayan böyük bir uçurum əmələ gəlirdi. Mən daim həyəcan içərisində yaşayırdım, səksəkəli idim. İnsanın bu qədər laqeydliyini, etinasızlığını ilk dəfə idi ki, belə yaxından görürdüm. Mən ona könlümü vermişdim… Həyatımı, taleyimi etibar etmişdim. İllərimin, əriyən gəncliyimin puç olub gedəcəyi xəyalıma da gəlməzdi. Onu həyatım qədər sevirdim. Ona “Həyatımsan” deyirdim. Onun acı sözləri, donuq hərəkətləri damarımda qanımı dondururdu. Bilirdim ki, aldanmışam. Amma gec idi, hər şey bitmişdi. Onun bumbuz soyuqluğunun səbəbini isə anlamırdım. Gözləyirdim ki, hər şey düzələcək, yoluna düşəcək. Lakin getdikcə öz həyatımın kölgəsinə çevrilirdim. Sanki bu evdə qadın yaşamırdı. Onun pal-paltarı, bəzək-düzəyi, səliqəsi olmamalı idi. Sanki belə şeylərə ayrılan vaxt ömrün mənasız bir hissəsi imiş. Aramızda yaranan buzun heç vaxt əriməyəcəyinə artıq şübhəm qalmırdı. O, yeknəsəq, kortəbii bir həyat sürürdü. İşdən gəlib yeyib-içir, sonra dinməz-söyləməz divanda uzanaraq televizorun pultunu əlinə götürürdü. Mən karıxıb qalırdım. Hər dəfə bu barədə söz salmaq istəyəndə ağzımdan vururdu. Elə kəlmələr işlədirdi ki, mən yerimdəcə qalırdım, deməyə sözüm olmurdu.

Qəribə bir rəsmiyyət yaranmışdı aramızda. Mənim bu rəsmiyyəti qırıb tökməyə nə cəsarətim vardı, nə də imkanım. O, evdə olanda özümü üzücü halda hiss edirdim. Kiminləsə, bir qohum-tanışla telefonla danışmaq məcburiyyətində qalanda bunu çox qısa, konkret edirdim. Hərdən söhbətlərimizdə ona eyham vururdum ki, darıxıram, işləmək istəyirəm. Belə söhbətlərimiz çox az hallarda baş tuturdu. O, buna şərait yaratmırdı. Bütün günü ürəyimdə, öz-özümlə danışırdım. Gülməyi artıq unutmuşdum… Səsimi çıxarıb ondan nəsə soruşanda səsim özümə qəribə gəlirdi. Mən sanki danışmırdım, civildəyirdim.

Evdə tək olanda vəziyyətimi götür-qoy edirdim. Hər gün onun paltarlarını təmizləməyim, ütüləməyim məni usandırmışdı. Bu işlər bir öhdəliyə dönmüşdü. Onun ayaqqabılarını təmizləməyi isə heç istəmirdim. Elə bil mən elə bu işlər üçün doğulmuşdum. Üzüyola yetim uşağa dönmüşdüm. Elə bil küçələrdən tapılmış bir səfil idim. Sanki yad bir şəhərdə və ya ölkədə yaşayırdım. Qohumlarımla əlaqəm yox idi. Bu barədə qohumlarımdan kimsə nəsə soruşanda deyirdim ki, “xasiyyəti ağırdır, gediş-gəlişi sevmir”. Bu vəziyyətə dözə bilməyim necə qəribə idi… Artıq azadlıq, sərbəstlik mənim üçün alınmaz bir qalaya, əlçatmaz bir zirvəyə dönmüşdü. Yaxınlıqdakı mağazadan çörək almağa gedən ərli qadınlara qibtə edirdim. Onları görəndə sinəmdən dərin bir ah qopurdu… Amma bu “ah” məni yüngülləşdirmirdi. Əksinə, halımı bir az da ağırlaşdırırdı. Mən hiss edirdim ki, çiyinlərimdə, köksümdə daşıya bilmədiyim ağır bir yük var. Mən qismətimə, tale payıma baxıb səssiz-səmirsiz ağlayırdım. Hönkürdüyüm vaxtlar da olurdu. Arxayın idim ki, məni onsuz da heç kəs eşitmir. Bilirdim ki, istədiyim qədər ağlayıb ürəyimi boşaltmağa heç kəs mane olmayacaq. Amma boşalmırdı ürəyim.
Bədənimdəki ağırlıqlardan cana doymuşdum. Hiss edirdim ki, hərəkətlərimdə də, davranışımda da ağırlıq var. Sürətlə qocalırdım… Ömrümün bahar anları tezliklə saralıb-solan payıza dönürdü. Amma bu payız nağıllarda təsvir olunan qızılı, barlı-bəhərli deyildi…

Mən ömrümü nakam yaşayırdım. Məni daha çox düşündürən isə bu idi ki, görəsən, çəkdiklərimin səbəbi nə olmuşdu? Bu sual hətta çıxış yolu aramağıma mane olur və fikirlərimi hədsiz məşğul edirdi. Günahı özümdə aramağa başlayırdım. Tapmırdım. Mənim ötüb keçən ömrüm acı bir təəssüfdən başqa heç nə deyildi. Getdikcə ətrafımda hər şey donur və məni üşüdürdü. Elə bil buz yığını içərisinə düşmüşdüm, onu əritməyə isə yalnız nəfəsim vardı…

Axşamlar lap darıxırdım. Gündüz ev-eşiklə, iş-güclə başım qarışırdı. Həm də gündüz bilirdim ki, evdə təkəm, öz-özümlə danışmayacaqdım ki?! Axşam düşəndə isə artıq onun evə dönməsini istəmirdim. Bir evdə vur-tut iki nəfər olasan, insan səsi eşitməyəsən… Axşamın düşməsini heç sevmirdim…
Bir dəfə gecə vaxtı mənimlə dalaşdı. Sonra məni evdə tək qoyub çıxıb getdi. Mən pəncərənin qarşısında səhərədək dayanıb göz yaşı tökdüm. Həmin gecə bayırda möhkəm külək əsirdi. Pəncərənin altındakı iri söyüd ağacı az qala qırılıb töküləcəkdi. Mən bu söyüdün küləyə necə müqavimət göstərməsinə tamaşa edirdim. O, sanki küləklə dalaşırdı, küləyə gah sinə gərir, gah da onunla bacarmırdı. Budaqları bir-birinə dolaşır, yarpaqları şiddətdən tökülürdü. Biçarə ağac özünü hara gəldi çırpırdı. Elə bil saçlarını yolurdu… Mən ona baxa-baxa düşünürdüm. Nə edəcəyimi fikirləşirdim. Bir yol tapa bilmirdim. Utanırdım. Başıma gələnlərdən heç kəsin xəbəri yox idi. Özümü elə göstərirdim ki, guya xoşbəxtəm…

Başımın üstündə bir ağırlıq hiss etdim. Nəmli gözlərimə qaranlıq çökdü… Dustağı olduğum bu mənzilin pəncərəsindən bir də bayıra baxanda səhərin ala-toranında küçədə bir it gördüm. İt sərbəst idi…

“İlahi, məni bir itə döndər! Mənə yazığın gəlsin! Mən artıq insan kimi yaşamaq istəmirəm! Qurtar məni bu zillətdən…”

Allaha həmin gün daha nələr dediyimi unutmuşam…
– İtə bax! Adam kimi yolu yaşıl işıq yananda keçir. Hi-hi-hi-hi.

Bunu deyən bir məktəbli oğlandır…

Qoy desin, o, hələ balacadır, adam kimi yaşamağın çətinliyini görməyib. Həm də yazıq hardan bilsin ki, mən əvvəllər… Nə isə. Amma it kimi də yaşamaq asan deyilmiş… Səni it kimi daim burdan-ora, ordan-bura qovurlar. Uşaqlar sənə sataşır, daş atır, muşqururlar. Bəzən saatlarla zibilliklərdə eşələnməli olursan… Yox, bundan danışmamaq yaxşıdır. Amma onu deyim ki, başına itin oyunu açılan insan itdən betər gündədir… Mən həmin gecə oturub onu gözləməli oldum. Əlbəttə, artıq hiss edirdim ki, görkəmimdə dəyişiklik var. Bədənimin gözəl, qızılı rəngdə məxmər kimi tüklə örtüldüyünü görürdüm. İlahi, bütün bunlar nə idi?! Amma nədənsə məni dəhşət bürümürdü… Özümü bütünlüklə görməkdən ötrü istəyirdim güzgüyə baxam, çəkinirdim, üşənirdim… Buradan tez çıxıb getmək, yox olmaq istəyirdim. Lakin qapını açıb bayıra çıxmaq lazım idi…

O, evə qayıdanda artıq səhər açılmağa başlamışdı. Hava güclə işıqlaşırdı. İçkili idi. Qapını açarla açıb içəri keçdi. (O, heç vaxt qapını döymürdü.) Sonra hirslə onu çırpdı. Amma kilidləmədi. Bu ya Allahın işi idi, ya da… onun içkili olmasının səbəbindən idi. Hər halda, bəxtim gətirmişdi. O, yataq otağına keçib əynini dəyişməyə başlayanda mən dəhlizə qaçdım. (O, evə gələndə məni axtarmazdı. Mənə salam verməyi artıq sayırdı.) Təbii ki, addımlarım indi çox səssiz idi. Amma onun zəhmi bağrımı elə yarmışdı ki, mən indinin özündə də onu görəndə uçunurdum. Ağlıma gəlmirdi ki, o, evində qəfil itlə qarşılaşsa, onun kim olduğunu ömründə bilməyəcək. Guya bunun da üstündə məni danlayıb məzəmmət edəcəkdi… Əksinə, hələ bir az qorxacaqdı da… Sonra təbii ki, məni axtarıb bu itin onun evində haradan peyda olmasını soruşacaqdı… Amma bütün bunlar baş vermədi. Mən, dediyim kimi, olduqca yüngül və iti addımlarla dəhlizə qaçdım. Qapının dəstəyini dişlərimlə möhkəmcə sıxıb aşağı əydim. Qapı açılan kimi, cəld onun arxasına keçib eynilə bayaqkı kimi şaqqıldatdım… Bu da ona cavab! Qapını belə də çırpmaq olarmış! Bayıra məhz bu cür, birdən-birə düşməyimlə nələrlə qarşılacağımı bir anlığa unudub ilk növbədə azadlığımı hiss etdim! Bu mənə ləzzət elədi. Onu görəndə qorxu və həyəcandan çırpınan ürəyim indi başqa bir həyəcana tab gətirməyib şiddətlə döyünürdü. Axı mən nə etmişdim!? Məgər bütün bunları mənmi etmişdim?.. Mən sadəcə, dua etmişdim və… İlahi! Bütün duaları beləcə qəbul etmək olar?! Bütün istəkləri beləcə reallaşdırmaq mümkündürmü? Bəs əgər mən xəstə həyatımın yaxşılaşmasını, sağalmasını arzulasaydım, görəsən, xoşbəxt ola bilərdimmi? Deyəsən, ağlım çaşıb… Mən bu barədə azmı dua etmişdim? Amma şükür, yenə buna şükür, Tanrı bəlkə də bundan betərindən saxladı. Bəlkə də məni sınağa çəkdi ki, sonradan qismətim olub, insan olsam (mən kövrəlmişəm), insanlara deyim ki... özünüzə pis şeylər arzulamayın…
– Ay it, cəhənnəm ol! Yer tapıb də!

Mən zingildədim. Bəzən belə də olur, neyləyəsən? Amma buna çarə var; indi mən itəm axı!
Hərdən elə olur ki, eynən insan kimi, öz aləmimə qapılıram. Sakit bir guşə tapıb ora çəkilirəm. Əldən-ayaqdan uzaq oluram. Doymuşam bu cəmiyyətin içindəki həyatdan. Amma həyatın özündən doymaq olmur. Lap it kimi yaşasan belə… İnsan olanda qayğın çox olur. İtə nə var ki? Onsuz da insan kimi də dərdimi bölüşməyə bir kəs tapmırdım. İstəyirdim ki, başımı götürüb ölkədən gedim. Amma gedəcəyim yerlərdə də başıma nələrin gələcəyini bilmirdim. Buna görə dözməli idim. Gözləniləcək yaxşı bir şey isə yox idi. Həyatım indiki həyatımdan az fərqlənirdi. Həm də onda adım insan idi, özüm isə yekə bir Uzunqulağın iti idim. Onu da deyim ki, heç bir it uzunqulağın iti olmaq istəməz. Atın yanında it olmaq olur, uzunqulağın yox… Onun işləməkdən və yeməkdən başqa duyğusu olmur. O, sədaqəti və dostluğu anlamır… Bir sözlə, yükləyib…
– Ay, nə qəşəng itdir bu! Aparaq da onu evimizə! Nə olar, anacan?

Mən “gülümsədim”. Əhvalım bir anda yaxşılaşdı. Gözlərimi məmnuniyyətlə qırpdım. Görəsən, Yer üzündə uşaq səmimiyyətindən başqa bir reallıq varmı? Eeh, məmnuniyyətlə gedərdim sizə, balaca! İstərdim ki, it kimi saxlayasan məni…
– Yox, nə vaxt istəsən, gəlib oynayarsan onunla. Burda oynayarsan, daha evə aparmaq niyə?
– Onu saxlasaq, nə olar ki?
– Biz nə bilək ki, o, kimin itidir? Bəlkə axtarırlar onu, sahibi var. Bu heç sahibsiz itə oxşamır… Əvvəllər onu buralarda görməmişəm. Elə bil evdən çıxıb… Necə də qəşəng, tumarlıdır. Ola bilsin ki, sahibinin üzünə ağ olub, onu qovub evdən… Elə olsa, bizi də dişləyər axı. Gərək ehtiyatlı olasan. Elə bilirsən ki, hər bir itə etibar etmək olur?

Düz deyirsən, əzizim! Lap ürəyimdən xəbər verdin! Amma nolaydı, kaş dilə gəlib deyə biləydim: bəs hər bir insana necə, özünü etibar etmək mümkündürmü?!.

Əfsus! Neynim? …Hərdən ürəyimdən dönüb təzədən insan olmaq keçir. Amma evsiz-eşiksiz, yurdsuz-yuvasız insan olmaq asan deyil. Ona heç insan da demirlər… Elə buna görə də gecələr yalqız bir yerə çəkilib həzin-həzin ulayıram…

# 606 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı fotoqrafın sərgisi keçiriləcək

Azərbaycanlı fotoqrafın sərgisi keçiriləcək

17:50 1 mart 2024
Türkiyənin məşhur qrupu Bakıya gəlir

Türkiyənin məşhur qrupu Bakıya gəlir

17:30 1 mart 2024
Aydın Dadaşov yaddaşlarda - ANIM

Aydın Dadaşov yaddaşlarda - ANIM

17:25 1 mart 2024
Gəncə Dövlət Filarmoniyasında “Musiqi kimliyimiz”  layihəsi baş tutdu

Gəncə Dövlət Filarmoniyasında “Musiqi kimliyimiz” layihəsi baş tutdu

17:00 1 mart 2024
Nizami Gəncəvinin portretini yaradan ilk rəssam - Mirzə Cəlil ona nə dedi?

Nizami Gəncəvinin portretini yaradan ilk rəssam - Mirzə Cəlil ona nə dedi?

16:16 1 mart 2024
"Avroviziya" nədir? - Müsabiqənin builki təfərrüatları

"Avroviziya" nədir? - Müsabiqənin builki təfərrüatları

16:15 1 mart 2024
#
#
# # #