Elnur Mehdiyev: "Əlixanın filmində pedofillik var" - Müsahibə

Elnur Mehdiyev

Elnur Mehdiyev

2 may 2025
# 09:00

Kulis.az aktyor və rejissor Elnur Mehdiyevlə Ülvi Bahadırın müsahibəsini təqdim edir.

— Adətən, sənət adamları istəmir ki, övladları onların sənətini davam etdirsin. Atanız Cahangir Mehdiyev necə düşünürdü?

— Əlbəttə, o istəməsəydi, mən bu sənətdə olmazdım. Mən 4 yaşımda Moskva Kinematoqrafiya İnstitutunda olmuşam. Atam 5 il oxuduqdan sonra təhsilini Moskvada davam etdirib. O, orda təhsil alarkən mən daima onun yanında olmuşam. Bu günə kimi hər şeyi, həmin atmosferi xatırlayıram. Bu sənəti sevməsən, burada ola bilməzsən. Məhəbbət sevgi olan yerdə çətinlik olmur.

Sizin aktyor kimi ilk işiniz “Kişi sözü” filmində olub. Necə oldu ki, sizin çəkilməyinizə qərar verdilər?

— O film 1987-ci ildə çəkilib. Mənim onda 11 yaşım vardı. Atam ssenari üzərində işləyəndə sual vermişdim ki, mən hansı obrazı yaradacam bu filmdə? Dedi ki, sən baş qəhrəmanın dostusan. Dedim, dostam, amma bir cümləm yoxdu. Dedi ki, sənin cümlən elə baş qəhrəmana olan münasibətindir. Sözsüz dost. Əsl dostluq da sözlə ifadə olunmur. Bu səbəbdən də qərar verdi ki, sən daim onun yanında olmalısan. O sevinəndə sevinməli, kədərlənəndə kədərlənməlisən. Beləcə, velosipedçi oğlan obrazı yarandı.

"Kişi sözü" filmi:

Hər halda ilk iş olduğuna görə xeyli həyəcan olub?

Cahangir Mehdiyevin oğluyam deyə mənə o qədər diqqət yetirilirdi ki... Nazımla oynayırdılar. Orda bir qoca kişi vardı, adını xatırlamıram, daim mənim yanımda idi. Yedizdirirdi, nazımı çəkirdi. Mən də ona baba kimi baxırdım. Orda bir səhnə var, mən ağacdayam, Qasım milləti yığıb deyir ki, Həmin vaxt ağlamalı idim. Cahangir müəllim də mənə deyirdi ki, ağla, sən burda ağlamalısan. Mən də ağlaya bilmirdim. Başladım gülməyə. Hamı oturub məni gözləyir, mən də heç cür ağlaya bilmirəm. Birdən həmin kişi dedi ki, təsəvvür elə, mən ölmüşəm. Mən onda, həqiqətən, ağladım.

Cahangir müəllim də deyirdi ki, o film improvizsiyalarla zəngindir.

Orda uşaqlar qaçır, mənsə velosiped sürə-süonların yanından keçirəm. Bir neçə dəfə təkrar olunmalı idi. Mən də arıq uşaq idim, əziyyət çəkirdim. Axırda itələdim velosipedi ki, artıq yoruldum, mən dözə bilmirəm. Üçüncü dublda çəkilmək istəmirdim, fiziki cəhətdən tamam yorulmuşdum. Üzüyuxarı qaçmaq asan, velosipedlə qalxmaq isə çətin idi. Beləcə, dayandım, dedim ki, daha çəkilmirəm. Ümumiyyətlə, bu səhnəni istəmirəm. Onda dedilər ki, yaxşı, iki dubl kifayətdi.

Bəs necə oldu ki, aktyor kimi davam etmədiniz, rejissor oldunuz?

Bilirsiniz, rejissor, kinematoqraf olmaq daha çətindi, sənətin zirvəsidi. Piramida varsa, zirvədə kinematoqrafdı. Çünki bütün incəsənət növlərini özündə cəmləyir. Buna görə də mən rejissor sənətini seçdim. Kinematoqrafiya deyiləndə göz önünə rəssam, operator gəlir, amma əsas rejissordur. Düzdü, başqaları da var, komanda işidir. Amma rejissor filmin müəllifidir. Filmin bütün strukturunu o qurur. Rejissorun yozumuna görə film ərsəyə gəlir. Bütün komponentləri özündə cəmləyir və bir məfhum yaradır. Sənətin zirvəsi olduğuna görə çox qəlizdir. Nə qədər çətindirsə, o qədər maraqlıdır. Mən ona görə həmişə deyirəm, üç dünya var: real, yaşadığımız dünya, yuxu dünyası, bir də kinematoqrafiya dünyası.

Atanızın kölgəsində qaldığınızı düşünürsünüz?

Mən həmişə fəxr etmişəm ki, Cahangir Mehdiyevin oğluyam. Mən heç vaxt Cahangir Mehdiyev ola bilmərəm, hər zaman onun kölgəsində qalacağam. Onun adı mənim üstümdə olacaq və bu mənim üçün fəxrdi. Çalışmışam, həmişə desinlər ki, bu, Cahangir Mehdiyevin oğludur.

Onu keçməyə çalışmamısınız?

Yox, əsla! İstəsəm də, keçə bilmərəm. Ata bəlkə, düşünə bilər ki, övladım məni keçib. Amma övlad əsla bunu düşünməməlidir.

Cahangir müəllimlə birgə “Hacı Qara” filmini ərsəyə gətirmişik. Bu filmi çəkərkən, hətta mübahisələrimiz də olub. Hadisələrin başqa istiqamətdə cərəyan etməsini istəyirdim. Mən də müəyyən qədər istədiklərimə nail olmuşam. Dedim ki, biz xəsislikdən çox məhəbbətə üstünlük verək. Bir az mübahisə etdik, amma yenə də Cahangir müəllim məni eşitdi.

Orada mahnıları özünüz ifa eləmisiniz?

Bəli. Düzdür, biz müğənni deyilik, amma mahıları özümüz ifa etmişik. Bəstəkar da Arif Məlikovdur.

Film 1992-ci ildə çəkilib, bəs niyə 2002-ci ildə nümayiş edilib?

Ümumiyyətlə, o filmin problemləri çox oldu. Əslində, Hacı Qara filmini bir neçə dəfə çəkmək istəyiblər. Biz tilsimi qırdıq. İlk dəfə 1991-ci ildə filmin çəkilişlərinə başladıq və maliyyə problemləri yarandı.

"Hacı Qara" filmi

Bu filmin çəkilişi də Cahangir müəllimin təşəbbüsü ilə olub?

Yox. Əslində, o vaxt "Aydınbank" var idi. Onun sifarişi idi. Cahangir müəllimi dəvət etdilər. "Hacı Qara" filmi Almaniyada nümayiş olunmalı idi. Hazırlıq dövrü başlandı, prodakşn mərhələsinə keçəndə artıq materialın 80%-i çəkilmişdi. 20%-inə görə 10 il filmin çəkilişi yarımçıq qaldı. O vaxt bank bizi eşitmədi, bankrot oldu. Pulu bitdi. Tarixi filmlər böyük xərc tələb edir. Onlar xərcin bu qədər olacağını təsəvvür etməmişdi. Adi tələbə filmlərinə kifayət qədər vəsait xərclənirdi. Bank dedi ki, bizdə artıq pul yoxdur, davam eləyə bilməyəcəyik.

10 il müddətində Cahangir müəllim dəfələrlə müraciət etdi, heç bir nəticəsi olmadı. Polad müəllim nazir olandan sonra ona da müraciət olundu. Kinozalda materiala baxdı. Dedi, demək olar ki, filmin çox hissəsi hazırdır. Və dövlət tərəfindən maliyyə ayrıldı, nəhayət, yekunlaşdırdıq. Mənim üçün çətin idi, 10 ildə xeyli kökəlmişdim. Əsgər bəy və Səfər bəy obrazlarını oynayan aktyorlar da. Məlik Dadaşov rəhmətə getmişdı. Oturduq, düşündük ki, onu necə əvəz edəyəcəyik. Bir-iki səhnəsi qalmışdı. Erməni obrazını canlandırırdı. Birtəhər... başqa aktyor seçdik, üzünü gizlətdik, axır, ayrı-ayrı fəndlərlə işi tamamladıq. Ümumiyyətlə, Cahangir müəllim musiqili komediya janrında film çəkən yeganə rejissor idi.

Həmin müddətdə "Məhəbbətin hökmü" filmi çəkdiniz və Naibə xanım da fahişə obrazını canlandırdı. Adətən, bizdə rejissorlar mental məsələlərə görə belə filmlər çəkmək istəmirlər.

Bəli. "Fosforlu Cevriye" romanı əsasında. O film həm də mənim diplom işim idi. Televiziya formatında çəkilib. Çəkinmək lazım deyil. Niyə çəkinim? Kinematoqrafiyada müəlliflik anlayışı var. Sənə cəmiyyət maraqlıdır. Mövcud problemlərin həlli yollarını tapmağa çalışırsan. Bələdçi rolunu oynayırsan, yol göstərirsən. Fosforlu Cevriyə də insandı. Nə olsun ki, fahişədir? Hamı isti münasibət axtarır.

"Məhəbbətin hökmü" filmi

Dövrünə görə cəsarətli səhnələr var.

Əlbəttə, biz orda kontrast yaratmağa çalışdıq. Əsas obrazlardan biri soyuqqanlı, heç kimə uyuşmayan bir şəxs idi. Onların kontrastı çox maraqlı idi. O, çox soyuq, qadınsa mehriban, istiqanlı. Özüm də polis əməkdaşını canlandırmışam.

Məncə, ən uğurlu işiniz "Sifarişçi"dir.

Natiq Rəsulzadə ilə filmin üzərində xeyli işlədik. İlk variant hazır idi. Onun hekayəsi əsasında çəkilib. O vaxt ilk dəfə hekayəni oxuyanda, qadınla xəstə kişinin münasibətini anlamırdım. Konsepsiya dəyişdi. Natiq Rəsulzadə əvvəl mənimlə razılaşmırdı. O film də ağır xəstəliyi olan bir insandan bəhs edir. O, artıq ağrılara dözə bilmir və öz ölümünü sifariş edir. Ölməzdən öncə keçmişdə sevdiyi xanımla görüşmək istəyir. Görüşdə qadına yaşadıqlarını, ağrılarnı etiraf eləyir. Qadın onu alçaldır. Deyir ki, mən kişi yanına gəlmişəm. Onu sındırıb çıxıb gedir. Killer bunu aparıb öldürür. Hekayə bundan ibarət idi. Mən bəyənmədim, çünki onu öldürmək istəmirdim. Onsuz da bu adam xəstədi, öləcək. Qadını dəvət eləyir ki, sonuncu dəfə onu görsün, halallıq alsın. Mən onu da dəyişdim, düşündüm ki, bütün bunları etiraf eləməsi düzgün deyil. O killerə etiraf eləyir. Mən qadını orda mənfi obraz kimi təqdim eləmək istəmədim. Qadın zərif məxluqdur. İnsanın mübarizəsini göstərmək istədim. Killer də axırda onu öldürmək istəmir, çünki killeri də tam antoqonist göstərmək istəmədim. Personajlarımı sevirəm. Silah uğrunda mübarizə gedir orda. Xəstə adamın gücü o qədər artır ki, ölmək istəmir. Killer durub baxır ona. O, silahı alıb suya atır. Killer həqiqəti bilirdi, əvvəldən ona xəstəliyi barədə danışmışdı. Necə öləcəyini demişdi.

"Sifarişçi" filmi

Ağ-qara formatın səbəbi nə oldu? Bu da sizin ideyanız idi?

Əlbəttə. Ağ-qara klassikadı. Həyatda da ağla qara mübarizədədir.

Film Ağəli İbrahimovun evində çəkilib. Çəkiliş zamanı mən fikirləşirdim ki, filmi hansı səhnə ilə başlayım. Bilirdim ki, intriqa ilə başlamalıyam. Evdə tutuquşu var idi. Qərara gəldim ki, filmə onunla başlayım. Amma qəfəsdə tutuquşu yox, bülbül olmalı idi. Buna görə filmin direktoru ilə aramızda elə böyük mübahisələr düşdü ki... Dedi, mən tapa bilmərəm. Dedim ki, tapmalısan, sarı rəngli balaca quşdur. Zəng elədim Eldar Quliyevə, onda “Debüt”ün rəhbəri idi. Dedim, filmi bununla başlamalıyam, o quşu tapacaqlar, başqa söhbət ola bilməz. Eldar Quliyev mənə dəstək oldu. Quşu gətirdilər, çəkilişi onunla başladım. Quşun qəfəsdə olması ilə qəhrəmanın daxili aləmini açmağa çalışırdım. Orda bir səhnə var, qəhrəmanı hamamda qıcolma tutur. Mən o anda quşu qəfəsdə göstərirəm. Quş bir metaforadır. Qəhrəman saat altıda evdən çıxmalı idi, killer onu gözləyirdi. O quşu qəfəsdən buraxır, yəni, azadlığa çıxır. Fikir bunula tamamlanır.

Kastinq necə keçdi?

Eldar Quliyev zəng eləmişdi. Fəxrəddin Manafovu çəkməyimi istəyirdi. O dövrlər Fəxrəddin Manafov çox məhşur idi. Amma onun siması fərqli idi. Bəlkə, qrimlə nələrsə eləmək olardı. Amma bu, elə də effekt verməyəcəkdi. Ötkəm müəllim bizim müəllimiz olub. Onun üz quruluşu, xarici görünüşü məni qane edirdi. Personaj və obraz fərqli anlayışlardır. Personaj xarici, obraz daxili əks etdirir. Ötkəm İsgəndərovdan istədiyimi tam ala bilməsəm də, müəyyən qədər aldım. Sonra aktrisa seçmək üçün AzDramaya gəldim. Mehriban Xanlarovanı özüm seçmişəm. Təbii ki, Eldar Quliyevlə də məsləhətləşirdim. Kazım Həsənquliyevlə isə bir üniversitetdə işləmişik. O, əsasən, komediya janrına uyğun idi. Amma mən onda killeri gördüm. Çox gözəl ifa etdi. Mehriban Xanlarova və Ötkəm İsgəndərovla çox məşq elədik. Amma Kazımla o qədər məşq etmədik. O, obrazını mən istədiyim kimi ifadə eləyə bildi. Onun siması, baxışları məni çox qane etdi. Beş dəfə ssenarini dəyişdik.

Əvvəldən bilirdiniz də film qısametrajlıdır?

— Bəli. Ayrılan maliyyə yalnız qısametrajlı film çəkməyə imkan verirdi.

Cahangir müəllim müsahibələrinin birində demişdi ki, “Kişi sözü”nün ikinci hissəsi çəkiləcək. Hətta rejissoru da siz olacaqsınız.

— Bəli. Oradakı oğlan baş qəhrəmana çevriləcək. İkinci Qarabağ müharibəsi mövzusu da ssenariyə daxil ediləcək. Tam şəkildə açıqlamaq istəmirəm. Hazırda ssenari üzərində iş gedir. Ssenarini atamla birlikdə yazırıq.

— Təklif atanızdan gəldi?

— Bəli. Atamla həftədə bir dəfə görüşürük. Ssenarini müzakirə edirik. İdeya fikir mübadiləsində formalaşdı. Söhbət zamanı dedim ki, mən belə bir şey düşünürəm. O da bəyəndi. Təəssüf, Əjdər İbrahimov rəhmətə getdi. Bircə Sənubər İsgəndərli sağ qalıb.

Filmin adına fikir verin - "Kişi sözü". Niyə "Kişi sözü"? Çünki filmin adı ideya daşıyıcısıdır. Söz verdin, əməl etməlisən. Amma “Kişi sözü 2” ideyası bizim möhtərəm prezidentin bir fikri var, ondan irəli gəlir:

"Mən bilirəm nə zaman nə edəcəyik".

O, həmişə o sözü deyib. Bu o deməkdir ki, hər şeyin vaxtı, zamanı var.”Kişi sözü2” filmi də bu fikirdən irəli gəldi. Bu o deməkdir ki, mən hər şeyin zamanını bilirəm. Mən dedim, mən etdim. Bizim prezident dedi və etdi. Bu, kişi sözüdür. Dedinsə, etməlisən. Həmişə Cahangir müəllim deyir ki, mən bu insana böyük rəğbət bəsləyirəm, ona görə ki, o dedi və etdi. Çünki sözünün ağasıdır. "Kişi sözü 1"də xanım söz verdi, etmədi. O da dedi ki, sən söz vermişdin, niyə etmədin? Bütün film bunun üzrindədir. Sən söz vermişdin, yerinə yetirmədin.

Cahangir müəllim də oynayacaq?

— Bəli. O da olacaq. Filmin rejissoru mənəm, bədii rəhbəri Cahangir müəllim. Məlum, əvvəl ssenari, sonra kinossenari, ondan sonra da rejissor ssenarisi yazılır. Üç mərhələdən ibarətdir. Hər şey loqlaynla başlanır. Loqlayn ilk ideya daşıyıcısıdır. Nəyin naminə mübarizə aparılır? Bu, bəlli olandan sonra ssenari yazılır. Hələ personajlar tam bəlli deyil.


Ümumiyyətlə, hansı rejissorların filmlərinə baxırsınız?

— Mən “Vətəndaş A” serialına baxdım. Təzəlikcə gənc rejissorların filmlərinin təqdimatında iştirak eləmişəm. Bu yaxınlarda “Səriyyə” filminin təqdimatında oldum. Prodüserlərə iradımı bildirdim. O film ayrı-ayrı epizodların birləşməsidir. Film məntiq üzərində qurulmalıdır. Filmin kostruksiyası epizodlardan ibarətdir. Kompozisiya epizodları birləşdirərək müyyən bir məfhum yaratmaqdır. Filmin sturukturusa həmin kompozisiyanı yaradan elementlərdir.

Əlixanın prodüserinə dedim ki, siz Azərbaycanda olmayan pedofiliyanı göstərirsiniz. Qırx yaşında kişi vurulur 10-12 yaşında qıza. Nəyə görə? Sualıma cavab varmı? Nə gördü, nə tapdı o qızda? Niyə o qız? Deyir, nə bilim? Hələ onu düşünməmişik. Rejissor hər şeydən əvvəl bunu düşünməlidir. Çünki bütün film bunların üzərində qurulub. Uşaq və otuz beş-qırx yaşlarında kişi. Orda məhəbbət var, sevgi var? Orda pedofillik var, vəssalam.

Son illər baxdığınız və bəyəndiyiniz hansı filmlər var?

— Filmə yox, seriala baxmışam. “Vətəndaş A” serialını çox bəyəndim. Dramaturji həll var. Bir seriyaya baxmaq kifayətdir ki, orda iş olub-olmamasını anlayasan. Operator işi daha qabarıq şəkildə görünür.

Siz xaricdə də tədbirlərdə olmusunuz. Kino sahəsində onlar ilə bizim hansı fərqlərimiz var?

— Azərbaycançılıq ideologiyası, məfkurəsi deyə bir anlayış var. Əslində, "məfkurə" sözünü ilk dəfə bizim möhtərəm prezidentimizdən eşitdim. Azərbaycançılıq ideologiyası bizim əsas fərqimizdir. 2014-cü ildən bizim üniverisitet konstruktiv olaraq dəyişdi. Yeni konsepsiya formalaşdırıldı. Mən müəllim kimi dəvət olundum. Biz təhsilə tamamilə başqa rakursdan yanaşdıq. 2019-cu ildə biz ilk uğurları əldə etdik. Beynəlxalq arenalarda üçüncü, dördüncü yerlərə layiq görüldük. Yavaş-yavaş tanınmağa başladıq. Sonra pandemiya başladı, durğunluq yarandı. 2022-ci ildən bütün gücümüzlə davam etdik. 2022-ci ildə Özbəkistanda keçirilən beynəlxalq festivallara tələbələrimizi təqdim etdik. O festivalların özəlliyi onda idi ki, bütün MDB ölkələrinin tələbələri iştirak edirdi. On gündə tələbələr ssenari yazıb, qısametrajlı film çəkib, montaj eləyib bədii film ərsəyə gətirməli idi. Bundan sonra da qiymətləndirmə olacaqdı. Hazır film aparılmırdı, orda çəkilidi. Hər bir şərait yaradılmışdı. İlk dəfə 2021-ci ildə iştirak etdik, dördüncü yerə layiq görüldük. Bu bizim üçün gözlənilməz nəticə idi. Mən o zaman çox sevinmişdim. 2022-ci ildə biz bir daha tələbələri həmin festivala göndərdik. Bu dəfə isə üçüncü yerə layiq görüldük. 2023-cü ildəsə paralel olaraq iki festivalda iştirak etdik. VGİK Beynəlxalq Tələbə Festivalına altı film təqdim etdik. Eyni zamanda Özbəkistanda da bir festivalda təmsil olunurduq. O festivalda Qran-Pri aldıq. VGİK-də Ən yaxşı bədii film nominasiyasını qazandıq.
Torpaqlarımızın işğaldan azad edilməyini Moskvada olarkən eşitdim. Bakıya böyük sevinclə qayıtdıq.

Təbii ki, 2024-cü ildə VGİK-ə yenidən dəvət aldıq. Bu layihədə bütün MDB ölkələri iştirak edirdi. Onların hamısı ilə rəqabət aparmaq çox çətin idi.

Mənə sual verdilər ki, necə oldu ki, siz orda Qran-Pri aldınız? Biz azərbaycançılıq ideologiyasını təmsil edirdik. Azərbaycançılıq ideologiyası üç əsas meyardan ibarətdir: vətənə sevgi, ailəyə sevgi və dostluğa sevgi. Sənətini sevən, dünyanı sevən yorulmaz. Mən sənətimi sevirəm, niyə yorulum? Dövlətimə sevgimi necə göstərməyim? İşini yaxşı gör, vəssalam.

Kino Agentliyinin fəaliyyətini necə qiymətləndirirsiniz?

— Hər şey təhsildən başlayır. Biz təhsildə öz sözümüzü demişik. 2024-cü ildə ən yaxşı sənədli nominasiyasında qalib olduq. Hazırda "Tədris-film" kinostudiyasının direktoruyam. Bizim kinostudiya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində yaranıb. Artıq bir neçə ildir fəaliyyət göstərir. İlk əməkdaşlığımız da ARKA ilə olub. 10 iyun 2024-cü ildə ARKA ilə müqavilə imzaladıq və tələbələrə dövlət dəstəyi ilə 167 min manat vəsait ayrıldı. Müqavilədə müəyyən məqamlar bizi qane etmədi və onların dəyişdirilməsi üçün müraciət etmişik. İnanırıq ki, nəticəsi də olacaq. Qayda belədir ki, əvvəlcə vəsait ayrılmalıdır, sonra tələbə filmi çəkilməlidir. Müqaviləyə görə isə biz filmləri ərsəyə gətirməliyik, ondan sonra vəsait ayrılmalıdır. Bu, belə olmaz. Biz əgər tələbənin inkişafını düşünürüksə, əvvəlcə maliyyəni ayırmalıyıq, ondan sonra film tələb eləməliyik. Birmənalı olaraq müqavilədə o hissələr dəyişilməlidir. Pulsuz necə filmi çəkəsən? Bizdə maddi-texniki baza o qədər də zəngin deyil. Biz hər il 20-ə yaxın film ərsəyə gətiririk. Yetərincə texnika olmalıdır ki, hamı istıfadə etsin. Mən demirəm ki, biz son model texnikadan istıfadə edək. Minimal texnikadan istıfadə edib Qran-pri qazanmışıq.

Keçən il iki ittifaq birləşdi və Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbər təyin olundu. Bu quruma münasibətiniz necədir?

— Müsbətdir. Hələ bu ittıfaqlar birləşməmişdən əvvəl biz Şəfiqə Məmmədova ilə əməkdaşlıq edirdik. 2017-ci ildə Rasim Ocaqov adına xüsusi tələbələr üçün təqaüd təsis etmişdi. Hər il bir operator, ya da bir rejissora Rasim Ocaqov adına təqaüd verirdilər. Hazırda da o əməkdaşlıq davam edir. Bu il 2024/2025-ci tədris ili üçün ilin tələbəsini seçdik. Onlar da hər ay həmin təqaüdü bizim tələbəmizə verəcəklər. Xırda olsa da, bu da bir nailiyyətdir. Kino ittifaqı bizim bəzi müəllimlərimizin dərs vəsaitlərini öz hesablarına dərc edib.

Çəkmək arzusunda olduğunuz film var?

— “Kişi sözü 2”filmi.

# 1187 dəfə oxunub

Oxşar xəbərlər

Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma

Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma

18:51 2 may 2025
Onlar dünyanı dəyişdirdi - Ən məşhur 5 yəhudi

Onlar dünyanı dəyişdirdi - Ən məşhur 5 yəhudi

18:45 2 may 2025
Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz

Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz

18:15 2 may 2025
Yeni müsabiqə:  "Vaqifə məktub"

Yeni müsabiqə: "Vaqifə məktub"

17:56 2 may 2025
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu qoyuldu

Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu qoyuldu

17:55 2 may 2025
Xaricdə təhsil adı ilə insanları necə aldadırlar? - Bu şirkətlərlə ehtiyatlı olun!

Xaricdə təhsil adı ilə insanları necə aldadırlar? - Bu şirkətlərlə ehtiyatlı olun!

16:50 2 may 2025
# # #