Gözbağlıca oyunu - Azər Ərzinin hekayəsi

Gözbağlıca oyunu - Azər Ərzinin hekayəsi
21 noyabr 2025
# 15:30

Kulis.az Azər Ərzinin "Gözbağlıca oyunu" hekayəsini təqdim edir.

Uşaq vaxtı hamımızın çox bəyəndiyi bir oyun vardı. Adına “gözbağlıca” deyərdik. Yeni nəslin uşaqları çətin ki bu oyuna bələd olalar. Onların telefondan başları açılır ki? Amma biz, demək olar, hər gün oynayardıq. Oyunun mahiyyəti təqribən bundan ibarətdir: növbə ilə oyunçuların gözləri bağlanır. Kimsə kənarda daş şaqqıldadır. Gözü bağlanmış adam daşı şaqqıldadanı tutmağa çalışır. Daha sonra tutulan oyunçunun gözləri bağlanır. Oyun beləcə davam edir.

Bu oyunu axırıncı dəfə oynayanda 15-16 yaşım var idi. O vaxtdan bəri heç yadıma da düşmürdü ki, vaxtilə belə bir oyun oynamışam. Ta həmin günə qədər...

Həmin gün uzun illərdən sonra mən yenə gözbağlıca oynadım. Amma bu tamam fərqli... O vaxt bu oyunu ancaq əylənmək, vaxt öldürmək üçün oynayardıq. Heç vaxt nəyə görə oynadığımızı fikirləşməmişdik. Budəfəki oyun əvvəlkilərdən bir xeyli uzun çəkdi. Ya da mən elə hiss etdim.

Heç nədən xəbərsiz bir də ayıldım ki, hər tərəf qaranlıqdır. Deyəsən, gözlərimi bağlamışdılar. Birdən-birə bütün uşaqlığım bir kino kimi gözümün qabağından keçdi. Elə bildim ki, yenə uşaq olmuşam. Elə bildim ki, yenə gözlərimi açıb Rüstəmi, Fəridi, Rəhmanı, Süleymanı, Maliki görəcəyəm. Uşaq vaxtı olduğum kimi yenə gözümbağlı uşaqları tutmaq istədim. Amma ayağa durmaq istəyəndə gördüm ki, əl-ayağım da bağlıdır. Bu halın qarşısında çaş-baş qalmışdım. Nə baş verdiyini anlamağa çalışırdım. Axı o vaxt oynayanda bu oyunun qaydası belə deyildi. Ancaq gözlərimiz bağlanır, əlimiz, ayağımız açıq qalardı. Çaşqınlıq içərisində bir neçə saniyəlik fasilə ilə bizimkiləri çağırmağa başladım:

– Rüstəm...
... Malik...
... Rəhman...
... Süleyman...
... Fərid... Uşaqlar, bu oyun belə deyildi axı. Qaydasını dəyişmisiniz, yoxsa təzə oyun kəşf etmisiniz? Siz də bikar qalmısınız ey! Özünüzdən Amerika kəşf eləməyin! ... Yaxşı da, heç olmasa, necə oynandığını başa salın, mən də bilim də. Cığallıq eləməyin. Uşaqlar! Ay uşaqlar!!!

Eh... Elə də çağırırdım ki, elə bil Rüstəmlə Rəhmanın müharibədə şəhid olduğunu, Süleymanın da Rusiyada yaşadığını bilmirdim. Malikin Fəridin də başları, yəqin ki, biznesə qarışıb. Kimdir işini-gücünü atıb mənimlə oynamağa gələn!

Bir qədər sakitcə dayanıb ancaq fikirləşdim: görəsən, mənimlə bu oyunu oynayan kimdir? Mən niyə bu oyunun qayda-qanunundan, kiminlə oynadığımdan xəbərdar deyiləm? Nə qədər fikirləşsəm də, ağlıma başqa heç nə gəlmirdi. Bir az sonra yenə çağırmağa başladım ki, bəlkə kimsə eşidib səsimə bir hay verə:

– Heeeeyyyy! Məni eşidən var? Burada heç kim yoxdur?

Nə qədər çağırsam da, səsimə səs verən olmadı. Fikirdən az qala dəli olacaqdım: ay Allah! Görəsən, bu nə oyundur belə? Mən haradayam? Bura haradır?

Hətta bir ara öldüyümü də düşündüm. Mənə elə gəldi ki, bu olduğum yer qəbirdir. Gözüm bağlı olduğu üçün buranın nə boyda bir yer olduğunu bilmirdim. Amma nəfəsim elə daralırdı ki, elə hiss eləyirdim, qəbirdəyəm.

Amansız düşüncələr içində boğulduğum bu anda, bilirsiniz, yadıma nə düşdü? Təxminən 12-13 yaşımız olardı. Aramızda ən balaca Rəhman idi. Məndən 3 yaş kiçikdi. Bir dəfə gözbağlıca oynayarkən yazıq uşağın gözlərini və əllərini bağladıq. Rəhman təəccüblə soruşdu:

– Ay uşaqlar, əllərimi niyə bağlayırsınız ki? Heç vaxt belə eləmirdik axı.

Süleyman cavab verdi:

– Bir az dəyişiklik edək ki, daha maraqlı olsun.

Rəhman razılaşdı. Biz isə bir-birimizə göz edib səs çıxarmadan xeyli kənara çəkildik. Yazıq Rəhman iki-üç dəqiqə var-gəl edib bizi axtarandan sonra dedi:

– Haradasınız? Bir səs verin də.

Heç kimdən səs-səda çıxmadı. Rəhman bir də çağırdı:

– Ay uşaqlar, haradasınız? Nolar, səs verin də. Qorxuram axı.

Biz də kənardan onu izləyib sakitcə gülüşürdük. Bizi tapa bilmədiyini görən Rəhman yerə çöküb hönkür-hönkür ağlamağa başladı. Elə ağlayırdı ki, elə bil başına dünyanın ən böyük fəlakəti gəlmişdi. Fərid üzünü bizə tutub yavaşca dedi:

– Ha, ha, ha... Görün necə zarıyır?

Rəhmanın ağlamağı kəsilmək bilmirdi, əksinə daha şiddətlənirdi. Bir qədər sonra Rüstəmin ürəyi dözmədi. Rəhmanın yanına gedib əllərini, gözlərini açdı. Gözləri ağlamaqdan qıpqırmızı olmuşdu, elə bil qan çanağı idi. Bizi görəndə qəflətən ağlamağını kəsdi. Üz-gözündən bizə qarşı əsəb tökülürdü. Həmin gün nə qədər könlünü almağa çalışsaq da, o bizi dindirmədi.

Sabahısı gün yenə bir yerə yığışdıq. Rəhmanı nə qədər gözləsək də, gəlmədi. Süleyman dedi:

– Gedək evinə. Deyəsən, onu çox incitmişik. Könlünü alaq.

Rəhmangilin evinə çatıb həyətdən onu çağırdıq. Pəncərədən baxıb bizi görəndə əvvəl üzündə yüngül təbəssüm yaransa da, dərhal əsəbi sifət aldı ki, guya bizə qarşı hirslidir. Bir xeyli dil töküb onu evdən çıxardıq, yenidən bizimlə oynamağa razı saldıq.

Bu vəziyyətimdə Rəhmanın o halını yadıma saldım. Bəlkə elə gözlərimi, əl-ayağımı bağlayan onun müqəddəs ruhu idi. Bu fikir bütün varlığımı əhatə etmişdi. O vaxt Rəhmanın çarəsiz vəziyyətinə baxıb güldüyüm üçün özümü dünyanın ən müqəddəs adamı hesab edirdim. Rəhmanın pak ruhunun məni bağışlaması üçün ürəyimdə dönə-dönə yalvarırdım.

Gözləyirdim ki, elə indicə Rəhman haradansa çıxıb gələcək və gözlərimi açacaq. Amma çifayda... Nə Rəhman var idi, nə də başqa bir kəs. Lənət olsun! Mən yaxşı adam olsaydım, vaxtında dostumdan halallıq alardım. Yoxsa çətin vəziyyətdə yada salmazdım. Görəsən, bağışlanmağa layiqəm?

Bir də zəngli saatın səsinə oyanıb gördüm ki, artıq gün açılıb, saat yeddinin yarısıdır.
Yerimdən qalxıb əl-üzümü yuduqdan sonra birbaşa Rəhmanın qəbri üstünə yollandım.

# 69 dəfə oxunub

Oxşar xəbərlər

İzləyicini “44 gün”ə aparan, qələbə dastanından danışan  Zəfər Muzeyindən REPORTAJ

İzləyicini “44 gün”ə aparan, qələbə dastanından danışan Zəfər Muzeyindən REPORTAJ

15:45 21 noyabr 2025
Bəhram Bağırzadə sənətdən getdi - Açıqlama

Bəhram Bağırzadə sənətdən getdi - Açıqlama

15:17 21 noyabr 2025
Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib

Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib

14:48 21 noyabr 2025
Çar kimi "taxta" oturdulan şair - Krılov nə üçün Azərbaycanda ədəbi kulta çevrilmişdi?

Çar kimi "taxta" oturdulan şair - Krılov nə üçün Azərbaycanda ədəbi kulta çevrilmişdi?

14:00 21 noyabr 2025
Nəriman Həsənzadənin son vəziyyəti

Nəriman Həsənzadənin son vəziyyəti

13:40 21 noyabr 2025
Frida Kahlonun tablosu hərracda 54,6 milyon dollara satıldı

Frida Kahlonun tablosu hərracda 54,6 milyon dollara satıldı

12:43 21 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər