Göydən zəng - İlqar Rəsuldan qısa hekayə

Göydən zəng - İlqar Rəsuldan qısa hekayə
10 iyun 2021
# 11:30

Yerdə hamı Göydən zəng gözləyirdi. Yerdə hamı bu zəngi hər gün gözləyirdi. Çox gözləyirdi hamı bu zəngi.

Yer üzü üfüqəcən üst-başı kirli, üz-gözü bulaşıq insanla örtülmüşdü. Ucu-bucağı görünməyən qara izdihamın ortasında kiçik bir dairə ağarırdı. Dairənin ortasındakı boz kətilin üzərində qara telefon vardı. Hamı yerdən oturub gözünü telefona zilləyərək Göydən zəng gözləyirdi. Çox gözləyirdi hamı bu zəngi...

Ölüncəyədək gözləyirdi hamı bu zəngi. Hər kəs son nəfəsində telefonu bir an belə gözdən qoymamağı, zəng gələndə hər şeyi deməyi, olub-keçəni anlatmağı, yardım diləməyi, ölənləri də yaddan çıxarmamağı vəsiyyət edirdi qalanlara...

Yerdə qalanlar yenə Göydən zəng gözləməkdə davam edirdi. Yerdə hamı bu zəngi hər gün gözləyirdi. Heç kim yatmırdı. Bir-birinə etibar etmirdi heç kim, hər kəs məhz özünün yuxulamayacağına, bir an belə telefonu gözdən qoymayacağına əmin idi. Hamı bir-birinə: “Yat, dincəl, mən baxıram telefona”,− deyirdi. Heç kim də gözünü telefondan çəkmirdi.

Çoxdan idi Göydən zəng gəlməyəni. Lap çoxdan. Heç dəqiq bilən də yox idi, axırıncı dəfə göydən nə vaxt zəng gəlib. Hamı deyirdi, zəng olub, amma nə vaxt olub, dəqiq bilən yox idi. Ayrı-ayrı zamanlara aid çoxlu nağıl var idi Göydən gələn zəng barədə. Dildən-dilə, nəsildən-nəslə keçib gəlmişdi bu nağıllar, rəvayətlər. Neçə-neçə nəsillər, dövrlər, qərinələr keçmişdi, əsrlər dəyişmişdi zəng həsrətilə. Amma nağıllar imkan verməmişdi camaatın ümidsizləşməsinə, inamın itməsinə. Hər gün daha çox inanırdı hamı Göydən zəng gələcəyinə...

İnam o qədər güclənirdi ki, getdikcə yemək yemək, su içmək də yaddan çıxırdı. İş o yerə çatmışdı ki, gözünü telefondan ayırmamaq üçün kişilər uşaq əkmir, qadınlar uşaq doğmur, valideynlərin qayğısına qalınmır, qocalar özlərini düşünə bilmirdilər.

Hamının bir qibləsi var idi: telefon.

Hamının düşündüyü bircə şey vardı: göydən zəng.

Göy düşüncələrə necə hakim olmuşdusa, Yer tamam unudulmuşdu...

Bir gün Göydən Yerə zəng gəldi. Həm də çoxlu zəng. Dayanmadan təkrarlanan zəng...

Eşidən olmadı Yerdə bu zəngi. Qaldıran olmadı dəstəyi. Zəng susmadı. Səhərdən axşamacan, axşamdan səhərəcən davam elədi. Hər gün zəng gəldi Göydən. Hər gün. Səsi getdikcə zəifləyirdi. Bu zəifləmədə bir qorxu, bir hüzn var idi. Dəstəyi qaldıran olmasa, Göy ölüb yerə düşəcəkmiş kimi...

Səsi zəiflədikcə daha çox təkrarlanırdı zəng. Yox, yox idi dəstəyi qaldıran, yox idi cavab verən.

Göy zəng vuranacan Yer hamını udmuşdu...

Təkcə hamını yox, həm də hər şeyi. Elə udmuşdu ki, əvvəldən yoxmuşlar kimi...

Yer bircə qara telefonu saxlamışdı ucu-bucağı görünməyən səhranın, üfüqəcən uzanıb gedən sarı qum dənizinin ortasında. Saxlamışdı ki, dəstəyi qaldıran olmayınca Göy görsün, gözləmək nə deməkdir. Həm də həyəcanla gözləmək. Həm də əbədi gözləmək...

# 1912 dəfə oxunub

Oxşar xəbərlər

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

12:30 22 mart 2026
Güney Azərbaycanda Novruz adətləri  -  Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

Güney Azərbaycanda Novruz adətləri - Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

12:00 22 mart 2026
Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

10:30 22 mart 2026
Novruz bayramı filmlərimizə necə salındı? - Tarixçə

Novruz bayramı filmlərimizə necə salındı? - Tarixçə

15:00 21 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər