Güneyli şair Əli Çağla Azərbaycan Yazıçılar Birliyinin “Güney Azərbaycan ədəbiyyatı şöbəsi”nin rəhbəri Sayman Aruz barəsində ciddi iddialarla çıxış edib.
Kulis.az xəbər verir ki, onun sözlərinə görə, AYB-nin nəzdində fəaliyyət göstərən “Güney Azərbaycan ədəbiyyatı komissiyası” Məhəmmədrza Ləvayinin “Sənə vətən olaram” adlı kitabının guya 300 nüsxə ilə Bakıda çap olunduğunu iddia etsə də, təqdim edilən faktlar bunun reallıqla ziddiyyət təşkil etdiyini göstərir.
“Kitabın tirajı kağızla deyil, etibarı ilə ölçülür”
Əli Çağlanın yaydığı açıqlamada bildirilir ki, kitabın çapı ilə bağlı təqdim olunan versiya bir sıra uyğunsuzluqlarla müşahidə olunur:
"Kitabda ISBN nömrəsi yoxdur;
AYB-yə edilən sorğuda bu nəşr haqqında heç kimin məlumatı olmadığı ortaya çıxıb;
Sosial şəbəkədə yayılan fotoda cəmi 5–6 nüsxə görünür;
Kitabın üzərində nəşriyyat adı və ya loqosu yer almır;
300 tiraj iddiasına baxmayaraq, kitabın nümunəsi heç bir kitabxanada tapılmır".
Şair həmçinin qeyd edir ki, Sayman Aruzun paylaşdığı statusun altında “Bu kitabı haradan əldə edə bilərəm?” sualını ünvanlasa da, həmin şərh silinib.
“Ədəbiyyata saxta tiraj möhürü vurulursa…”

Əli Çağla hesab edir ki, bu cür addımlar Güney Azərbaycan ədəbiyyatına, oxucuya və bütövlükdə ədəbi mühitə zərbə vurur:
“Ədəbiyyat yalanın yükünü daşımır. Əgər bir kitabın üzərinə saxta tiraj möhürü vurulursa, bu təkcə bir şairə deyil, bütün ədəbi mühitə xəyanətdir və bunu edən xəyanətkardır.”
Onun fikrincə, kitabın, həqiqətən, çap olunub-olunmaması barədə aydınlıq gətirilməli, AYB daxilində ayrılan büdcənin necə xərcləndiyi ictimaiyyətə açıqlanmalıdır.
“Komissiya niyə senzura orqanı kimi davranırdı?”
Əli Çağla həmçinin keçmişdə yaşadığı bir hadisəni xatırladaraq bildirir ki, 2024-cü ildə Bakıda “Yarasa” nəşriyyatı tərəfindən buraxılan “Öncə vətən” antologiyasının çapı ilə bağlı Sayman Aruz onunla əlaqə saxlayıb və kitabın icazəsiz olunduğunu deyib.
Şair buna etiraz edərək bildirib:
“Əgər məqsəd kitabların çapına nəzarət idisə, senzura mədəniyyətində çalışanlar üçün yer İrandakı Mədəniyyət Nazirliyi idi. Niyə bu qadağa funksiyası Bakıya gətirilirdi?”
“Bu məsələ açıq şəkildə araşdırılmalıdır”
Əli Çağla məsələ ilə bağlı AYB rəhbərliyi, Güney ədəbiyyatına dəstək iddiasında olan qurumlar və ictimaiyyəti aydınlıq tələb etməyə çağırır. Onun sözlərinə görə, əsas problem tək bir kitabın taleyi deyil, ədəbi mühitdə şəffaflıq və etibara vurulan zərbədir.
Açıqlamalar ətrafında yaranan qalmaqala qarşı tərəf – AYB-nin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin rəhbəri Sayman Aruz da münasibət bildirib.
O, ittihamları rədd edərək bunun “Azərbaycanı Cənubi Azərbaycandakı haqlar uğrunda daha aktiv danışmaqdan çəkindirmək üçün qurulan kampaniya” olduğunu deyib:
“Bu, qurulmuş bir oyundur. Biz dəfələrlə belə oyunların şahidi olmuşuq. Nə zaman ki, biz Cənubi Azərbaycanın haqqını daha aktiv şəkildə dilə gətiririk, belə hücumlar başlayır. Bu hücumlar İrandan idarə olunan müəyyən qruplar vasitəsilə həyata keçirilir”.
Sayman Aruz bildirib ki, İran vətəndaşı olan şəxslərin Azərbaycanda gedən ədəbi-ictimai proseslərə müdaxilə etmə hüququ yoxdur:
“İran vətəndaşı olan bu insanların Azərbaycandakı bir hadisəyə müdaxilə etməyə haqqı yoxdur. Bu, anti-Azərbaycan dairələrinin təsiridir”.
Sayman Aruz kitabın tirajı ilə bağlı səslənən iddialara belə cavab verib:
"Güney Azərbaycan şöbəsinin ayrıca büdcəsi yoxdur. Kitablar yalnız şəxsi vəsaitlə və ya sponsor hesabına çap olunur. AYB-nin ayrıca mətbəəsi və nəşriyyatı yoxdur, Kitab təqdimatından əvvəl satışa çıxarılmadığı üçün kitabxanalarda görünməməsi normaldır".

O bildirib ki, Məhəmmədrza Ləvayinin kitabı da şəxsi vəsait hesabına hazırlanmalı idi:
“Xahiş etdilər ki, kitabı çap edim. Şəxsi hesabımıza edirdik. Xərci çox olduğundan vəsait toplamaq üçün vaxt lazım idi. Kitab təqdimata qədər yayılmır – çap olunmayıbsa, kitabxanalarda nə işi var?”
Onun sözlərinə görə, kitab Milli Hökumətin 80 illiyi ilə bağlı tədbirdə təqdim edilməli imiş. Lakin o, qalmaqala görə təqdimatı dayandıracaqlarını açıqlayıb.
“Əgər istəyirlərsə, kitabı özləri çap etsinlər”.
Sayman Aruz son olaraq bu çağırışla çıxış edib:
“Kitabı öz vəsaitləri hesabına çap etsinlər. Bizim ayrıca büdcəmiz olmasa da, təqdimat və tanıdılmada əlimizdən gələni edəcəyik. Belə yüngül intriqalara getməyin. Hamımız ədəbiyyatın inkişafına çalışırıq.
Azərbaycandakı dövlət orqanları dövlət siyasətinə uyğun olaraq hərəkət edirlər. Cənubi Azərbaycan bizə doğmadır, tarixi torpaqlarımızdır. Orada yaşayan azərbaycanlılar həmişə bizim diqqət mərkəzimizdə olub. Ancaq bu o demək deyil ki, orada yaşayan və müəyyən dairələrin təsirində olan insanlar müstəqil Azərbaycandakı komissiyaya, orqana müdaxilə etmək imkanına sahibdirlər".
O, bəzi şəxslərin “anti-Azərbaycan dairələrinin təsiri altına düşərək ucuz oyunlara qoşulduğunu” da qeyd edib.
Beləliklə, Güney Azərbaycan ədəbiyyatı ətrafında başlayan “saxta tiraj” mübahisəsi artıq qarşılıqlı ittihamlarla daha da dərinləşib. Əli Çağla nəşrin şəffaf olmadığını bildirərək AYB-dən izahat tələb etdiyi halda, Sayman Aruz bu hücumları “xaricdən yönləndirilən təxribat” adlandırır.