Boşanmaların əsas səbəbi nədir?

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

13 iyun 2025
# 12:54

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.


Rəqəmlərə görə, hər iki evlilikdən biri boşanma ilə nəticələnir.

İşin yaxşı tərəfi odur ki, artıq bizdə boşanmalara faciə kimi baxılmır. Kişilər də, qadınlar da rahatca boşana bilir. Boşanan qadınlara “pis baxmaq” söhbəti də yavaş-yavaş aradan qalxır.

Təbii, bu statistika boşanmağı öyrəndiyimizi göstərsə də, bir başqa həqiqətdən xəbər verir: hələ evlənməyi, düzgün seçim etməyi öyrənməmişik.

Məni narahat edən də boşanmalar yox, insanların düzgün seçim edə bilməməyidir.

Hər şeyi şişirtməyi, səhvlərimizə don geyindirməyi çox sevirik. Azərbaycanlılar özlərini aldatmağa çalışır ki, insanlar kasıblığa, maddi problemlərə görə boşanır.

Di gəl, neçəniz bu yalana inanır?

Sizcə, cütlüklər əvvəlcədən maddi vəziyyəti, reallığı görmür? Hamı evlənəcəyi adamın maddi vəziyyətini də, potensialını da bilir; qarşıdakı günləri bulanıq da olsa, görür. Kimsə evlənəndən sonra öyrənmir ərinin maddi vəziyyətini.

Ol səbəb, kütləvi boşanmaların birbaşa maddiyyatla bağlı olduğuna şəxsən mən inanmıram.

Hətta etiraf etməliyik ki, bizim qadınlar pulgir deyil, fədakarlıq etməyi bacarır, dözümlü olur. Hələ sevirsə, fədakarlığın, dözümün gücü də on qat artır.

Bəs nədir boşanmaların əsas səbəbi?

Müxtəlif səbəblər var: Fərqli xarakterlər, fərqli maraqlar, dəyərlər, üstəlik, yataq münasibəti, valideyn müdaxiləsi...

Bütün bu səbəbləri isə ümumi adda birləşdirmək olar: yanlış seçim.

Bəli, insan yanlış seçim etdiyini başa düşəndə, boşanır.

Bəs yaxşı, boşanmışlar keçmiş həyat yoldaşı ilə bağlı nə deyir, necə danışır?

Məsələn, mənim xeyli boşanmış kişi, həmçinin qadın tanışlarım var.

Kişilər, adətən, boşanma səbəbləri haqqında heç nə danışmır. Ən uzağı, deyir, yola getmədik, ayrıldıq. Yəni, ümumi cümləylə vəziyyəti izah edir, ya da tamamilə susur.

Bəs boşanmış qadınlar?

Boşanmış qadınlar, təəssüf ki, çox vaxt keçmiş həyat yoldaşlarını damğalayır:

“Narkoman idi!”

“Alkaş idi!”

“Anasının sözüylə oturub-dururdu!”

“Xəyanət eləyirdi!”

“Mənə diqqət göstərmirdi...”

Vəssalam, deyirsən, bütün boşanmaların günahkarı kişidir.

Məsələn, indiyə kimi bir kişinin “arvadım mənə xəyanət elədi, boşandıq” dediyini görməmişəm. Heç kim bunu özünə yaraşdırmır, sığışdırmır. Bəlkə də, keçmiş həyat yoldaşının, övladının anasının adını batırmaq istəmir. Bəzən də bundan utanır. Yoldaşının xəyanətini öz ayıbı kimi görür.

Məsələn, mən indiyə kimi bir qadının “xəyanət elədim, ərim məni boşadı” dediyini görməmişəm. Hansı qadın xəyanət etdiyini etiraf edər ki?

Sizcə, xəyanətə görə arvadını boşayan kişi azdır?

Nə bilirsiniz?

Elə bilirsiniz ki, bütün kişilər xəyanətə uğrayan kimi arvadının başını kəsir?

Elə deyil. Bu ölkədə xəyanətə görə arvadını dinməzcə boşayan kişilər də var, mütləq. Əllərini qana bulamadan, artıq-əskik söhbət eləmədən boşanan kişilər.

Bir düşünün... Ölkədə bu qədər xəyanətlər baş verir, bu qədər ifşalar yayılır, bu qədər hotel otaqları gecə-gündüz dolub-boşalır. Bu intim prosesi kişilər təkmi icra edir? O xəyanətlərdən qadınlara pay düşmürmü?

Evli kişiylə münasibəti olan, özü evli ola-ola başqası ilə münasibət quran qadınlar yoxdurmu ölkəmizdə?

Təbii, bu suallar ritorik, cavablar isə bəllidir.

Heç kim əsəbiləşməsin, mən də bilirəm, qadınlarımız Koroğlunun Nigarıdır, Həcərin nəvəsidir... Amma...

Amma bu nigarlar, həcərlər gərək koroğluları, nəbiləri şərləməyə.

“Xəyanət etdiyim üçün ərim məni boşadı” deməyinizi də gözləmirik, amma heç olmasa “yola getmədik” deyin, ya da susun.

# 2883 dəfə oxunub

Oxşar xəbərlər

Mark Avrelinin 2000 illik heykəli geri qaytarıldı

Mark Avrelinin 2000 illik heykəli geri qaytarıldı

13:55 4 avqust 2025
Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib

13:30 4 avqust 2025
Türkmənistanda “Azərbaycan Milli Günü”

Türkmənistanda “Azərbaycan Milli Günü”

12:47 4 avqust 2025
Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə...

Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə...

12:30 4 avqust 2025
“MasterChef 2025”in əsas heyətində son iştirakçı  müəyyənləşdi

“MasterChef 2025”in əsas heyətində son iştirakçı müəyyənləşdi

12:10 4 avqust 2025
Arif Babayevə ölmək üçün nə lazım idi? - Nadir Yalçın

Arif Babayevə ölmək üçün nə lazım idi? - Nadir Yalçın

12:00 4 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər