“Bizim vaxtımızda uşaq...” - Kim nə deyib, kim nə geyinib, kimin oğlu nə iş görür?

“Bizim vaxtımızda uşaq...” - Kim nə deyib, kim nə geyinib, kimin oğlu nə iş görür?
29 iyul 2025
# 15:00

Kulis.az klinik psixoloq, hipnoterapist Şafak Nakajimanın “Sevgisizliyin adı ana olanda...” yazısını təqdim edir.

Uşaq ikən anamızın üzünə baxanda orada özümüzü görmək istəyirik. Bizi qəbul etməsini, kim olduğumuzu dərk etməsini, hisslərimizi əks etdirməsini arzulayırıq.

Amma bəzi analar o güzgünü bizə tutmur. Göz-gözə baxırıq, amma bizi görmür. Səsimizi eşidir, amma dinləmir. O an belə hiss edirik: Görünmürəm. Əhəmiyyətsizəm. Dəyərsizəm.

Belə bir anaya sahibiksə, etdiyimiz söhbətlər çox vaxt havada qalır. Nə vaxt ki, bir az dərinləşmək istəsən, mövzunu dəyişdirir, ötürür, susdurur. Hisslərinizə qulaq asmır, sizi başa düşməyə çalışmır. Probleminizi izah etmək üçün nə qədər çalışsanız da, ya vaxt udmağa çalışır, ya da sizi həddindən artıq həssas olmaqda suçlayır.

Gündəlik söhbətləri, əsasən, başqaları haqqındadır. Kim nə deyib, kim nə geyinib, kimin oğlu nə iş görür... Arada sizə də toxunan sözlər olur. Bəzən fərqinə varırsınız ki, başqaları barədə dedikləri, əslində, sizin üçün də keçərli ola bilər. Sabah başqa birinə sizin haqqınızda eyni şəkildə danışmayacağından əmin ola bilməzsiniz. Dedi-qodu, inciklik, həssaslıq... Bu dövr içində sizin hissləriniz öz yerini tapa bilmir.

Həyata baxışında boz tonlar yoxdur. Hər şey ya qara, ya da ağdır. Sizin elastik, rahat düşündüyünüz mövzular onun üçün “sərhədi keçmək” və ya “əxlaqsızlıq” kimi qəbul edilə bilər. Öz fikrinə qarşı hər etirazı təhdid kimi dərk edir. Qırx yaşında qadın olsanız da, onun gözündə hələ də uşaqsınız.

İntizam deyəndə yalnız itaət anlamına gəlir. Sevgi ilə böyütməyi uşağı ərköyünləşdirmək kimi başa düşə bilər. Siz uşaqlarınızı necə tərbiyə etdiyinizi izləyərkən belə tənqid edir: “Bizim vaxtımızda uşaq ...” ilə başlayan cümlələri həyatınızın hər sahəsində qarşınıza çıxır.

Onlar öz daxili dünyasına baxmaqdan qaçırlar. Ağrılarından danışmaq, məsuliyyət daşımaq istəmirlər. “Məni belə qəbul edin” cümləsi onun üçün komfort zonasıdır. Sizi isə çox oxuyub beyni qarışmış biri kimi görür.

Belə anaların bəziləri üçün görünüş hər şeydən önə keçir. Nə geyindiyiniz, necə göründüyünüz, başqalarının sizin haqqınızda nə düşündüyü... Daxili dünyanız, inciklikləriniz, ümidsizlikləriniz arxa plana atılır. Əsas olan, başqalarına necə göründüyünüzdür.

Kömək istəmir. Amma davamlı şikayətlənir. Səhər yuxusuzdur, günorta başı ağrıyır, axşam yorğundur. “Həkimə get ” deyəndə küsür. Şikayət, demək olar ki, həyat tərzinə çevrilib. Amma həqiqi həll yolu axtarmaq istəmir. Bu cür insanlara “professional xəstə” deyirik. Onları tez-tez görürük. Müalicəyə qarşı çıxır, çox vaxt yarımçıq qoyurlar. Məqsədləri heç bir həkimin onları sağalda bilməyəcəyinə hər kəsi inandırmaqdır.

Həyatında davamlı bir böhran olur. Ya qonşu ilə mübahisə edir, ya qardaşı ilə küsür, ya da sağlamlıq problemlərindən danışır. Özünü qurban kimi göstərmək onun üçün bir növ gücdür. Çünki bu yolla diqqət çəkir. Amma həmin diqqət, sizin ehtiyac duyduğunuz anda görünmür.

Dərin hisslərdən qorxur. Nə vaxt bir az açıq danışmaq istəsəniz ya ağlayır, ya da sizi susdurur. “Mənim dediyim onsuz da heç kimə xoş gəlmir” deyib mövzunu bağlayır. Hesablaşmaq, üz-üzə gəlmək, bağışlamaq kimi anlayışlar onun lüğətində çox yer almır.

Siz keçmişdə yaşadığınız ağrını ifadə etdiyinizdə “hələ də o məsələ?” deyir. Unutmağı, keçməyi, ilişməməyi istəyir. Üzr istəmir. Sizin hisslərinizi kiçildir. Keçmişdə etdiklərini xatırlatmanız sizi “pis övlad” etməyə kifayət edir.

Bəzən inciklikləri görməzlikdən gəlir. Ailədəki böyük münaqişələrin üstünü örtür, sanki heç olmamış kimi davranır. Dərinlikdə olan, danışılmadan qalır. Çünki gerçəyə toxunmaq cəsarət tələb edir.

Sizinlə həmişə müqayisə içindədir. Uğurlarınızı kiçildir, seçimlərinizi şübhə altına alır. Sizə baxarkən əslində “digərləri” onun gözündə canlanır. Buna görə bəzən sizinlə fəxr etdiyini belə açıq deməyə çətinlik çəkir. Həmişə bir ölçüb-biçmə halı var.

Sizinlə vaxt keçirməyə çalışmır. Planları həmişə siz qurmalı olursunuz. Siz zəng etməsəniz, o da zəng etmir. “Məşğulam”, “çıxmaq istəmirəm” kimi cavablarla görüşlər təxirə salınır. Görüşlərin çoxu “lazım olduğu üçün” olur, həqiqətən sizin üçün darıxdığına görə deyil.
Amma qəribədir ki, ona məsafə qoyanda və ya əlaqəni azaldanda “sən dəyişmisən” deyir. Və bu dəyişməni xəyal qırıqlığı kimi qəbul edir. Halbuki siz böyümüsünüz. Böyümək isə həmişə xoş qarşılanmır.

Bəzən isə davamlı əlaqədə olmaq istəyir. Səhər mesaj, günorta zəng, axşam “nə etdiniz” sualı... Bunu sevgiylə izah edir, amma çox vaxt bu, nəzarətdir. Sizinlə maraqlandığı qədər, kontrol etmək istəyir.

Çox vaxt münasibətin yükü sizdə olur. Emosional zəhməti siz çəkirsiniz. Zəng edən, ürək alan, qırılanı düzəldən həmişə sizsiniz. O münasibəti “var” sayır; davam etdirmək üçün səy göstərmir.

Aranızda günahkarlıq üzərində qurulmuş bir yaxınlıq hissi var. Özünü haqlı, sizi borclu görür. Bunu açıq deməsə də hiss etdirir. Onun üçün nə etsəniz də, səmimi təşəkkür etmək və ya dəyər vermək ona çətin gəlir.

Qəribədir ki, siz pis vəziyyətdə olarkən daha yaxın, yaxşı olanda isə daha uzaqdır. Xəstələnəndə yanınızda olur, amma işlər yoluna düşəndə səssizləşir. Uğurlarınızı ya kiçildir, ya da yox sayır. Sanki sizin yaxşı olmanız onun mövcudluğunu təhdid edir.

Belə bir ananın yanında böyümək saysız-hesabsız zehni və fiziki sağlamlıq problemlərinin əsas səbəblərindən biridir.

Amma bu mövzu çox vaxt həkimlər tərəfindən bilinmir, sorğulanmır, fərqinə varılmır.

Ona görə insanların öz fərqindəliyini artırması çox vacibdir.

Yalnız bu fərqindəliklə ananın açdığı yaraları bağlamaq, lazım gəldikdə dəstək almaq və beləliklə, həqiqətən sağalmaq mümkündür.

# 348 dəfə oxunub

Oxşar xəbərlər

"Gündəlik Bakı"  qəzetinin həbsdə olan baş redaktorunun cəzası azaldılıb

"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktorunun cəzası azaldılıb

18:24 29 iyul 2025
600 illik nadir tapıntı  aşkarlandı

600 illik nadir tapıntı aşkarlandı

17:30 29 iyul 2025
“Plastik cərrahiyyə sahəsində savadsızlar meydan sulayır” - Adil Qeybulla

“Plastik cərrahiyyə sahəsində savadsızlar meydan sulayır” - Adil Qeybulla

17:09 29 iyul 2025
Van Qoqun ən məşhur 3 əsəri  haqqında bilinməyənlər

Van Qoqun ən məşhur 3 əsəri haqqında bilinməyənlər

17:00 29 iyul 2025
Atası Rəsulzadəyə görə sürgün olunan aktyorumuz kimdir?

Atası Rəsulzadəyə görə sürgün olunan aktyorumuz kimdir?

16:34 29 iyul 2025
Azad Qaradərəlinin əsərlərinin 9-cu cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 9-cu cildi çapdan çıxdı

16:02 29 iyul 2025
#
#
# # #