"Biz bütün səadətimizi dörd gündə yaşadıq...” - Sevinc Mürvətqızı

"Biz bütün səadətimizi dörd gündə yaşadıq...”  - Sevinc Mürvətqızı
21 iyul 2025
# 17:00

21 iyul amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin doğum günüdür.

Kulis.az bu münasibətlə Sevinc Mürvətqızının "Əcəl zəngi" : Ölüm qorxusundan güclü..." yazısını təqdim edir.

“...Tufan sənin, ya dostunun evini yerlə-yeksan eləsə - dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən: sənsən dünyadan köçən”. Bu fikirlər XVI-XVII əsr ingilis şairi Con Donna məxsusdur, Ernest Heminqueyin “Əcəl zəngi” romanında epiqraf kimi verilib.

Bu romanı sevməyimin səbəbləri çoxdur: insan ruhunun yenilməzliyi, məğlubedilməzliyi, zəngin hisslər palitrası, həyati həqiqətlərin bəzən epitetsiz, təşbehsiz, hərdən hətta qaba, kobud leksikondan bəhrələnən ifadəsi, canlı dialoqlar (o qədər canlı ki, bəzən oxucu şəxsən bu dialoqlara qatıldığı hissinə qapılır) və nəhayət, ilkin instinktlərin insani sublimasiyasının özünəməxsusluğu…

Bir çox tanınmış yazıçılara bol və keyfiyyətli yazı materialı verən İspaniya mövzusu Ernest Heminqueyin yaradıcılığından da qırmızı xətlə keçir. Heminqueyin amerikalı novella yazarı və jurnalist Marta Gellhorn ilə bir neçə illik birgə nikahından ilham alaraq yazdığı “Əcəl zəngi”ni müharibə romanı da adlandırmaq olar, sevgi hekayəti də...

Əsərin baş qəhrəmanının qarşısında duran əsas vəzifə üstündən faşist zabitlərinin keçəcəyi körpünü partlatmaqdır. Bu simvolik reallıqda anlayırsan ki, faşizmə bütün ruhuyla nifrət edən Heminquey, ibarəli desək, faşistlərin üstündən keçib, gələcəyə adlamaq istədiyi o körpünü salamat qoymazdı. Ən azı əsərində… Faşizm dünənlə sabahı, keçmişlə gələcəyi birləşdirən körpü ola bilməzdi.

Romanda uzun bir həyatın yaşandığı təsəvvürü yaransa da, əslində, cəmi 4 günü əhatə edir. Və bir insan tam bir ömürə bərabər o zaman kəsimində baş qəhrəman pislə də qarşılaşır, yaxşını da görür, sevgini də dadır, xəyanətlə də üzləşir, ölümlə də burun-buruna dayanır. Robert Cordanın ölüm ayağında özünə etiraf etdiyi kimi: “Sən hamıdan yaxşı ömür sürdün... Çünki sənin həyatında həmin bu axırıncı günlər oldu. Şikayətlənməyə haqqın yoxdur. Biz bütün səadətimizi dörd gündə yaşadıq...”

İnsanın iki əzəli instinkti – savaş və sevgi mövzusunda xeyli gözəl əsərlər yazılıb.

Freydə inansaq, bütün bioloji varlıqlar kimi insanı da iki təməl instinkt – özünüqoruma və şəhvət idarə edir. Amma Robert Cordanın təkbaşına da olsa, körpünün üstündən keçib qara niyyətlərini gerçəkləşdirməyə çalışan qəddar faşist dəstəsini yer üzündən silmək cəhdi burada artıq özünüqoruma instinkti kimi deyil, bəşəri hifz etmək missiyası kimi çıxış edir. Heç olmasa, bu körpü ilə hansısa formada faşizmin bir hücumu ləngiyəcək, işləri alınmayacaq, bir ailə, ya iki sevgili, ya da lap elə balaca bir uşaq faşizmin əlindən qurtulmuş olacaq... Bu məqamda anlayırsan ki, ədəbi üfüqləri fəth etməklə yanaşı belə bir ali düşüncəyə sahib olmaq, özünü yox, son anda da kömək edə biləcəyin ən azı bircə nəfəri qorumağı düşünmək elə Heminqueyə yaraşan böyüklükdür.

Freyd "qüsur"umuza baxmasın, amma mən, məsələn, Robert Cordanın Mariyanı dilə tutub gözgörəsi ölümdən çəkindirmək üçün dediyi sözlərin libidodan qaynaqlandığına inanmıram: “İndi sən burdan gedəcəksən, dovşanım. Amma mən də səninlə gedəcəm. Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. Bəyəm sən bilmirsən ki, belədir? Birimiz olan yerdə ikimiz də varıq. Sən axı indi həm də mənsən... İndi sən tez və sakitcə çox-çox uzaqlara çıxıb gedəcəksən və bizim hər ikimizi özünlə aparacaqsan... Məndən nə qalacaqsa, o sənsən... Qalx...”

Burada Freydin dediyindən daha üstün və ülvi səbəblər var. Bəlkə də insanı - qorunma və libido kimi iki əsas instinktin idarə etməsini demək üçün psixoanalitikin ciddi elmi, fizioloji, psixoloji və nə bilim, nə ...oloji əsasları var, fəqət ruhaniyyatın, mənəviyyatın önə keçdiyi məqamlar mütləqdir. Libidodan söz düşmüşkən, qeyd etməyin yeridir ki, romanda xeyli sevişmə səhnələri təsvir olunsa da, intim dialoqlar verilsə də, qətiyyən bayağı təsir bağışlamır. “Əcəl zəngi”ndəki erotik təsvirlərdə hisslərin dərinliyi gözə çarpır. Və bəşəri mahiyyəti ilə yanaşı, bu amil də romanı yüngül, bayağı “18+” kateqoriyasına aid olunan əsərlərə bənzəməkdən sığortalayıb. Heminquey instinktlərin usta ifadəçisidir. Amma onun ustadlığı ondadır ki, vəhşi instinktlərini öz “mən”indən keçirərək onları insani müstəviyə uğurla sublimasiya etməyi bacarıb.

“Əcəl zəngi”nin Roberti xilaskardır. Amma bu, “xilaskar mələk” obrazı deyil, özündə əsl kişiyə xas keyfiyyətləri toplamış güvəniləsi biridir. Onun faşistlərin keçəcəyi körpünü partlatmasında da, zahirən qaba, kobud görünən Piların yumşalmasında da, “satqın İudanın xələfi”- Pablonun daxilində hardasa lap dərinliklərə gömülmüş bir yerdən yaxşı cəhətinin üzə çıxarılmasında da (“...əgər insanda nə isə olubsa, bunun bir zərrəsi həmişə onda qalmalıdır...), nəhayət, cismani və psixoloji zorakılığa məruz qalan Mariyanı da ağır travmalardan qurtarmasında Robert xilaskar missiyası ilə ön plana çıxır. Robertin gəlişinə qədər içinə gömülmüş, dünyadan küsmüş və az qala insanlıqdan, qadınlıqdan çıxmaq üzrə olan qızın saf sevgidən sonra yenidən insanlığa dönüşü gerçəkləşir.

Yazıçı göstərir ki, hər kəsin həyatının bir mərhələsində xilaskar peyda olur və heç vacib də deyil ki, o xilaskar ömrün boyunca səninlə irəliləyir ya yox, sadəcə səni bataqlığın içindən çəkib çıxarır, yaxud da həyatın dibindən ən azı bir təpənin üstünə qaldırır və o yüksəklikdən ətrafı daha yaxşı seyr eləmək, vəziyyəti düzgün qiymətləndirmək şansı yaranır.

Əsərin finalında ölümün hər şeyə son qoyması təəssüratı yaranır. Yəni, insan bütün mübarizəsinə rəğmən sonda yenə də labüd ölümə yenilir, eşitmək arzusunda olmasa da, qulağı gec-tez əcəl zənginin vahiməli əks- sədasını alır. Ancaq bütün bu xofa baxmayaraq, ölümün nəfəsinin aydınca duyulduğu finalda oxucu bir daha anlayır ki, heç nə, o cümlədən də ölüm, qarşısına məqsəd qoymuş və ona doğru əzmlə irəliləyən insanı yolundan sapdırmağa qadir deyil.

Heminqueyin bütövlükdə yaradıcılıq stixiyasını əks etdirən “insanı məhv etmək olar, amma ona qalib gəlmək olmaz” ideyası burada bir az fərqli şəkildə təqdim edilir: “Dünya yaxşı məkandır, ondan ötrü vuruşmağa dəyər, mən bu dünyanı heç də tərk etmək istəmirəm. Düşünmək istəyirəm ki, hər halda burada faydalı bir iş gördüm...”

Əsərin ruhu bəlkə də “İngles”in faşistlərin süvari dəstəsini məhv etməmişdən əvvəlki daxili monoloqunda yaşayır: “Hər kəs əlindən gələni edir. Sən özün üçün daha heç nə eləyə bilməzsən, amma başqaları üçün bəlkə bir şey eləyə bildin...”

# 628 dəfə oxunub

Oxşar xəbərlər

Prezident media nümayəndələrini təltif etdi - Siyahı

Prezident media nümayəndələrini təltif etdi - Siyahı

17:43 21 iyul 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:12 21 iyul 2025
Qısa geyimli qızlara baxanlar və qalstuklu mollalar - Yalçın İslamzadə

Qısa geyimli qızlara baxanlar və qalstuklu mollalar - Yalçın İslamzadə

16:59 21 iyul 2025
Nadir Rüstəmliyə ağır itki

Nadir Rüstəmliyə ağır itki

15:21 21 iyul 2025
"Ayrılanda “cehizini” də özü ilə apardı” - Anar Afaq Məsud haqqında danışdı

"Ayrılanda “cehizini” də özü ilə apardı” - Anar Afaq Məsud haqqında danışdı

15:00 21 iyul 2025
"Qırmızı cırtdan" filminin ulduzu vəfat etdi

"Qırmızı cırtdan" filminin ulduzu vəfat etdi

14:51 21 iyul 2025
# # #