AzTV sədrini hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı – Bu gün ölən müğənninin həyat gizlinləri  

AzTV sədrini hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı – Bu gün ölən müğənninin həyat gizlinləri  
4 may 2021
# 16:27

Kulis.az bu gün maşın qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov haqqında maraqlı faktları təqdim edir.

Müğənni Aslan Hüseynov 1966-cı ildə Qırğızıstanda anadan olub. Onun atası Qırğızıstanda yol polisi işləyib. Uşaqlıq və gənclik illəri orada yaşayan müğənni sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və müğənnilik karyerasına başlayıb.

***

Müğənni uzun müddət Qırğızıstanda yaşadığı üçün at ətindən hazırlanan xörəkləri çox sevib. Xüsusən ondan hazırlanan dolmanın çox dadlı olduğunu qeyd edərək, Bakıda at ətinin satılmamasından təəssüflənirdi.

Aslan Hüseynov Bakıya köçəndən sonra burada öz həmkarlarından bir çox insanlarla dostluq əlaqələri qurub. Lakin sonradan onun Nadir Qafarzadə və Elza Seyidcahanla münasibətləri pisləşib. Verilişlərin birində qonaq olarkən o, küskünlüyün dilə gətirərək “Aslanı niyə bağışlamadılar?” sualını verib və kövrələrək verilişi yarımçıq saxlayıb.

***

Bir çox yerli kanallarda hazırlanan verilişlərə qonaq qismində dəvət olunsa da, AzTV və İTV kanalında ona qarşı ciddi qadağalar qoyulub. AzTV-dəki qadağa ilə bağlı telekanalın sədri Arif Alışanova zəng vursa da, ondan qeyri-etik cavab alıb. Bu barədə o, müsahibələrinin birində deyir:

“Zəng vurub dedim, Arif müəllim, mən bütün dövlət tədbirlərinə gedirəm, amma veriliş zamanı mən olan yerləri kəsirlər. Arif müəllim isə ağzında nə isə yeyə-yeyə mənə dedi ki, ey müğənni, sən kimsən, AzTV ilə problemin olsun. Mən isə ona dedim ki, ey Arif, sən millət vəkili olanda belə danışmırdım, çox mehriban, millətdən xahiş edərək danışırdın. O, mənə dedi, ey, xodunu al. Səviyyəsiz, mədəniyyətsiz adamlar mənimlə belə danışırlar. Mən onların nəyindən qorxacam?!”

Sonralar müğənni AzTV-yə rəhbər təyin olunmuş Rövşən Məmmədova müraciət ünvanlayaraq mətbuata açıqlama verib:

"Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Arif Alışanov yeddi il mənə qadağa qoymuşdu, özü AzTV-yə ömürlük “zapret”ə düşdü. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən. İndi isə deyirlər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur".

***

Sosial şəbəkələrdə kifayət qədər aktiv olan müğənninin başı burada da qalmaqallardan açılmayıb. İnstaqram hesabında onun haqqında yazılan təhqirlərə əsəbiləşən Aslan Hüseynov Salyanda yaşayan və onu təhqir edən şəxsi, onun valideynlərini axtarıb taparaq ondan üzr istəməsini tələb edib və buna nail olub. Sonralar bu mövzuya toxunan müğənni deyib ki, kimsə məni təhqir edərsə, bütün iş-gücümü atıb onu tapmaqla məşğul olaram.

***

Pandemiya müddətində işsiz qalan müğənni haqqında çıxan şayiələrdən biri də onun geniş biznes imkanları ilə bağlıdır. Lakin o, bu fikirləri təkzib edərək bildirib ki, ağlım olsaydı, zamanında biznes qurardım.

2021-ci il aprelin 26-da müğənnin anası dünyasını dəyişib. Həmin ərəfədə Moskvada olan Aslan Hüseynov təcili Bakıya gələrək anasının dəfninə qatılıb. Onun anası Gəncə şəhərində dəfn olunub.

***

Bu gün isə anasının 7 mərasiminə yollanan Aslan Hüseynovun idarə etdiyi BMW markalı avtomobil “Kamaz”la toqquşaraq ağır yol qəzası törədib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Müğənni 55 yaşında vəfat edib. Ailəsinin sözlərinə görə Aslan Hüseynov anasının yanında - Gəncə şəhərində dəfn olunacaq.

***

Müğənninin iki övladı qalıb.

# 13894 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər