Az, sən Qubadlı qaçqınısan e, ərəb şeyxi nədi? - Çinarə Ömrayın Qubadlıdakı evlərindən reportaj

Az, sən Qubadlı qaçqınısan e, ərəb şeyxi nədi? - Çinarə Ömrayın Qubadlıdakı evlərindən reportaj
24 noyabr 2021
# 17:15

Kulis.az Çinarə Ömrayın doğulduğu Qubadlı rayonundan – öz kəndlərindən hazırladığı reportajı təqdim edir.

“Payızın sərin nəfəsi qızılı yarpaqları ilə həmrəng olub ömrümüzə ahəstə-ahəstə çökməkdə davam edirdi” kimi düşük cümlələrlə mövzuya başlamağın başını buraxmağın vaxtı çatıb, məncə. “Nə? Ədəbiyyat bunu tələb edir?” Ay qardaş, eləməsin, hamı iş-güc adamıdır, birbaşa mövzuya keç, sözünü de bitsin də.

Mən Qubadlıya getmişdim axı. Hə, getdim gəldim. Belə, çox “möhtəşəm” yazacaqdım. Sonra baxdım ki, “möhtəşəm” sözünü də hörmətdən salıblar. Demirəm, ya da “çox möhtəşəm” yox, çox yaxşı.

Belə də olmur. Birbaşa sözü deyəndə də tez bitir.

Ya da gəlin sizə lap ətraflı danışım. Kəsə oxumaq istəyənlər, iş-gücü çox olanlar əsas məsələni öyrəndilər, artıq burdan o yana oxumasalar da, olar.

Anam öyrənəndə dedi ki, bu dəfə mən də gedirəm, tək qoymayacam səni. Həm də kəndi ən yaxşı mən tanıyıram, ordan çıxanda mənim 30, sənin 6 yaşın var idi. Atamın məzarı ordadır, ziyarət edərəm.

Mamamla (mən heç vaxt ana deyə çağırmamışam, ona görə elə bilirəm ana yazsam, yazı mənim olmaz, ya da qeyri-səmimi olar) düzəldik yola. Astara-Şuşa yolu gedirik. Hələ Qaradağı keçməmişik; mamam:

- Saxla, kimdənsə soruş gör düz gedirik?

- Ay qadan alım, başına dönüm, hələ bir gedək Füzuliyə çataq, sonra da. Həm də bu yolu getmişəm, tanıyıram.

Hələ Qobustanı keçməmişdik mamam yenə:

- Saxla, birindən soruş gör düz gedirik?

- Gedək qabaqda soruşaram, - deyə-deyə bir də gördüm Biləsuvara dönürük.

Bəhrəmtəpə yoluna düzəldik ki, yenə mamam:

- Kəndin iyisi gəlir, amma nəsə sola burulan yol tərəfdən gəlir, deyəsən, döngəni səhv girdik. Bir saxla soruşaq, görək düz gedirik?

Mən orda başa düşdüm ki, əslində yol boyu mamam içindəki sevinci hamı bilsin, bütün el-aləm onun hara getdiyini bilsin deyə hər addımbaşı maşını saxladıb balaca uşaq kimi hamıya demək, sevincini hamıyla bölüşmək istəyirmiş. Mən də, maşallah, çox hissiyyatlıyam axı, göydə tutmuşam söhbəti.
Artıq hava qaralır, amma bu Bəhrəmtəpə bitmək bilmir. Bala Bəhrəmtəpə, Ata Bəhrəmtəpə, Kiçik Bəhrəmtəpə, Böyük Bəhrəmtəpə. Qardaş, başım hərlənir, Bəhrəmtəpə bitmir.


Mamam tez-bazar Horadizdən bir feysbuk dostunu tapdı. Söhbəti həll elədi, gecəni onlarda qalacağıq, sabah səhər ordan üzü kəndimizə.

Saat 19:00 olsa da, zülmət qaranlıqdan göz-gözü görmürdü. Amma Bəhrəmtəpə də bitmirdi. O zaman üçün ən böyük arzum Bəhrəmtəpə bitən kimi birbaşa Horadizə girə bilməyimiz idi. Mamam sağ olsun o zülmət və kimsəsiz yolda arada “bəlkə, saxlıyasan bir kimdənsə soruşaq, görək düz gedirik?” də deyirdi.

Nəysə ki, az gəldik, çox gəldik, dərə-təpə düz gəldik, gəlib çıxdıq Horadizə. Horadizə girəndə elə sevinirdim ki, nəhayət, fərqli kənd adı gördük.

Gedəcəyimiz ev sahibinə zəng etdik ünvanı dəqiq soruşaq dedi düz gəlmisiz, bir az da qabağa gəlin, Bəhrəmtəpə marketin yanından sola dönərsiniz.

Yeni sabah, yeni gün.

Horadizdən çıxdıq. Şükürbəyli yolunda artıq içimdəki həyəcanın əllərimi keyitdiyini hiss edirdim.


Özümü əsl Ərəb şeyxi kimi hiss edirdim. “PİKAP” la gedirik hər iki tərəfdən iriliyi az qala mən boyda olan Şahin quşları yanımızla uçub bizi müşayiət edirdi.

Sora qəfil özümə dedim ki, “az sən Qubadlı qaçqınısan ee, Ərəb şeyxi nədi?” Mən əvvəldən beləyəm ee, hərdən elə xəyallar qururdum ki, sora özüm-özümə: “gələ, olacaq” deyirəm.

Cəbrayılın Soltanlısını keçirik. İlahi, evlər necə xaraba, necə yarıçılpaq idilər.

Yalquzaq kimi ağız-ağıza verib üzü göyə ulaşırdılar elə bil.
Zəngilanın Ağıllı kəndindən keçəndə Aqşin Yeniseyin yazdığı status yadıma düşdü, elə orda da dedim onu. Statusu təxmini belə xatırlayıram: “bizim kəndə də ağıllı kənd salırlar. Sizin kənd haradır ki? Dəli Məmmədbəyli kəndi.
İlahi bura Qubadlı rayonu Xanlıq kəndidir. Artıq həyəcandan əllərimdən ayaqlarıma keçir keyimə. Arada mamam əyilib mənə deyir:

- Bax sənə həkim nə dedi? Həyəcan olmaz. Özünü ələ al, soyuq yanaş. Mən sənə görə bütün həyəcanımı içimdə çəkirəm.

- Narahat olma, yaxşıyam. İstəyirsən düşüm kimdənsə yolu soruşum?

Xanlıqda gördüyüm canlanma məni necə sevindirirdi. Bu kəndin qaçqın düşmək yadından çıxmışdı elə bil. Evlərin bacasından burula-burula göyə uçan tüstü də buna təsdiq idi. Xanlıq kəndi necə diri və adam dolu idi. Evləri gülümsəyirdi. Maşın irəlilədikcə çönüb arxada qalın tüstülü evlərə baxır, “kaş bizim kənd də belə olardı, nolar” deyirdim.

Mamamın “Ay Allahhh, Hal körpüsü” deməsinə dik atıldım.

Mamam:

- Bizim kənddə məktəb 8 illik idi. Biz 11 illiyi bitirmək üçün hər gün piyada bu körpüdən keçib Hal kəndinə məktəbə gedirdik.
Mamam elə diri danışırdı ki, danışdıqca bir topa uşağın əlində çantası ilə səhərin alaqaranlığında o körpüdən keçib getdiyini görürdüm.

Maşını Qəzyan kəndində Xalamgilin həyətində dayandırdıq. Xalamgilin evi dağılmamışdı, hətta içində orda işləyənlərdən kimsə yaşayırdı da. Çox istərdim deyəm ki, bu boyda kənddə bir xalamgilin yadından çıxmışdı qaçqın gəlmək, amma deyə bilmərəm. Çünki eyni avtobusda gəlmişdik, eyni həyatı, eyni taleyi çiyin-çiyinə yaşamışdıq. Heyf xalama qismət olmadı bu evi, bu günü görmək.

İçimdə həyəcandan əssəm də, hər zamanki kimi soyuqqanlılığımı ustalıqla qoruyuram. Üzü kəndimizə gedirik. İlahi bir bizim kəndimizin simasından qaçqınlıq, viranəlik, yazıqlıq yağır, deyəsən. Evlər ağaclığın arasında itib, vəhşiləşib, daşlaşıb, qayalaşıb. Maşınla iki dəfə kəndin əvəlindən axırına getsək də, evimizi tapa bilmədik. Evimiz utandığından abrına bükülüb yox olmuşdu. İçimdə inanırdım, taa şəhərdən çıxandan inanırdım, düz 20 ildən çoxdur buna inanırdım ki, bizim evimiz harda olsa, məni duya, eşidə bilir. Nənəmin Sumqayıtda oturub onunla söhbətləşməsindən inanırdım. Lap o vaxt nənəmə demişdim:

- “Onsuz da eşitmir ki, başımı allatma. Həm də o daşdı, qulağı var eşidə?”

- Əlini ürəyinə qoy, inanaraq danış, onda səni daş da eşidər.
Əlimi sakitcə ürəyimə qoydum və dedim: “Nənəmin təməl daşı, babamın alın təri evim. Uşaqlığımın yadigarı evim, bircə sən utanma, sən utansan mənim üzüm olmasın gərək hüzuruna gəlməyə. Daşına döndüyüm evim, anamın gəlinlik sevinci evim, hüzuruna gəlmişik, yenidən baş qaldır, qucaq aç bizə. Üzünü bizdən nihan etmək dilərsən, etməgil”

“Az budeee budu, tanıdım. Budahaaaa” - mamamın səsinə yenə dik atıldım. Evimizi tapmışdıq. Bilmirəm mənim uşaqlıq xəyalım çox böyük olub, ya evimiz dərd çəkməkdən qocalıb beli bükülüb, amma mənə çox balaca görünürdü. 6 yaşımda qoyub gəldiyim evimizi nə bu həyətə, nə də qarşımdakı evə heç cür sığışdıra bilmirdim. O günlər, o xatirələr bir-bir dirilməyə başladı gözümdə. Divarlara toxunuram, daşların istisindən duyuram ki, onlar məni xatırlayırlar. Evimizin həyəcanını hiss edirəm. Birdən gözüm həyətdə təzə açmış, böyüməyə macal tapmamış balaca bir nara sataşdı. Güləcəksiniz, amma mən əminəm, evimiz məni əliboş qarşılamamaq üçün tələm-tələsik o nardan açmasını xahiş etmişdir. Mən də burdan çıxanda bu nar qədər idim…
Mamam qonşu Suya nənəgilin həyətindəki böyük tut ağacının altında oturub asta səslə “Yeganəyə de ordan çay dəmləyib gətirsin, burda içək” deyirdi.

Bütün xatirələrimizi həyətə səpələyib, daşlarla qucaqlaşıb çıxdıq həyətdən. Bu dəfə qayıdacağımıza ürəklə söz verib çıxdıq, bu dəfə o da inanırdı buna.

Mamamın doğulub böyüdüyü ata evinə gedirik indi. Gəlib evi tapdıq. Görürəm ki, mamam da mənim kimi o evi bu evə, bu həyətə sığışdıra bilmir. Həyətdə dayanıb hələ də tərəddüd edir ki, “yoxee, bəlkə, qarışdırıram?” Birdən aralarında hasar belə olmayan qonşuları həm də mamamın dayısı Xanış dədəgilin divarlarında iri həriflərlə beton divara həkk olunmuş “tarix və Xanış”sözlərini oxudu.

Sökülmüş evin içinə girirəm. Evin içində zivə asılıb, üstündə ağ rəngli uşaq kalqotqası asılı halda qalıb. Elə bildim məni kimsə ordan asdı…

Özümə gələndə artıq evdən xeyli aralıda idim. Mamam da gəldi qəbiristanlığa: mamamın atası, babam Şirinov Familin məzarını axtarmağa yollandıq.

Adamları, evləri, daşları, ağacları anladıq, bəs bu cansız qəbirlərdən nə istəyiblər axı? Onu anlaya bilmədim. Bütün qəbirlərin altını üstünə çeviriblər. Daşlar bilərəkdən qırılıb. Bir salamat sinə daşı tapdıq, mamam tez qucaqladı ki, atamdır hiss edirəm. Yarıdan çoxu sınmış baş daşının qalan parçalarından yarısını tapıb birləşdirdik, doğrudan da, mamamı hissləri aldatmayıbmış.

Oranı gəzdikcə düşünürəm, o zivədə ipdən asılmış qız uşağı kalqotqası mənimdir, yəqin. Həmən il 1-ci sinfə getməyə hazırlaşırdım, qismət olmadı. Sentyabrda 1-ci sinfə gedəcəkdim, avqustun 31-i məktəb çantama bir-iki yol yeməyi yığıb şəhərə qaçqın gəlmişdik.

Görən, o uşaq necə qaçıb bəs? Onun qayıdacaq ümidi də, evi də yoxdur. Görəsən, o həqiqətləri biləcək?….

# 21413 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #