Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?
17 noyabr 2025
# 15:00

17 noyabr Avstraliya tarixinin tanınmış ziddiyyətli xarakteri - cinayətkar, yazıçı və rəssam Mark Brandon Ridin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Bir çox insanlar Mark Brandon Ridlə 2000-ci ildə çəkilmiş və baş rolunu Erik Bananın oynadığı “Chopper” filmi vasitəsilə tanış olub.

Film tamaşaçılara yalnız bir psixopat və bəxti gətirən bir cinayətkar obrazı göstərsə də, Readin həyatı bundan qat-qat mürəkkəb və maraqlıdır.

Gənclik illərində hər cür cinayətlərə qarışmış, ağır psixoloji müalicələr görmüş, hətta ailəsi üçün başağrısına çevrilmiş bu adamın həyat hekayəsi, Avstraliyada bir ikon və hətta populyar mədəniyyət simvoluna çevrilməsinin sirrini ortaya qoyur.

Mark Rid 1954-cü il noyabrın 12-də Melburn şəhərində doğulub. Uşaqlıq illərinin ilk beş ili dövlət uşaq evində keçib; ailəsi ona yetərincə vaxt ayıra bilməyib.

Melburnun kasıb və cinayət nisbəti yüksək ərazilərində böyüyən Rid məktəb illərində zorakı və davakar bir uşaq olub. 15 yaşına qədər dəfələrlə döyülmüş və müxtəlif təzyiqlərə məruz qalmışdır.

Yeniyetməlik dövründə uşaq və gənclər üçün nəzərdə tutulmuş psixiatrik xəstəxanaya yerləşdirilmiş və orada elektroşok müalicəsi almışdır.

Gəncliyində Rid küçə döyüşlərində məşhurlaşıb və "Surrey Road" cinayətkar qruplaşmasının lideri olmuşdur. Onun cinayət fəaliyyəti, Prahrandakı masaj salonlarında narkotik satıcılarını soymaqla başlayıb və zamanla işgəncə, adam oğurluğu kimi daha dəhşətli cinayətlərə çevrilib.

Rid qurbanlarının əllərini və ayaqlarını yandırmaq və ya qoparmaq kimi vəhşi üsullarla pul almağı özünə iş prinsipi etmişdi. Həbs həyatı da qanlı olub: 20–38 yaşları arasında silahlı soyğunçuluq, hücum, silah qaçaqçılığı, polis maskası altında fəaliyyət kimi 18 il boyunca müxtəlif cinayətlərdən cəzalandırılmışdır.

Həbsxanada da Rid təhlükəli bir fiqur olub. Bütün bu kriminal keçmişinə baxmayaraq, Rid həm də yaradıcılıq sahəsində diqqət çəkib.

Mark Brandon Rid 1995-ci ildə Avstraliya Vergi İdarəsinin əməkdaşı Mary-Ann Hodge ilə evlənib. Cütlüyün Şarli adlı bir oğlu olub. Bu evlilik qısa sürüb və 2001-ci ildə boşanıblar.

19 yanvar 2003-cü ildə isə Rid uzun müddət dostu olan Marqaret Kassar ilə evlənib. Onların Roy Brandon adlı bir oğlu doğulub.

Ridə həbsdə olarkən hepatit C diaqnozu qoyulub. 2008-ci ilin mart ayında həkimlər Ridə iki ilə beş il arasında ömrü qaldığını və qaraciyər köçürülməsinə ehtiyacı olduğunu bildiriblər. Lakin Rid bu köçürmə prosedurunu başlatmaqdan imtina edib. O, başqasının orqanını istəmirdi. “Bu ədalətli deyil. Donordan köçürmə istəmirəm. Mən 55 yaşındayam və 10 yaşında bir uşağın adını öz adımdan üstün tutmaq niyyətində deyiləm” deyə bildirib.

2006-cı ildə Rid qadına qarşı zorakılığın qarşısını almağa yönəlmiş sosial reklam çarxında rol alıb. Burada "Chopper"i dəmir barmaqlıqların arxasında belə danışarkən görürük:

“Mən, Mark Brandon Chopper Rid. Bir çox insan mənim sərt biri olduğumu düşünür. Amma mən sərt deyiləm, sadəcə sərt olduğumu zənn edən bir çox adamı yerlə bir etmişəm. Həbsxanadakı ən alçaq insanlar qadın alverçiləri və təcavüzkarlardır. Əgər bir qadına əl qaldırırsansa, deməli zəif, qorxaq və ürəksiz bir insansan. Bir qadına qarşı zorakılıq və ya təcavüz səbəbilə həbsxanaya düşsən, nəticələrinə qatlanmalısan. Ağrı çəkəcəksən. Boynunu qıracağıq, zəif, ürəksiz, qorxaq siçan! Qorxmalısan! Çünki həbsxanaya düşsən, qorxmaq üçün çoxlu qanlı səbəblərin olacaq”.

O, 10-dan çox kitab yazıb, bunların bir hissəsi uşaqlar üçün nəzərdə tutulub, böyük hissəsi isə şəxsi həyatını və təcrübələrini əks etdirir.

Rid kitablarını tanıtmaq üçün tez-tez radio və televiziya proqramlarına qonaq olub. O, həmçinin İngiltərənin "FHM", "Zoo Weekly", "Ralph" kimi jurnallarında məqalələr yazıb.

Onun cinayət keçmişi və xatirələrini satmaqda göstərdiyi üstün uğur, Federal Cinayət Gəlirləri Qoruma Qanununun dəyişdirilməsi yönündə böyük çağırışlara səbəb olub.

Ridin kitabları milyonlarla nüsxə satılıb və Rid Avstraliyanın kitabları ən çox satılan yazıçılarından birinə çevrilib.

O, həmçinin rəssamlıqla məşğul olub, 100-dən çox əsəri yüksək qiymətə satılıb, rep albomu çıxarıb və müxtəlif televiziya və komediya şoularında iştirak edib.

Mark Rid-in həyatı klassik cinayətkar təsvirini alt-üst edir. O, həm qəddar bir cinayətkar, həm də cəsarətli, yaradıcı və öz yolu ilə gedən bir şəxsiyyət olub.

Onun həyatı və fəlaiyyəti göstərir ki, media və populyar mədəniyyət vasitəsilə bir insan həm qorxulu, həm də heyrətamiz simaya çevrilə bilər.

Mark Rid 2013-cü il oktyabrın 9-da 58 yaşında vəfat edib.

Onun həyat hekayəsi, kriminal keçmişdən yaranan yaradıcılıq potensialının və insan marağının sərhədlərini göstərən, həm də Avstraliya mədəniyyətində iz buraxan nadir nümunələrdən biridir.

# 175 dəfə oxunub

Oxşar xəbərlər

İspan yazıçının romanı əsasında film çəkilib

İspan yazıçının romanı əsasında film çəkilib

15:52 17 noyabr 2025
Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

15:50 17 noyabr 2025
Gənc pianoçunun Berlində solo konserti keçirilib

Gənc pianoçunun Berlində solo konserti keçirilib

14:50 17 noyabr 2025
Bursada 21-ci Beynəlxalq Kukla və Kölgə Oyunları Festivalı

Bursada 21-ci Beynəlxalq Kukla və Kölgə Oyunları Festivalı

12:30 17 noyabr 2025
Həmid Herisçi:  "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

Həmid Herisçi: "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

12:30 17 noyabr 2025
“Mona Liza İncili”  Romada nümayiş etdirilir

“Mona Liza İncili” Romada nümayiş etdirilir

11:30 17 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər