Atası dövrünün tanınmış xanəndəsi olan, 15 yaşında ərə verilən azərbaycanlı aktrisa kim idi?

Atası dövrünün tanınmış xanəndəsi olan, 15 yaşında ərə verilən azərbaycanlı aktrisa kim idi?
14 avqust 2025
# 11:25

14 avqust əməkdar artist Əzizə Məmmədovanın anım günüdür.

Kulis.az bu münasibətlə aktrisanın həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Əzizə Məmmədovanın Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm rolu olub, ilk milli peşəkar aktrisalardan biri kimi tarixə düşüb. O, 1892-ci ildə Tiflisdə doğulub. Atası dövrünün tanınmış xanəndəsi Əbdülbağı Zülalov olub.

Əzizə xanım musiqi təhsilini ilk olaraq atasından alıb və uşaq yaşlarından qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib.

1908-ci ildə əri vəfat edib və Əzizə xanım körpə qızı – sonralar tanınmış Xalq artisti olmuş Sona Hacıyeva ilə birlikdə atası evinə, Tiflisə qayıdıb.

Sonralar ailə ilə birlikdə Aşqabadda yaşayıb və 1919-cu ildə Bakıya köçüb.

Musiqiyə və incəsənətə böyük maraq göstərib, tanışlarının vasitəsilə əvvəlcə Əbilov adına, daha sonra qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal iştirak edib.

1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı yaradılıb və Əzizə Məmmədova müəyyən səhnə təcrübəsi qazandıqdan sonra Mirzəağa Əliyev və Hacıağa Abbasovun dəvəti ilə teatra aktrisa kimi qəbul olunub.

1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alıb və bir müddət hər iki teatrda fəaliyyət göstərib. 1925-ci ilin sonlarında yalnız Akademik teatrda çalışıb.

1930-cu illərdə isə qısa müddət yenidən Türk İşçi Teatrında çıxış edib.

O, Bakı Türk İşçi Teatrında Anatoli Qlebovun "İncə" əsərində Zeynəb Əkrəmzadə, Hacıbaba Nəzərli və Süleyman Rüstəmin "Yanğın" tamaşasında İncə qarı, Süleyman Rüstəmin "Qana qan" əsərində Səkinə, Vladimir Kirşonun "Küləklər şəhəri" tamaşasında qadın obrazlarını canlandırıb.

Akademik Milli Dram Teatrında isə Əzizə Məmmədova Səməd Vurğunun "Vaqif" əsərində Tükəzban, Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" əsərlərində Sonanın anası və Pəri xanım, Cəfər Cabbarlının "1905-ci ildə", "Almaz", "Yaşar", "Oqtay Eloğlu" dramlarında Gülsüm, Fatmanisə, Xanımnaz, Şərəbanı və Gülgəz, Rəsul Rzanın "Qardaşlar" əsərində Güllü, İslam Səfərlinin "Yadigar" əsərində Sədaqət xala, Cabbar Məcnunbəyovun "İldırım" əsərində Lətifə, Mirzə İbrahimovun "Həyat" əsərində Atlasın anası, Nikolay Qoqolun "Müfəttiş" tamaşasında Luka Lukiçin arvadı, Vasili Şkvarkinin "Özgə uşağı" əsərində Marfa, Yuri Yanovskinin "Prokurorun qızı" əsərində Anna İvanovna, Aleksandr Puşkinin "Dubrovski" əsərində Terentyevna, Lev Slavinın "İntervensiya" əsərində Tokarçuk, Sabit Rəhmanın "Toy" əsərində isə Zalxa obrazlarını ifa edib.

O, Azərbaycan kinosunda da fəal iştirak edib. "Almaz", "İsmət", "Hacı Qara", "Görüş", "Yeni horizont", "Səhər" kimi filmlərdə müxtəlif epizodik rollar oynayıb. Bundan əlavə, "Abbas Mirzə Şərifzadə", "Ağasadıq Gəraybəyli", "Bakının işıqları", "Bir məhəllədən iki nəfər", "Dəcəl dəstə", "Əsl dost", "Kazbek qutusu", "Qara daşlar", "Ögey ana", "Sevil", "Sovqat", "Vətən oğlu" kimi filmlərdə də çəkilib.

Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib.

Aktrisa Azərbaycanın teatr və kino sənətində silinməz iz qoymuş sənətkar, görkəmli aktrisa və sənət fədaisi kimi yaddaşlarda qalıb.

# 1205 dəfə oxunub

Oxşar xəbərlər

Dağların gizli dili:   Qafdan Duzdağa, Şastadan Əshabi-Kəhfə uzanan sakral xəritə

Dağların gizli dili: Qafdan Duzdağa, Şastadan Əshabi-Kəhfə uzanan sakral xəritə

12:00 24 may 2026
Gəncə Dram Teatrını su basdı

Gəncə Dram Teatrını su basdı

17:18 23 may 2026
Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

15:00 23 may 2026
Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

14:22 23 may 2026
Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

12:44 23 may 2026
Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi

11:00 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər