Sən ey sağa, sola qılınc vuran qol! - Əhməd Cavaddan istiqlal şeirləri

Sən ey sağa, sola qılınc vuran qol! - Əhməd Cavaddan istiqlal şeirləri
28 may 2020
# 09:25

Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il keçir. Kulis.az bu münasibətlə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın şeirlərini təqdim edir.

Susmaram!

"Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana.

Mana dinmə, sus deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam məhkum, anam sail, əlim hər şeyə möhtac.

Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı isyankaram, əzilsəm də susmaram!"

Çırpınırdın Qara Dəniz

"Çırpınırdın Qara Dəniz
Baxıb Türkün Bayrağına.
Ah deyərdin, heç ölməzdin
Düşə bilsəm ayağına!

Ayrı düşmüş dost elindən
İllər var ki çarpar sinən.
Vəfalıdır gəldi gedən
Yol ver, Türkün bayrağına!

Dost elindən əsən yellər
Mənə şeir, salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!

İncilər tök gəl yoluna,
Sırmalar düz sağ-soluna,
Fırtınalar dursun yana,
Salam türkün bayrağına!"

“Nə gördümsə”

Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Sordum qərib minarədən:
"Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?"

Vicdan mənə əmr edər ki:
"Belə gündə bayram etmə".
Quran mənə yol göstərir:
"Yoxsulları məyus etmə".


“Bismillah”

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizlərdən zəfər, Bismillah.

Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan dəniz, gəl, Türkə ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gələr, Bismillah.

“Qalx”

Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.

Bayrağım

Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım!

Gedərkən Turana, çıxdın qarşıma
Kölgən dövlət quşu qondu başıma!
İzn ver, gözümdə coşan yaşıma
Dinlətsin dərdini aha, bayrağım!

Qayı xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar, gəldim irəli
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!

# 4645 dəfə oxunub

Oxşar xəbərlər

Raqif Raufoğlunun imza günü olacaq

Raqif Raufoğlunun imza günü olacaq

10:00 28 aprel 2024
Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

22:21 27 aprel 2024
Namiq Hacıheydərli vəfat etdi

Namiq Hacıheydərli vəfat etdi

19:59 27 aprel 2024
"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

16:50 27 aprel 2024
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

16:30 27 aprel 2024
Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

15:30 27 aprel 2024
# # #