Sevgi nağıl, ömür ilğım... – Yeni şeirlər

Sevgi nağıl, ömür ilğım... – Yeni şeirlər
17 dekabr 2019
# 13:01

Kulis.az Eyvaz Sirablının yeni şeirlərini təqdim edir.

Məni qınama

Ruhum uçub getmək istər,
Cismimi tərk etmək istər,
Burax, cənnət məni səslər,
Vaxtdır, qovuşum anama,
Ömür, məni qınama…

Var eylədin bəxti qara,
Bu qismətdən qaçım hara?
Bil, nahaqdan çəkib dara,
Yer qoymadın inama,
Tanrı, məni qınama...

Bu bəxtimin üzü bozdu,
Nə dilədim, nəyi yazdı…
Mən bəndəyə bu da azdı,
Ümid yoxdu yazana,
Qismət, məni qınama…

Hanı Məcnun, hanı Leyli?
…Bir nağılmış Məcnun-Leyli,
Bu nağıla salıb meyli,
Mən uduzdum zamana,
Sevdam, məni qınama…

Zülm eylədim mən özümə,
Aləm dar gəldi gözümə,
Həqq söylədim həqq sözümə,
Qəh-qəh çəkdi zamana…
Eyvaz, məni qınama…

Dünyadı

Bu dünyamız Məlikməmməd nağılı,
Qoçları ağ, gah da qara dünyadı,
Qova-qova mərdin namərd eyləyən,
İgidlərin çəkən dara dünyadı...

Nağıllarda yalan olmaz - yel qanad,
Nağillardır bizə verir qol-qanad,
Bir ömürdü, tanrı verib amanat,
Amanatsız yola salan dünyadı…

Bu dünyanın əvvəli yox, sonu yox,
Dünya arsız, kəfəni yox, goru yox,
Nağıllarda ömür şirin, sonu yox,
Vaxtlı-vaxtsız yola salan dünyadı…

Ömür bitər, sonu çatmaz nağılın,
Dünya nağıl, sonu olmaz nağılın,
Göydən düşməz üç alması nağılın,
Almasız da yola salan dünyadı…

Dünya busa, nəyə gərək bu dünya,
Fələk çaşıb, yoxsa kələk bu dünya?
...Nağıllarda qəşəng imiş bu dünya,
Nağılbazı yola salan dünyadi…

Eyvaz, uyma bu dünyanın felinə,
Gəl aldanma yağlı, şirin dilinə,
Beş arşın bez sonda verib əlinə,
Gor evinə yola salan dünyadı...

Bağışlarmı görəsən

Sevgi nağıl, ömür ilğım – ötəri,
Bizə qalan məhəbbətin kədəri...
- Yarəb, bumu sevənlərin qədəri?
Desəm, tanrım bağışlarmı görəsən…

Hər sevənnən olmaz Leyli-Məcnunu,
Qeys əfsanə, mənəm Leyli Məcnunu..,
Gər yenidən yazsam «Leyli-Məcnun»u,
...Məcnun məni bağişlarmı görəsən…

Sevgi gözəl, sevdim gözəl – sarışın,
Vəfasızmış ismi pünhan – sarışın,
Qarğış etdim, dedim, evdə qarısın,
Qarı qızlar bağışlarmı görəsən...

Nə yatdım ki, yuxu görəm dünyada,
İlk sevgimə ağu qatdı dünya da,
Leylisindən razı varmı dünyada?
Dünya məni bağışlarmı görəsən...

Doğulantək tanrı yazdı yazısın,
Taleyimin ilk sevgisin, acısın...
Əlim yetsə döysəm cənnət qapısın,
İlk məhəbbət bağışlarmı görəsən…

Çoxu getdi, azı qaldı ömrümün,
Cavanlıqda gözü qaldı ömrümün,
Deyilməmiş sözü qaldı ömrümün,
Ömrüm məni bağışlarmı görəsən…

Sevgi həqdir, qulu oldum həqqimin,
Həqq məndədir - mən bəndəsi həqqimin!..
Əl qaldırsam dərgahına həqqimin,
Eyvaz, məni bağışlarmı görəsən…

Gallery

# 3966 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər