O gün torpaq öldü gözümdə... - Laçını görməyən laçınlı

O gün torpaq öldü gözümdə... - Laçını görməyən laçınlı
18 may 2020
# 11:09

Kulis.az Rəşad Nağı Mustafanın "Laçını itirdiyim gün" yazısını təqdim edir.

Mən Laçını 1992-ci ildə yox, 2020-ci ildə, aprelin 2-si itirdim. O gün ki atam öldü, Laçın da öldü, torpaq öldü gözümdə, içimdə. Mən Laçını atamın sözündə, səsində, görmüşdüm, sevmişdim. İndi mənimçün Laçın atamın yatdığı torpaqdı. Atam ki, danışırdı Laçından, elə bilirdim mən də ordayam. Atam getdi, elə bilirəm mən də getdim.

Şairlər xəyalpərəst olur, mən də eləyəm. Ta bilmirəm bu şairliyimdəndi, ya acizliyimdən. Ancaq nə gizlədim, hərdən xəyal qururdum ki, Laçın qayıdıb, ya da biz Laçına qayıtmışıq, orda məkan salıb, daşı daş üstə qoymuşuq. Təbiət qarşısında baş əyib, Vətən sevgisinin həqiqətinə varmışıq. Həyətdə təndirimiz, mal-qaramız, atımız da var.

At dedim, yadıma düşdü, 2 il qabaq, atamın sağ, ümidimin sərhədsiz vaxtı bir yuxu görmüşdüm. Gecə idi. Necə ki, hamı öləcək, eləcə də günəş hər gün dönəcək, gecə düşəcək. Dünən də göydən gecə düşdü. Evdən bir siqaretin dalınca çıxdım. İlahi, yerdəki siqaret kötüklərini düşünürəm: nə fikirlərə tabut, nə xəyallara dodaq yeri, indi də belə, ayaq altda.


Uzandım, üzümü qibləyə çevirdim, gah da qiblədən çevirdim....


Bir dost var. Hekayə yazmışdı. Oxumamışdım, amma yaxşı yazmışdı. Könlümə düşdü, zəng etdim, dedim, Allah xatirinə, göndər onu oxuyum. O da göndərdi. Bir atı varmış, yüz xatirəsi. Lap az oxumuşdum. Yuxu apardı. Yuxu gördüm. Laçındayam, Şəlvə çayının sahilində, Daşlı kəndində. Əmim Ələmdar kişi! O böyük adam, o gözəl adam. Sağlığında qorxardıq zəhmindən. Amma indi qorxmurdum. Qorxulu yuxu deyildi.
Mənə bir at verirdi əmim. Qara, qapqara, yuxunu gördüyüm gecədən də qara. Çapdım o atı. Yerdən göyə qədər çapdım. Əllərimlə apara bilmədiyim duaları atımla apardım göylərə.


Sonra əmim də öz atına mindi. Mən də öz atımda - Laçını gəzdik.


Mən Laçını heç vaxt görməmişəm. Əvvəl yaşım çatmadı, sonra gücüm.
Sonra əmim də, atım da, Laçın da yox oldu. Oyandım. Hekayəni oxudum. Elə yazanın səsiylə oxudum. Qəribə yazmışdı.


Əmim də, o at da, Laçın da yox oldu, yuxu oldu. Oldu Ömər Xəyyamın hekayəsi də, Ömər də, mən də, - bir gün hamı yox olacaq, bir qəribə yuxu olacaq.


Bir gün hamı yox olacaq demişəm, düz demişəm, o gün atam yox oldu. İndi nə Laçın var, nə əmim, nə də atam. Azalan doğmam oldu, artan and yerim. Atamın yatdığı torpaq haqqı, Laçın haqqı.

# 4699 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər