Görürəm ki, qəhrəmansan – Günün şeiri

Görürəm ki, qəhrəmansan – Günün şeiri
28 sentyabr 2020
# 10:40

Kulis.az Xalq aşairi Səməd Vurğunun “Ananın öyüdü” şeirini təqdim edir.

Geyib əskər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.
– Ana! Getdim salamat qal! – deyib öpdü qarını.
Ana igid balasına açdı öz qollarını,
Üz-gözündən öpə-öpə bağrına basdı onu,
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.
Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!
Tarixlərin şahididir mənim bu ağ birçəyim.
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.
Qulağında yaxşı qalsın, mənim sənə öyüdüm:
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!
Sən düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla!
Öz yerində olsun gərək igidin yar-yarağı,
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı.
İgid balam! Hərçəndi ki, öz ananam mən sənin,
Çörəyilə böyümüsən bizim ana Vətənin.
Bizim ellər koroğlular, çapayevlər yurdudur,
Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur.
…Payız vaxtı bağçamızın heyvaları dəyəndə,
Şaftalılar şirələnib budağını əyəndə.
Göndərərəm sovqatını – sənin də öz payını,
Sən də artır öz əlinlə zəfərlərin sayını.
Get, düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla”.
Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;
Günəş yaydı şöləsini Vətənin göylərindən.
Ana baxdı öz oğluna, su da səpdi dalınca…
Şair qəlbi bu səhnədən ilhamını alınca,
– Yaşa, – dedi, – ey qəhrəman! Yaşa, – dedi, – ey Vətən!
Sonra şair dodaqları öpdü ana əlindən.

# 3387 dəfə oxunub

Oxşar xəbərlər

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

12:30 22 iyun 2026
Məşhur aktyor İslamı qəbul etdi

Məşhur aktyor İslamı qəbul etdi

11:20 22 iyun 2026
Səngəçal karvansarasına ziyan vuruldu - Hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq

Səngəçal karvansarasına ziyan vuruldu - Hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq

10:57 22 iyun 2026
"Friends" serialının rejissoru vəfat etdi

"Friends" serialının rejissoru vəfat etdi

10:30 22 iyun 2026
"Rolling Stones" qastrol səfərlərini ləğv etdi? - Açıqlama

"Rolling Stones" qastrol səfərlərini ləğv etdi? - Açıqlama

10:11 22 iyun 2026
Akif Azalp:  "Mən həyatım boyu tək yaşamışam" - Müsahibə

Akif Azalp: "Mən həyatım boyu tək yaşamışam" - Müsahibə

10:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər