"Balaca qara balıq" Bakıda səhnələşdirilir

"Balaca qara balıq" Bakıda səhnələşdirilir
12 mart 2020
# 10:25

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin “Balaca qara balıq” mənzum nağılı səhnələşdirilir.

Kulis.az xəbər verir ki, uşaqlar üçün yazılmasına baxmayaraq, böyüklər üçün əngin amalları ehtiva edən “Balaca qara balığ”ın bu əzmkarlıq dolu hüznlü hekayəsi yeni quruluş və tərtibatda “Qara balığın nağılı” kimi səhnəyə daşınır.

Teatrın bu mövsüm yaradıcılıq planında yer alan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşa üç aktyorun kuklalar və paralel olaraq canlı planda oyunu ilə fərqlənir.

Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandıracaqları obrazlarda əsərin ideya tələbinə uyğun olaraq müəyyən texniki həll və mətn dəyişiklikləri aparılıb.

Səhnə əsərinə məhz bütün mübarizələrin, nəticəsindən asılı olmayaraq, mübarizi qalibdir düşüncəsi ilə yanaşan kuklaçılar tamaşaçılara cəsarətli balığın yeni sular kəşfini maraqlı boyalarla təqdim edəcəklər.

Bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyini “Qara balığın nağılı”nın timsalında həll edən kuklaçılar əsər müəllifinin əsas ideyasını saxlamaqla uşaqlar və böyüklər üçün maraqlı tamaşa vəd edirlər.

Dramatik sonluqla bitən balaca balığın hekayəsini teatrın ümumi ideya və meyarlarına uyğun formada həll edən yaradıcı heyət balığın ölümü və nəticəsiz mübarizəsini fərqli formada, bir növ, bütün həqiqətlərin əbədi qələbəsi kimi verməklə onu müsbət nota kökləməyə çalışıblar.

Tamaşanın quruluş müəllifi, məşhur kuklaçı rejissor Namiq Ağayev hər kəsə bəlli balıq-insan dramını elə bütün tamaşaçılar üçün baxımlı edəcəyini deyir: “Balaca qara balıq mövcud həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamırlar. Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, özündə ətalət mühitini tərk gücü tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Beləcə getdiyi hər yerdə, üzdüyü hər suda özünün mübarizlik toxumlarını səpir və oxucunu, tamaşaçını öz həqiqətinə heyran qoyur. Əslində bu balaca qəhrəmanımız çoxillik rejissor fəaliyyətimdə mənim də ideal obrazlarım sırasındadır və ümid edirəm ki, sevimli qəhrəmanımı tamaşaçılara da sevdirə biləcəyəm”.

Nağılçı, Kərtənkələ, Balıqudan, Naqqa və Balaca Qara Balıq obrazlarının səhnə canlanmasını kukla və canlı plan oyunlarında təqdim edəcək aktyorlar xoreoqrafik imkanlarını da nümayiş etdirəcəklər.

Hazırda son məşqləri gedən yeni səhnə işi aprelin əvvəlində teatrsevərlərin ixtiyarına veriləcək.

# 2753 dəfə oxunub

Oxşar xəbərlər

Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar

Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar

13:40 10 noyabr 2025
750 illik sirr açıldı

750 illik sirr açıldı

13:00 10 noyabr 2025
Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

12:30 10 noyabr 2025
Dünya ədəbiyyatı korifeylərinin əsərlərini  dilimizə tərcümə edən şair

Dünya ədəbiyyatı korifeylərinin əsərlərini dilimizə tərcümə edən şair

12:00 10 noyabr 2025
"Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar..." - Dünya liderlərinin Atatürk haqqında fikirləri

"Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar..." - Dünya liderlərinin Atatürk haqqında fikirləri

11:30 10 noyabr 2025
Praqada Avropanın ən böyük müəllif kuklaları  sərgisi açılıb

Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi açılıb

11:00 10 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər