Kulis.az Cavid Qasımovun yeni şeirlərini təqdim edir.
***
Dedilər, ölmüsən,
Qəfil xəbərdən 
Ürəyim sıxıldı, halım dəyişdi.
Başladım özümə pıçıldanmağa,
İlahi, niyə tələsdi?
Haraya getdi?
Gözümdən bir-iki damla yaş
atıldı bu xəbərin dalıyca su tək.
Sonra, 
Dedilər ki, yalandır,
Sən də yaşayırsan hamımız kimi.
Sevindim,
bir-iki damla da gözümdən düşdü.
Vallah, keçməmişdi üstündən azca,
Öldün - söylədilər, öldün dedilər.
Dillənmədim, dinmədim,
Kefimi pozmadım ikinci dəfə.
***
Küçə lampaları -
Sərxoş kəpənəklərin gecə ocaq başıdır,
Səkilərin on addımdanbir 
Tozlanmış yaddaşıdır.
Daşa tutulan lampadan 
Neçə kəpənək ocağını,
Neçə səki yaddaşını itirdi.
Küçələr hara gedəcəyini bilməyib,
Ayağını, başını itirdi.
Küçə lampaları-
Eynəyi kirlənmiş,
İşığı sirlənmiş
Bomjdu 
Kəpənək qanadlarında...
***
Yağış kimi ayrılmaq,
Əli boş, üzü ağ,
Yavaş-yavaş yox olmaq
Asan deyil.
Gölməçələr 
yağışın yerə çəkdiyi bulud şəklidir,
Kirli, bulanıq.
İndi mənim haqqımda nə fikirləşirsənsə, fikirləş .
Uzaqdan gələn əli kağız gəmili uşaq 
Bu gölməçəni ağ ulduzlarla dolduracaq...
***
Yoldan ötrü çəkdiyi ahdan 
Sinəsinə tikiş vuruldu ayaqqabının. 
Bağ bildiyin
Səriştəsiz cərrah sapıdır.
Yarasının açılacağı yer
Qapı-qapıdır... 
Necə düyünləsən də 
Həmişə kəpənək alınır.
Yalançı qanadlarıyla 
Haçansa uçacağına inanır.
Dəymə kəpənəyin qanadlarına,
Yolu diksindirməsin 
Qanad səsi...
***
Ac dalğalardan ötrü sahilə 
Bir ovuc qağayı səpilib,
Bir ovuc balıqqulağı.
İllərdi boz süfrədən kəsilmir 
Dalğaların ayağı.
***
Nəsə çatmırsa 
Əvvəldən olmayıb 
Məsələn, kirpinin bir qarış sapı,
Dəvəquşunun uçmaq eşqi,
Ölümün ikinci planı 
Əvvəldən olmayıb. 
Sevmək ayrılıqdan ötrü məşqdir.
Sevirsənsə kirpi üçün sapa,
Dəvəquşuna ucu-bucağı bilinməyən səmaya çevrilirsən.
Ölümə gəlincə, 
Ondan sonrakı həyata...
İndi iynəsinin hara sancıldığı 
Bilinməyən sap üzərində addımlayır,
Kürəyində dişlənmiş alma olan kirpi,
Arxasıyca Adəm.