"Hara qaçsan, gec ya tez plana düşəcəksən..." - Şeirlər

"Hara qaçsan, gec ya tez plana düşəcəksən..." - Şeirlər
20 may 2026
# 10:45

Kulis.az Vüqar Əlisoyun şeirlərini təqdim edir.


Ayrılığın son zəngi

Dostlar, son zəngimiz yadınızdamı,
Kimin qulağında qalıbdır, o səs?
Yolumuz bir idi, son zəng çalındı,
Bir anda yolunu ayırdı hər kəs…

Biz hardan bilərdik axı, o yollar,
Yenidən birləşər bir yaz axşamı!?
Ağsaqqal yaşında,nənə çağında
Uşaq tək kövrəlib, sevinər hamı...

Hara getdi, harda qaldı o günlər,
Nə sevinci, nə bayramı qayıtmaz.
Bufetdəki kakaonun,korjikin,
O günlərin dadı, tamı qayıtmaz.

Məktəbimiz ocaq idi, pir idi...
Müəllimləri biz övliya sayardıq.
Partaları sanki mesaj yeri idi.
Sevgimizi cızıb, orda qoyardıq.

Nə qayğımız,nə dərdimiz var idi.
Dalaşardıq, barışardıq bir anda.
Zəngin səsi gələn kimi qaçardıq,
Hara,niyə tələsirdik biz, onda?

Sabahamı, bu günəmi qaçardıq,
Böyüməyə can atardıq biz, yaman...
Qaça-qaça saç ağardı, indi də,
Məktəb üçün darıxırıq hər zaman.

Uşaqları aparanda məktəbə,
Duyğulanıb, kövrəlmişik hər dəfə.
Kaş ki,bir gün məktəb zəngi çağırıb,
Bizləri də, doldurardı sinifə.

Ayrılığın son zəngidir bu axşam,
Vurun qədəhləri, qoy cingildəsin!
Ömür gedir,yaş da çatır altmışa,
İçək,bu ayrılıq bir də gəlməsin!


Müharibə

nə çox divarı var bu evin belə!?
bu evdə gecələr zindan qoxuyur.
divarlar səssizcə verib əl-ələ,
bir tənha gözələ meydan oxuyur.

duyub təkliyini tül pərdələr də,
cansız əşyalar da vəhşilik edir.
girib yuxusuna hər yoldan ötən
biçarə gəlinə kişilik edir.

sonsuz gecələri bütün dünyanın,
günəşdən yayınıb gizlənir burda.
qəhqəhə səsindən qaçan sükutlar
hıçqırıq səsinə dincəlir burda.

bircə həmdəmi var bu qara bəxtin,
o da ağ balışdı əlində qalıb.
ağ atlı oğlanı vətən uğrunda
kirkirə dünyanın çölündə qalıb.

nə çox divarı var bu evin belə!?
bu evdə gecələr zindan qoxuyur.
divarlar səssizcə verib əl-ələ,
üçaylıq gəlinə meydan oxuyur.

Tıxac

tıxac.
irəli yol yox,
geridə tıxac.
geridəkilərin
üzünə dirənib
öndəkilərin arxası.
burda
öndəkiləri söymək,
sevmək qədər mənasız...

tıxac.
yar görüm,
necə yarırsan bu tələni?
de görüm, necə deyirsən,
ağzına gələni...
sözlərin də tıxcanıb qalacaq
dişlərinin dibində.
tıxac yaranacaq
ağzında,
beynində,
ürəyində...



Yaz lövhələri

Yetişib ağacların fatasına
Bir arı oynayır yaz havasına.
Zümzüməylə dövrə vurur,
çiçəklərin nazını çəkir, başına dönür...
Bəmbəyaz, bəxtəvər gəlinciklər
hər biri meyvə olacağını düşünür...

***

Qoca çinar…
kökü yerdən, tacı göydən üzülüb.
üzüqoylu nəm torpağa gömülüb.
gövdəsində bir tənha ,körpə fidan
nəmyaşıl təbəssümlə günəşə gülümsünür.

***
Məni öldürsə, söz öldürəcək…
Danışanda başım ağrıyır,
Susanda ürəyim.

Məni öldürsə, söz öldürəcək
Udanda əks göstərişdi,
Unudanda yan təsiri var.

Məni öldürsə, söz öldürəcək
Görsən ki, səsim çıxmır,
Sözüm ürəyimdə qalıb,demək...

Dünya əcəlin tələsidir

Mən hər kəsin əvəzinə ağlamışam,
gördüklərimi anladıqca,
ağladıqca ağlamışam.
Hayqırmışam.
Hönkür-hönkür,
Həzin-həzin,
İçin-için ağlamışam.
Bəbəklərim quruyanacan,
gözlərimi yumanacan ağlamışam.

anladım ki, siz,
xoşbəxtliyə israrlı olduğunuz üçün
bədbəxtsiniz...
anladım ki, şər, xeyirli əməldir,
onsuz
gecəniz xeyirə qalmaz.
Anladım ki, yağlı tikə sərmayədir,
acın qarnına yatırılmaz.

Anladım ki, insan,
qorxunun kölgəsidir.
Dünya, əcəlin tələsidir.
həqiqət və ədalət,
uzaqda görünən ilğmdır,
cazibədir,
ümid, olməmək üçün bəhanədir.

anladım ki, susmaq qızıl deyil,
özünü qoruma alətidir.
anladım ki, atəşfəşanlıq,
və alqış səsi
körpələrin naləsidir-
çır-çır çığırır,
köməyə çağırır...
ağladım ki, acizəm…

Ölüm, hələ ölmək deyil,
Gözlərinizi zorlamayın.
arxamca su atın,
ağlamayın...


Anam üçün ağı

Səni düşünürəm.
səhər,axşam,
Gündüz, gecə...
Elə bilirəm
Gələcəksən indicə.
Sənlə danışıram.
Öz-özümə,
Gülə-gülə...
Səni gözlüyürəm,
Gəlməyəcəyini
Bilə-bilə...

Gedək mən deyən yerə

Gəl, görüşək, bu axşam,
Gedək, mən deyən yerə.
Gecələri alışan,
Bir də, sönməyən yerə.

Orda, bir tək oda var,
Nə istəsən, orda var.
Yaşıl meşə,bəyaz qar...
Ayaq dəyməyən yerə,
Gedək, mən deyən yerə!

Unudulsun qəm-kədər,
Deyək,gülək bir qədər.
Əlimizdə qədəhlər,
Bir-birə dəyən yerə,
Gedək, mən deyən yerə!

Bir ipək balış dərim,
Başının altda sərim.
Nəhayət ki, əllərim,
Əlinə dəyən yerə,
Gedək, mən deyən yerə!

Duyğu varmı sevgitək,
Nə gözəlmiş sevilmək...
Gəl,əzizim,gəl gedək
Gedək mən deyən yerə!
Gecələri alışan,
Bir də sönməyən yerə...

Ürək çatışmazlığı
Əzizim, dr Həyat İslamzadə xanıma

Səni deyib gəlmişəm,
Salam, həkim, necəsən?
Bir təlaş içindəyəm,
Bəlkə, çarə biləsən...

Əvvəl sorğula məni
Qəlbimi nə qanadır?
Hardandır bu vahimə,
Qanım niyə qaradır?

Nəbzimi yoxla mənim,
Bax gör, hara tələsir.
Nə baş verir dünyada,
Nədən ürəyim əsir?

Gözlərim də yol çəkir,
Dincəlmir sübhə qədər.
Yuxum da qaçıb məndən
Yatammıram gecələr.

Sabah üçün qorxuram
Ürək ver,biraz, mənə.
Götür qələm,kağızı
Varsa, ümid yaz mənə.

Plan

Bütün yollar sıfırdan,
Heç neçədən başlayır.
Bir nöqtədə bitən yol,
Bir nöqtədən başlayır.

Ha xəyal qur, plan cız
Bir plan içindəsən.
Hara qaçsan,gec, ya tez
Plana düşəcəksən.

Haqq davası

Sən məni sevirsən,
Mən də səni.
Sən məni
istədiyin kimi görmək arzusunda,
mən də səni...
o sənin haqqındır,
bu da ki, mənim.
Ayrılaq!
sən öz haqqını sev,
mən öz haqqımı.
sən öz göz yaşını,
mən öz ahımı...

Hərənin öz həqiqəti

mənim həqiqətim-
alma çiçəyi...
pəncərəndə görünər,
qışın oğlan çağında.
əyləndirər səni,
isti ocağın qırağında.
düşündürər səni,
hərdən,
başın ağrıyanda...
dilində bitər sənin,
sağlığı,
sağlığa calayanda...

sənin həqiqətin,
sənin sahibin…
saxlayar səni,
ağzını yallayar sənin...
hətta,
ağzını bağlayar sənin,gərəkəndə...
sən də,
onu qoruyarsan məndən
və mənim həqiqətimdən.
mənim həqiqətim,
sənin əbədi məğlubiyyətin...



Şair ömrü

Şair ömrü-şeir ömrü,
Yazmaq, ömrü uzatmaqdır.
Sən ölməkdən qorxma,şair,
Ölmək, daha çox yaşamaqdır.

Düyün

Gücünü,sevgisini, azadlıq arzusunu
su yerinə axıdanlar
bilə bilməyəcək
uğrunda öldüyü, qoynunda çürüdüyü torpağa
kimsə göydələn toxumu əkib.
bir gün toxumlar cücərib,
dimdik dikəlib,
dimdikliyəcək göy üzünü.
qarayaylıqlı ağbirçək
göydələnin altındakı
bankomata boylanacaq.
laylayacaq balasını,
çimdikləyəcək dizini,
deyinəcək oğlunun qarasına,
ondan icazəsiz
tankın üstünə getdiyinə görə...
qarayaylıqlı ağbircək
tutacaq dünyanın yaxasından,
əkib doğanına söyəcək dünyanın,
yandığından.
cənnət qaçacaq ayaqlarının altından.
göy üzündə nəm bululudlar-
yarı yolda donmuş ahlar - sürünəcək.
Geriyə qanrılıb kimsə görməyəcək
anaların çəkdiyini,
bu dünyanın
çoxdan düyünə düşdüyünü,
anaların qarğışına keçdiyini...

Gözəl Bakı

Gözəl Bakı,
sirli şəhər...
yenə səhər,
işıqların sönəcək,
yenə günəş,
üzünü göstərəcək.
sarıköynək qadınların
qaş-qabağı,
gecələrin artığını,
küçələrdən
süpürəcək.

gecədən səhərəcən
darıxan dayanacaqlar,
oyanacaqlar,
üzü yola dayanacaqlar...
gecədən səhərəcən
turşuya qoyulmuş,
sifətlər boylanacaq,
son ucu tıxac,
düz, dolanbac yollara...

donuq gözlər
bir suala dikiləcək,
qəribliyə yol çəkəcək...
çirkli avtobuslarda,
boş yer keçəcək,
sınıq- salxaq ürəklərdən...

duracaq Qız qalası
üzü qibləyə.
verəcək
səhərin ilk salamını,
şortik geymiş bir gəlməyə...
açacaq sirli qapılarını
əfsanələrinin,
sonra da,
əlləri açılacaq Qız qalasının,
gələnlər başına çıxacaq
Qız qalasının.

Gözəl Bakı,
yenə səhər
mərmər sinən üstdə,
mərmər sinələr sərgilənəcək.
ürəyi solmuş,
suyu sovulmuş kişilərin
gözlərinə,
xam xəyallarına yeriyəcək.
kişilərin içi özünü yandıracaq,
çölü heç kimi...

soyuq baxışlardan ürəklər üşüyəcək,
soyuq dəyəcək sevgilərə.
xəstə sevgilər,
naxoş arzular gəzəcək
açıq-saçıq küçələrdə...

yandır işıqlarını,
gözəl şəhər,
tanrı işığını
söndürmüşkən...
ört üstünü sirlərinin,
günəş qüruba enmişkən...

# 89 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər