"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və dəniz" əsərindən bir hissə

"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və  dəniz" əsərindən bir hissə
1 sentyabr 2026
# 13:00

1952-ci il, sentyabrın 1-də tanınmış yazıçı Ernest Heminqueyin "Qoca və dəniz" povesti ilk dəfə nəşr olunub.

Kulis.az əsərdən bir hissəni təqdim edir.

Geri qayıdanda qocanı oturduğu yerdəcə yuxulamış gördü. Gün artıq batmışdı. O, çarpayının üstündən köhnə əsgər ədyalını götürüb stulun söykənəcəyinə saldı, qocanın kürəyini, çiyinlərini örtdü; bu çiyinlər əcaib dərəcədə qeyri-adi, həm də möhkəmdi, çox möhkəm. Başı sinəsinə sallandığından qocanın boynundakı qırışlar indi bir o qədər sezilmirdi. Əynindəki nimdaş köynək elə qayığının yelkəni kimi yamaq-yamaqdı və yamaqlar günün altında müxtəlif dərəcədə yandığından hərəsi bir rəngə çalırdı. Lakin hər şeydən daha köhnə görünən qocanın sifəti idi və indi gözləri yumulu vəziyyətdə onun simasında zərrə qədər də həyat əlaməti sezilmirdi. Yalın ayaqlarının damarları çıxmışdı; onları, az qala, barmaqla saymaq olardı. Qəzet əlindən sürüşüb dizinin üstünə düşmüşdü; uçub getməsin deyə, qoca dirsəyi ilə onu dizinə sıxmışdı. Yüngül meh əsirdi.

Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ də ayılmadığını gördükdə isə əlini onun dizinə vurub astadan səsləndi:

— Dur, ey, axşamdır.

Qoca gözlərini açdı, bir anlığa haradansa, çox uzaqlardan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi.

— Hə, nə gətirmisən? — oğlandan soruşdu.

— Axşam yeməyi, hazırlaş şam eləyək.

— Mən bir o qədər də ac deyiləm.

— Di yaxın otur, yeməyini ye. Yeməsən, balıq tutmaq olar?

— Acqarına o qədər balıq tutmuşam ki.

Qoca bunu deyib ayağa qalxdı, qəzeti əlinə alıb qatladı, ədyalı da büküb yerinə qoydu.

— Ədyalı çiyninə sal. Nə qədər mənim canım sağdır, səni acqarına balıq tutmağa qoymaram.

— Onda özündən muğayat ol ki, lap çox yaşayasan, — qoca dedi. — Yaxşı, yeməyə nəyimiz var?

— Düyü ilə qara paxla, banan qızartması, bir də mal ətinin soyutması.

Oğlan Terraslakı balaca restorandan iki tənəkə qabda yemək, iki çəngəl, iki bıçaq, iki qaşıq gətirmişdi; hər dəsti də ayrılıqda kağız əlsilinə büküb cibinə soxmuşdu.

— Bunları sənə kim verdi?

— Martin, restoranın sahibi.

— Onu görəndə gərək razılıq edəm...

— Mən sənin əvəzindən də dil-ağız elədim, daha sən əziyyət çəkməyə bilərsən.

— İri balıq tutanda qarnının altındakı yumşaq ətdən ona kefin istəyən ləzzətli pay göndərərəm. Martin bizə tez-tez əl tutur, birinci dəfə deyil ki.

— Yox, birinci dəfə deyil.

— Amma dediyim pay az olar. Mən gərək ona nəsə əməlli-başlı bir şey verim. Hə, ona əsl yaxşılıq etməliyəm. İnsafən, o, bizim əcəb qeydimizə qalır.

— Hələ bu gün pivə də verdi.

— Mənim ən çox xoşladığım pivə banka pivəsidir.

— Hə, bilirəm, amma bu gün butulka pivəsi verib. Özü də Hauti pivəsidir. Boş şüşələri sabah aparıb qaytarmalıyam.

— Yadından çıxmasın, mütləq apar ver. Yaxşı, bəs yemək hazırdır?

— Əlbəttə, hazırdır, — oğlan ədəblə dilləndi. — Bayaqdan səni gözləyirəm ki, keçib oturasan. Sənsiz qabın ağzını açmaq istəmirəm.

— Mən hazır, — qoca həvəslə qabağa yeridi, amma tez də əlavə elədi: — Yox, əvvəlcə əl-üzümü yumalıyam.

Oğlan fikirləşdi ki, görəsən, qoca harada yuyunur? Bütün qəsəbə camaatı suyu qocanın komasından iki küçə o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan götürürdü. "Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı gətirəydim. Gör nə kütbeyinəm. Ona köynək, qış gödəkcəsi, ayaqqabı, bir dənə də əlavə ədyal tapmaq lazımdır".

Qoca yeyə-yeyə xörəyi təriflədi:

— Soyutma ət əcəb ləzzətlidir.

— Bəlkə bir az beysboldan danışasan mənə? Nə yazıblar? İşlər necədir?

— Necə olacaq, mən deyən kimi, — qoca məmnun görkəmlə sözə başladı. — Amerika liqasında "Yankilər" birinci yerdədir.

— Bəs axı bu gün "Yankilər" uduzublar.

— Bir dəfə uduzanda nolar ki? Böyük şey olub? Di Macio hələ özünü bundan sonra göstərəcək.

— Komandanın bütün uğuru tək ondan asılı deyil ki. Başqa oyunçular da var.

— Orası elədir. Amma Di Macio ayrı aləmdir, oyunun taleyi ondan asılıdır. İkinci liqada bruklinlilər filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler sənin yadındadır? Yadına gəlir Əski parkdakı oyunda topa necə zərbə ilişdirirdi?!

— Əsl ustadır! Hələ indiyəcən topu onun kimi uzağa vuran ikinci bir oyunçu görməmişəm.

— Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb onu balıq ovuna dəvət edəm. Utandım. Səni dedim, sən də gedib demədin, utandın.

— Yadımdadır, necə yadımda deyil. Çağırmamaqda böyük səhv elədik. Nə bilmək olar, bəlkə bizimlə gedərdi? Ömrümüz uzunu onunla balığa getməyimizdən danışıb qürrələnərdik!

— Getsəydi, lap Di Macionun özünü də balıq ovuna aparardım, — qoca dərindən köks ötürdü. — Deyirlər vaxtilə onun da atası balıqçıymış. Kim bilir, bəlkə elə o da bizim kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.

— Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən yaşda olanda o ən məşhur komandalarda oynayırmış.

— Sən yaşda olanda mən Afrika sahillərində üzən yelkənli gəmidə yunqa idim. Axşamüstü şirlər gəlib sahildə gəzişirdi, biz də uzaqdan onların tamaşasına dururduq.

— Bilirəm, danışmısan.

— Sən bilən, indi nədən danışsaq yaxşıdır: Afrikadan, ya beysboldan?

— Mən bilən, beysboldan danışsaq, yaxşı olar. Bəlkə sən mənə ustad Con Mak-Qroudan bir az danışasan?

— O da qabaqlar bizim Terrasdakı restorana tez-tez baş çəkərdi. Bərk də içərdi. İçəndə qızışıb özündən çıxmağı vardı, ucadan danışar, kobud davranardı. Beysbol öz yerində, həm də yaman atbaz idi. Məşhur cıdır yarışlarının proqramı həmişə cibindəydi, birini də buraxmazdı. Telefonla danışanda görürdün ki, birnəfəsə bir sürü at ləqəbi sadaladı.

— Mak-Qrou əsl təlimçi olub. Atam deyir ki, dünyada onun kimi ustad təlimçi olmayıb.

— Atan onu hamıdan çox gördüyü üçün elə deyir. Mak-Qrou hər il bura gəlirdi. Əgər Droşer də onun kimi hər il buralığa gəlsəydi, atan deyərdi ki, ondan böyük təlimçi yoxdur.

— Sən bilən, hansı daha yaxşı təlimçidir: Lyuk, yoxsa Qonsales?

— Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.

— Hə, amma dünyanın ən yaxşı balıqçısı sənsən.

— Yox ha! Mən özümdən də yaxşılarını tanıyırdım.

— Que va! — oğlan razılaşmadı. — Dünyada yaxşı balıqçılar kefin istəyən qədərdi, lap yaxşı balıqçılar da az deyil. Amma sənin kimisi heç yanda yoxdur, ustalıqda heç kəs sənə çatmaz.

— Çox sağ ol. Belə deməklə məni sevindirdin.

— Qorxuram elə yekə balığa rast gələm ki, tuta bilməyəm, biabır olam, sənin də zənnin səhv çıxa.

— Dediyin qədər gücün qalıbsa tutarsan; dünyada elə balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.

— Ola bilsin, gücüm o qədər də qalmayıb, amma mən çoxlu fənd bilirəm. Özüm də amansızam.

— Səhər gümrah olmağın üçün sən gərək bir az yatıb dincələsən. Mən də gedim qabları, boş şüşələri qaytarım.

— Get. Gecən xeyrə qalsın. Sabah sübh tezdən gəlib səni oyadaram.

— Hər gün sən məni lap zəngli saat kimi oyadırsan.

— Məni də qocalıq oyadır, — qoca təəssüflənən kimi oldu, sonra soruşdu: — Sən bilən, qocalar niyə tez dururlar? — Və özü də cavab verdi:

— Ona görə ki, işıqlı dünyanı daha çox görsünlər.

— Amma cavanlar yatmağın ölüsüdür. Özləri də yaman bərk yatırlar, — deyə oğlan qocanın üzünə baxdı. — O ki qaldı qocalara, bunu sən daha yaxşı bilərsən, mənim başım çıxmaz.

— Düz deyirsən, cavanlıqda mən də yaman çox yatmaq istəyirdim. İndi get yat, sübhdən gəlib səni oyadaram.

— Səndən başqa heç kimin məni oyatmasını istəmirəm. Elə çıxır ki, guya onlar məndən diribaşdılar.

— Başa düşürəm...

— Gecən xeyrə qalsın, qoca!

Bunu deyib oğlan komadan çıxdı. Bayaq onlar işığı yandırmadan, elə qaranlıqdaca şam eləmişdilər və indi də qoca şalvarını soyunub əlhavasına çarpayıya tərəf getdi, qəzeti büküb şalvarın cibinə, şalvarı da balış əvəzinə başının altına qoydu; ədyala bürünüb dəmir çarpayıya döşənmiş köhnə qəzetlərin üstündə uzandı.

O saat da yuxuya getdi. Yuxuda uşaqkən sahillərində gəzdiyi Afrikanı gördü. Sarımtıl qumsallıq qızılı rəngə çalırdı. Ağ, yastı təpələr adamın gözünü qamaşdırırdı. Qonur qayalar sanki birbaşa dənizin içindən baş qaldırmışdı. Əzəmətli dağlar hamısı qəhvəyi rəngdəydi və bu yerlər hər gecə qocanın yuxusuna girirdi. O, yuxusunda dənizin kənarıyla sahil boyunca o baş-bu başa gəzir, qayaların ətəyini şiddətlə döyəcləyən dalğaların qəzəbli gurultusunu eşidir; yerli tayfaların suları yara-yara dalğadan-dalğaya atlanan xırda qayıqlarını görür, gəmilərə xas olan qatran və şoranlıq qoxusunu açıq-aydın duyurdu. Afrikanın içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.

Adətən, bu qoxu burnuna dəyəndə qoca yuxudan ayılırdı və alaqaranlıqda qalxıb paltarını əyninə keçirir, sonra da oğlanı oyatmağa gedirdi; səhər mehini şirin yuxuda duymağa vərdiş eləmişdi. Lakin bu gecə qitədən əsən sərin külək, nədənsə, onu həmişəkindən tez oyatdı. Hələ çox erkən olduğunu qoca dərhal anladı və qərara aldı ki, yerindən durmasın, indicə gördüyü yuxuya davam eləsin. Dənizdən ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının limanlarına tamaşa etmək istəyirdi.

Artıq çoxdandı ki, yuxusunda nə fırtına, nə qadın, nə iri balıq, nə vuruş, nə güləş, nə mərcləşmə, nə də arvadını görürdü. İndi onun yuxusuna yalnız uzaq ölkələrin sahilləri, bir də oralarda gəzişən şirlər girirdi. Şirlər dumanlı toranlıqda pişik balalarıtək bir-biriylə oynaşırdılar. Qoca bu şirləri çox sevirdi, lap oğlanı sevdiyi qədər sevirdi. İntəhası oğlan heç vaxt yuxusuna girməzdi.

Qoca qəfildən ayılıb yerindən dikəldi, açıq qapıdan bayıra, göy üzündəki ayparaya baxdı və sonra balış əvəzinə başının altına qoyduğu şalvarını götürüb əyninə geydi. Komadan çıxıb əsnəyə-əsnəyə oğlanı oyatmağa getdi.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər