“Onu məndən başqa heç kim ala bilməz” - Sevdiyim qızın atası məni niyə öldürmək istəyirdi?

“Onu məndən başqa heç kim ala bilməz” - Sevdiyim qızın atası məni niyə öldürmək istəyirdi?
14 mart 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının on ikinci hissəsini təqdim edir.

On birinci hissə burada

Başdaşı hazır olmadığından kəndə qayıdıb daş sexindəki ustalara dişimin dibindən çıxanı dedim. Mənə dedilər, material üçün pulu əvvəlcədən alırıq. Atam onlara cəmi otuz “şirvan” beh veribmiş, sonra da geri alıb.

Körpeşman bütün pulu ödəyib iki həftə ərzində babamın baş daşının eynisindən nənəm üçün düzəltmələrini xahiş etdim. Sonra atamdan yasdan yığılan pulların hesabını soruşdum. Məni inandırıb dedi:
– Rəhmətlik nənən xəstə olanda xeyli sələmə girmişdik. Dirəmişdilər divara. Onu qaytardıq. Şükür Allaha, daha borcumuz yoxdur. İndən belə vəziyyətimiz düzələcək.

Ülkəri şantajçıdan qrup yoldaşım xilas etmişdi. Yusifdən də qurtulmuşduq. Mən şübhə yaratmamaq üçün bir müddət dostluğumu sürdürdüm.

Kənddə Yusiflə bağlı planın gerçəkləşməsini izləyirdim ki, pis bir hadisə baş verdi: Cincilimin gizli telefonundan mənə zəng gəldi. Əsəbi olsam da, dərhal sakitləşdim. O zəng edəndə xoşbəxt olurdum. Bircə orda səhv etdim ki, “yes”i basan kimi: “Hə, Cinim” dedim. Kişi səsi eşidildi. Qorxdum. Atasıydı. Cincilimin gizli telefonunu ifşa etmişdi.

Kişi mənə bildiyi bütün söyüşləri söyəndən sonra hədəqorxuya keçdi. Ən axırda dedi, sənin boğazını üzəcəyəm! Özümdən çox Cincilimə görə narahat oldum. Atasına dedim, qızın başından bir tük əskik olsa, Kənan daxil nəslinizdə bir başıpapaqlı qoymayacağam. Telefonu qapadıb dərhal Günkanı yığdım, zəng çatmadı. Cincilimin qız qrup yoldaşlarının ev telefonlarına zəng etdim, heç kimlə əlaqə yarada bilmədim.

Qızı bloklamışdılar. “Uni”yə gəlmirdi. Bakıya qayıdıb atasıyla görüşmək istədim, İsmayıl babamın sözü yadıma düşdü: “Qurban olum o qana ki, üstündən bir gün keçə”.

Bu cür məsələlərdə qarşı tərəfin əsəbinin tam sakitləşməsini gözləməlisən. Görüş qaçılmaz idi. Atası Cincilimi “uni”dən çıxarmaq fikrinə düşmüşdü. Qızın şəxsiyyət vəsiqəsinin surətini rektorluqdan götürdüm, tanış bir həkimdən “hörmət” müqabilində saxta xəstəlik arayışı alıb dekanatlığa təqdim etdim. Özüm isə atası Vaqiflə bağlı geniş araşdırmaya başladım. Xarakter və xasiyyəti ilə bağlı tanıdığı bir neçə adamı sorğusual etdim. Hansı kitabları oxuduğunu, hansı filmlərə baxdığını öyrəndim. Kənd camaatının dediyinə görə, Vaqif vurubtutan, cəsur biri olub. Bəli, Səmədin ürəyindəki qadını – Murtuzanın arvadını ürəksiz adam qaçıra bilməzdi. O vaxtdan kəndə gəlməmə səbəbi atam deyildi, Səməd idi. İstəmirdi Səmədlə arvadı üzüzə gəlsin. Bilirdi ki, arvadı Əsmər ona Səməd xaric heç bir kişiylə xəyanət etməz. Onu başqalarından yox, ancaq Səməddən qoruyurdu. Cincilimin arasıradakı dediyindən bu qənaətə gəlmişdim ki, atası yaxşı adamdır, övladlarını da çox istəyir. Həyatı boyu üç kitab oxuyub: Cəmşid Əmirovun “Qara “Volqa”, “Brilyant məsələsi”, bir də Qənimət Əlisaoğlunun “Lənət qapısı” kriminal romanlarını...

Digər mənbə onun Lotu Bəxtiyarın dəfn mərasimində iştirak etdiyini, halhazırda Sabirabadlı Hikmətlə şəxsi tanışlığının olduğunu bildirdi. Öz işçilərinin biri onun pis adam olmadığını, eyni zamanda yaxşı adam da olmadığını, digəri isə cındırın dal ayağı olduğunu dedi. Qonşuları isə pisiliyinə heç nə demədilər. Qısa müddətdə onun oxuduğu kitabları oxuyub, əsərlər haqqında deyilən yaxşı fikirlərlə də tanış oldum. Baxdığı filmlərin əksəriyyətini prokatdan alıb baxdım. Səsimi yadından çıxarması üçün səbirlə gözlədim.

Həmin müddətdə Cincilimlə cəmi üç dəfə telefonla danışdım. Anasının telefonundan xəlvət yığmışdı. İlk zəngində zarıyaraq gəlib onu qaçırmağımı istədi. Bir az dözməsini, hər şeyin qaydasına düşəcəyini dedim.

Onu qaçırmamağım həyatımın ən böyük səhvi idi. Ev alana qədər kirayədə qala bilərdik. Əsgərlik məsələm buna imkan vermədi. Onu tək qoyub əsgərliyə getməyi də özümə sığışdırmadım. Kənddə biabırçı atamın, ləçər bibimin yanında qoyub gedə bilməzdim. Qaçırma məsələsi atasıyla danışığımın nəticəsinə bağlı olacaqdı. Kişi o yanbuyan danışsa, mütləq qaçacaqdıq.

İkinci zəngində atasıyla bir evdə yaşasa da, o gələn kimi otağına çəkildiyini, onu görmədiyini, öz evlərində dustaq kimi yaşadığını, atasının teztez nəyisə vurub sındırdığını, anasına tənəli sözlər dediyini, evlərində rahatlığın pozulduğunu çatdırdı.

Üçüncü zəngdə isə “uni”dən çıxacağı narahatlığını, az qala özünü öldürmək istədiyini bildirdi.

Ona nə olur olsun, o fikirdən yayınmağı, əgər belə bir şey etsə, mən də canıma qıyacağımı bildirdim. Tezliklə atasıyla danışacağımı da söylədim. O buna etiraz etdi. Fikrimin qəti olduğunu dedim.

Heç bir mənbə Vaqifin “ştıqnoj” deyilən düyməli bıçaqla gəzdiyini bildirməmişdi. Mənim planımda bıçaq yox idi. Bunu bilsəydim, danışığa getmədən qızı qaçırardım. Bundan sonra Vaqif lap NATO ordusu ilə üstümə gəlsəydi də, Cincilimi əlimdən ala bilməzdi.

Böyük A dan kiçik Z yə araşdırmanın nəticəsindən məlum oldu ki, atalar doğrudan da düz deyib: qanana da can qurban, qanmaza da, dad yarımçıq əlindən. Vaqif yarımçıq adam idi. O mənim qazancımın cəmi on faizini qazansa da, özünü varlı adam kimi aparırdı. Xeyirdəşərdə “Marlboro” siqareti, adi günlərdə “Vikeroy” çəkirdi. Ortabab maşını, sadə evi olsa da, bağı və ya başqa mülkü yox idi. Ailəlikcə geyimlərinə fikir verən idilər. Roma qazı kimi Səməddən qoruduğu Əsmərə şüba almışdı, qadın onu geyinəndə özünü oliqarx arvadı kimi hiss edirdi.

Bu illər ərzində Əsmər Səmədi cəmi bir dəfə – Cincilim 7ci sinifdə oxuyanda təsadüfən “Vasmoyun bazarı”nda görmüş, özündən asılı olmadan dodaqaltı mızıldanmışdı: “Səni məndən ayıranın balası ölsün!”

Bildiyiniz kimi, onları atam Murtuza ayırmışdı. Qadın Vaqifi məcburiyyətdən seçmişdi. Ərindən narazı deyildi.

Mülayim bir qış səhərində Vaqifin yenicə icarəyə götürüb işlətdiyi birinci mərtəbəsi geyim mağazası, ikinci mərtəbəsi qış çayxanası olan iş yerinə getdim. İkinci mərtəbədə təmir təzə bitmişdi. Hələ çayxana fəaliyyətə başlamamışdı. Vaqif obyekti bütöv icarəyə götürmüşdü, hissələrə bölüb özü icarəyə verirdi.

Səhər vaxtı hamının əhvalı xoş olduğundan görüşü bu vaxta uyğun bildim. Yaxşı geyinmişdim. Cincilimin ad günümə bağışladığı bahalı saatı qoluma taxmışdım. Cəmşid Əmirovun “Briliyant məsələsi” romanı əlimdə idi. Cincilimin xoşuna gələn üç yüz dollarlıq ətirdən də bolluca vurmuşdum. Düşərli olsun və bəlkə də lazım olar deyə Cinimin söyüdün altında mənə bağışladığı yaylığı da özümlə götürdüm.

Vaqifi üzdən tanıyırdım, lakin o məni tanımırdı. Yaşı 40-ı ötmüş, 50-yə çatmamış qadın gözündə yaraşıqlı, kişi gözündə ciddi simalı, ortaboy adam idi. Çox kök olmasa da azmaz qarnı çıxmışdı. Salondakı televizorda “Leyli və Məcnun” operası gedirdi. Yaxınlaşıb dedim:
– Salam. Vaqif müəllim sizsiniz?
– Salam. Bəli, mənəm.

Onun zənnini azdırmaq üçün davam etdim:
– Aşağıdakı yeri icarəyə götürmək istəyirdim.

– Hə, nə olar. Veririk. Buralarda qalansan?

Əlimdəki kitabı göstərib dedi:
– Oxumuşam. “Qara “Volqa”nı da bu yazıçı yazıb.

Savadlı görünmək üçün kitab haqqında ona qısa məlumat verdim. “Uni”nin hüququnda oxuduğumdan və biznesdə qazandığım uğurdan danışdım. Vaqif “sən”dən “siz”ə keçdi.

– Görürəm, dərin oğlansınız. Aylıq gəliriniz o qədərdirsə, maşallah sizə. Məndə min dollardan yuxarı çıxmır. Üç dənə toya çağırılanda həmin ayım vız gedir.

O elə bilirdi, mən basıb-bağlayıram. Maşınımın olmadığını biləndə bunu özü üçün tam yəqin etdi. Sözsüz, istəsəm, maşın alardım, amma qəza törətməkdən qorxurdum. Cincilimi itirə bilərdim. Cinimi almamış maşın almayacaqdım.

Bir az ordan-burdan danışdıq. Qəfildən ekrana işarə verib hücuma keçdim:
– Bu əsərdə günahın ən böyüyü Məcnundadır.

– Niyə?

– Gərək özü gedib Leylinin atasıyla üzbəüz danışaydı. Əgər Leylinin atası bilsəydi ki, Məcnun səhraya düşəcək, qızı da bu səydərəşin dərdindən öləcək, razılıq verərdi.

– Atasını göndərib axı?

– Bunu nə ataya, nə də başqa birinə etibar etmək olmaz. Özü etməli idi. – qısa sükutdan sonra davam etdim, – Mən Məcnunun yerinə olsam, lap toyu günü Leylini qaçırardım.

Kişi diksindi. İroniya ilə gülümsünüb, pultla Azərbaycanın ilk operasının səsini batırdı. Zala sükut çökdü. İkimiz idik. Tanıdı məni.

– Hə, deməli, sənsən?

– Bəli. Boğazını üzmək istədiyiniz oğlan mənəm.

Siqaret yandırıb dedi:

– Oğul, sənin mənimlə nə problemin var?

– Mənim sizinlə heç bir problemim yoxdur.

– Bəs mənim qızımı niyə narahat edirsən?

– Mən onu narahat etmirəm. Biz eyni universitetdə oxuyuruq.

– Eyni universitetdə oxuyursan deyə camaatın zəhləsini tökməlisən?

– Sizin qızınız çox intellektli, tərbiyəli, xoşxasiyyət biridir.

– Öz qızımı mənə tanıdacaqsan?

– Mən Cəmalə xanımı – Cincilimin əsil adı Cəmalə idi – sizdən yaxşı tanıyıram.

O istehza ilə gülümsünüb dodaqaltı mızıldandı:
– Sonra da deyirlər, kimsə vurub kimisə öldürdü.

Təkrar etdim:
– Cəmalə xanımı hamıdan yaxşı tanıyıram. İçi mandarinli dondurma xoşladığını, onu ən çox güldürən aktyoru, ən çox xoşladığı romanları, kövrəldiyi musiqiləri bilirəm.

– Oğul, özünə problem axtarma, cavansan, qızımdan uzaq dur.

– Siz bilirsiniz Rafiq adlı dostunuzun qızının toyuna Cəmalə xanım niyə getmədi? Halbuki qız onun yaxın rəfiqəsi idi.

İlk dəfə Cincilimə harasa getməsinə qadağa qoymuşdum. Demişdi, anası o toya bunun üçün görücü gətirəcək. Guya kimsə öz oğluna almaq üçün baxacaqdı. Deyəsən, bu məsələ Vaqif üçün də maraqlı idi:

– Niyə?

Amiranə tərzdə dedim:
– Mən qoymadım.

Üstümə atıldı. Bir əli ilə yaxamdan tutub divara dirədi və “ştıknoj”u çıxartdı. Mən yaylığı çıxardanda bıçağın düyməsin basdı. Tiyə şaqqıltı ilə açılıb almaz kimi parıldadı. Uzun idi. Sonuncu qabırğamın altından vursa, ürəyimə çatardı. Sifəti üzümə çox yaxın idi. Boyu boyumdan balaca olduğundan aşağıdan yuxarı baxırdı:

– Sən qələt eləyib mənim qızıma “zapret” qoyursan, oğraş oğlu, oğraş! Sənin varyoxunu...

Sol əlimi müdafiə mövqeyində saxlayıb sağ əlimlə yaylığı göstərdim:

– Sən bilirsən bu nə vaxtdan məndədir? Qorxma, namusuna toxunmamışam. Toxuna bilərdim, toxunmadım. Bütün şüurlu ömrümü onu düşünmüşəm. Ona görə 696 balı toplayıb bütün rekordları qırmışam. Biznesmen olmuşam. Onu düşünərək yatıb, səhər yuxudan onun fikri ilə durmuşam. Xristian rahibi kimi heç vaxt qadın dadmadan böyümüşəm. Uşaqlıqda oyuncaqlarımla oynamayıb, təzəliyini ona saxlamışam. Ona xəyanət etməmişəm. İstədiyi şeyləri alıb bağışlamışam, qrup adından evə aparıb. Evdə gördüyün hər şeyi onun özünündür. Ona dondurma gətirmək üçün buz dolu qabla şəhəri ayaqlamışam. Onu hər kəsdən qorumuşam. Küləyin xəzri, ya gilavar olduğunu onun saçlarından bilmişəm. Qrup yoldaşının maşını ilə törətdiyi qəzanı boynuma götürmüşəm. Onu güldürmək üçün özümü meymuna döndərmişəm. Ona görə evimdən eşiyimdən didərgin düşmüşəm. Öpməmişəm. Öpə bilərdim. Öpmədim. Onu yatağa sala bilərdim. Salmadım. Ancaq əlini tutmuşam, nəfəsini qoxulamışam, saçını oxşamışam. Amma öpməmişəm. Cəmalə təkcə sənə və mənə Cinim deməyə icazə verir – gülümsündüm – Bilirsən, biz necə xoşbəxt insanıq. O bizim ikimizə Cinim deməyə icazə verir. Bilirsən bu nə deməkdir? O təkcə mənə, bir də sənə bu icazəni verir. Ancaq və ancaq mənə və sənə! Bunun nə demək olduğunu bilirsən? O xəstələnəndə mən üşüyüb ağlayıram, a kişi. O qrip olanda nəfəsindən qripi götürürəm. O xəstə olanda mən sağlam adam kimi gəzə bilmirəm. Sən bilirsən, o sonuncu dəfə nə vaxt qrip olub? Bilmirsən, görürsənmi. Amma mən bilirəm. Onu səndən yaxşı tanıyıram. O səninlə bir evdə yaşayır, mənimlə isə başqa bir dünyada. İndi deyirsən, ondan əl çəkim? Hə? Ölürəm qızından ötrü! – bütün varlığımı ağzımda cəmləyib düz gözlərinin içinə dedim, – Yanıram qızına. Yanıram Cəmalənin dodaqlarına. Hə. Vur. “Varovskoy” aləmlə oturubdurursan. Bilmirsən – gözümlə bıçağı göstərərək – onu çıxarmamalısan. Çıxardınsa, vurmalısan. Hə, vur. Unutma, istəklisi olan qızı başqasına vermək çox təhlükəlidir. Məni dəyyusluq eləməyə vadar eləmə. Sənin qızın mənim namusumdur. Məni binamusluğa məcbur etmə. Onun yolunda oğraşlıq da edərəm. Gördüyüm gündən bütün şüurlu ömrümü onu düşünmüşəm. O mənim gülümdür. Qıyıb dərmədiyim gülümü məndən başqa heç kim üzə bilməz. Məndən başqa heç kim onu gərdəyə apara bilməz. Məndən başqa heç kim onu soyundura bilməz. O ancaq mənimdir. Cəmaləni bir saat bundan əvvəl də qaçıra bilərdim, bir saat sonra da qaçıra bilərəm. Qaçırmıram. Əsgərlik durub gözümə. Onu tək qoyub hərbiyə getmək istəmirəm. Ona ev almağa hazırlaşıram – bu yerdə məni qəhər boğdu və ağlaya ağlaya davam elədim – yuva quracam ona. Onun xoşladığı geyimləri geyinirəm. Ona görə siqaret çəkmirəm. O mənim hər şeyimdir – dərindən nəfəs alıb təkrar etdim – hər şeyim...

Bu an onun bıçaq tutduğu əli açıldı. Bıçaq yerə düşdü. Astaasta yaxam boşaldı. Sağ əliylə sol qolumu tutub sıxdı. Bu jesti ancaq ata oğula edir. Sola dönüb bir neçə addım atandan sonra nifrət saçan baxışlarla çevrilib yaş şoralanan gözümə, domuşub üşüyən vücuduma baxdı, mən təkrar etdim:

– O mənim hər şeyimdir!

Yerə düşən bıçağı kaminin rəfinə qoyub oranı tərk etdim.

Vaqif sözlərimin təsirindən “ayıq sürücü” çağırmışdı. Dərk etmişdi ki, qızının iradəsi onun yox, mənim əlimdədir:

“Bu hədə qorxuluq deyil. Heç vaxt qadın dadmamışam deyir. Ancaq bu gədə ölsə, bu işə son qoymaq olar. Qızı necə yoldan çıxardıb, görəsən? Dədəsi qumarbaz əclafın biridir. Oğula bax, hüquqda oxuyur, uşaq yaşda biznes qurub. Kənddəki dostlarım da deyir, biznesi var, imkanı yaxşıdır. Qıza görə edib bunları. Murtuzanın oğlu olmasaydı, lap yaxşı olardı. Dik gözümə dedi əəə, yanıram qızına. Mənə bu sözü kim risk edib deyə bilərdi?! Kim istədiyinin atasına belə deyə bilər?! Mən də qız istəmişəm, amma belə qələt eləməmişəm. Deyir, vur öldür, əl çəkən deyiləm. O yalan danışmırdı. Allaha şükür, qız gül kimidir. Deyir, yatağa sala bilərdim, salmadım. Düz deyir. Qız heç kimlə yox, bununla edərdi. Qızı başqasına vermək olmaz. Düz deyir, bu çox təhlükəlidir. Belə şeyin dini imanı olmaz. Gərək uşaqları kəndə qoymayaydım. Bunu hesaba almamışdım. Hə, onu da düz deyir ki, Məcnun gərək Leylinin atasıyla özü danışaydı. Hamı qız istəyir, bununku istəmək deyil, ayrı şeydir. Bu istəmir, bu ölür. Yox, bunu qızdan aralamaq qeyrimümkündür. Yaxşısı budur, buraxım başını. Nə olsun Murtuzanın oğludur. Yəqin dayısına çəkib”.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər