"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?
7 avqust 2026
# 15:00

Kulis.az Məcid Rəşadətoğlunun "Meyxana aləmindən Cavid dünyasına – söz sənətində itirilən meyarlar..." yazısını təqdim edir.

Sözün düzü, heç ağlıma belə gəlməzdi ki, haçansa bu mövzuya toxunam... Nə zaman efirlərdə bu mövzunun gündəmə gətirildiyini görsəm və ya mətbuatda bu məsələyə aid yazıların çap edildiyini eşitsəm, bir qədər təəccüb edirdim. Öz-özümə sual verirdim: “Axı niyə?” Bəyəm bu mövzu cəmiyyət üçün nə qədər aktualdır ki, kütləvi informasiya vasitələrində müzakirə edilir? Daha vacib məsələlər varkən belə primitiv, cəmiyyətimiz üçün heç bir faydası olmayan mövzunu saatlarla müzakirə etməyin nə mənası var? Bəli, sərlövhədən də gördüyünüz kimi, bu dəfəki mövzumuzu meyxanaya həsr etmişik. Ancaq yazıya başlamazdan əvvəl bir məsələni diqqətinizə çatdırım ki, bu dəfə mövzunu biz seçməmişik, əksinə, mövzu bizi seçib... Birazdan bu sözümdə nə qədər haqlı olduğumu görəcəksiniz.

Bir neçə gün bundan əvvəlin söhbətidir... Yayın bu cırhacırında, Naxçıvanın qorabişirən istisində işin yorğunluğundan bir təhər yaxamı qurtarıb özümə vaxt ayırmışdım. Bir neçə saatlıq istirahətimdə fürsət edib sosial şəbəkələrdəki yazıları oxuyur, müxtəlif məzmunlu paylaşımları izləyirdim. Həmin gün ovqatım da nədənsə çox yaxşı idi. Hətta arzu edirdim ki, axşama qədər əhvalım pozulmasın, çünki bu enerji ilə yaxşı bir mövzu tapıb işləmək lap yerinə düşəcəkdi. Ancaq çox əfsuslar olsun ki, bu sevincim bir neçə saniyə çəkdi. Mübaliğəsiz, şəksiz, şübhəsiz, cəmi bir neçə saniyə... Telefonda qarşıma çıxan bir paylaşım, sözün həqiqi mənasında, xoş ovqatımın üzərindən xətt çəkdi... Bəli, TikTok-da “kenan001” adlı istifadəçi bir neçə saat bundan əvvəl öz sosial şəbəkə hesabında etdiyi paylaşımla mənim kimi bir çox ədəbiyyatsevərlərə ruhi sarsıntı yaşatdı. Həmin şəxs meyxana aləminin yaxşı tanıdığı Vüqar Biləcərini (Vüqar Paşayev) görkəmli Azərbaycan şairi və mütəfəkkiri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidlə müqayisə etmişdi. Belə ki, həmin şəxs meyxanaçı-şairlə Hüseyn Cavidin fotolarını yanaşı qoyaraq böyük Cavidi öz dövrünün Vüqarı adlandırmış və əksinə, Vüqarı da öz zamanının Cavidi kimi qiymətləndirmişdi. Həmin şəxsin münasibətindən belə aydın olurdu ki, Hüseyn Cavid əfəndi öz yaradıcılıq dünyası ilə, sən demə, əsrinin Vüqarı imiş, biz bilməmişik... Nəzərinizə çatdırım ki, həmin paylaşımın fotosunu sizə təqdim etmişik. Bu naşı, olduqca mənasız müqayisə məni o qədər özümdən çıxardı ki, tək çıxış yolunu həmin məsələni gündəmə gətirməkdə gördüm. Bu məqamda yazının əvvəlində qeyd etdiyim fikri sizlərə xatırladıram: “bu dəfə mövzunu biz seçməmişik, əksinə, mövzu bizi seçib.”

Facebook hesabımda həmin lüzumsuz müqayisəni paylaşaraq belə bir münasibət bildirdim: “Bu da meyxana əhlinin intellektual səviyyəsi! Budur! Busuz! Buyuq! Hər zaman demişəm, deyirəm və deyəcəyəm: meyxana heç bir zaman ciddi sənət olmayıb, meyxana deyənləri heç bir zaman ölkənin intellektual təbəqəsi hesab etməmişəm və etməyəcəyəm”. Yazdığım bu sözlərdən sonra paylaşıma gələn yüzlərlə rəy və şəxsi mesaj bölməsindən gələn onlarla mesaj içərisində münasibətimizi düzgün hesab edib həmin şəxsə irad bildirən də oldu, Hüseyn Cavidi aşağılamaq naminə meyxanaçı-şair Vüqarı müdafiə edən də. Hətta sizi inandırım ki, bu paylaşımdan sonra mənə hədə-qorxu gələnlərin sayı da az olmadı...

Bu zamana qədər meyxana mövzusunda heç bir münasibət bildirməmişəm. Lakin indi üzümü meyxana əhlinə və ən əsası, meyxana azarkeşlərinə tutub bir neçə sual vermək istəyirəm: Hüseyn Cavid həqiqətənmi dövrünün Vüqarı idi? Siz doğrudanmı Azərbaycan xalqının irsi-milli sərvətlərinə - Füzulilərə, Cavidlərə, Sabirlərə bu cür yanaşır, onları meyxana əhli ilə müqayisə edirsiniz? Və ən əsası, beş-on ortabab qəzəli ilə məşhurlaşan hər hansısa meyxanaçını Cavidlə, Sabirlə, Vahidlə müqayisə etməklə, onları dahilərin kölgəsinə salmaqla zənn edirsiniz ki, meyxana “sənəti” ucalacaq? Yüz illərdir məhəlli xarakteri daşımış meyxana bununla qalxıb sənətimizin ayrılmaz bir parçası olacaq. Məncə, yanılırsınız... Ən azından bunu bilməlisiniz ki, bir sahənin sənət adlandırılması və yüksək mövqedə dayanması üçün onun sanballı tarixə, köklü ənənələrə və ən əsası, zəngin mədəniyyətə ehtiyacı var.

Haqqında danışdığımız məsələni gündəmə gətirdikdən sonra paylaşımlara yazılan rəyləri bir-bir oxudum, hər kəsə obyektiv münasibət göstərməyə çalışdım. Ancaq bəzən insanların bu mövzuya – xüsusən də meyxana mövzusuna göstərdikləri yanaşma o qədər primitiv, o qədər əsassız olur ki, məcbur olursan hər şeyi ən incə detalına qədər təhlil etməyə? Elə yaxşı olar ki, ən birinci adını qeyd etdiyimiz hər iki şəxsiyyətin Azərbaycan xalqı üçün tutduqları mövqedən danışaq. İstərdim əvvəlcə Vüqar Biləcəridən söz açaq. Qoy meyxanaçılar və meyxanasevərlər bəhanə gətirib deməsinlər ki, yazı qərəzli şəkildə yazılıb, məqsədləri meyxananı aşağılamaqdır.

Vüqar Biləcəri meyxana dünyasında adı tez-tez çəkilən, ürəyəyatımlı qəzəlləri və gənclərin könlünü oxşayan şeirləri ilə tanınan meyxanaçı-şair idi. O, Bakıda doğulmuşdu və ilk dəfə 2004-cü ildə iştirak etdiyi bir yarışdan sonra tanınmış, qısa zaman ərzində meyxana dünyasına ayaq açmışdı. Çox təəssüflər olsun ki, amansız xəstəlik ucbatından tez dünyadan köçdü. Maraqlıdır: Vüqar Biləcəri bu 32 illik ömründə sənət adına nə edə bildi? Ədəbiyyat üçün, xalqı üçün, hətta ömrünü həsr etdiyi söz sənəti üçün nə etdi? Misal olaraq, Cəfər Cabbarlı 34 yaşında dünyadan köçmüşdü. Bu qədər qısa ömür yaşamasına baxmayaraq, Azərbaycan ədəbiyyatında ölməz əsərlər yaratmışdı. O, ədəbiyyata gələndə özünə örnək götürəcək, ədəbi fəaliyyətindən bəhrələnəcək bir idealı da yox idi. Cəfər Cabbarlıya qədər yazanlar isə yalnız və yalnız tənqidlə məşğul olmuşdular. Onların qələmi ancaq tənqidə açıq idi, problemi yazır, onun həll yolunu isə çox zaman göstərə bilmirdilər.

Lakin Cabbarlının ədəbiyyata gəlişi ilə Azərbaycan xalqı, Azərbaycan qadını özünü görməyə, özünü dərk etməyə başladı. Onun əsərləri ilə xalq anladı ki, çıxış yolu müasirləşməkdə, geriliklə və nadanlıqla mübarizə aparmaqdadır. Onun şeirləri ilə anladıq ki, müasirləşmək sözdə yox, əməldədir! Elə götürək Asəf Zeynallını... Onun adını çox vaxt “Ölkəm” əsərinə görə çəkirlər. Lakin Asəf Zeynallı təkcə “Ölkəm”i yazmayıb. O, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun tələbəsi, Qara Qarayev, Tofiq Quliyev kimi nəhənglərin müəllimi olub. Məhz onun təşəbbüsü ilə ilk dəfə romans, kamera-instrumental, simfonik janrı yaradılıb. Azərbaycan musiqi tarixində ilk romanslar və ilk uşaq musiqi repertuarı da onun adı ilə bağlıdır. Və ən dəhşətli yeri burasındadır ki, o, dünyadan köçərkən cəmi 23 yaşı vardı... Siyahını uzatmaq da olar. 29 yaşında həyatla vidalaşan Müşfiq, 24 yaşında vəfat edən Ərtoğrul Cavid...

Xatırlayıram; bir neçə il bundan əvvəl İctimai Televiziyanın efirində, “Sabaha saxlamayaq” verilişində meyxananın müzakirəsi gedirdi. Meyxana dünyasından Pərviz Arifi, Kərim Abini və bir də adını xatırlamadığım daha bir gənc meyxanaçını verilişə dəvət etmişdilər. Həmin süjetdən sonra “Kulis”də Vüqar Vanın meyxanaya aid kifayət qədər maraqlı və reaksiyadoğuran yazısı işıq üzü gördü. Paylaşıma yazılan şərhləri oxuyanda isə insan sözün əsl mənasında dəhşətə gəlirdi. Sırf meyxana mövzusuna toxunub, bu sahəni mədəniyyətlə əlaqəsiz adlandırdığı üçün gənc jurnalisti təhqir edən kim, gülünc və dini motivli şərhləri ilə özünü ağıllı hesab edən kim, kütlə psixologiyasının qurbanı olub, axına qoşulub meyxananı və meyxanaçıları müdafiə edən kim? Və ən dəhşətli məqam da burasında idi ki, verilişdə kütləni manipulyasiya edən, meyxananın “müdafiə naziri” kimi gülünc “titul” qazanan Kərim Abi “mən Kafkanın "Metamorfoz" əsərini oxumuşam” deyərək efirdəki ziyalıları “bağlamağı” bacarmışdı.

Efirdə meyxananın sənət olmadığını söyləyənlər arasında gənc şair Mehdi Dostəlizadə də var idi. Lakin onun sözlərinə əhəmiyyət verən olmamışdı. Niyə? Çünki efirdə çox böyük bir “səhv” buraxaraq bir ayağını digərinin üzərinə aşırmışdı. Belə olan halda, təbii ki, onu ziyalı hesab etmək, sözünə və gətirdiyi dəlillərə inanmaq olmazdı. Ziyalı gərək Kərim Abi kimi otursun, hər sözünün başında “subordinasiya”, “kulminasiya” kimi terminlərdən istifadə etsin, “Metamorfoz”u oxuduğunu tez-tez dilə gətirsin. Yoxsa başqa cür mümkün deyil... Hətta həmin yazıya gələn rəylər arasında dini məsələlərə toxunub meyxanaçıların müdafiəsinə qalxanların sayı da kifayət qədər idi. Onlar dəlil kimi meyxana ustadlarının söylədiyi dini qəzəlləri dilə gətirir, bununla sübut etməyə çalışırdılar ki, guya bir toplum dini, namazı, orucu təbliğ edirsə, Kərbəla şəhidlərinin şəninə şeirlər yazıb, İmam Hüseyn şəxsiyyətinin ucalığını bəyan edirsə, deməli, bu toplumu tənqid etmək olmaz. Bu yerdə meyxananın sadiq müdafiəçilərinə demək istəyirəm ki, ədəbiyyatımızda Füzulidən tutmuş Nəsimiyə, Sabirə, Bakıxanova, Şirvaniyə, Natəvana qədər yüzlərlə şair və yazıçı İmam Hüseyndən danışıb, onun şücaətindən, qəhrəmanlığından ağızdolusu bəhs edib. Füzulinin “Həqiqəti-şühəda”sı, Natəvanın “Söylə Hüseynə, ey səba” şeiri buna sübut deyilmi? Sırf Kərbəla mövzusuna toxunub deyə bizlər adıçəkilən şairlərlə meyxanaçını müqayisə edə bilərikmi? Bu sualın cavabını əlahəzrət oxucuya buraxıram...

Elə bir azərbaycanlı tapılmaz ki, Hüseyn Cavidi tanımasın, əsərləri içərisində ən azından “İblis”in adını eşitməsin. Çox məşəqqətli ömür yaşayıb Cavid əfəndi. Yaxşı təhsil alıb, gənc yaşlarından elmə, fəlsəfəyə, maarifə maraq göstərib. Ancaq çox əfsuslar olsun ki, “37-nin” başlaması ilə onun kimi yüzlərlə vətənsevər şəxsiyyətin taleyi siyasətin burulğanlarında məhv olub. Hüseyn Cavidin həbsdə və sürgündə çəkdiyi zülmlər kifayət edir ki, bizlər onu əlçatmaz zirvəyə qoyaq. 59 yaşında, ahıl çağında eşitdiyi təhqirlər, sırf vətənini sevdiyi üçün gördüyü işgəncələr, başına dəyən zərbələr, şəxsiyyətinə atılan böhtanlar bizim də ağrı-acımız deyilmi? Ölümündən sonra ailəsinə verilən zülmlər, “xalq düşməni” adı altında məhv olan həyatları bizim – xalqımızın dərdi deyilmi? Təsəvvür edin ki, imperiyanın bu insanlara qarşı nifrəti hansı həddə çatmışdısa, Hüseyn Cavidin oğlu Ərtoğrulu ən soyuq və şəraitsiz yerə hərbi xidmətə göndərmişdilər. O yaşa qədər ata nəvazişi görmüş, həyatın bərkini-boşunu bilməyən gənc Ərtoğrul burda çox əzablara qatlaşdı və atası kimi Sibirin soyuğunda məhv oldu. Hərbi xidmətdən qayıtdıqdan sonra çox yaşamadı. Vərəm xəstəliyi səbəbindən 24 yaşında dünyasını dəyişdi. Onun ölümündən sonra Cavid ailəsi tamam başsız qaldı. Bir qızı ilə ortada qalan Mişkinaz xanım gecə-gündüz lampa işığında paltar tikməklə, dərzilik etməklə dolanışığını təmin etdi. Həmin illərdə də meyxana deyənlər var idi. Həm də kifayət qədər. Lakin heç biri “vətən xaini” olduqları üçün bu ailəyə baş çəkmədi. Həmin illərdə heç bir meyxanaçı özünü Cavidlə müqayisə etmirdi. Axı onda Cavid bizim tanıdığımız Cavid deyildi. O, xalqına düşmən olan qatı “vətən xaini” idi. Və belə bir adamın adını meyxana məclislərində çəkmək istedaddan daha çox ürək tələb edirdi...

Hüseyn Cavid həbsdə olarkən ailəsinə bir neçə məktub yaza bilmişdi. O, bir məktubunda yazır: “Əzizim Mişkinaz! Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndǝrən pulları alıram. Yazdığım kimi, hər ay teleqrafla 50 ya 60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burada hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın. Yenə öpürəm sizi. Hüseyn Cavid, 27.05.1941”

Və o azadlıq növbəsi heç bir zaman Cavidə çata bilmədi...

Mövzunu yekunlaşdırdıq, əziz oxucum. Son söz olaraq onu söyləmək istəyirəm ki, əgər bu gün Vüqar Biləcəri həyatda olsaydı və onun Hüseyn Cavid kimi bir şəxsiyyətlə müqayisə etdiyinizi bilsəydi, yəqin ki, təəssüf edərdi. Hətta utanardı da. Ən azından deyərdi ki, Cavid zirvəsinə əl uzatmaq ulduzlara əl uzatmaq kimi bir şeydir... İcazə verin hər kəs öz yerində, öz məqamında qalsın. Yazının əvvəlində meyxanaçılar yazımızı qərəzli adlandırmasın deyə, birinci Vüqar Biləcəridən danışmışdıq. Yazının sonunda isə əvvəlcə Hüseyn Cavidə, daha sonra Vüqara Allahdan rəhmət diləsək, görəsən, meyxanaçılar bizdən inciməz ki?

Allah hər ikisinə rəhmət eləsin!

# 123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər