İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?
26 may 2026
# 13:30

Bu gün görkəmli ədəbiyyatşünas alim, folklorşünas, dilçi, publisist Vəli Xuluflunun doğum günüdür.

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Tahir Orucovun "Vəli Xuluflunun həyatı və folklorşünaslıq fəaliyyəti" yazısını təqdim edir.

1920-30-cu illərdə Azərbaycan folklorunun elmi şəkildə tədqiq olunmasının bünövrəsini qoyanlardan biri də Vəli Xuluflu olmuşdur. V. Xuluflu Azərbaycan ədəbiyyatı tarixində görkəmli ədəbiyyatşünas, publisist, folklorşünas alim kimi tanınmışdır. Folklorşünas alimin Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqində müstəsna xidmətləri olub.

Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il may ayının 26-da Şamxor (indiki Şəmkir) rayonunun Xuluflu kəndində anadan olmuşdur. O, əvvəlcə 1905- 1907-ci illərdə mollaxanada, sonra isə “Mədreseyi-Ruhaniyyə”-də təhsil almışdır. 1912-ci ildə mədrəsəni müvəffəqiyyətlə bitirib, 1913-cü ildə həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Vəli Xuluflu həmin məktəbdə gizli inqilabi təşkilata daxil olur. Bu məktəb öz dövrünə görə ənənəvi və müasir təhsil sistemini özündə birləşdirmiş mərkəzlərindən biri hesab olunurdu. V.Xuluflu 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib, müəllimlik etmiş və sonralar inqilabı hərəkata qoşulmuşdur. Şəhər həyatı, milli oyanışın və ictimai-siyasi hadisələrin qaynarlığı onun dünyagörüşünə, fəaliyyətinə böyük təsir göstərir. Dövrün ictimai-siyasi-ideoloji mühitinin təsiri ilə Vəli Xuluflu 1917-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının sıralarına daxil olur.

O, fəhlələrin və kəndlilərin mənafeyini qorumaq adı altında bolşeviklərlə əməkdaşlığa üstünlük verir. 1919-cu ildə partiya bolşeviklərə və menşeviklərə ayrılanda Vəli bolşeviklərin sırasında qalmağa üstünlük verir. O, bolşeviklər arasında təhsilli və savadlı olması, ərəb, fars və rus dillərini yaxşı bilməsi ilə bərabər, siyasi fəallığı ilə də böyük nüfuz sahibi hesab olunurdu. (1, 112) 1920-ci ildə Azərbaycan K(b)P-nın I qurultayına nümayəndə göndərilmiş V. Xuluflu 1921-ci ildə bolşeviklərin həyata keçirdiyi partiya sıralarındakı təmizləmə işi ilə əlaqədar partiya üzvlüyündən çıxarılır. Lakin əməllərində heç bir cinayət tərkibi olmadığından sonra partiya sıralarına bərpa edilir. V.Xuluflu Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-1922-ci illərdə Gəncə quberniyasında Qəza Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1921-1922-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almış, sonra isə Yeni Türk Əlifbasına (latın) Keçid Komitəsində çalışmışdır O, 1922-27-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsinə oxumuşdur. Bu illərdə o, həm də Yeni Azərbaycan Əlifbası Komitəsində, Azərnəşrdə bədii ədəbiyyat şöbəsində işləmişdir. 1922-1929-cu illərdə Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin təlimatçısı, “Bakinski raboçi” nəşriyyatının və “Azərnəşr”in redaktoru, 1929-1936-cı illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi katibi, Dil, Ədəbiyyat və İncəsənət bölməsinin direktoru olmuşdur.

Vəli Xuluflu həmçinin Azərbaycan SSR Xalq Maarifi Komissiyasinda universitet və elmi tədqiqat müəssisələri idarəsinin rəisi, Tarix İnstitutunun direktor müavini və s. vəzifələrdə çalışmışdır. Vəli Xuluflu həm də Azərbaycan SSR MİK-in üzvü olmuşdur. V.Xuluflu 1927-1929-cu illərdə "Azərnəşr"də, 1929-1932-ci illərdə isə Azərbaycanda elmin inkişafı üzrə əsas strateji mərkəzi sayılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsində çalışıb. İnstitutun yenidən təşkili zamanı isə Vəli Xuluflu Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilib. Müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışmasına baxmayaraq, NKVD irticası daim Vəli Xuluflunun ictimai və elmi fəaliyyətini diqqətlə izləyirdi. Çünki Vəli Xuluflu daha çox türk ədəbiyyatının etnoloji dəyərlərinin araşdırılması, folklorunun nəşr edilməsi və digər milli məfkurə ilə bağlı dəyərlərini gündəmə gətirir, bunun milli məna daşımasına çalışırdı.

Vəli Xuluflu 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Dağıstan, Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Krım, Altay bölgələrində ortaq türk əlifbası, ədəbiyyatı və qrammatikasının inkişaf etməsi yönündə mücadilə etmişdi. Bu yöndə həmin regionlarda Vəli Xuluflunun onlarca elmi məqaləsi də çap olunmuşdu. Bununla yanaşı, V.Xuluflu dünyanın ən qatı totalitar rejiminin-Sovet imperiyasının antitürk siyasətinə qarşı dirənişlər göstərməkdə davam edirdi. Vəli Xuluflu kommunizm kabusunun mahiyyətcə türk dünyasına qarşı qəddar bir siyasət yürütməsini şifahi xalq ədəbiyyatı, folklor, əlifba və dil sahəsində elmi məntiqlə ifşa etməklə, milli kimliyin qorunması siyasətini ictimailəşdirirdi. Moskva isə Vəli Xuluflu kimilərini diqqətlə təqib edir və onları birdəfəlik məhv etmək üçün fürsət arayırdı. 1937-ci ildə başlanılan repressiya siyasəti məhz bu aydınları aradan götürmək üçün hərəkətə keçmişdi. V.Xuluflu Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşri sahəsində də səmərəli fəaliyyət göstərmişdir.

Onun Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqində müstəsna xidmətləri olub. Belə ki, V. Xuluflu 1927-ci ildə "Koroğlu" dastanının Aşıq Hüseyn Bozalqanlının dilindən yazdığı 2 qolunu, 1929-cu ildə isə 4 qolunu və 6 nağılvarı hekayəti kitab şəklində nəşr etdirib. (2; 3) Bu, “Koroğlu” dastanının Sovet hakimiyyəti illərində ilk nəşri hesab olunur. 1927-1929-cu illərdə Vəli Xuluflunun tərtib etdiyi daha 2 kitabı-"El aşıqları" və "Tapmacalar" kitabları işıq üzü görür. (4; 5) V.Xuluflu “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin (Azərbaycanı Öyrənmə Cəmiyyəti) xətti ilə də folklorumuzun toplanması və nəşri sahəsində mühüm işlər görmüşdür. Məlumdur ki, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” 1923-cü il noyabrın 2-də təsis edilmişdir. İlk növbədə, bu cəmiyyətin üç əsas şöbəsi işə başlamışdır. Bu şöbələr aşağıdakılar idi: tarix və etnoqrafiya, təbiyyət, iqtisadiyyat. Xalq ədəbiyyatı sahəsində çalışan şəxslərdən cəmiyyətin tərkibinə professor A.Baqri, H.Zeynallı, V.Xuluflu, A.Subhanverdiyanov, yazıçılarımızdan C.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqaları var idi.

Cəmiyyətin tərkibində olan müxtəlif seksiya və komissiyalar az bir müddət içərisində Azərbaycanın müxtəlif yerlərində olan abidə, qala, arxeoloji tikintilər öyrənilirdi. Bu abidələrlə əlaqədar müxtəli əfsanə və rəvayətlər də öyrənilib mətbuatda dərc edilirdi. Bu işləri çox geniş miqyasda, kütləvi şəkildə aparmaq üçün cəmiyyət mümkün olan bütün vasitələrə əl atır, geniş tələbə, müəllim kollektivini bu işə cəlb edirdi. Bunun üçün xüsusi ölkəşünaslıq kursları təşkil edilmişdi. Sonralar bu cəmiyyətin “Xəbərlər”i nəşr olunmağa başlamışdır. ”Xəbərlər” həm rus, həm də Azərbaycan dillərində çıxırdı (6, 55). Vəli Xuluflu “Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyəti”ndə ağız ədəbiyyatı komissiyasının üzvi idi. Bu cəmiyyətin xətti ilə toplanan materialları ilk araşdıran, onlara rəy verən və çapa məsləhət görənlərdən biri V.Xuluflu idi. O, 1925- 26-cı illərdə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” tərəfindən Şəmkir, Tovuz və Qazax rayonlarına elmi ezamiyyətə göndərilmişdir.

V.Xuluflu orada Aşıq Hüseyn Bozalqanlı ilə görüşmüş, bir neçə gün onun yanında qalmışdır. Bu ekspedisiyanın nəticəsi olaraq V.Xuluflunun 1927 və 1929-cu illərdə yeni kitabları işıq üzü görmüşdür. Folklorşünas alim “El aşıqları” kitabına Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-hallarını daxil etmişdir. Bununla yanaşı, o, kitaba müxtəlif aşıqların yaradıclığından nümunələri və Şəmkirli Aşıq Hüseynə aid olan "Reyhan" dastanını əlavə etmişdir. “El aşıqları” kitabına Vəli Xuluflunun yazdığı müqəddiməddə onun aşıq sənətinin mənşəyi, inkişafı, müasir dövrümüzdə yeri və əhəmiyyəti haqqında qeydləri maraqlı idi. O, yazırdı ki, aşıq xalqın xeyir və şərində yaxından iştirak edən el nümayəndəsi, sənətkardır. Xalq yaradıcılığında saz çalıb söz deməklə aşıq, ümumən, kəndlilər üzərində tərbiyyəyə böyük təsir göstərirdi. “Həmin kitabın məziyyətlərindən biri orada XIX əsrin görkəmli sənətkarı Aşıq Hüseyn Şəmkirlinin yaratdığı “Reyhan” dastanının verilməsidir. Vəli Xuluflu qeyd edir ki, bu dəyərli folklor materialları Şamxorlu Aşıq Avakın dilindən toplanmışdır.

İlk dəfə olaraq Aşıq Ələsgər, Xəstə Qasım, Şəmkirli Hüseynin əsərlərindən nümunələri və təhlilləri, Qurbani və Dədə Yadigarın deyişmə və bağlamalarından nümunələri, Aşıq Avak, şair Hidayətin həyatı və şeirlərindən parçaları bu kitabdan oxumaq olar.” (12, 54) “Vəli Xuluflu ”El aşıqları” kitabında aşıq yardıcılığı haqqında öz mülahizələrini Aşıq Ələsgər, Xəstə Qasım, Şəmkirli Hüseyn və başqa aşıqların şeirlərindən gətirdiyi misallarla əsaslandırırdı. Onun aşıq yardıcılığı haqqındakı mülahizələri tarixilik baxımından xüsusi bir əhəmiyyət kəsb edirdi.

Bununla yanaşı, Vəli Xuluflunun mülahizələrində mübahisəli görünən, qeyri-dəqiq təsir bağışlayan məqamlara da rast gələn mümkündür.”(12,127) Vəli Xuluflu aşıq sənətinə xüsusi dəyər verməklə milli məfkurənin təməl prinsiplərini aydın şəkildə belə ifadə etmişdi: “Aşıqlar elin içindən çıxan və el arasında gəzən sənətkarlardır. Onlar həmişə xalqın içindədirlər. İlin hansı fəslində olursa-olsun, kəndə aşıq gəldimi, böyük, kiçik onun başına toplanır. Günün qulağı yatan kimi axşamdan yatmağı öyrənən kəndli uşaqları, ələlxüsus, sığırçılar axurda, xırmanda, divar dibində böyüklərlə bərabər səhərəcən aşığın nağılına qulaq asırlar. Aşığın kütləni tərbiyə etməsi məsələsi də buradan başlanır”. (4)

Alimin Azərbaycan folklorşünaslığında müstəsna xidmətlərindən biri "Koroğlu" dastanı ilə bağlı olmuşdur. Belə ki, Vəli Xuluflu 1925-1926-cı illərdə Tovuzda elmi ezamiyyətdə olur və Aşıq Hüseyn Bozalqanlıdan topladığı "Koroğlu" qollarını 1927 və 1929-cu illərdə iki müxtəlif nəşrlər halında çap etdirmişdir. 1927-ci ildə nəşr olunan bu kitab "Toqat səfəri" və "Bağdad səfəri" adlı iki qoldan ibarətdir. Kitabın əvvəlində, "Başlanğıc əvəzinə" adlanan hissədə Koroğlunun adı ilə bağlı olan qalalalrdan, onların yerləşdiyi ərazidən və Koroğlunun özü barədə xalq arasında dolaşan bir sıra əfsanə və rəvayətlərdən bəhs olunur. Kitabın sonunda isə Hüseyn Bozalqanlının tərcümeyi-halı öz əksini tapmışdır. Həmin nəşrə V. Xuluflu dastan toponimləri, həmin ərazidəki yer, dağ və qala adları ilə bağlı mülahizələrini də verdi.(7, 54)

“Koroğlu” dastanının 1927-ci il nəşrində V.Xuluflu “Koroğlu nağılları” adlanan hissədə Koroğlu nağıllarının başlıca beş qolu olduğunu qeyd etmişdir: “Toqat səfəri”, “Bağdad səfəri”, “Ərzurum səfəri”, “Ərəb Reyhan” və “Bolu bəy”. (2, 59) Vəli Xuluflu özünəməxsus ənənəsinə sadiq qalaraq “Koroğlu”kitabında Aşıq Hüseyn Bozalqanlının həyatı haqqında məlumat verməklə yanaşı, onun şeirlərindən nümunələr də vermişdir. V.Xuluflunun “Koroğlu” kitabında Aşıq Hüseyn Bozalqanlı Aşıq Hüseyn Bozalqanlı haqqında verdiyi bu məlumat aşıq haqqında çap edilən ilk mətbu qeydlər idi. O, kitabda aşığın öz dillindən yazıya alınmış “Yeridir”, ”Alverçilər”, ”Qəsdi nədir?”, ”Var imiş” və s. kimi nadir və qiyməyli şeirlərini nəşr etdirmişdir. (2, 129) Vəli Xuluflunun bu kitabına, qeyd etdiyimiz kimi, “Koroğlu” dastanının iki böyük qolu - “Koroğlunun Bağdad səfəri” (“Durna teli”) və “Koroğlunun Toqat səfəri” (“Həmzənin Qıratı aparması”) qolları daxil edilmişdi.

Müəllif bu kitaba yazdığı geniş müqəddimədə, dastanın indiyə qədər çap olunan nüsxələrinə xülasələr vermiş, onların ideya-bədii xüsusiyyətlərini şərh etmişdir. Müasir dövrümüzdə «Koroğlu» dastanı, onun əsas qəһrəmanı Koroğlu, onunla bağlı rəvayət və qalalar һaqqında olan məlumatlar da qiymətlidir. V.Xuluflunun bu kitabı indiyədək öz qiymətini itirməmişdir. V.Xuluflu 1929-cu ildə “Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti“nin xətti ilə latın qrafikasında “Koroğlu” dastanını Hənəfi Zeynallının redaktorluğu ilə yenidən nəşr etdirir (3). “Koroğlu” dastanının 1927-ci il nəşri iki qoldan ibarət idisə, 1929- cu il nəşrində dastanın daha kamil dörd qolu və dastanlaşma mərhələsində olan altı hekayət verilmişdir.

Tədqiqatçı M.Məmmədov bununla bağlı yazır: ”Bu variantda V.Xuluflu A.Xodzko nəşrinin sxematikasına uymur, milli aşıq repertuarında «Koroğlu» süjetini izləməklə əslində aşıq repertuarında “Koroğlu” modelini bərpa edir. Nəşrin birinci hissəsində V. Xuluflu “Koroğlu” süjetinin səkkiz qolunun sxemini aşıq repertuarında bərpa edilmiş variantını üzə çıxarır.”(8, 46) Bu nəşr “İkinci çapa qeyd “ adlanan hissə ilə başlanır. Burada Vəli Xuluflu həmin illərdə ermənilərin “Koroğlu”nu çapa hazırlamaq cəhdlərindən söhbət açır. O yazırdı: “Yeni aldığımız məlumata görə Koroğlu haqqında ermənicə çoxdan bir kitab yazılmışdır. Hal-hazırda da bəzi erməni yazıçıları tərəfindən kollektiv bir surətdə İran həyatından Koroğlu adına bir pyes hazırlanmaqdadır...”(3, 16-17) Deməli, həmin illərdə ermənilər “Koroğlu”nu çapa hazırlamaq üçün ardıcıl təşəbbüslər göstərirdilər və bu vəziyyət, yəni ermənilərin dastanı özününküləşdirmək cəhdi bir azərbaycanlı ziyalısı kimi V.Xuluflunu narahat etməsi nəzərə çarpır.

Müəllif “Koroğlu” dastanının ərəb əlifbası ilə 1927-ci ildə çap olunmuş nəşrində aşığın ifadəsinin olduğu kimi saxlanıldığını bildirir. Lakin V. Xuluflu “Koroğlu” dastanının 1929-cu ildə latın əlifbası ilə çap olunmuş variantında bundan imtina edir. Bunun səbəbini isə müəllif başqa regionların oxucuları üşün anlaşılmasının çətin olması ilə izah edirdi. Toplama işinin prinsiplərini yaxşı bilən Vəli Xuluflu mətnə müdaxilə etmirdi. “V.Xuluflu “İkinci çapa qeyd” hissəsində Axıskadan gəlmə “Koroğlu” nağılına da toxunur. Onun zəifliyini parçaların qısalığı, qarışıqlığı, təsvirlərin darlığı və nəzm dili ilə izah edir. Müəllif Gürcüstan türklərindən toplanılmış “Koroğlu“ dastanının bir parçasını verməklə məqsədinin müqayisə aparmaq fikrinə düşən tədqiqatçılara kömək etmək olduğunu göstərir. Kitabın əvvəlində “Başlanğıc əvəzinə” adlanan hissə “Koroğlu” dastanının 1927-ci il nəşrindəki hissənin təkrarıdır. “Koroğlu” dastanının 1927-ci ildə ərəb əlifbasındakı nəşri V.Xuluflu tərəfindən, demək olar ki, əl vurulmadan 1929-cu il nəşrinə də daxil edilmişdir. Bu nəşrdə V.Xuluflu dastanının dörd qolunu - “Toqat səfəri”, “Bağdad səfəri”, “Dərbənd səfəri” və “Dəli Koroğlu və Bolu bəy” qollarını oxuculara çatdırır. Kitabdakı yeni qollar Aşıq Əsəddən yazıya alınmışdır “ (9, 4) Kitabın birinci hissəsində V.Xuluflu dastanın 1927-ci il nəşrindəki dastanlaşma mərhələsində olan ilk qollarını vermişdir: “Koroğlu kimdir?”, “Nigar xanımın gətirilməsi”, “Dəmirçioğlunun dəlilər cərgəsinə girməsi”, “Koroğlunun taciri qaçanda”, “Cünul aşıq”, “Cünul aşıq və Telli xanım”.

Nəşrin ikinci hissəsində Gürcüstan türklərindən Koroğlu əhvalatları əks olunur. Əslində, bu, dastanın axısxa türklərinin içərisində yayılmış əski bir variantının başlanğıcı, yaxud süjetin qədim söyləmələrindən birinin yadda qalan variantıdır. Gürcüstan türklərindən “Koroğlu” variantı Bakı Pedoqoji Texnikumunun məzunu Məhəmməd İbrahim Bidzinov tərəfindən Vəli Xulufluya təqdim edilmişdir. M.Bidzinov bu nağılı Axıska qəzasının Polate kənd sakini xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıya almışdır. (8, 47) Bu hissədə “Koroğlu” dastanı ilə o qədər əlaqəsi olmayan nümunə və məlumatlar “Əlavələr” adı altında verilir. “Əlavələr” hissəsində müəllif Aşıq Hüseynin bildiyi “Koroğlu nağılları”nın beş qolunu 1927-ci il nəşrindən bir qədər fərqli sıralayır: I.Toqat səfəri; II. Bağdad səfəri; III.Bolu bəy; IV. Ərəb Reyhan; V. Arzurum səfəri. Üçüncü “Əlavə”də SMOMPK məcmuəsində Koroğlu adı ilə veril-miş üç şeir parçası, yeddinci “Əlavə”də Aşıq Hüseyn Bozalqanlının, səkkizinci “Əlavə”də isə Aşıq Əsədin tərcümeyi-halı verilmişdir . (7, 161). V.Xuluflunun 1929 –cu ildə nəşr etdirdiyi “Koroğlu” dastanı 1999-cu ildə professor A. Nəbiyevin qeyd, şərh, ön sözü və Y.İsmayılovanın tərtibi ilə yenidən işıq üzü görmüşdür. Bu nəşrdə kitabın bir sıra bölmələri müasir tərtib prinsipi ilə yenidən işlənilmiş, dastana aid olmayan mətnlər çıxarılmış, pərakəndə şəkildə verilmiş, əlavələr sistemli halda yenidən ardıcıllıqla düzülmüşdür. V.Xuluflunun bu nəşri ümumilikdə “Koroğlu”nun on qolunu əhatə edir. Qolların və dastanlaşma mərhələsində olan altı nağılvari hekayətin hamısı aşıq repertuarından yazıya alınmışdır. Bu nəşrlərdə Koroğlu xalqın böyük məhəbbət və etimadını qazanmış qılınc və söz qəhrəmanı kimi təsvir edilir.”

Koroğlu” dastanının Vəli Xuluflu nəşri aşıq repertuarında süjetin müxtəlif variantlarda çoxdan mövcud olduğunu, Koroğlu nağıl və rəvayətlərinin xalq arasında yaranıb - yaşadığını göstərir. “Nəşrin ikinci hissəsində “Gürcüstan türklərində Koroğlu” əhvalatı əks olunur. Əslində bu, dastanı, axıska türkləri içərisində yayılmış əski bir variantının başlanğıcı, yaxud süjetin qədim variantlarından birinin yadda qalan variantıdır. Bu variant folklorşünaslıqda mövcud olan belə bir fikri yenidən elmə qaytarmağa əsas verir ki, “Koroğlu” süjetləri hələ XI-XII əsrlərdə xalq arasında sonuncu oğuznamələrdən biri kimi mövcud olmuş, sonralar, kəndli hərəkatı, xüsusən Cəlalilər hərəkatı ilə bağlı tarixi faktlarla çarpazlaşmışdır.”(7, 54) “Təəssüf ki, V.Xuluflunun “Koroğlu” üzərində apardığı tədqiqat işini repressiya dövrünün irticası yarımçıq qoyur və o, canı və qanı ilə girişdiyi dastanı tam şəkildə toplayıb nəşr edə bilmir. Lakin görkəmli ziyalımızın dastanın toplanması və nəşri sahəsində gördüyü tarixi işlər bu gün də öz elmi əhəmiyyətini itirməmişdir və onun 1927 və 1929 –cu illərdə hazırladığı “Koroğlu “ nəşrləri gələcək tədqiqatlar üçün dəyərli mənbələrdən biridir.”(8, 49) A.Nəbiyev tədqiqatlarında V.Xuluflu tərəfindən 30-cu illərdə “Koroğlu”nun daha mükəmməl üçüncü nəşrinin də hazırlandığı göstərilir.

Məlumdur ki, həmin əlyazma 1936-cı ilin sonlarında Matandarana “mətndə ermənilərdən oğurlanmış qolları üzə çıxarmaq üçün” rəyə göndərildi. Həmin əlyazmanın sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur. V.Xuluflunun güllələnməsindən az sonra 1941- ci ildə “Koroğlu”nun erməni variantı çap edildi. Deməli, həmin illərdə ermənilər başqa xalqların, xüsusilə azərbaycanlıların mənəvi sərvətlərini həyasızcasına oğurlayıb özlərində dastan yaratmaq arzusunda olublar. “Həmin dövrdə erməni tədqiqatçıları K.Qostanyans, Q.Tarıverdiyan erməni dilində şeirlə müşaiyət olunan dastanlarının olmadığını, hamısının yalnız türk dilində olduğunu qeyd edirlər.” (10, 6) Tədqiqatçı H.Həsənov yazır ki, 1930-cu illərdə erməni alimi Kanonyan professor Vəli Xulufludan iki dəfə xahiş edir ki, sizdə “Koroğlu” dastanlarının bütün variantları və tarixi haqqında geniş məlumat var. Ermənilər üçün də qəhrəmanlıq rəmzi “Koroğlu“ dastanları yaradılmalıdır. Azərbaycanda hakimiyyət ermənilərdədir, bu dastanı yaratmaqda kömək elə, əks təqdirdə, sizə xətər yetişər. (XDİK, DTİ-nin əksər əməkdaşlarının erməni olması nəzərdə tutulur).

Erməni qorxaqlığını yaxşı bilən V.Xuluflu açıqca Kanonyana deyir ki, tarixçi alim Veliçko kitabında yazır: “Təmiz qanlı ermənilər dovşandan da qorxurlar”. Bundan əlavə şair A.S.Puşkin qocanın dilindən deyir: “ Tı trus, tı rab , tı armenin”. Belə qorxaq xalq Koroğlu yetişdirə bilərmi ? Az da olsa, milli qəhrəmanınız varsa – məsələn, Sasunlu Davud - o da təmiz qanlı erməni deyildir. V.Xuluflu bu əhvalatı dostlarına çatdırır ki, Kanonyan mənə belə dedi. Bu hadisədən 4 gün sonra Vəli Xuluflu tutuldu və xalq düşməni elan edildi. Zəngin arxivini isə Dövlət Təhlükəsizlik Komitəsinin işçiləri apardılar. Bundan sonra ermənilər zəif də olsa, “Koroğlu” dastanını yaratdılar.” (11).

Bir çox tədqiqatçıların fikrincə, V.Xuluflunun həbsinin əsas səbəblərindən biri istintaq materiallarından məlum olduğu kimi, onun erməni “Koroğlu”sunu öz adına çıxmaq istəyi ilə bağlanılmışdır.( 8, 48)

Vəli Xuluflu milli düşüncənin dərindən kök salması üçün folklordan, aşıq ədəbiyyatından və saz sənətindən məharətlə istifadə edirdi. Onun bütün yaradıcılığının leytmotivi bundan ibarət idi. Faktiki olaraq, 1920-1937-ci illərdə onun nəşr etdirdiyi kitabları, müxtəlif qəzet və jurnallarda çap olunan məqalələri orta və ali məktəblərdə sevilə-sevilə oxunurdu. Bu həm də Azərbaycanın ictimai fikrində yeni bir mərhələnin başlanğıcı demək idi. Sərt kommunist rejimində milli görüşə bağlı bütün dəyərlərin yasaq olunduğu bir dönəmdə Vəli Xuluflu kimi milli siyasət tərəfdarları bütün bunları dolayı yolla tətbiq etrməyə məcbur idilər. Bu dönəmdə Vəli Xuluflu, Hənəfi Zeynallı və Xalid Səid Xocayev milli folklorumuzu tədqiq etməklə yanaşı, həm də tədricən elmi türkologiyanın da əsasını qoyurdular. Onlar bununla da Azərbaycanda etnoloji və mədəni dəyərlərin ümumtürk anlayışında öyrənilməsi və tədqiq olunmasını da elmi cəhətdən sübut etdilər.

Vəli Xuluflu 1928-ci ildə “Tapmacalar” kitabını çap etdirir. Bununla da o, uşaq ədəbiy-yatına ilk töhfəni vermiş oldu. Bu kitab müəllifin yuxarıda bəһs etdiyimiz əsərlərindən öz elmi dəyəri ilə seçilir. Müəllif kitaba tapmacalar һaqqında geniş, elmi bir müqəddimə yazmışdır. O, tapmacaları Azərbaycan xalqının һəyatı, məişəti, məşğuliyyəti ilə əlaqədar tədqiq edir və doğru nəticələrə gəlirdi. Burada tapmacalar əlifba sırası ilə tərtib edirmiş, onların cavabları isə kitabın sonunda verilmişdir.

Vəli Xuluflu yazırdı: “El ədəbiyyatının başqa növlərinə nisbətən tapmacaların özünün ayrıca bir xüsusiyyəti vardır. Bunun materialı daһa real və təbiidir. Təbiətdə və һəyatda nə görülürsə, tapmaca da onun üzərində qurulur. Bu kitabçanı başdan ayağa qədər oxuyan bütün materialın əfsanə və mövһumat üzərində deyil, təbiət üzərində qurulduğunu görəcəkdir”.(5) 726 tapmacadan ibarət olan bu nümunələri əlifba sırası ilə düzülmüş,hər bir tapmacadan sonra onun toplandığı yer göstərilmişdir. Bir çox tapmacaların Azərbaycanın digər rayon və kəndlərində olan variantları verilmişdir. Vəli Xuluflu tapmacaların toplandığı ərazilərin dialekt, ləhcə və şivə xüsusiyyətlərini saxlamışdır. O, kitabda tapmacaların folklor janrları sırasında tutduğu yer, onun xüsusiyyətləri haqqında mülahizələr irəli sürür.

Kitabın müqəddiməsində Vəli Xuluflu yazırdı: “El ədəbiyyatımızın başqa növlərindən fərqli olaraq tapmacaların materialı daha real, daha təbiidir. Təbiətdə və həyatda nə görülürsə, tapmaca da onun üzərində qurulduğunu görüləcəkdir”.(5, 3) “Tapmacalar” kitabı Vəli Xuluflunun əvvəlki kitablarından öz elmi dəyəri ilə seçilir. Belə ki, müəllif müxtəlif rayon və kəndlərdən topladığı tapmacaları geniş şəkildə tədqiq və təhlil edir və indi də öz elmi dəyərini, əhəmiyyətini itirməyən elmi fikirlər irəli sürürdü. Vəli Xuluflu doğru olaraq bu qənaətə gəlirdi ki, tapmacalar digər folklor janrlarından fərqli olaraq real təbiətdən və orada baş verən real hadisələrdən götürülür.

Vəli Xuluflunun bu və başqa elmi-nəzəri mülahizələri müasir dövrümüzdə də öz elmi əhəmiyyətini saxlamışdır. Buna görə də Vəli Xuluflunun folklorşünaslıq fəaliyyəti diqqətlə araşdırılmalı, geniş tədqiq edilməlidir. Vəli Xuluflu “Tapmacalar” kitabının sonunda “Əlavələr” bölməsində “Hakuşkalar” başlığı altında bir çox xalq mahnılarını çap etdirmişdir. Bu xalq mahnıları da qiymətli folklor nümunələri olub, maraqla qarşılanır.

V.Xuluflunun ağız ədəbiyyatımızın digər bir sıra başqa janrları ilə yanaşı, yeni həyatı tərənnüm edən, mədəni inqilabı alqışlayan, ölkənin sürətli inkişaf yoluna çıxmasını tərənnüm edən aşıqların repertuarı və xalq kəlamları barədə də nəzəri mülahizələri məlumdur. Bu cəhətdən onun “Talış mahnıları” iri həcmli məqaləsində (13, 3) zəngin məlumat verilmişdir. Vəli Xuluflu Şəmkir, Qazax, Tovuz, Göyçə, İrəvan, Gəncə, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Goranboy və Naxçıvan bölgələrində minillərin yaddaşı olan folklorumuzu toplamaqa yanaşı, onların nəşr olunmasının da qayğısına qalırdı. İlk dəfə olaraq, Şəmkirli Aşıq Hüseyn, Qurbani, Dədə Yadigar, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və digər aşıqların əsərlərini toplayaraq nəşr edən də Vəli Xuluflu olmuşdur. Onun rəhbərliyi altında “Azərbaycan folkloru” və “Koroğlu” əsərləri ilk dəfə olaraq kütləvi şəkildə nəşr edilmişdir. Ahısqa türklərinin folklorunu ilk dəfə toplayan da məhz Vəli Xulufludur. O, elə bil ki, bu türk toplumunun 1944-cü ildə öz tarixi vətənindən sürgün olunacağını və bu günə kimi vətənə dönə bilməyəcəklərini fəhmlə dərk etmişdi. İndi dünyada Ahısqa türklərinin folkloru haqqında ilkin mənbə kimi Vəli Xuluflunun tədqiqatları əsas qaynaq hesab olunur. Vəli Xuluflunun “Yeni türk əlifbası” (1925), “İmla lügəti” (1929), “Panislamizm, imperializm və ruhaniyyət” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “Səlcuqlu dövlətinin tarixi quruluşuna dair” (1930), “Таlış маһnıları” (1930) və digər əsərləri öz zamanına görə onun bütün türk dünyasında məşhurluq qazanmasına səbəb olmuşdu.

Vəli Xuluflunun özü açıq şəkildə qeyd edirdi: “Mən "Koroğlu” dastanını aşıqların dilindən toplayıb nəşr etdim. Əslində aşıq yaradıcılığı elin ruhudur. O, lazım olanda qılıncdan da kəsərlidir”. (2)

1927-ci ildə Bakıda keçirilən ilk Türkoloji Qurultayın əsas məruzəçilərindən biri də Vəli Xuluflu olmuşdur. Bu məruzə onun Sovetlər Birliyinin “qara siyahısı”na düşməsinə və həbs edilməsinə səbəb oldu. NKVD-nin müstəntiqi Vəli Xuluflunun uşaqlar üçün hazırladığı “Tapmacalar” kitabını incələyərkən: “Hamını bəzər, özü lüt gəzər” ifadəsini qeyd etməklə, siz bununla düşmənin dəyirmanına su tökürsünüz, yəni sovet adamları hamını geyindirir, özü isə lüt gəzir”, - deyə iradını bildirmişdi.

DTK-nın 4-cü şöbəsi tərəfindən 1937-ci il yanvarından başlayaraq, Vəli Xuluflunun həbsinə hazırlıq görülür və cinayət işi başlanır. Cinayət işinin üstündə isə ittiham 73, 64, 69, 17, 70 maddələri ilə göstərilir. Həmin qərarı 28 yanvar 1937-ci ildə AXDİK idarə rəisi, III dərəcəli komissar Sumbatov təsdiq edir. Sumbatov bu cinayət işini təsdiq etdikdən sonra Vəli Xuluflunun həbsinə qərar verilir. Beləliklə, Vəli Xuluflu 1937-ci ili yanvarın 28-də gecə həbs edilir. Həbs qərarını III şöbənin rəisi, dövlət təhlükəsizlik leytenantı Qalstyan qəbul edir. 29 yanvar 1937-ci ildə Vəli Xuluflunu dindirməyə başlayırlar. 1937-ci ilin iyun ayında Azərbaycan K(b)P-nın XIII qurultayı keçirilirdi.

Bundan xəbər tutanda Vəli Xuluflu ümid edirdi ki, kommunistlərin ali məclisində haqla nahaq üzə çıxarılacaq, günahsız olduğuna görə azadlığa buraxılacaq. Təəssüf ki, belə olmadı. Əksinə, qurultayın yüksək tribunasından belə bir fikir səsləndi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Turinic və başqa əclaflar”.

Azərbaycan K(b)P MK-nın birinci katibi Mir Cəfər Bağırov qurultaydakı çıxışında bununla bağlı deyir: “Belə bir şəraitdə kimisə əfv etmək partiyamızın Mərkəzi Komitəsini, Stalin yoldaşı aldatmaq deməkdir. Heç kimi əfv etmək olmaz. Son günlərin faktları bir daha göstərir ki, biz hələ düşmənlərin hamısını ifşa etməmişik. Mən bir daha təkrar edirəm, buna görə də bizi döyürlər, həm də haqlı olaraq döyürlər”(14, 57).

Azərbaycan SSR XDİK-i DTİ-nin 4-cü şöbəsinin rəisi DT kapitanı Sinman tərəfındən 5 oktyabr 1937-ci ildə tərtib edilmiş ittihamnamə Azərbaycan SSR XDİK-i DT 3-cü ranqınin komissarı Sumbatov tərəfindən təsdiq edildi.

Azərbaycan SSR Cinayət Məcəlləsinə əsasən Vəli Xuluflu aşağıdakılarda ittiham olundu: 1. 01 dekabr 1934-cü ildən Trotski-Zinovyevçi təşkilatm üzvü olduğuna, S.M.Kirovun qətlində iştirakma görə, habelə 1934-1937-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terrorda günahlandırılır. 2.1925-ci ildən həbs olunana qədər əksinqilabi və ümumittifaq pantürkist mərkəzinin rəhbəri Çobanzadə və Qubaydulinin mövqeyinin tərəfdarı olub. 3.1935-ci ildə qeyri-leqal əksinqilabi, millətçi təşkilatı müdafiə etmiş və təşkilatm rəhbərləri ilə əlaqə yaratmışdır. 4.Azərbaycanm bölgələrində silahlı üsyan etmək üçün ha-zırlıq işləri aparmışdır. 5.Az.FAN-ın Tarix İnstitutunda ziyançılıq işləri aparmışdır. 6.Terror mövqeyində durmuş, MK-nın katibi Bağırova qarşı sui-qəsdin hazırlanmasmda iştirak etmişdir. Məhz buna görə də V.Xuluflu Azərbaycan SSR CM-nin 73, 64, 69, 70-ci maddələri ilə təqsirli bilinir.(14, 52) Vəli Xuluflunun həbs olunması haqqında qərarı isə NKVD-nin 3-cü dərəcəli komissarı Sumbatov və 3-cü şöbənin rəisi, leytenant Qalstyan imzalamışdılar.

Məhkəmə hökmünü isə İ.O.Matuleviç, İ.M.Zaryanov və Y.K.Yuqir çıxarmışdılar. Bu məhkəmədə Moskvadan SSRİ baş prokurorunun baş köməkçisi R.S.Rozovski xüsusi qaydada iştirak etmişdi. 1937-ci il oktyabr ayının 12-də keçirilən məhkəmə prosesində Vəli Xuluflu Azərbaycan Cinayət Məcəlləsinin 73, 64, 69 və 70-ci maddələri ilə əksinqilabi fəaliyyətdə, pantürkist təşkilat yaratmaqda və Türkiyənin xeyrinə casusluqda müqəssir elan olundu.

Amma Vəli Xuluflu ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək “günahını” boynuna almadı. İstintaqı aparan Qalstyan alimin həbs olunmasından düz altı ay sonra ona ağır işgəncələr verməklə irəli sürülmüş ittihamları “etiraf etməyinə” nail olur. Bundan əlavə müstəntiqlər V.Xuluflu haqqında Ə.Nazimi, R.Axundovu, S.Hüseyni və başqalarını “könüllü” izahat verməyə də dəvət edirlər. V.Xuluflunun “könüllü etirafı” müstəntiqləri qane etmədiyindən, onu dörd ay DTK-nın işgəncələri altında inləyən ədəbiyyatşünas-alim, tədqiqatçı Hənəfi Zeynallı ilə üzləşdirirlər. Tədqiqatçı Aslan Kənan yazır: ”Qeyd etmək lazımdır ki, dindirilməyə gətirilən hər hansı bir müttəhim öncədən müstəntiqdən “xüsusi dərs” alandan sonra üzləşməyə dəvət olunur. Əks halda həmin şəxslə üzləşmə baş tutmurdu. Üzləşmə V şöbənin təhlükəsizlik kapitanı, erməni daşnakların nümayəndəsi Avanesyan və Qalstyan həyata keçirirdi.”(15, 87) 1923-cü ildən bir-birini yaxşı tanıyan, hörmət edən iki böyük tədqiqatçı üzüzə qoyulur. Onlar verdikləri ifadədə bir fırıldaqçı “alimi” ifşa etməli olurlar. Bu da onları istintaqda dindirən iki daşnak müstəntiqə xoş gələ bilməzdi.

“Müstəntiq:

-Sizə Vəli Xuluflunun əks-kəşfiyyat fəaliyyəti barədə nə məlumdur?

H.Zeynallının cavabı:

-Mənə şəxsən məlumdur ki, Vəli Xuluflu millətçi, partiya sıralarında ikiüzlü və əksinqilabın üzvüdir.

Müstəntiq:

-Siz H.Zeynallının bu ifadəsini təsdiq edirsinizmi? V.Xuluflunun cavabı: -Doğrudan da mən əksinqilabçıyam, lakin əksinqilabi, millətçi təşkilatının üzvi deyiləm.

Müstəntiq:

- Sizdə nə vaxt millətçilik təşkilatı bardə fikir meydana çıxdı.

H.Zeynallının cavabı:

-Mənim V.Xuluflu ilə millətçilik təşkilatı haqqında söhbətim 1935-ci ilin, təxminən, mart ayının ortalarında, o, İrəvandan qayıdandan sonra yarandı. V.Xuluflu səfərdən “Koroğlu” haqqında bir çox qiymətli sənədlərlə qayıtmışdı. Söhbət zamanı o dedi ki, İrəvanda daşnak professor Kananyanla görüşüb. O qeyd etdi ki, daşnak Kananyan erməni folkloru üzərində işləyir. V.Xuluflu danışırdı ki, Kananyan Koroğlunu - erməni xalqının milli qəhrəmanı kimi göstərmək üçün bizdən kömək istəyir. O həmçinin sübut etmək istəyir ki, Koroğlu erməni çarı ikinci Arşakın oğludur. Mən də ona cavab verdim ki, Koroğlu Azərbaycanın qəhrəmanıdır və onu bu cür də göstərəcəkdir. Onun erməni çarı ikinci Arşakın oğlu olduğunu tanımır və tanımaq belə istəmir. Bu mühakimə milli zəminə keçdiyindən mən Xulufluya bildirdim ki, “Koroğlu” üzərində işlərimi davam etdirəcək, Koroğlunu müstəqil Azərbaycanın milli qəhrəmanı olduğunu göstərəcəyəm. Xuluflu mənimlə razılaşdı və “Koroğlu”nun tarixi hissəsini işləməkdə yaxından kömək edəcəyini bildlrdi.”(15, 89)

Vəli Xuluflu nə istintaq, nə məhkəmə, nə də güllələnmə prosesində heç kimi satmamış, irəli sürülən ittihamların heç birini qəbul etməmişdir. Buna baxmayaraq, sədr: Matuleviç, üzvlər; Zaryanov, Jiqurun iştirakı ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasında Vəli Məhəmmədhüseyn oğlu Xuluflu təqsirli bilinir və o ən ağır cəzaya—güllələnməyə məhkum edilir.

Vəli Xuluflu 13 oktyabr 1937-ci ildə “xalq düşməni” ittihamı ilə güllələnir. V. Xuluflunun işinə 1956-cı il noyabın 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası yenidən baxmışdır. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası onun fəaliyyətində cinayət tərkibi olmadığına görə 12493/80 saylı qərarla Vəli Xuluflunun günahsız olması qeyd olunmuş və ona bəraət verilmişdir.

31 mart 1938-ci ildə Borşevin təsdiq etdiyi qərara əsasən “vətən xaini” Vəli Xulufunun həyat yoldaşı Fatma Xuluflunun həbsi üçün qərar hazırlanır. Həmin gün Fatma Xuluflunun evində axtarış aparılması üçün 867 saylı order yazılır. Vəli Xuluflunun qətlə yetirilməsindən beş ay sonra - 10 aprel 1938-ci ildə həyat yoldaşı Fatmanisə Xuluflu da həbs olunur.

SSRİ XDİK xüsusi müşavirəsinin 9 may 1938-ci il tarixli qərarına əsasən, cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir, Rusiyanın Volqaboyu ərazisindəki Potma islah əmək düşərgəsinə göndərilir. Yalnız 19 ildən sonra Fatmanisə xanımın işinə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasında yenidən baxılıb.

Məhkəmə Kollegiyasının 15 fevral 1957-ci il tarıxli qərarı ilə əməlində cinayət tərkibi olmadığı üçün Fatmanisə Xulufluya bəraət verilir.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər