13 oktyabr amerikalı şair və esseist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Luiza Qlükün anım günüdür.
Kulis.az bu münasibətlə Seda Nur Atamanın yazısını və Səlim Babullaoğlunun tərcüməsində şairin "Qürub" təqdim edir.
Sizə bu dəfə Amerikalı şair və yazıçı Louise Glückdən danışacağam. 22 aprel 1943‑cildə Nyu‑Yorkda yəhudi ailəsində doğulan bu sənət adamı bir çox ədəbi mükafatlarla yanaşı, 2020‑ci ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanmış nadir şairlərdəndir.
Akademiya bu mükafatı ona “səthi sadəliyi ilə fərdi varoluşu ümumbəşəri edən qüsursuz poetik səsi” səbəbilə verdiyini bildirmişdi. Bu nailiyyəti ilə o, stereotipləri sındıraraq beş il ərzində Nobel qazanan ikinci amerikalı şair oldu.
Luiza Qlük demək olar ki, 60 il yazıb. Onun poetik dili avtobioqrafik elementlər, fərdi və ictimai-travmaların təsiri ilə formalaşıb — sadə, lakin dərin və təsirli.
1968‑də çıxan ilk şeirlər kitabı - "Firstborn" ilə başlayan yol, onu Amerikan ədəbiyyatının əsas simalarından birinə çevirdi. O, həmçinin Kolumbiya və Sarah Laurens Universitetlərində dərs deyib, şeirləri barədə məqalələr yazıb.
Müxtəlif illərdə 1993‑cü ildə Pulitzer və Milli Kitab Mükafatına layiq görülüb. Tənqidçilər onun kədər, travma, arzu və təbiət kimi mövzulara yönələn şeirlərində, miflər və şəxsi tarix arasında qurduğu körpünü xüsusi qiymətləndirirlər.
Luiza Qlük Nobel mükafatı alarkən çox təəccübləndiyini etiraf edir.
O, "Axillesin zəfəri" (1985), "Ararat" (1990), "Yabanı süsən" (1992), "Çəmənliklər" (1996), "Vita Nova" (1999), "Yeddi yaş" (2001), "Averno" (2006) və başqa 11 şeir kitabının müəllifidir.
Qlükün həyatı da şeir dünyası kimi trajikomik və kreativ olub: gəncliyində anoreksiya ilə mübarizə aparıb, iki dəfə ailə qurub və Vermontdakı evinin yanması ilə hər şeyini itirib.
11 Sentyabr hücumlarından dərindən təsirlənmiş və "October" adlı kitabında bu travmalarından yazmışdı.
Mükafatı qazandıqdan sonra verdiyi müsahibədə o deyirdi: “Hər zaman öz təcrübənizin konturlarını izləyirsiniz, çünkü uşaqlığınızdan başlayaraq həyatınızın materialıdır. Lakin mən arxetipik bir təcrübə axtarıram və yaşadığım çətinliklərin tək olmadığını düşünürəm. Parıltıların diqqətini üzərimə yönəltmək ideyası məni maraqlandırmır... Bir macəraya başlamaq üçün yazırsınız. Mən haqqında heç nə bilmədiyim yerlərə getmək istəyirəm…”
Qlük ölməyə yox, yaşamağa yönəlmiş bir poetik sədaqət nümayiş etdirərək ədəbiyyat dünyasında unudulmaz iz qoyub...
Qürub
Sənin məni çağıran səsini
eşidəndə,
hətta təlaşlı günlərimdə sevinirəm;
və kədərlənirəm ki, sənə
anlayacağın bir dildə
cavab verə bilmirəm.
Sən nitqə etibar etmirsən,
onunçün də rəmzlərə əl atırsan,
hərçənd onların da
dəqiq yozumunu bilmirsən.
Hər necəsə, səsin mənə çatır.
Həmişə cavab verirəm,
qəzəbim qış kimi ötüb keçir.
Cavabım sənə bir yay axşamının
sərin mehi kimi,
öz cavabına çevrilən sözlər kimi
aydın olmalıdır.